Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1374/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Cavabdeh1 qarşı əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın açıq hərracdan satılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-333/2022 nömrəli qətnaməsindən cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Göradil kəndi N.Dadaşov küçəsi 12 saylı evin 2/40 hissəsi X1, 2/40 hissəsi X2, 36/40 hissəsi isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********70-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-749/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir.
3. İddiaçı Cavabdeh1 və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına ünvanladığı pretenziyadan görünür ki, İddiaçı paylı mülkiyyətdə olan Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin cavabdehlərə düşən pay hüququnun ödənilməklə satın alınması təklifini irəli sürmüş, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
4. Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli 01/51971 saylı arayışdan görünür ki, Abşeron rayonu Göradil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə olan bazar dəyəri 51000 manat müəyyən edilmiş, qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji yaşayış evi sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir.
5. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əliyeva X3 rayonu Xırdalan şəhəri Cavabdeh1 prospekti ünvanında, Cavabdeh1 və Cavabdeh2 isə Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı evdə qeydiyyatdadır.
6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3531- 9/3985 saylı rəyi ilə Abşeron rayonu, Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 51500 manat müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Cavabdeh1 qarşı əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Görədil kəndi, N.Dadaşov küçəsi, 12 saylı evin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 (Yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evi Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, paylı mülkiyyət hüququ əsasında 36/40 hissəsi İddiaçı, 2/40 hissəsi X1, digər 2/40 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. Cavabdehlərlə mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə ilə bağlı tez-tez mübahisələr olduğundan iddiaçının mülkiyyət hüququ ciddi şəkildə pozulmuş, bu səbəbdən də, paylı mülkiyyət hüququ əsasında məxsus fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə tərəfindən mənzilin bölünməsinin mümkünlüyünün yoxlanılması üçün ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4079 saylı rəyinə əsasən, mübahisəli evin paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən də, hesab edir ki, mübahisəli ev qiymətləndirilməli və açıq hərracdan satılaraq pulu paylara mütənasib olaraq tərəflər arasında bölünməlidir. Mübahisə predmeti olan evin çox hissəsi iddiaçının mülkiyyətində olduğu üçün iddiaçı cavabdehlərə məhkəmədənkənar kompensasiya məbləği təklif etmiş, lakin bu təklifi heç bir nəticə verməmiş, tərəflər razılığa gələ bilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericilikdən də göründüyü kimi, ünvan 4 ünvanında yerləşən evin 4/40 hissəsi üzərində cavabdehlərin hərəkətsizliyi nəticəsində iddiaçının sərəncam vermək hüququ məhdudlaşdırılmışdır.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-333/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) bazar dəyərinin 51500 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin İddiaçı 36/40 hissədə, Cavabdeh1 2/40 hissədə və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının 2/40 hissədə paylarına mütənasib surətdə bölünməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızından müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Habil Əhmədov)
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, paylı mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin paylar üzrə naturada bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-749/2021 saylı qətnaməsi ilə fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından İddiaçı iddia ərizəsi təmin edilməmişdir. Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd etmişdir ki, əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının sonrakı mərhələ olaraq, ayrılan mülkiyyətçi kimi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən alınması hüququ yaranmış, lakin iddiaçı tərəfindən irəli sürülmüş pretenziya cavabdehlər tərəfindən cavablandırılmamışdır. Başqa sözlə, paylı mülkiyyətin mülkiyyətçiləri arasında qarşılıqlı razılıq əsasında əmlakın bölünməsi mümkün olmadığından iddiaçının əmlakın açıq hərracdan satılaraq onun payına uyğun pulun ödənilməsi tələbinə dair məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirərək əsas sübut növü kimi qəbul edir və paylı mülkiyyət hüququ əsasında İddiaçı, cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinin bazar dəyərinin 51500 manat müəyyən edilməklə açıq hərracda satılması və paylarına uyğun şəkildə tərəflər arasında bölünməsi qənaətinə gəlir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3. 220.4, 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 88, 101.3, 103.1, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızı və Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-333/2022 saylı saylı qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) bazar dəyəri 51500 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin İddiaçı 36/40 hissədə, Cavabdeh1 2/40 hissədə və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının 2/40 hissədə paylarına mütənasib surətdə bölünməsi mövqeyi ilə razılaşmayaraq qeyd edirlər ki, mülki iş üzrə keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3531-9/3985 saylı rəyi ilə razı deyilik. Belə ki, hesab edirik ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi dəyəri 51500 manat təşkil etmir və evin dəyəri ekspert tərəfindən dəyərindən qat-qat yüksək qiymətləndirilmişdir. Hesab edirlər ki, mənzilin dəyəri daha az məbləğ, yəni 5000 manat təşkil edir. İşə baxan məhkəmə tərəfindən mübahisə predmeti olan evin həqiqi dəyərinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli olsa da təyin edilməmişdir. Bundan başqa mübahisə predmeti olan Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evi onların yeganə yaşayış yeri olmaqla uşaqları həmin evdə böyümüşdür. Lakin işə baxan məhkəmə tərəfindən işin qeyd olunan halları nəzərə alınmamış və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmışdır. İddiaçı iddia tələbinin qanuni və əsaslı olması barədə məhkəməyə heç bir sübut mötəbər təqdim etməmiş, buna baxmayaraq işə baxan məhkəmə tərəfindən iddia tələbinin tam əsaslı olması barədə heç bir sübut olmadığı halda təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Hansı ki, iddia tələbini verən şəxs iddianın əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmək və iddianı sübut etmək vəzifəsi daşıyır. Lakin işə baxan məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələblərini nəzərə almadan və tam qanunsuz olaraq iddia tələbini mənə aid hissədə tam təmin etmişdir. Buna baxmayaraq işə baxan məhkəmə tərəfindən bu hallar nəzərə alınmadan qanunsuz qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, cavabdehlərin verdiyi apellyasiya şikayəti qanunsuz və əsassızdır. Belə ki, Abşeron rayon məhkəməsinin məlum qətnaməsi maddi və prosessual normalara riayət olunmaqla qəbul edilmiş ədalətli qətnamədir. Cavabdeh tərəf hazırkı içində olduğu çətin vəziyyətdən çıxış yolu kimi vaxt qazanmaq üçün qətnamədən apellyasiya şikayəti vermişdir. Onların tərtib etdiyi apellyasiya şikayəti də özlüyündə şablon xarakterli tərtib olunmuşdur. Belə ki, eyni cümlələr bir neçə dəfə çərçivələr üzrə əsassız olaraq təkrarlanır. Belə bir formada apellyasiya şikayətinin tərtib olunması Mülki qanunvericiliyin apellyasiya şikayətinin forma və məzmunu haqqında normanın tələbinə ziddir və mümkünsüz sayılmalıdır.
16. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələbini nəzərə alaraq onlara düşən cüzi payın real bazar qiymətinə uyğun olaraq kompensasiya qarşılığında alınmasına dair qətnamə çıxara bilərdi. Çünki mübahisə predmeti olan evin çox hissəsinə yəni 36/40 hissəsinə pay hüququ İddiaçı və qalan hissə üzrə yəni 4/40 hissəsinə cüzi pay hüququ cavabdehlərə məxsusdur.
17. Onlar iddiaçı tərəf olaraq da iş üzrə humanist hərəkət etmişlər və iş üzrə iki dəfə qiymətləndirilmə prosesi zamanı ən yüksək bazar qiymətinə uyğun kompensasiyanın verilməsinə hər an hazır olduqlarını dəfələrlə bildirmişlər. Məhkəmə də həmçinin öz növbəsində cavabdehləri barışığa səsləyərək onlara mübahisəli işin gələcəkdə mümkün hüquqi nəticələri barədə məlumat vermişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf son ümid kimi çıxış yolu olaraq mübahisəni məhkəmə səviyyəsində uzadıb və bununla da vaxt qazanmağa çalışır.
18. Odur ki, Abşeron rayon məhkəməsinin məlum qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
21. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması
22. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
23. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
24. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
25. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
26. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
27. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Apellyasiya şikayətindən görünür ki, Cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızı və Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-333/2022 saylı saylı qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
38. Məhkəmə kollegiyası mənzilə köçürülmə tələbini bölünməz hesab etdiyindən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) bazar dəyərinin 51500 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, qətnamə mübahisəlndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Hamin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
41. İşin tədqiq olunan hallarından göründüyü kimi mübahisə predmeti olan Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********70-1031 reyestr nömrəli çıxarışa əsasən iddiaçının və cavabdehlərin paylı mülkiyyətindədir. Mübahisəli evdə 2/40 hissədə X1, 2/40 hissədə X2, 36/40 hissədə isə İddiaçı payı müəyyən edilmişdir. Payların idarə edilməsi ilə bağlı tərəflər arasında narazılıq vardır. İddiaçı bundan əvvəl evin naturada bölünməsi üçün məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-749/2021 saylı qətnaməsi ilə əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia təmin edilməmişdir.
42. Apellyasiya şikayəti vermiş cavabdehlər mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi dəyərinin 51500 manat təşkil etməyərək evin dəyərinin ekspert tərəfindən dəyərindən qat-qat yüksək qiymətləndirildiyini, mənzilin dəyərinin daha az məbləğ təşkil etdiyini bildirirlər.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 51500 manat həddində müəyyən etməklə səhvə yol vermişdir.
44. Belə ki, qanunvericilikdə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı norma nəzərdə tutulmuşdur. Hazırkı mübahisənin predmetini təşkil edən mənzil isə ipoteka predmeti deyil.
45. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə ümumi paylı mülkiyyətin hərracdan satılmasına dair mübahisələrə baxarkən məhkəmə qətnaməsində ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmadığından birinci instansiya məhkəməsinin qətnaməsi - Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) açıq hərracda bazar dəyərinin 51500 manat müəyyən edilməsi hissəsində ləğv edilməlidir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, bu halda mübahisəli mənzilin satış dəyərinin müəyyən edilməsi kimi tədbirlər qətnamənin icrası zamanı həll edilən məsələdir.
47. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) bazar qiymətini müəyyən etməklə iddia tələbindən kənara çıxmışdır.
48. Belə ki, iddia ərizəsində iddiaçının belə bir tələbi yoxdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, verilməyən tələb üzrə də qətnamə çıxarmışdır.
49. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
50. Mülki prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki iş üzrə iddia tələbindən kənara çıxma halı isə qanunda göstərilən müstəsna hal olmamışdır.
51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) bazar dəyərinin 51500 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-333/2022 nömrəli qətnaməsi qismən - Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) bazar dəyərinin 51500 manat müəyyən edilməsi hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.