Məhkəmə qərarları › İş №2(105)-1383/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1383/2021

23.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1383/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin qeyri-qanuni sahiblikdən geri alınması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dairiş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-85/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-85/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndindəki 0,69639 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1304,5 kv.metr olan əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə ƏMDK-nin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş “xxxx” MMC-nin əsas vəsaitlərinin inventarlaşdırılması aktında göstərilən əsas vəsaitlərlə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim R.Həsənov) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-85/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilmiş hissəsində rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,69639 ha torpaq sahəsində yerləşən 1304,5 kv.metr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin 2016-cı ilin noyabr ayında ƏMDK-nin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş “xxxx” MMC-nin əsas vəsaitlərinin inventarlaşdırılması aktında göstərilən əsas vəsaitlərlə birlikdə cavabdehlər X1 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən ona qaytarılması, cavabdehlər tərəfindən ona vurulmuş 50000 manat ziyanın əvəzinin onlardan müştərək qaydada tutularaq ödənilməsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,69639 ha torpaq sahəsində yerləşən 1304,5 kv.metr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ona təhvil veriləcəyi tarixə qədər hər ay 10000 manat vurulmuş ziyanın müştərək qaydada ödənilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 30000 manat dəyərində mənəvi ziyanın əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi və iddianın verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini, AR MPM-nin 265.4-cü maddəsinə əsaslanmaqla, Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli olduğundan, barələrində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona Quba rayonunun 2-ci Nügədi kəndində xx.xx.2017-ci il tarixli, RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 0,69639 hektar torpaq sahəsində yerləşən 1304,5 kv.metr sahədən ibarət əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Lakin göstərilən daşınmaz əmlakı aldığı 2017-ci ildən etibarən bu günə qədər o, əmlakından istifadə edə bilmir, çünki həmin daşınmaz əmlak cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni olaraq zəbt edilmiş və onlar oradan qeyri-qanuni olaraq istifadə edərək, əmlak kompleksinə aid olan avadanlıqları talayaraq, satmaqla məşğuldurlar. Cavabdehlərin qeyri-qanuni istifadə etdikləri daşınmaz əmlak tam şəkildə ona məxsusdur. Əmlak kompleksini o, dövlət xətti ilə özəlləşdirdiyindən Azərbaycan Respublikasının X16 Komitəsinin yerli strukturlarının rəhbərləri də dəfələrlə cavabdehlərə daşınmaz əmlakı boşaltmalı olmaları barədə xəbərdarlıq etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan mülkiyyəti zəbt etməkdə davam edirlər. Yaşadığı 2-ci Nügədi kəndində əvvəllər ƏMDK sərəncamında olmuş, özəlləşdirilmək üçün ƏMDK tərəfindən hərraca çıxarılmış “xxxx” MMC-nin 6963,9 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1304,5 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəni satın almışdır. Həmin ərazidə sovet dövründə püre zavodu yerləşmiş və ərazidə başqa yardımçı binalar, “Ford CARGO” maşını, “QAZ” markalı avtomaşın, 1 ədəd traktor və su çənləri də müəssisəyə məxsus olmaqla, hərracdan əvvəl orada idi. Sonradan o, həmin müəssisənin hərraca çıxarılmasını eşitmiş, “Mülkiyyət” qəzetində bununla bağlı elanın çap olunmasını görmüş və hərracda alıcı kimi iştirak etmişdir. Hərracın nəticələrinə əsasən əmlakın hərracdan satılması barədə protokol tərtib olunmaqla protokol hərrac komissiyasının üzvləri tərəfindən imzalanaraq, təsdiq olunmuşdur. Hərracın nəticələrinə görə göstərilən daşınmaz əmlak üçün o, dövlətə 100.000 manat pul ödəmişdir. Bununla bağlı ƏMDKnin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən akt tərtib olunaraq müəssisənin möhürü və ştampı da ona təhvil verilmişdir. Əmlak Mehrəli və Cavabdeh2lər tərəfindən zəbt olunduqdan sonra, ƏMDK-nin 13 saylı Şöbəsinin əməkdaşları xx.xx.2018-ci ildə onunla birlikdə müəssisəyə gələrək, onlara əmlakı zəbt etməyə son qoymaq barədə xəbərdarlıq etmişlər. Lakin Cavabdeh1 inzibati otaqda onu təhqir edərək, hamının gözünün qabağında onun qapıya vurduğu qıfılı nümayişkaranə çəkiclə masanın üstündə vuraraq qırmışdır. Göstərilən daşınmaz əmlak 2016-cı ilin noyabr ayında ƏMDK-nin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş “xxxx” MMC-nin vəsaitlərinin inventarlaşdırılması aktında göstərilən əsas vəsaitlərlə birlikdə cavabdehlərin qanunsuz sahibliyindən alınaraq, ona təhvil verilməlidir. Onun dövlətdən aldığı əmlak kompleksi meyvə şirəsi istehsalı sexidir. Sex 2017-ci ilin dekabr ayında ona təhvil verilməli idi və o, oranı 2018-ci ilin yanvar ayından işə salmalı idi. O, sexi işlədərək, hər ay 10.000 manat gəlir götürməyi planlaşdırmışdı. Bu səbəbdən hal-hazıra qədər ayda 10.000 manat olmaqla 50.000 manat ona vurulmuş ziyan cavabdehdən tutulmalıdır, həmçinin obyekt ona təhvil veriləcəyi tarixə qədər hər ay 10.000 manatın ödənilməsi öhdəliyi də cavabdehlərin üzərinə qoyulmalıdır. Cavabdehlərin ona atdığı böhtanlar nəticəsində o, psixi gərginliklər keçirmiş və keçirirməkdə davam edir. Bu hal, Quba rayon Polis Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarla da təsdiq olunur. Bu səbəblərdən ona dəymiş mənəvi ziyanı 30.000 manat dəyərində qiymətləndirir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, onlar Bakı İnzibati Məhkəməsinə cavabdehlər İddiaçı Şıxmurad oğluna və digərlərinə qarşı iddia ərizəsilə ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X16 Xidmətinin '‘xxxx’' Kiçik Müəssisəsinin özəlləşdirilməsi barədə sərəncamların və özəlləşdirilmənin etibarsız hesab edilməsini xahiş etmişlər. İddia tələbi Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edilmiş, baxılması üçün təyin edilmişdir. Hazırkı vaxtda özəlləşdirmə mübahisələndirildiyi halda, onun nəticəsində İddiaçı Şıxmurad oğluna satılmış Quba rayonu İİ Nügədi kəndində yerləşən ümumi sahəsi 1304,5 kv.metr olan əmlak kompleksinin də əvvəllər mülkiyyət hüququ ilə ƏMDK-nin DƏDRX-yə məxsus olması da mübahisələndirilir. Belə olan halda hazırkı işə baxılıb iddiaçının iddiasının təmin edilməsi qanuna uyğun deyildir. Göstərilənlərə əsasən Quba Rayon Məhkəməsinin 2(027)-85/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilmiş hissəsində rədd olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, öz vəsaiti ilə aldığı əmlakdan artıq 4 ildir ki, istifadə edə bilmir. O, dövlətə inanıb dəyərini ödəməklə əmlak əldə etmişdir. İndiyədək həmin əmlakların telehindən xəbərsizdir. Onda olan məlumata görə ona məxsus əmlaklar talanır, dağıdılır. İstifadə etmədiyi halda mülkiyyətində olan bina və avadanlıqlar aşınır, lazımi xidmətlər göstərilmədiyindən köhnəlib sıradan çıxır. O, obyekti özəlləşdirərkən oraya investisiya yatırıb iş görmək, gəlir əldə etmək məqsədi güdüb. Artıq neçə ildir ki, o, bu gəlirlərdən məhrum olmaqla yanaşı, əmlakından da məhrum olmuşdur. İddia verərkən o, ona vurulmuş ziyanı da tələb etmiş, lakin məhkəmə iddiasını bu hissədə təmin etməsə də, mübahisəni çox uzatmamaq üçün qətnamədən şikayət verməmişdir. Lakin cavabdehlər bundan sui-istifadə edərək yersiz şikayət və iddialar verirlər. O, əmlakı vicdanlı əldə edəndir. Cavabdehlərlə aralarındakı mübahisə əslində başa çatıb və məhkəmələr mübahisəyə obyektiv qiymət verərək onun mübahisəli əmlak üzərində olan mülkiyyət hüququnun qanuniliyini bir daha təsdiq etmişlər. Cavabdehlərin niyyəti süni uzatmalarla bu qanunsuzluğu davam etdirməkdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabehlər heç bir üzürlü səbəb göstərmədən təkrar olaraq məhkəmə iclaslarında iştirak etməmiş, yalnız məhkəməyə ərizə ünvanlayaraq icraatın dayandırılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə hər iki cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş “xxxx” kiçik müəssisəsinin xx xxxxxxx 1998-ci il tarixində tərtib edilmiş texniki pasportundan görünür ki, müəssisənin ümumi ərazisi 6600 kv.m, ümumi tikinti altı sahə 858,5 kv.m, açıq torpaq sahəsi 5741,5 kv.m-dir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışın surətindən və xx.xx.2017-ci il tarixli texniki pasportun surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndindəki 0,69639 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1304,5 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə dair İddiaçı Şıxmurad oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, həmin əmlaka dair texniki pasport tərtib edilmişdir. Yenə iş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin əsas vəsaitlərinin inventarlaşdırılması aktından görünür ki, “xxxx” MMC-nin daimi fəaliyyətdə olan inventarlaşdırma komissiyasının sədri X19, ƏMDK-nin 13 saylı Ərazi Şöbəsinin baş məsləhətçisi X2, məsləhətçi X6 iştirakı ilə MMC-nin xx.xx.2016-ci il tarixli, 03 saylı əmrinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-ci il tarixinə kimi Cəmiyyətin əsas vəsaitlərinin inventarlaşdırılmasını aparmışlar. Müəyyən olunmuşdur ki, cəmi dəyəri 18741,76 manat olan 38 adda əsas vəsait mövcuddur, lakin yararsız haldadır. Əsas vəsaitlərin inventarlaşdırılması zamanı “xxxx” MMC yarandıqdan sonra təhvil-təslim işləri aparılan zaman 10 ədəd 9015,5 manat dəyərindən çənin olmadığı müəyyən edilmiş və “xxxx” MMC-nin balansında olmayan istismara yarasız 3 ədəd yük avtomaşını, qismən yararlı 1 ədəd T25 traktoru, yararsız 100 ədəd taxta yeşik, yarasız 1 ədəd elektrodivijok, yararsız bir ədəd mühərrik aşkar edilmişdir. Yenə də iş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Şıxmurad oğlu hərracla bağlı mübahisəli əmlakın alınması məqsədilə X16 Komitəsinin hesabına müxtəlif vaxtlarda ümumilikdə 100.000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli hərrac protokolundan görünür ki, Orucov X15 rayonu, İİ Nügədi kəndindəki 0,69639 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1304,5 kv.metr olan “xxxx” MMC-ni 100.000 manata satın almışdır. Yenə iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3450/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən məlum olur ki, Quba Rayon Məhkəməsinin 2(027)-914/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası X16 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx xxxxx 2017-ci il tarixli, 05 nömrəli hərracın nəticələri və həmin hərracın nəticəsində X13 ilə X10 arasında bağlanılmış xx xxxxx 2017-ci il tarixli, 3350 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, xx xxxxx 2017-ci il tarixli, 3350 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı Şıxmurad oğlunun adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarış ləğv edilmişdir. Apelyasiya Məhkəməsinin həmin qətnaməsilə Quba Rayon Məhkəməsinin 2(027)- 914/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən - “qeyri-yaşayış obyektinə dair hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməmiş və qalan hissədə. yəni iddianın təmin edilməyən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Yenə də işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2211/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçılar X7, Cavabdeh1, X4, Cavabdeh2, X3, Şərifova Göyçək oruc qızı, X9, X5, X12 və Bayramov Elmar Sadıq oğlunun kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3450/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası həmin hissədə qətnaməni apelyasiya qaydasında araşdırmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-85/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X16 Komitəsi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli hərrac protokolu ilə Orucov X15 rayonu, İİ Nügədi kəndindəki 0,69639 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1304,5 kv.metr olan “xxxx” MMC-ni 100.000 manata satın almışdır. Bundan sonra onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarış verilmiş, habelə əmlakın texniki pasportu tərtib edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Şıxmurad oğlu mübahisəli əmlakı 2017-ci ildən əldə etməsinə baxmayaraq, bu əmlak üzərində öz hüquqlarını həyata keçirə bilmir. Cavabdehlər onu həmin əmlakdan istifadə etməsinə imkan vermirlər. Bu səbəbdən də İddiaçı hazırki tələblə xx.xx.2018-ci ildə məhkəməyə müraciət etmişdir. Lakin cavabdehlər tərəfindən Azərbaycan Respublikası X16 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx xxxxx 2017-ci il tarixli, 05 nömrəli hərracın nəticələri, o cümlədən İddiaçı mübahisəli əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia verildiyindən hazırki iş üzrə icraat dayandırılmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yenə Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. Daha öncə qeyd olunduğu kimi, xx.xx.2017-ci il tarixdə keçirilmiş hərrac nəticəsində İddiaçı Şıxmurad oğlu mübahisəli əmlakı dövlət büdcəsinə 100000 manat vəsait ödəyərək almış və bu əmlaka dair onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Cavabdehlərin apelyasiya şikayətindən məlum olur ki, onlar hazırda inzibati icraat qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X16 Xidmətinin '‘xxxx’' Kiçik Müəssisəsinin özəlləşdirilməsi barədə sərəncamların və özəlləşdirilmənin etibarsız hesab edilməsini mübahisələndirmişlər və belə olan halda hazırkı işə baxıla bilməzdi. İş materiallarından görünür ki, cavabdehlər daha əvvəllər Azərbaycan Respublikası X16 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx xxxxx 2017-ci il tarixli, 05 nömrəli hərracın nəticələrini və həmin hərracın nəticəsində bağlanılmış xx xxxxx 2017-ci il tarixli, 3350 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini, xx xxxxx 2017-ci il tarixli, 3350 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı Şıxmurad oğlunun adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışı mübahisələndirmişlər və son nəticədə iddia təmin edilməmişdir. Həmin iş üzrə iddia rədd edilərkən məhkəmələr digər əsaslarla yanaşı iddiaçıların həmin iddianı vermək üçün subyektiv hüquqa malik olmamaları, eləcə də İddiaçı Şıxmurad oğlunun əmlakı vicdanlı əldə edən olmasını əsas götürmüşlər. Başqa sözlə, hazırda həm hərracın nəticələri, həm də iddiaçının mübahisəli əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydiyyatı qüvvədədir və ləğv edilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdehlər apelyasiya şikayətlərində yeganə dəlil kimi ona istinad etmişlər ki, hazırda onlar inzibati icraat qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X16 Xidmətinin '‘xxxx’' Kiçik Müəssisəsinin özəlləşdirilməsinə dair sərəncamların etibarsız hesab edilməsi barədə məhkəməyə iddia vermiş, bu səbəbdən də icraatın dayandırılmalı olduğu halda məhkəmə bunu etməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin bu dəlilini əsassız hesab edir. Əvvəla, iş materiallarında olan ərizədən(səh.223) görünür ki, cavabdehlər növbəti məhkəmə iclasında Bakı 2 saylı İnzibati İqtisadi Məhkəməsinə (?) təqdim etdikləri ərizənin surətini təqdim edəcəklərini bildirərək xx.xx.2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Bundan sonra məhkəmə iclası xx.xx.2020-ci ilə təyin edilmiş, həmin iclasda iştirak edən Cavabdeh1 isə məhkəməyə heç bir ərizə təqdim etməmiş, yalnız iddianın təmin edilməməsini xahiş etmişdir. Bundan başqa, daha öncə qeyd olunduğu kimi cavabdehlər bir dəfə mübahisəli əmlakın özəlləşdirilməsini, o cümlədən onun nəticələrini mübahisələndirmiş və uzun sürən məhkəmə çəkişməsindən sonra iddiaları təmin edilməmişdir. Yuxarıda göstərildiyi kimi həmin iş üzrə iddia rədd edilərkən məhkəmələr digər əsaslarla yanaşı iddiaçıların həmin iddianı vermək üçün subyektiv hüquqa malik olmamaları, eləcə də İddiaçı Şıxmurad oğlunun əmlakı vicdanlı əldə edən olmasını əsas götürmüşlər. Hazırki iddiada da dolayısı ilə yenə həmin əmlakın özəlləşdirilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəbdən hazırkı iş üzrə icraatın dayandırılması iddiaçının mülkiyyət hüququnun davamlı olaraq kobud surətdə pozulmasına səbəb olmaqla, mülkiyyətin müdafiəsinə yönəlmiş yuxarıda sadalanan hüquq normalarının da pozulması kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, həmçinin hazırki məhkəmə mübahisəsinin də 3 ilə yaxın müddətdə davam etməsini, eləcə də cavabdehlərin iddiası əsasında başlamış inzibati icraatın da uzun müddət davam edə bilməsi ehtimalını da nəzərə alır. Digər tərəfdən də işin faktiki hallarından görünür ki, iddiaçı kifayət qədər böyük məbləğ ödəyərək əmlak əldə etmiş, lakin həmin əmlakdan təyinatına uyğun istifadə edə bilməməsi səbəbindən maliyyə itklərinə məruz qalmışdır. Doğrudur o, iddia ərizəsində ona vurulan maddi və mənəvi ziyanı tələb etsə də, iddiası həmin hissədə təmin edilməmiş, özünün dediyinə görə mübahisəni uzatmamaq üçün həmin hissədə qətnamədən apelyasiya şikayəti verməmişdir. Lakin bütün hallarda məhkəmə kollegiyası iş üzrə nəticəyə gələrkən bu faktı da nəzərə alır. Şərh olunan səbəblərdən də, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi olaraq iddiaçı, mübahisəli əmlakın cavabdeh şəxslərin qanunsuz sahibliyindən ona qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X21rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hazırki qaydada həlli ədalətin bərqərar olması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın bu hissədə təmin edilməsi barədə tamamilə düzgün hüquqi nəyticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehlərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-85/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar