Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1379/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-3690/2020 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-3690/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 33 saylı mənzildən öz əmlakları ilə birlikdə çıxarılmaları qət edilmiş, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin, 33 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Ona məxsus evi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kirayə vermişdir. Cavabdehlərə dəfələrlə şifahi qaydada bağlanan kirayə müqaviləsini pozduğunu bildirərək mənzili tərk etmələrini tələb etmiş, lakin cavabdehlər mənzildə yaşamağa davam etmiş və oranı tərk edib ona təhvil verməmişlər. Eyni zamanda cavabdehlər mənzildə yaşadıqları halda, ona heç bir haqq ödəmirlər. Ona görə də mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə ədalətsizdir, əsassız qəbul edildiyindən qanunsuzdur. Onun əri Qarabağ qazisidir, hər ikisi ikinci qrup ömürlük əlildirlər, üç yeniyetmə uşaqları vardır. Onlar əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, “Heydər” məscidinin yaxınlığında bina evinin birinci mərtəbəsində 5 otaqlı mənzildə yaşamışdılar. 10 oktyabr 2017-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini onlara evlərinin plana düşdüyünü, Sumqayıt şəhərində qeydiyyatda olduqları üçün Sumqayıt şəhəri İcra Hakimiyyəti tərəfindən evlə təmin ediləcəklərini bildirmişdir. Buna görə də Sumqayıt şəhəri İcra Hakimiyyətinin əməkdaşları onları müvəqqəti olaraq Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzilində yerləşdirmişdilər. Həmçinin onlara bildirilmişdir ki, kirayə haqqı İcra Hakimiyyəti tərəfindən ödəniləcəkdir. 2018-ci ildə tanımadıqları Cəlal adlı şəxs İcra Hakimiyyətinin kirayə haqqı ödəmədiyini deyərək evdən çıxmalarını tələb etmişdir. Onların Sumqayıt şəhəri İcra Hakimiyyətinə müraciəti heç bir nəticə verməmişdir. Məhkəmə işə birtərəfli qaydada baxmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ona münasibətdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabında 28.07.2000-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 noyabr 2020-ci il tarixli, **********31 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil Sumqayıt şəhər 1-ci dövlət notariat kontorunun təsdiq etdiyi 28.07.2000-ci il tarixli, 3M-386 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Aparatının 02.11.2020ci il tarixli, 53 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 25/23, mənzil 33-ə yerləşdirilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhəri, 12 saylı MKS-nin sahə ustası X6 və mühasibi X3 iştirakı ilə tərtib edilmiş 14.10.2020-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 2017-ci ildən Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin, 33 saylı mənzilində qeydiyyatsız olaraq kirayəşin kimi yaşayırlar. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında 30.12.2019-cu il tarixli, ******* saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzilində X5 və X4 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış 30.08.2018ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərın və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən Cavabdeh1 ünvanlanmış 23.01.2020-ci il tarixli məktubdan görünür ki, ümumi xəstəliyə görə 2-ci qrup əlil kimi 04.06.2018-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsindədir, qaldırdığı məsələ ilə əlaqədar AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq imtiyazı nəzərə alınmaqla yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunacaqdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, Sumqayıt şəhəri, 4cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzili İddiaçı mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının həmin daşınmaz əmlaklara mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh2 mənzildən çıxarılması hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsas deyildir. İşdən görünür ki, digər Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verməmiş, qətnaməni mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-3690/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1379/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1379/2021
06.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver