Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1392/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(060)-1920/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(060)-1920/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 40 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil Sumqayıt şəhər XDS İK-nın 04.05.1990-cı il tarixli qərarı ilə ona ayrılmışdır. Bu mənzilə dair onun adına order verilmiş və həmin vaxtdan indiyə qədər qeyd olunan mənzildə ailə üzvləri ilə fasiləsiz yaşayır. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Cavabdeh 1991-ci ildən həmin mənzildən çıxmış və indiyə qədər formal olaraq qeydiyyatda qalmışdır. O və digər ailə üzvləri cavabdehin burada formal qeydiyyatda olduğu səbəbindən mənzili özəlləşdirə bilmir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatı formal xarakter daşıyır. Bu isə onun sahiblik, istifadə və mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də cavabdehin mənzilə istifadə hüquqları itirlmiş hesab edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 40 saylı mənzili order əsasında iddiaçıya məxsusdur. İddiaçı onun keçmiş həyat yoldaşıdır. Onlar 1988-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, aralarında olan rəsmi nikah 1991-ci ildə pozulmuşdur. O, ailə həyatı qurduqdan sonra mübahisəli mənzilə gəlin köçmüş və mənzildə iddiaçı və iddiaçının ailə üzvləri ilə birlikdə yaşamışdır. Hazırda cehiz əmlakları da həmin mənzildədir. İddiaçı iddia ərizəsində onun mənzili 1991-ci ildə tərk etdiyini qeyd etmişdir. İddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyildir. İddiaçı onu mənzildən qovmuş, mənzildə yaşamağına imkan verməmişdir. Hətta mənzilə köçürülmə ilə bağlı məhkəməyə də müraciət etmişdi. Onun mübahisəli mənzildən istifadə hüququ vardır, lakin məhkəmə heç araşdırma aparmadan, onun məhkəmə iclasında iştirakını təmin etmədən iddia tələbini təmin etmişdir. O, hazırda məcbur qalıb bacısının yanında yaşayır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, İddiaçı qarşı mənzilə köçürülmə və mənzil bölgüsünə dair iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 1992-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, onun Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 40 saylı mənzilinə köçürülməsi və mənzilin bölünərək sahəsi 10,5 kv.m olan 1 otağın ona, digər 1 otağın isə İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 06.06.1989-cu il tarixli, 85/745 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 40 saylı mənzili arvadı X4 ilə birlikdə İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı MKS tərəfindən verilmiş 1022 saylı, 26 iyul 2019-cu il tarixli, 2 saylı forma üzrə arayışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 40 saylı mənzilinin icarədarı İddiaçıdur, həmin mənzildə o, X7, X5, X15, X10, X8 və Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında bağlanmış nikahın pozulması 09.11.1991-ci ildə qeydə alınmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında olan nikah 04.05.1996-cı il tarixdə bağlanılaraq 22 sayla qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək nəzərdən keçirilmiş 4/2-711/1992 saylı mülki işin materiallarından görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və mənzil bölgüsünə dair iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 1992-ci il tarixli, 4/2-711/1992 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X2 Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 40 saylı mənzilində yerləşən 2 otaqlı mübahisəli mənzilə köçürülməsi və mübahisəli mənzilin bölünərək sahəsi 10,5 kv.m olan 1 otağın ona, digər 1 otağın isə İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında 17 iyun 2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. İş materiallarından, tərəflərin izahatlarından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 40 saylı mənzili 06.06.1989-cu il tarixli, 85/745 saylı orderlə İddiaçı və X2 istifadələrinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən, hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin vaxt qüvvədə olmuş, yəni Azərbaycan SSR-nin 1982ci il 08 iyul tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Məhkəmə kollegiyası hazırki tələblə bağlı iddiaçının cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 1992-ci il tarixli, 4/2-711/1992 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 40 saylı mənzilinin icarə müqaviləsi dəyişdirilmiş, həmin mənzilin bölünərək sahəsi 10,5 kv.m olan 1 otaq Cavadova (Sultanova) Validə Babacan qızına, digər 1 otaq isə İddiaçı verilmiş, həmin qətnamə ilə Cavadova (Sultanova) Validə Babacan qızının qeyd edilən mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 1992-ci il tarixli, 4/2-711/1992 saylı qətnaməsi əsasında 17 iyun 2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Şərh olunan hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Göründüyü kimi, birinci insyansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(060)-1920/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1392/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1392/2021
15.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver