Məhkəmə qərarları › İş №2(105)-1372/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1372/2023

04.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1372/2023 04.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məşədibala oğluna və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən çıxarılma və mənzilin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh-Cavabdeh1 Məşədibala oğlunun vəkili Vəkil (sonuncu iclaslarda iştirak etməyib) iştirakı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(012)-1085/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. Mülki işin materiallarında olan 204212/06 nömrəli, 04 oktyabr 2006-cı il tarixli ipoteka müqaviləsinə 1 saylı 21 iyul 2009-cu il tarixli əlavə sazişdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi öhdəliyin yerinə yetirilməsinin təmini üsulu kimi ipotekaya verilmişdir.

2. Mülki işin materiallarından olan Yasamal Rayon Məhkəməsinin 12 aprel 2011-ci il tarixli 2(004)-1581/2011 saylı qətnaməsi ilə qət edilmiş ödəniləsi pul məbləği barədə tutmanın ipoteka qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində istifadədə olan 0.01713 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 195.8 kv.m yaşayış, 171.3 kv.m köməkçi sahəsindən ibarət 10A nömrəli fərdi yaşayış evinə yönəldilməsi müəyyən edilmişdir.

3. Mülki işin materiallarından olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-yə məxsusdur.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(012)-1085/2020 nömrəli qismən- iddianın təmin olunan “cavabdehlərin ailə üzvlərinin həmin evi boşaltmaları” hissəsində ləğv edilərək, iddia tələbi bu hissədə baxılmamış saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və ailə üzvlərinin həmin evi boşaldılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər Cavabdeh1 məxsus olmuş, xx.xx.2006-cı il tarixli 04212/06 saylı ipoteka müqaviləsinə xx.xx.2009-cu il tarixli 1 saylı əlavəsinə əsasən girov qoyulmuş və xx.xx.2009cu il tarixli 35902/09 saylı kredit müqaviləsinin təminatı kimi çıxış etmişdir. Öhdəlik yerinə yetirilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)1581/2011 saylı qətnaməsinə əsasən tutma Cavabdeh1 məxsus təminat kimi ipotekaya qoyulmuş əmlakaünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilmişdir. Təşkilat tərəfindən həmin əmlak açıq hərracda satın alınmışdır. Bunu təsdiq edən müvafiq çıxarış və texniki pasport da var. Bütün bunlara baxmayaraq cavabdehlər hələ də həmin yaşayış sahəsini tərk etməməklə ona qeyri-qanuni sahibliyi həyata keçirirlər. Odur ki, onların həmin ünvandan çıxarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 22 sentyabr 2020-ci il tarixli, 2(012)-1085/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlardan müəyyən olunur ki, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-yə məxsusdur və buna görə də iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Məşədibala oğlu və Cavabdeh2 İddiaçı BOKT MMC-yə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı və ailə üzvləri həmin evi boşaltmalıdırlar.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 153.4, 157.1, 157.2, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2330/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Z.Məmmədov, hakimlər F.Məmmədov və İ.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2023cü il tarixli, 2(102)-1311/2023 nömrəli qərarı ilə Cavabdeh1 Məşədibala oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2330/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya şikayətinin dəlilləri

13 Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanmasına dair xx.xx.2020-ci il tarixli ilkin razılaşma olmuş, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin onun tərəfindən vaxtlı-vaxtında yerinə yetirilməsinə baxmayaraq, iddiaçı müqavilə şərtlərinə əməl etməmiş, həmin ünvanda yerləşən fərdi yaşayış evinin nisyə alğı-satqısı müqaviləsi bağlamamışdır. Əksinə, iddiaçının müqavilə şərtlərinə əməl etməsinə baxmayaraq, üstəlik də onun və ailəsinin həmin yaşadığı ünvandan çıxarılması barədə məhkəməyə müraciət etmişdir.

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hazırkı işin halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi və onun təminatı qismində ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan hazırkı mübahisəli evə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin etmiş, qətnamənin icrası mərhələsində ev iddiaçıya təklif olunmuş, son nəticədə həmin mübahisəli ev iddiaçının mülkiyyətinə keçmişdir. Bundan sonra Cavabdeh1 iddiaçıya müraciət edərək, yaranmış mübahisə üzrə müəyyən razılaşmanın əldə edilməsini xahiş etmişdir. Tərəflər arasında ilkin razılaşmaya əsasən cavabdeh dəyəri 55 min manat məbləğində müəyyən edilən ev üçün ilkin 5500 manat məbləğində ödəniş etməli, daha sonra tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanaraq, qrafik üzrə ödənişlər edilməli idi. Lakin cavabdeh sonradan bu razılaşmaya da məhəl qoymadı. Hər hansı ödəniş etməkdən yayınmışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mübahisəli ev 10 ilə yaxın müddətdir ki, iddiaçının mülkiyyətindədir. Məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya icraatı zamanı mübahisənin barışıq yolu ilə həll edilməsini istədiyini bildirsə də, razılaşma üçün real rəsmi hərəkətlərdən yayınır. Hesab edir ki, cavabdehin apellyasiya şikayəti özlüyündə məhkəmə icraatının əsassız uzadılmasına xidmət edir. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, cavabdeh hazırkı mübahisənin iddiaçı ilə razılaşma yolu ilə həll edilməsinin tərəfdarıdır. Bu məqsədlə ilkin olaraq əsaslı məbləğ ödəməyə də hazırdır. Razılaşma əldə ediləcəyi təqdirdə qalan borcu da qrafik üzrə ödəyəcəkdir. Cavabdehin vəkili mübahisənin tərəflər arasında məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, növbəti məhkəmə iclaslarında iştirak etməmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Konstitusiyası:

Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi;

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator cavabdeh Məcidov X2 Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(012)-1085/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması” hissəsində gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissə üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədədir. Yəni baxılan iş üzrə iddiaçı mübahisəli ev üzərində mülkiyyət hüququna istinad edərək həmin əmlakın cavabdehin qanunsuz sahibliyindən geri tələb edir.

26. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

27. Baxılan işdə də müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır

28. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Araşdırılan işdə iddianın bu hissədə təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur.

30. Cavabdeh1 Məşədibala oğlunun apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, aralarında bağlanmış nisyə alqı-satqı barədə razılaşmaya əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklər onun tərəfindən vaxtı-vaxtında yerinə yetirilmiş, buna baxmayaraq iddiaçı müqavilənin şərtlərinə əməl etməmiş, onun və ailəsinin mübahisəli evdən çıxarılması barədə məhkəməyə müraciət etmişdir.

31. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 Məşədibala oğlu arasında mübahisəli evin nisyə alqı-satqı müqaviləsinin bağlanmasına dair xx.xx.2020ci il tarixli ilkin razılaşmanın əldə olunması işin mübahisəsiz halıdır.

32. Göründüyü kimi apellyatorun iddiaya etirazının əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

33. Ona görə də kollegiya hesab edir ki, hazırkı mübahisənin mahiyyəti üzrə həlli baxımından həqiqətən tərəflər arasında etibarlı nisyə alqı-satqı müqaviləsinin bağlanıbbağlanmadığı, tərəflərin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirib-yetirmədiyi və müqavilənin qüvvədə olub-olmamasına xüsusi önəm verilməlidir. Əks halda apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Apellyasiya şikayətinin dəlilləri, o cümlədən Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişlər əsasında araşdırma aparan kollegiya, hazırkı iş üzrə tərəflər arasında etibarlı nisyə alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması məsələsinə xüsusi diqqət yetirərək bu barədə tərəflərin mövqeyini öyrənmişdir.

35. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və cavabdehin vəkili bildirmişlər ki, tərəflər arasında ilkin olaraq belə bir razılaşma niyyəti olsa da, sonradan heç bir müqavilə rəsmiləşdirilməmişdir.

36. Sonuncu apellyasiya baxışından əvvəl tərəflər, o cümlədən birinci cavabdehin vəkili qarşılıqlı razılıq üçün məhkəmədən vaxt istəsələr də, sonda tərəflər yenə də məhkəmədən kənar qaydada razılıq əldə etməmişlər.

37. Bundan əlavə kollegiyanın təkrar araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1711/2023 nömrəli məhkəmə qətnməsindən müəyyən edilir ki, iddiaçı Baba Məcidovun cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə” iddia tələbi təmin edilməmişdir.

38. Göründüyü kimi, tərəflər arasında nəinki məhkəmədən kənar qaydada etibarlı nisyəalqı satqı müqaviləsi bağlanmış, əksinə bununla bağlı iddia tələbi də məhkəmə tərəfindən təmin edilməmişdir. Buradan belə qənaətə gəlinir ki, cavabdeh tərəfin məqsədi açıq-aşkar hüquqdan sui-istifadə etməklə məsələni süni şəkildə uzatmaq xarakteri daşıyır ki, bu da yolverilməzdir. Cavabdehlər mübahisə predmeti olan mənzildən (yaşayış sahəsindən) çıxıb və mənzili boşaldıb iddiaçıya ona görə təhvil verməlidir ki, iddiaçı həmin yaşayış evini qanunvericiliyin şərtlərinə uyğun olaraq əldə etmiş və 2014-cü ildən həmin evə mülkiyyət hüququ mövcuddur.

39. Belə olan halda kollegiya qeyd etməyi vacib bilir ki, iddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

40. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsində yaşamaqda davam etmələri mülkiyyətçinin hüquqlarının pozulması və iddiaçının mənafeyinə zərər vura biləcək hallardır.

41. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.

42. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

43. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı mübahisəli fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması” hissəsində təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarıda qeyd olunan hissədə ləğvi üçün qanuni əsas ola bilməz.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti “mübahisəli fərdi yaşayış evindən çıxarılma və evin boşaldılması” hissəsində təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(012)-1085/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar