Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1373/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-935/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh Babayeva (Xudaverdiyeva) Sevinc Vidadi qızı arasında 30 may 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.
2. Tərəflərin birgə nikahından 17 yanvar 2006-cı ildə Lətafət, 05 iyun 2008-ci ildə Solmaz və 16 dekabr 2011-ci ildə Həzrət adlı uşaqları olmuşdur.
3. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(031)-58/2021 saylı qətnaməsinə əsasən, İddiaçı ilə cavabdeh Babayeva (Xudaverdiyeva) Sevinc Vidadi qızı arasında 30 may 2003-cü il tarixdə Şabran rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra 17 yanvar 2006-cı il təvəllüdlü X4, 05 iyun 2008-ci il təvəllüdlü X5 və 16 dekabr 2011-ci il təvəllüdlü X6 ataları İddiaçı himayəsində saxlanılmışlar.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hər uşaq üçün ayda 193 manat sabit pul məbləğində alimentin tutulub 17 yanvar 2006-cı il təvəllüdlü X1, 05 iyun 2008-ci il təvəllüdlü X2 və 16 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikahla ailə qurmuşlar, rəsmi nikahdan 4 uşaq olmuşdur, uşaqlardan bir nəfəri yetkinlik yaşına çatmışdır. Xasiyyətləri uğun gəlmədiyindən xx.xx.2021-ci ildə Şabran Rayon Məhkəməsində boşanmışlar. Boşanmadan sonra 17 yanvar 2006-cı il təvəllüdlü X4, 05 iyun 2008-ci il təvəllüdlü X5 və 16 dekabr 2011-ci il təvəllüdlü X6 onun yanında saxlanılmışdır. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi köməklik etmir. Bu barədə əvvəlcə mediasiya şurasına müraciət etmişdir. Lakin mediasiya prosesi baş tutmamışdır. Ona görə də, məhkəməyə müraciət etmişdir.
6. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-935/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 08 sentyabr 2022-ci il tarixdən başlayaraq 17 yanvar 2006-cı il təvəllüdlü X1, 05 iyun 2008-ci il təvəllüdlü X2 və 16 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya onun işləməyini bildirdiyi halda bu barədə hər hansı sübutun təqdim etməsini tələb etməmişdir və ya bunun dəqiqləşdirilməsi üçün hər hansı sorğu göndərməmişdir. Məhkəmə onun xx.xx.2021-ci il tarixdən “Ürəyin hipertenziv xəstəliyi, ürək ritminin pozulması”diaqnozu ilə uzun müddət müalicə almağını, həmin xəstəliyin onun fiziki işlə məşğul olmağına imkan verməməsini, evdar qadın kimi hər ay 300 manat pulu necə ödəyəcəyini nəzərə almayaraq qətnamə qəbul etmişdir. Nikah pozulanda da övladlarının atalarının yanında qalmalarına etiraz etməmişdir, bu onun maddi imkansızlığından irəli gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
20. Cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin işləməməsini, “ürəyin hipertenzi xəstəliyi, ürək ritminin pozulması” diaqnozu ilə müalicə almasını, diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, cavabdehin qazanca malik olması, habelə uşaqların əvvəlki təminatında onun maddi cəhətdən dəstəyi barədə məhkəməyə sübut növü təqdim edilmədiyindən, alimentin məbləği dəyişdirilməli, cavabdehdən hər ay hər bir uşağın saxlanılması üçün 60 manat sabit pul məbləğində aliment tutulmalıdır.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-935/2022 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 08 sentyabr 2022-ci il tarixdən başlayaraq 17 yanvar 2006-cı il təvəllüdlü X1, 05 iyun 2008-ci il təvəllüdlü X2 və 16 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 60 (altmış) manat olmaqla, üç uşağa görə cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.