Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1382/2020 15.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-7561/2019 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-7561/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı uşaqları xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzilinə köçürülməsi qət edilmiş, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X17 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzili cavabdeh olan qayınanası Cavabdeh2 mülkiyyətindədir. O, Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X9 və xx.xx.2015-ci il tarixdə X17 anadan olmuşlar. O, mübahisəli mənzildə rəsmi olaraq qeydiyyatdadır. Cavabdehlər onu mübahisəli mənzildən qovmuşlar və hazırda Neftçala rayonunun Bankə qəsəbəsində valideynlərinin yanında yaşayır. O, qeydiyyatda olduğu mənzilə köçüb yaşamaq istəsə də, cavabdehlər onu mənzilə buraxmırlar. Onun həmin mənzildən istifadə hüququ vardır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə əsla razılaşmaq mümkün deyildir. Ona görə ki, hazırda onun mülkiyyətində olan mübahisəli mənzilə dair kirayə hüquqları Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (xx.xx.2009-cu il) əvvəl yarandığından həmin münasibətlər “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunla tənzimlənməlidir. Belə ki, mənzilə dair xx xxxxxx 1986-cı il tarixli, 09/70 saylı order verilmiş və o da həmin orderdə adları qeyd olunan ailə üzvlərindən biridir. Bundan başqa, o, ümumiyyətlə, iddiaçının onun mülkiyyətində olan mənzilə istifadə hüququnun olmadığını iddia edir və iddiaçının mənzilə köçürülməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi isə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrinə aiddir. İddiaçı onun mənzilinə gəlin gəldiyi 2012ci il tarixdə mənzil özəlləşdirilməsə də, iddiaçı mənzilə qeydiyyata alınsa da, bunlar iddiaçının onun mülkiyyətində olan mənzilinə istifadə hüququnun olması anlamına gələ bilməz. Mübahisəli mənzilin icarədarının ailə üzvləri beş nəfərdən (icarədar ər, onun arvadı və üç uşağı) ibarət olmuş, iddiaçının gəlin kimi mənzilə köçürüldüyü tarixdə ailə üzvləri olan uşaqların hamısı 18 yaşından yuxarı yaş həddində olmuş və onların hamısının iddiaçının mənzilə qeydiyyata alınmasına razılığı alınmamış, iddiaçının ailə üzvü olan əri ilə nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçı, ümumiyyətlə, onun ailə üzvü olmamış və ona digər ailə üzvü statusu verən 2012-ci ildə ailəsinə gəlin olaraq gəlməsi, gəlini olması da keçmiş zamandadır və hazırda iddiaçı ilə oğlu arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bütün bu sadalananlara əsasən qətnaməni əsassız hesab edir. Cavabdeh2 apellyasiya şikayətinə əlavə ilə müraciət edərək iddiaçının xx xxxxxx 2017-ci il tarixdə mənzili könüllü tərk edərək özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi ərazisində yerləşən “Xəzər İnşaat” tərəfindən inşa edilmiş bina 9A-nın ikinci girişinin birinci mərtəbəsi, 76 saylı iki yaşayış otağından ibarət mənzildə yaşadığını, onun mənzilində iddiaçıya məxsus heç bir əşyanın olmadığını göstərmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahından xx xxxxxxx 2013-cü il tarixdə X9 və xx xxxxxx 2015-ci il tarixdə X17 anadan olmuşlar. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 601 saylı arayışdan görünür ki, İddiaçı iki azyaşlı övladları - xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X17 ilə anası Bankə qəsəbə sakini X3 himayəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 xx xxxxxx 2019-cu il tarixli, **********66 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 37 saylı mənzil Sumqayıt şəhər İH başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş 35 saylı, xx.xx.2009-cu il tarixli order, Sumqayıt şəhər İH MKTİB Mənzil Təsərrüfat İstismar İdarəsi 14 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş 291 saylı, xx.xx.2014-cü il tarixli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 nömrəli forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında Cavabdeh2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil barədə dövlət reyestrində əlavə məlumat yoxdur. İş materiallarında olan ******* saylı, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzilində İddiaçı, Cavabdeh2, X9, X10, X17, X13, X11 və Cavabdeh1 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)- 986/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər Qediyyat şöbəsində bağlanmış 771 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları, Cavabdeh1 İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 100 manat olmaqla, 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 8661/2019 saylı qətnaməsi ilə Cavabdeh2 İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, İddiaçı mənzilə heç bir hüququ olmadığını bildirərək iddiadan imtina etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1354/2020 saylı qərardadı ilə Cavabdeh2 iddiadan imtinası qəbul edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8661/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı X6 tələb edilərək işə əlavə edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzilinin özəlləşdirilməsinə dair sənədlərin surətlərindən görünür ki, həmin mənzil dair Sumqayıt şəhər İH başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən Cavabdeh2 adına 4 nəfər ailə tərkibində (özü, 3 oğlu) 35 saylı, xx.xx.2009-cu il tarixli order verilmişdir. İddiaçı mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə imzası notariat qaydasında təsdiq olunmuş yazılı razılıq vermişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mənzildən istifadə ilə münasibətlər 2012-ci ildə yaranmışdır. Həmin vaxt ünvan 3 ünvanda yerləşən 37 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, dövlət fondunda olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil cavabdehlərlə yanaşı, iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur. Belə ki, iddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuş, cavabdehlərin razılığı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzilinə köçmüş, mənzilə qeydiyyata alınmış və həmin mənzildə cavabdehlərlə birgə yaşayaraq birgə təsərrüfat aparmışlar. Ona görə də iddiaçı mübahisəli mənzildən cavabdehlərlə bərabər istifadə hüququna malikdir. İşdən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 52 saylı evin 37 saylı mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə razılıq vermişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bundan başqa, işdən görünür ki, İddiaçı Cavabdeh1 ilə nikah münasibətindən iki uşağı vardır. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə həmin uşaqların da ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüquqları vardır. “Uşaq hüquqları haqqında” qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin qanunun 20-ci maddəsində göstərilir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin 2014-cü ildə cavabdehin adına özəlləşdirilməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh2 apellyasiya şikayətinə əlavədə iddiaçının xx xxxxxx 2017-ci il tarixdə mənzili könüllü tərk edərək özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi ərazisində yerləşən “Xəzər İnşaat” tərəfindən inşa edilmiş bina 9A-nın ikinci girişinin birinci mərtəbəsi, 76 saylı iki yaşayış otağından ibarət mənzildə yaşadığını, onun mənzilində iddiaçıya məxsus heç bir əşyanın olmadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi bu halları sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı mübahisəli mənzildən daimi yaşamaq üçün hansı yaşayış məntəqəsinə, hansı yaşayış sahəsinə köçüb getməsi, istifadəsində, icarəsində və ya mülkiyyətində hər hansı yaşayış sahəsinin olması barədə işdə heç bir sübut yoxdur. Digər tərəfdən, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1354/2020 saylı qərardadından görünür ki, Cavabdeh2 iddia tələbindən imtina etdiyi iş İddiaçı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılması barədə olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-7561/2019 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-1382/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1382/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver