Məhkəmə qərarları › İş №2(105)-1370/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1370/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1370/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camələddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-7020/2021 nömrəli qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-7020/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən binanın 2-ci giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzilin İddiaçı təhvil verilməsi, cavabdeh "xxxx" MTK-dan 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim A.Behbudova) Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X4 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-7020/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, kooperativ mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli, 122 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzili əldə etmişdir. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, həmin mənzilə görə İddiaçı 34500 manat məbləğində ödəniş etmiş və heç bir borcu qalmamışdır. "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli, 021/705/M nömrəli cavab məktubunda qeyd edilmişdir ki, sözü gedən mənzillə bağlı ilkin olaraq xx.xx.2008-ci il tarixdə MTK ilə X5 “kooperativ mənzil tikintisi haqqında” 122 saylı müqavilə bağlanmış, pay hüququ ilə həmin şəxsə aid olmuş və daha sonra qarşılıqlı razılaşma əsasında mənzil payının keçməsi ilə əlaqədar həmin mənzilə dair müqavilə xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmışdır. Həmin mənzilə dair MTK ilə başqa şəxslər arasında müqavilənin dəyişməsi ilə bağlı qeyd aşkar edilməmişdir. Bütün bunlara baxmayaraq, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9- cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzil "xxxx" MTK tərəfindən ona təhvil verilməmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. "xxxx" MTK ilə onun bağladığı müqavilə əsasında ona məxsus olan və tərəfindən hal-hazırda da istifadə olunan mənzilin başqa bir adama verilməsi barədə məhkəmə prosesindən xəbəri olmamış, tərəflər də bu barədə məhkəməyə düzgün məlumat verməmişlər. Sözügedən qətnamə onun maraqlarına toxunur. xx.xx.2006-cı ildə onunla "xxxx" MTK arasında müqavilə bağlanmış və həmin mənzilin dəyəri tərəfindən tam ödənilmişdir. Belə olan təqdirdə həmin mənzil MTK-nın mülkiyyəti hesab oluna bilməz. xx.xx.2010-cu il tarixdə eyni mənzillə bağlı yeni müqavilə bağlana bilməzdi, bu onu göstərir ki, "xxxx" MTK hazırkı iddiaya cavab verməli şəxs deyil, eyni zamanda iddiaçının təqdim etdiyi müqavilə Mülki Məcəllə ilə nəzərdə tutulmuş qaydalarla bağlanmadığından həm də etibarsızdır və belə müqavilə əsasında iddiaçının mənzilin ona təhvil verilməsi ilə bağlı hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. İş materiallarına əlavə etdiyi sənədlər də sübut edir ki, mübahisəli mənzil faktiki olaraq fasiləsiz onun istifadəsində olmuş, həmin mənzildə təmir işləri aparmış, eləcə də, kommunal müqavilələr də bağlayaraq elektrik, su, qaz sayğacları qoşdurmuşdur. Keçən bu müddət ərzində İddiaçı heç vaxt mənzil tələbi etməmişdir. Göründüyü kimi, o, məhkəmə prosesinə cəlb olunacağı təqdirdə hazırkı iddia tələbinin rədd olunması qaçılmaz olacaqdı. Bundan başqa qüvvədə olan bir müqavilə olduğu halda eyni mənzilə dair başqa şəxslə xx.xx.2010-cu il tarixdə "xxxx"MTK-nın yeni müqavilə bağlaması özü əhəmiyyətsiz əqd kimi qiymətləndirilməli və onun etibarsız sayılması məsələsi müzakirə edilməli idi. Beləliklə məlum olur ki, iş üzrə keyfiyyətli məhkəmə araşdırması həyata keçirilmədiyindən, sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir ki, bu səbəbdən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apellyasiya baxışı zamanı işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hüquq və maraqlarına toxunan şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının adına olan müqavilənin etibarlılığı şübhə altındadır. Ona görə ki, müqavilədəki imzalar müxtəlif şəxslər tərəfindən icra edilmişdir. X7 müqaviləsi daha öncəki tarixə aiddir və keçən bu müddət ərzində sözügedən mənzil məhz Mətləb Əsgərovun istifadəsində olmuş, mənzildə yaşamaq üçün bütün kommunal şərait yaradılmış, bu illər ərzində iddiaçını o, tanımamışdır. Təxminən 10 ilə yaxın müddət keçdikdən sonra iddiaçının hazırkı tələblə ortaya çıxması, onun iddiasının əsaslılığını şübhə altına salır. Mətləb Əsgərovun birinci instansiya məhkəməsində iş üzrə icraatdan, məhkəmə proseslərindən xəbərsiz olması, dolayısıyla onun proseslərdə iştirakının təmin edilməməsi, hazırkı iddianın təmin edilməsi ilə nəticələnən əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, qətnamə qanunidir və apellyasiya şikayəti əsassızdır, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. O, izahatında əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə etdiyi sənəddən görünür ki, dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2003-cü il tarixdə 163 nömrə ilə dövlət qeydiyyatından keçmişdir və qeydiyyata alındığı tarixdən hazırkı dövrədək rəhbəri X9, "xxxx" Mənzil-Tikinti Kooperativi (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə 0205-S16- 3002 nömrə ilə dövlət qeydiyyatından keçmiş və qeydiyyata alındığı tarixdən hazırkı dövrədək rəhbəri X1r. Göründüyü kimi MTK 2005-ci ilin fevralında təsdiq olunubsa, təbii ki onun tikəcəyi binanın layihəsi təsdiq olunmalıdır. Yəni MTK-nın təsisçisi İcra hakimiyyətinə müraciət edir. Torpaq sahəsi ayrılır və digər prosessual müddətlər çərçivəsində digər hərəkətlər olunur. Nəhayət layihə təsdiq olunmamış müqavilə bağlanılmır. Hazırkı işdə tikiləcək binanın layihəsinin təsdiqi yoxdur. Bundan əlavə 2019-cu ilin fevral ayında İddiaçı oğlu Mehman mənzilə gələrkən qapının kilidinin dəyişdirilməsinin və orada Zeynalov Vüsal və Zeynalov Sənan adlı şəxslərin yaşamasının şahidi olub və bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis İdarəsindən məsələnin mülki xarakterli olduğu bildirildikdən sonra, MTK-ya sorğu ilə müraciət edilmiş və nəticədə məlum olmuşdur ki, sözügedən mənzillə bağlı ilkin olaraq xx.xx.2008-ci il tarixdə MTK ilə X5 müqavilə bağlamış və mənzil pay hüququ ilə həmin şəxsə aid olmuş, daha sonra qarşılıqlı razılaşma əsasında payının keçməsi ilə əlaqədar, həmin mənzilə dair müqavilə xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanılmışdır. Qeyd olunan müqavilədə isə həmin mənzilə dair MTK ilə başqa şəxslər arasında müqavilənin dəyişməsi ilə bağlı qeyd aşkar edilmir. Məhz bu səbəbdən hazırkı iddia tələbi cavabdeh qismində "xxxx" MTK-ya qarşı qaldırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclaslarına təkrar olaraq gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını və işə baxılmasının qanunla müəyyən edilmiş müddətinin başa çatmasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan "xxxx" MTK ilə payçı X4 arasında bağlanmış kooperativ mənzil tikintisi haqqında 18 oktyabr 2006-cı il tarixli, 32 №-li müqavilədən görünür ki, kooperativ inşa ediləcək binanın 2-ci giriş, 9-cu mərtəbədə yerləşən 72 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürür. Yenə işə əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, 3 otaqlı, ümumi sahəsi 101 m2 olan mənzilin dəyəri X4 tərəfindən tam ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli elektrik enerjisinin alqı-satqısı barədə müqavilədən, habelə "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB-yə istifadə edilmiş sərfiyyat üzrə kommunal ödənişlər barədə çeklərdən görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzildə hazırda yaşayış vardır və kommunal xidmətlərlərə görə ödənişlər Mətləb Əsgərov tərəfindən etibarnamə verilmiş X10 tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış kooperativ mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli, 122№-li müqavilədən görünür ki, kooperativ inşa ediləcək binanın 2-ci giriş, 9-cu mərtəbədə yerləşən 72 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürür. 3 otaqlı, ümumi sahəsi 101 m2 olan mənzilin dəyəri 34500 manat məbləğində müəyyənləşdirilmişdir. İşə əlavə edilmiş arayışdan görünür ki, 3 otaqlı, ümumi sahəsi 101 m2 olan mənzilin dəyəri X6 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan 05 iyul 2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK-nın mənzillərin qeydiyyatı arxiv sənədinə əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzilə dair ilkin olaraq xx.xx.2008-ci il tarixdə MTK ilə X5 “kooperativ mənzil tikinti haqqında” 122 saylı müqavilə bağlamışdır. Pay hüququ ilə ona aid olmuşdur. Daha sonra qarşılıqlı razılaşma əsasında mənzil payının keçməsi ilə əlaqədar, həmin mənzilə dair müqavilə xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmışdır. MTK-nın arxiv sənədlərində həmin mənzilə dair MTK ilə başqa şəxslər arasında müqavilənin dəyişməsi lə bağlı qeyd aşkar edilməmişdir. İşə əlavə edilmiş "xxxx" MTK-nın 29 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzilə dair son “kooperativ mənzil tikinti haqqında” 122 saylı müqavilə xx.xx.2010-cu il tarixdə İddiaçı Cəlil qızı arasında bağlanmışdır və hal-hazırda da həmin mənzil pay hüququ ilə ona məxsusdur. Adı keçən mənzil ona müqavilə bağlanıldığı xx.xx.2010-cu il tarixdə təhvil verilmişdir. Məzili təhvil alanda kooperativin yeni üzvü İddiaçı iradları olmamış və sonralar da mənzilə dair MTK ilə arasında hər hansı mübahisə olmamışdır. Yenə işə əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) 125 ünvanında yerləşən 72 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-7020/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən işin sadalanan faktiki hallarına və aşağıda istinad edilən maddi hüquq normalarına əsaslanır. Əvvəla, işdən görünür ki, mübahisəli mənzilə dair Mətləb Əsgərovla "xxxx" MTK arasında müqavilə 18 oktyabr 2006-cı il tarixdə, həmin mənzilə dair eyni şərtlərlə İddiaçı ilə həmin MTK arasında isə xx.xx.2010-cu il tarixdə bağlanmışdır. MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən hər iki tərəf mənzilin dəyərini tam olaraq ödəmişdir. Yenə işin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli mənzil təmir olunmuşdur, hazırda Mətləb Əsgərovun istifadəsindədir, mənzilə dair kommunal haqlar onun tərəfindən(etibarnamə ilə Sənan Zeynalov) ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Yenə həmin Məcəllənin 113-cü maddəsinin ümumi məzmununa əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənziltikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Beləliklə, yuxarıda adıçəkilən maddələrin təhlilindən göründüyü kimi bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi mənzilin ona təhvil verilməsi öhdəliyini yaradır. İşdə olan müqavilədən və arayışdan görünür ki, mübahisə edilən mənzilə dair müəyyən edilmiş pay haqqı tam olaraq Mətləb Əsgərov tərəfindən MTK-ya ödənilmişdir. Beləliklə, o, mübahisəli mənzilin mülkiyyətçisinə çevrilmişdir. Qeyd edildiyi kimi Mətləb Əsgərovla MTK arasında müqavilə 18 oktyabr 2006-cı il tarixdə, İddiaçı ilə xx.xx.2010-cu il tarixdə bağlanmış və işdə olan arayışlara əsasən hər ikisi mənzilə dair pay haqqını tam ödəmişdir. Pay ödənilməsi ilə bağlı arayışlarda tarix göstərilmədiyindən məhkəmə kollegiyası ödəniş tarixlərini müqavilələrin tarixi ilə eyni tarix olduğunu qəbul edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin dəyəri Mətləb Əsgərov tərəfindən 18 oktyabr 2006-cı il tarixində ödənildiyindən o, daha öncə istinad olunan hüquq normalarına əsasən həmin tarixdən mənzilin mülkiyyətçisi hesab olunmalıdır. Ona görə də, məhkəmə kollegiyası bu hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Başqa sözlə, MTK İddiaçı ilə xx.xx.2010-cu il tarixində mübahisəli mənzilə dair müqavilə bağlamaqda haqlı olmamışdır. Bundan əlavə, qeyd edildiyi kimi mübahisəli mənzilə dair Mətləb Əsgərovla "xxxx" MTK arasında müqavilə İddiaçı ilə müqayisədə daha əvvəl bağlanmış, mübahisəli mənzil təmir olunmuşdur, hazırda Mətləb Əsgərovun istifadəsindədir, mənzilə dair kommunal haqlar onun tərəfindən(etibarnamə ilə Sənan Zeynalov) ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə olan halda iddiaçının həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması barədə iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz. Çünki sadalanan maddi hüquq normalarının konkret işə tətbiqi baxımından hazırkı halda iddia tələbinin təmin edilməsi X2 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi qanunverici hər bir halda mülkiyyətin toxunulmazlığına təminat verir. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi hüquq normalarını rəhbər tutaraq iş üzrə İddiaçı izah edir ki, hazırkı iş üzrə onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehə qarşı mübahisəli mənzilə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin istinad etdiyi maddələr fərqli dispozisiyaya malik olmaqla, məzmunu işin sadalanan faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. və hesab edir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Beləliklə, iddiaçı məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Buna əksi olaraq Mətləb Əsgərov apellyasiya şikayətində istinad etdiyi dəlilləri sübut edə bilmişdir. Qanunveriliyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)- 7020/2021 nömrəli qətnaməsi ləğv ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün X4 tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-7020/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 98(doxsan səkkiz) manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq X3 ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar