Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1384/2023 03.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 62.95 kv.m-dən ibarət olan 106 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək xx.xx.2021-ci il tarixli “kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən binanın 5-ci giriş, 16-cı mərtəbəsindəki 1 otaqlı 106 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh MTK xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qərardadı ilə Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Habil Əhmədov). Cavabdeh MTK xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə geri qaytarılmışdır (hakim Habil Əhmədov). Cavabdeh MTK Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2(012)- 472/2023 nömrəli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda, iddiaçı Quliyev X1 Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(012)- 472/2023 nömrəli qərardadından xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizə Mülki Prosessual Məcəllənin tələbləri baxımından təmin edilə bilməzdi, lakin məhkəmə sözügedən prosessual normanın tələblərini kobud surətdə pozaraq, heç bir üzrlü səbəb olmadan müddətin bərpasına dair ərizəni təmin etmiş, icra mərhələsində olan işin dayandırılmasına səbəb olmuşdur. Belə ki, cavabdeh həmin qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada aldığını qeyd etsə də, həmin qətnamə xx.xx.2023-cü il tarixdə, həm cavabdehin, həm də cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh peşəkar hüquqşünaslarla – vəkillərlə təmsil olunur və onlara Mülki Prosessual Məcəllənin istinad edilən normaları məlum idi. Bundan əlavə, cavabdehin vəkili Vəkil2 imtina edilməsi ilə bağlı məhkəməyə heç bir məlumat daxil olmamışdır. Bundan əlavə cavabdeh hüquqi şəxs olduğundan rahatlıqla elektron məhkəmə kabinetinə daxil olub, həmin qətnamə ilə tanış ola bilərdi. Sözügedən mülki iş üzrə müddətin bərpa edilməsi üçün ilk öncə səbəb olmalı, daha sonra isə həmin səbəbin üzrlü hesab edilməsinə qiymət verilməlidir. Hər nə qədər məhkəmə etibarnamənin olmaması səbəbindən apellyasiya şikayətini geri qaytarsa da və cavabdeh müddətin bərpasına dair ərizədə etibarnamənin əlavə edilməsinə istinad etsə də, hazırki ərizə digər səbəbdən yəni, məhkəmə qətnaməsinin elektron kabinetə yerləşdirilməsindən 1 aylıq müddətin ötürülməsi səbəbindən təmin edilməməli idi. Cavabdehin həmin qətnaməni rəsmi qaydada alması xx.xx.2023-cü il tarixdən hesablanır və bayram günlərini nəzərə alaraq, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün son müddət xx.xx.2023-cü il tarixi idi. Lakin cavabdeh üzrsüz səbəbdən şikayət vermə müddətini ötürərək, xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə şikayət vermişdir. Eyni zamanda məhkəmə icra vərəqəsi verən zamanda qanunvericiliyin tələblərini gözləmiş, həmin qətnamənin rəsmi qaydada almasını xx.xx.2023-cü il tarixdən hesablayaraq, xx.xx.2023-cü il tarixli icra vərəqəsi vermişdir. Göründüyü kimi, məhkəmə hazırki prosessual normanın tələblərini kobud surətdə pozmuş, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmədə qətnamənin elektron kabinetə yerləşdiyi vaxtı deyil, mülki iş üzrə işdə iştirak edən şəxsin, yəni cavabdehin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməsinə baxmayaraq, qətnaməni əlbəəl şəkildə məhkəmədən alınması tarixini əsas götürmüş, heç bir üzrlü səbəb olmadan müddəti bərpa edərək onun hüquqlarını ayaqlar altına almışdır. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(012)-472/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməmiş və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qərardadı ləğv edilməli və müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsinin qətnaməsi 25 yanvar 2023-cü il tarixdə qəbul edilmiş, qətnamə tərəflərin, o cümlədən Cavabdeh MTK-nın, onun nümayəndəsi və vəkili Vəkil2 Elekton Məhkəmə İnformasiya sistemində olan elektron kabinetinə ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, daha sonra qətnamə qanuni qüvvəsini aldığından birinci instansiya məhkəməsi 27 mart 2023-cü il tarixdə icra vərəqəsi verərək qətnaməni icraya yönəltmiş və xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanmışdır. Daha sonra Cavabdeh MTKnın təsisçilərindən biri olan Ə.Dadaşov xx.xx.2023-cü il tarixdə qətnaməni məhkəmə qəbzinə imza atmaqla qəbul etmiş, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə apelyasiya şikayətinin imzalanmasına və onun səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilmədiyindən geri qaytarılmış, daha sonra cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəyə etibarnamənin əlavə edilməsinə baxmayaraq, həmin etibarnamə ilə nümayəndəyə apellyasiya şikayətinin tərtib olunması və bununla bağlı digər səlahiyyətlərin verilməsi öz əksini tapmadığından geri qaytarılmış, daha sonra Cavabdeh MTK apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmiş və 01 iyun 2023-cü il tarixli, e-2(012)- 472/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdeh tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. Cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, həmin qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada aldıqdan sonra ondan xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MTK-nın bu dəlili hazırki halda buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi 25 yanvar 2023-cü il tarixdə qəbul edilmiş, qətnamə tərəflərin, o cümlədən Cavabdeh MTK-nın, onun nümayəndəsi və vəkili Vəkil2 Elekton Məhkəmə İnformasiya sistemində olan elektron kabinetinə ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtları olmuş, apellyasiya şikayəti qətnamənin rəsmi qaydada alındığı vaxtdan 2 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göründüyü kimi, qanunvericilikdə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Cavabdeh tərəf isə müvafiq qətnamədən apellyasiya şikayəti verilməsi imkanlarının heç birindən istifadə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, cavabdeh tərəf qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən və bununla bağlı sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh MTKnın Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263-264, 397.2, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(012)-472/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh MTK-nın Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e- 2(012)-472/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1384/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1384/2023
03.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver