Məhkəmə qərarları › İş №2(105)-1390/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1390/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1390/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzillərin təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-145/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC-nin direktoru X1 ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli 133 nömrəli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 4-cü blok 13-cü mərtəbə 261 №-li, izolə olunmuş 2 (iki) otaqdan ibarət mənzili bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X9 ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus yeni yaşayış binasında olan 4-cü blok 13-cü mərtəbə 261 saylı mənzilə payçı olmuşdur. Mənzilə ümumilikdə 54152 (əlli dörd min yüz əlli iki) manat ödəmişdir. Verilmiş armaturun pulu 54152 (əlli dörd min yüz əlli iki) manat ödənişi geri almışdır. Şirkətin ona borcu yoxdur. Bu mənzil armatur almaq üçün girov qoyulmuşdur. Armaturun pulu olan 54152 (əlli dörd min yüz əlli iki) manat geri almışdır. Mənzilə dair sənədləri geri qaytarır. Məbləği şəxsən Rüstəmov Seymur almışdır.

3. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X9 ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin tikdiyi yüksək mərtəbəli yaşayış binasında olan 4-cü blok 13-cü mərtəbə 77.36 kvadrat metr 261 saylı mənzil sahəsi satın almışdır. Şirkət "xxxx" MMC-dən Cavabdeh MMC-yə dəyişdirildikdə dəyişiklikdən xəbərdar olmuşdur. Mənzil sahəsinə ümumilikdə 54152 (əlli dörd min yüz əlli iki) manat ödəmişdir. Ona məxsus olan 261 saylı, 4-cü blok, 13-cü mərtəbə, 77,36 kvadrat metr olan mənzilin satışa çıxarılmasına etirazı yoxdur. Şirkətlə bağlı heç bir narazılığı yoxdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı mənzilin təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 133 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən, 2 (iki) otaqdan ibarət, 261 nömrəli mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, həmçinin Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 18900 manat pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-nin (indiki FAM-88 MMC) direktoru X1 ilə 07 dekabr 2016-cı ildə mənzil tikintisi haqqında 133 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə görə iddiaçı “Payçı”, cavabdeh isə “İcraçı” adlanır. Həmin müqaviləyə əsasən “İcraçı” “Payçı”ya Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən 261 nömrəli mənzili izolə olunmuş 2 (iki) otaqdan ibarət pay kimi verməyi öz öhdəsinə götürür. “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür. 133 saylı müqavilə üzrə 77,36 kv.m sahəsi olan mənzilin dəyəri, 1 kv.m görə 700 manat olmaqla, cəmi 54152 (əlli dörd min yüz əlli iki) manat təşkil etmişdir. İddiaçı tərəfindən həmin məbləğ, yəni 54152 (əlli dörd min yüz əlli iki) manat “İcraçıya” tam ödənilmiş və bu mənzillərə dair heç bir borcunun olmaması barədə maliyyə arayışları verilmişdir. Lakin, buna baxmayaraq cavabdeh “İcraçı” Cavabdeh MMC hal-hazıra qədər mənzilləri ona təhvil verməmişdir. Bundan başqa, Cavabdeh MMC iddiaçının oğlu X2 qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq oğlu ilə Cavabdeh MMC arasında bağlanmış mənzil tikintisi haqqında 134 saylı müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Cavabdeh MMC iddia etmişdir ki, iddiaçıya məxsus mənzili o, armaturun əvəzi olaraq girov kimi vermiş və ona armaturun pulu ödənildikdən sonra, mənzili geri almışdır və müqaviləni ləğv etmişdir. Bundan sonra, məlum olmuşdur ki, “İcraçı” Cavabdeh MMC ondan xəbərsiz hansısa ərizəyə aldatma yolu ilə oğluna imza etdirmiş və mənzilin pulunu ödəmədən ona verilmiş ünvan 1 ünvanında, 4cü blok, 13-cü mərtəbədə yerləşən 261 nömrəli mənzilin müqaviləsini ləğv etmişdir. Halhazırda sözügedən mənzili cavabdeh təşkilatdan tələb edir. Eyni zamanda, bu illər ərzində cavabdeh mənzilini qanunsuz olaraq özündə saxladığına görə ona vurulan maddi zərəri də cavabdeh təşkilatdan tələb edir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini etiraf etməyərək rədd edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Cavabdeh MMCnin nümayəndəsi və vəkili olaraq iş materiallarının müəyyən bir hissəsi ilə tanış olaraq ekspertizaya təqdim edilmiş Rüstəmov Seymura aid imza və yazı nümunələrini götürərək X4nə müraciət etmiş, ekspertiza mərkəzinin 13 yanvar 2013-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin direktoru X6 adına yazılmış ərizənin imza qrafasında Rüstəmov Seymurun adından icra edilmiş 01 ədəd mübahisəli imza Rüstəmov Seymur tərəfindən qabaqcadan düşünülüb dəyişdirilmiş formada icra edilmişdir. Rüstəmov Seymur həmin imzanı şirkətə gələrək “FAM-882 MMC-nin nümayəndələri qarşısında icra etmişdir. Mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, Rüstəmov Seymurun adından icra edilmiş 01 ədəd mübahisəli imza Rüstəmov Seymur tərəfindən qabaqcadan düşünülüb dəyişdirilmiş formada icra edilmişdir. 13 yanvar 2013-ci il tarixli mütəxəssis rəyinə diqqət etdikdə görünür ki, tədqiqatı aparılan 01 ədəd imzanın Rüstəmov Seymur tərəfindən icra edildiyini aydınlaşdırmaq məqsədi ilə onların tədqiqatı ənənəvi metodla, yəni mübahisəli və müqayisəli imzaları üst-üstə qoymaq, yan-yana tutmaq, böyüdücü lupa) vasitəsi ilə baxmaq metodu ilə eyniləşdirmə tədqiqatı aparılmışdır. Rüstəmov Seymurun eksperimental icra etdiyi imzalara Almaniya istehsalı olar, 8-800 karat böyüdücü xassəyə malik olan mikroskop vasitəsi ilə baxış keçirilmişdir. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2022-ci il tarixli rəyinə diqqət yetirdikdə isə rəy verilərkən istifadə edilən metodlar tam və aydın şəkildə göstərilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli rəyi də aydın və tam deyildir. Hazırda ekspert rəyi ilə mütəxəssis rəyi bir-birinə tamamilə ziddir.

7. Cavabdehin nümayəndəsi Rafiq Tağıyev iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçının müqaviləsinin əsli cavabdehdədir, pul geri qaytarılıb, ona görə də, müqavilə də geri qaytarılıb, yoxsa niyə qaytarsın.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Cavabdeh MMC ilə işləmiş, armaturla təmin etmiş, MMC bunun əvəzində ona və ailə üzvlərinə mənzillərlə bağlı müqavilə tərtib etmişdir. Anasının adına hazırkı mübahisəli mənzilə dair müqavilə verilmişdir. İddiaçı onun anasıdır. Anası ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə istisna olmaqla digər müqavilələri özü imzalamışdır. Ona pul lazım olduğundan MMC-yə yaxınlaşaraq müqavilələri geri qaytarmış, pulunu alsın, lakin mümkün olmamışdır. Pulun alınması barədə onun tərəfindən ərizə yazılmamışdır, imzalanmamışdır.

9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 4/1275 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 109-cu vərəqəsində İddiaçı adından olan ərizənin kserosurətinin sonunda “İmza” qrafasındakı imza və “Rüstəmov S” yazıları – X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

10. Mülki iş materiallarında olan “X4” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş A-4 formatlı 01 ədəd vərəqdə Cavabdeh MMC-nin direktoru X6 adına yazılmış ərizənin imza qrafasında Rüstəmov Seymurun adından icra edilmiş 01 ədəd mübahisəli imza Rüstəmov Seymur tərəfindən qabaqcadan düşünülüb dəyişdirilmiş formada icra edilmişdir.

11. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 4/231 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından Cavabdeh MMC-nin direktoru X9 ünvanlanmış “Ərizə”nin aşağı sol hissəsində “İmza:” qrafasında olan imza - X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh MMC-nin direktoru X9 ünvanlanmış “Ərizə”nin aşağı sol hissəsində “İmza:” qrafasında olan imzada – imzanın X3 tərəfindən qəsdən dəyişdirməklə icra olunması əlamətləri müəyyən olunmadı.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-145/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin olunaraq, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 133 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən, 2 (iki) otaqdan ibarət, 261 nömrəli mənzilin təhvil vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdehndən 2000 (iki min) manat mənəvi zərərin və 60 manat dövlət rüsumuna görə pulun tutulub İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 124 manatın İddiaçı, 124 manat Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC-nin (indiki FAM-88 MMC) direktoru X1 arasında 07 dekabr 2016-cı ildə mənzil tikintisi haqqında 133 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə görə "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 4-cü blok 13-cü mərtəbə 261 №- li, izolə olunmuş 2 (iki) otaqdan ibarət mənzili bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 77.36 kv.m-dir, mənzilin 1 kv.m-nin dəyəri 700 (yeddi yüz) manatdan ibarətdir, mənzilin ümumi dəyəri 54152 manatdır. İddiaçı tərəfindən həmin məbləğ, yəni 54152 (əlli dörd min yüz əlli iki) manat tam (barter) avans ödənilir. Həmin müqavilə kserosurətdir. İddiaçı bildirir ki, maqavilənin əslini cavabdeh pulu qaytarmaq adı ilə geri almış, sonradan nə pulu, nə də müqaviləni geri qaytarmamışdır. Cavabdeh isə nümayəndəsinin izahatından göründüyü kimi barter olunan mal-materialın pulu iddiaçının oğlu Seymura qaytarılmışdır, bu barədə Seymur tərəfindən imzalalanan ərizəsi də, məhkəməyə təqdim edilmişdir. Çünki bütün danışıqlar Seymurla aparılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 isə izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Cavabdeh MMC ilə işləmiş, armaturla təmin etmiş, MMC bunun əvəzində ona və ailə üzvlərinə mənzillərlə bağlı müqavilə tərtib etmişdir. Anasının adına hazırkı mübahisəli mənzilə dair müqavilə verilmişdir. İddiaçı onun anasıdır. Anası ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə istisna olmaqla digər müqavilələri özü imzalamışdır. Ona pul lazım olduğundan MMC-yə yaxınlaşaraq müqavilələri geri qaytarmışdır ki, pulunu alsın, lakin mümkün olmamışdır. Pulun alınması barədə onun tərəfindən ərizə yazılmamışdır, imzalanmamışdır.

14. Məhkəmə mübahisəli mənzil üzrə cavabdeh tərəfindən pulun Seymur Rüstəmova qaytarılması barədə istinad etdiyi ərizədəki imzanın Seymur Rüstəmova aid olmasını araşdırarkən o, məhkəmə iclasında bunu təkzib etmişdir. İş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə də ekspertizaya təqdim olunmuş mülki işin 109-cu vərəqəsində İddiaçı adından olan ərizənin kserosurətinin sonunda “İmza” qrafasındakı imza və “Rüstəmov S” yazıları – X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilmişdir.

15. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi mübahisəli mənzil üzrə cavabdeh tərəfindən iddiaçı tərəfə qaytarılmalı olan mənzilin dəyəri kimi göstərilmiş 54152 manat məbləğində pul nə iddiaçıya, nə də onun oğlu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ödənilmədiyi və mübahisəli mənzillə bağlı müqavilənin və buna aid sənədlərin əslinin isə əsassız olaraq cavabdehdə saxlandığı müəyyən edildi.

16. Məhkəmə işin müəyyən edilən hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 133 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən, 2 (iki) otaqdan ibarət, 261 nömrəli mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

17. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 18900 manat pulun tutulması hissəsində tələbini əsaslandırmadığından iddia bu hissədə əsassızdır və təmin edilməməlidir.

18. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, işin müəyyən edilən hallarından göründüyü kimi cavabdeh tərəf müqavilə şərtlərinə əməl etməməklə iddiaçınin sonda məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Bu hal özü isə iddiaçının mənəvi zərər çəkməsini təsdiq edən haldır.

19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 399.1, 442.1, 152.1, 157.2, 752.1, 445.1-ci, Mülki Prosessual Məcəllənin 115, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC-nin (indiki FAM-88 MMC) direktoru X1 arasında 07 dekabr 2016-cı ildə mənzil tikintisi haqqında 133 saylı müqavilə yalan əqddir. Tərəflər arasında bağlanmış müqavilə digər razılaşmanın təminatı qismində X7 və X3 ilə Cavabdeh MMC arasında olan tikinti materiallarının nisyə alqı-satqısını pərdələmək üçün girov qismində yazılmış və əhəmiyyətsiz əqddir. Cavabdeh MMC binanın inşası ilə əlaqədar tikinti materiallarının dəyərini Seymur və Fərəcə ödəmişdir. Seymur da həmin müqavilələrin əslini gətirib Cavabdeh MMC-yə təhvil vermişdir. Seymur Rüstəmov və ya anası Raya Rütəmova tərəfindən Cavabdeh MMC-yə mənzillərin dəyəri ödənilməmişdir. Bununla da, iddiaçı tərəfindən tərəflər arasında olan razılaşmanın şərtləri pozulmuşdur. Məhkəmə isə maddi hüquq pozuntusuna yol verərək qətnamə çıxararkən Mülki Məcəllənin 342-ci maddəsini tətbiq edərək iddia tələbini rədd etməli olduğu halda maddi hüquq pozuntusuna yol verərək Mülki Məcəllənin 399, 402, 152, 752-ci maddəsini tətbiq etmişdir. Məhkəmə müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərini və iradə ifadələrini müəyyən etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat vermişdir.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-yə və üçüncü şəxs X2 məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi (...) 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

26. Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. (...)

27. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

28. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. (...)

29. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

38. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edildiyindən, qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, işdən görünür ki, "xxxx" MMC-nin direktoru X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 133 nömrəli mənzil tikintisi haqqında müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanı 4-cü blok, 13-cü mərtəbə, 261 №-li mənzili bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

42. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X9 ünvanlanmış ərizələrdə qeyd edilmişdir ki, İddiaçı mənzilə ümumilikdə 54152 (əlli dörd min yüz əlli iki) manat ödəmişdir. Verilmiş armaturun pulu 54152 (əlli dörd min yüz əlli iki) manat ödənişi geri almışdır. Şirkətin ona borcu yoxdur. Bu mənzil armatur almaq üçün girov qoyulmuşdur. Armaturun pulu olan 54152 (əlli dörd min yüz əlli iki) manat geri almışdır. Mənzilə dair sənədləri geri qaytarır. Məbləği şəxsən Rüstəmov Seymur almışdır.

43. Cavabdeh tərəf isə bildirmişdir ki, iddiaçıya verilən mənzil alınmış armaturun dəyəri olaraq verilmişdir. Sonradan materialın pulu cavabdeh tərəfindən ödənilmiş və mənzilə dair sənədlər geri qaytarılmışdır. İddiaçının da mənzilin satışa çıxarılmasına etirazı olmamışdır. Cavabdeh qeyd etdiyi halların təsdiqi kimi iddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizələrə istinad etmişdir. Ərizələrdəki imza isə mübahisələndirilmişdir.

44. Göstərilən halın araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2076/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1275 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 109-cu vərəqəsində İddiaçı adından olan ərizənin kserosurətinin sonunda “İmza” qrafasındakı imza və “Rüstəmov S” yazıları – X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur kimi rəy verilmişdir.

45. Cavabdeh MMC iş materiallarının müəyyən bir hissəsi ilə tanış olaraq ekspertizaya təqdim edilmiş Rüstəmov Seymura aid imza və yazı nümunələrini götürərək X4nə müraciət etmiş, “X4” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş A-4 formatlı 01 ədəd vərəqdə Cavabdeh MMC-nin direktoru X6 adına yazılmış ərizənin imza qrafasında Rüstəmov Seymurun adından icra edilmiş 01 ədəd mübahisəli imza Rüstəmov Seymur tərəfindən qabaqcadan düşünülüb dəyişdirilmiş formada icra edilmişdir.

46. Birinci instansiya məhkəməsi iş materiallarında olan Cavabdeh MMC-nin direktoru X9 İddiaçı adından yazılan 54152 manatı şirkətdən geri aldım, məbləği şəxsən özüm, yəni Rüstəmov Seymur təhvil aldım məzmunlu ərizənin əslindəki aşağı hissədə Rüstəmov S. soyadının qarşısındakı imzanın X3 tərəfindən, yaxud da başqa şəxs tərəfindən icra edilib-edilməməsi, habelə həmin imzanın X3 tərəfindən bilərəkdən düşünülmüş şəkildə dəyişdirilməklə icra olunması halının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekpertizası təyin etmişdir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 4/231 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından Cavabdeh MMC-nin direktoru X9 ünvanlanmış “Ərizə”nin aşağı sol hissəsində “İmza:” qrafasında olan imza - X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh MMC-nin direktoru X9 ünvanlanmış “Ərizə”nin aşağı sol hissəsində “İmza:” qrafasında olan imzada – imzanın X3 tərəfindən qəsdən dəyişdirməklə icra olunması əlamətləri müəyyən olunmadı.

48. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tədqiq olunmuş sübutlar əsasında mənzilin dəyəri olan 54152 manat məbləğində pul vəsaitinin iddiaçıya və ya onun oğlu X2 ödənilmədiyini, mübahisəli mənzillə bağlı müqavilənin və buna aid sənədlərin əslinin cavabdehin əsassız olaraq saxladığını müəyyən edən birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli 133 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən, 2 (iki) otaqdan ibarət, 261 nömrəli mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur.

49. Məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakının təmin edilməsi üçün bir neçə dəfə məhkəmə iclasını təxirə salsa da, cavabdehə mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1, blok 4, mənzil 261-in digər şəxslərə satılıb-satılmaması və hazırda həmin mənzildə kimin yaşaması ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi barədə məktub göndərsə də, cavabdeh tərəf məhkəmə iclaslarında, o cümlədən yerli baxış zamanı nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə hər hansı məlumat verməmişdir.

50. Yerli baxış zamanı mübahisə olunan mənzilin yəni, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1, blok 4, mənzil 261-in qapısı bağlı olmuş və mənzildə heç kim olmamışdır.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli mənzilə dair xx.xx.2016-cı il tarixli 133 nömrəli müqavilənin bağlandığı və iddiaçı tərəfin öhdəliyi icra edərək mənzilin dəyərini ödəməsi öz təsdiqini tapır. Lakin cavabdeh tərəf müqavilənin tikinti materiallarının nisyə alqı-satqısını pərdələmək üçün girov qismində yazıldığını və 54152 manat məbləğində pul vəsaitini iddiaçının oğlu X2 ödəməsini isə sübuta yetirə bilməmişdir.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən iddiaçının mənzillə bağlı tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

54. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

55. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.

56. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

57. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər.

58. Məhkəmə kollegiyası hesab edir ki, əmlak hüquqlarının pozulması nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Ona görə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır.

59. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

62. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-145/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar