Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1396/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh ADPU-nun Quba Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ADPU-nun Quba Filialına və həmin X1 Yerli Komitəsinə qarşı işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpası tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2013/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Suqmayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-2013/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. (hakim R.Həsənov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)- 2013/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və hakim barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpası barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADPU-nun Quba Filialının X5 orqanının təqsiri üzündən buraxılmış prosessual müddətin bərpa edilməsi, ona verilməyən ADPU-nun Quba Filialının X5 orqanının müvafiq qərarının (məhkəməyə qədər pretenziya qaydasında fərdi əmək mübahisəsinin həlli ilə tanış olmaq üçün), ADPU-nun Quba Filialının kafedralarının 2019/2020 və 2020/2021-ci dərs ilinin dərs bölgülərinin (bağladığı əmək müqaviləsinin tərkib hissəsi olan dərs yükünün bölgüsünü və ayrı-seçkiliyi müəyyənləşdirmək üçün) və keçdiyi mövzuların yazıldığı jurnal səhifələrinin surətlərinin (kəsilmiş dərs yükünü müəyyənləşdirmək üçün) AR MPM-in 47.2 maddəsinə əsasən tələb edilməsi, pozulmuş hüquqlarının bərpası, AR Seçki Məcəlləsinin 22.8-ci, AR Əmək Məcəlləsinin 179. 2 “ç” maddələrinə zidd olaraq 2020-ci ilin yanvar ayından etibarən ondan alınmış 30 saat seminar və imtahan saatlarının, fevral ayında ondan alınmış 30 saat mühazirə saatının və mart-iyun aylarında ondan alınmış rəhbərlik etməli olduğu pedaqoji təcrübənin saatlarının ona qaytarılması, AR Təhsil Nazirliyinin Qrant müsabiqəsində 24.06.2020-ci il tarixdə qalib gələn öz ixtiraları və səmərələşdirmə təklifləri əsasında hazırladığı “... İnT” layihəsini əsas iş yerindən kənarda - 4 hədəf rayonda tətbiqi işlərində iştirak etməkdə olduğu halda, AR ƏM-in 179-cu maddəsinin 2 ”q” bəndinin iş yerini və orta əmək haqqını saxlamaq tələbinə əməl etməyərək, bu Məcəllənin 73.1-ci maddəsinə əsasən əmək müqaviləsinin müddətini uzatmadan və 73.2-ci maddəsinin tələblərinə əməl etməyərək, işəgötürən ADPU-nun Quba Filialının direktoru, Cavabdeh1 уazdığı 20.07.2020 tarixli, 106 saylı əmri ləğv etməklə onun işə bərpa edilməsi, cavabdeh işəgötürən - ADPU-nun Quba Filialının direktoru, Cavabdeh1dan ona vurduğu mənəvi ziyana görə 2000 manatın tutulması, AR ƏM-nin 16-cı maddənin 1-ci və 4-cü maddələrinin qəti qadağan etdiyi ayrıseçkiliklə, qərəzliliklə məhdudlaşdırılmış hüquqlarının, o cümlədən azad iradəsi ilə yeni əmək müqaviləsini bağlamaq hüququnun bərpası barədə qətnamə qəbul edilməsini, hərəkətlərində cinayətin əlamətləri olan Cavabdeh1 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərmiş, pedaqogika üzrə fəlsəfə doktoru olaraq, ADPU-nun Quba Filialında əvəzçiliklə yarım ştatlı baş müəllim vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 4-cü bəndinə görə əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci (zərərli iş) və altıncı (yaşı 18-dən az olan) hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.” Cavabdeh işəgötürən - ADPU-nun Quba Filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Cavabdeh1 bu vəzifəyə təyin olunduğu 2019-2020-ci dərs ilində aşağıdakı hüquqları pozulmuşdur: İşəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci bəndinin tələblərinə əməl etmədən ona 31.10.2019 tarixli, 154 saylı əmri ilə əsassız olaraq xəbərdarlıq elan etmişdir. 09 noyabr 2019-cu il tarixində yazılı müraciət edərək, tənbehi ləğv etməklə vurulmuş zərəri kompensasiya etməyi və fəaliyyətinə obyektiv qiymət verərək, onu rəğbətləndirməyi xahiş etmiş, lakin bu barədə ona rəsmi cavab verilməmişdir. 16.09.2019 tarixində işəgötürənlə bağladıqları əmək müqaviləsinin tərkib hissəsi olan dərs yükünün bölgüsündə ona 392 saat (607-ci qrupda “inklüziv təhsil” fənnindən 30 saat mühazirə, 30 saat seminar, 804-cü qrupda “inklüziv təhsil” fənnindən 30 saat mühazirə, 30 saat seminar, 804-cü qrupda sosial-emosional fənnindən 30 saat mühazirə, 30 saat seminar və 22 saat imtahan, konsultasiya və ixtisas metodisti, pedaqoji təcrübəyə rəhbərlik) verilmişdir. İşəgötürən Seçki Komissiyasının həlledici səs hüquqlu üzvünün 051-39/5 saylı vəsiqəsinin surətini və müvafiq arayışı qəbul edərək, seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi, seçki komissiyasında fəaliyyətdə olduğunu bildiyi halda, Seçki Məcəlləsinin 22.8-ci, Əmək Məcəlləsinin 179.2 “ç” maddələrinə zidd olaraq, onun razılığı olmadan işəgötürənin təşəbbüsü ilə 2020-ci ilin yanvar ayında 30 saat seminar saatını, fevral ayında 30 saat mühazirə saatını və mart-iyun aylarında rəhbərlik etməli olduğu pedaqoji təcrübənin saatlarını da kəsmişdir. Hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində 09.11.2019, 28.02.2020, 11.06.2020, 23.09.2020 tarixlərində həm işəgötürənə, həm də X3 Komitəsinə, X5 Komissiyaya rəsmi qaydada müraciət etmişdir. Bu günə kimi məhkəməyə qədər X5 orqanın müvafiq qərarını ona vermirlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti iddia tələbi ilə eyni məzmun daşımışdır. O, şikayətində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-2013/2020 saylı, 04.12.2020-d il tarixli qətnaməsi onun iştirakı olmadan, krizis vəziyyətində, təcili tibbi yardımda xəstə olduğu zaman çıxarılmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlər təsdiq edir ki, hər il onun fəaliyyəti və potensialı daim rəğbətləndirilmişdir. Direktorluq vəzifəsinə təzə təyin olunmuş işəgötürənin korrupsiya əməllərini universitetdə, prokurorluqda ifşa etdiyinə görə onun təqibini təşkil etmiş, iddia ərizəsində göstərilən pozuntular törətmişlər. İşəgötürənin onunla bağladığı əmək müqaviləsinin müddəti 16.09.2019-cu il tarixdən 15.07.2020-ci il tarixə kimi olmuşdur. Müddətli əmək müqavilələrinin ləğv edilməsi qaydası AR ƏM-nin 73-cü maddəsilə tənzimlənir. Bu maddəyə görə işçinin müəyyən uzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. O, üzürlü səbəbdən - AR ƏM-nin 179-cu maddəsinin 2-ci hissəsinin “q" bəndində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti 15.07.2020-ci il tarixində qurtarmış, 20.07.2020-ci il tarixində o, işə çıxmayıb (!) filiala gələrək, xəstəlik bülletenini və digər sənədləri, o cümlədən Təhsil Nazirliyinin Qrant Müsabiqəsində qalib gəlmiş layihəsinin rəhbəri olaraq, 11.06.2020-ci il tarixdən 10.06.2021-ci il tarixə kimi 4 hədəf rayonda öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etməsi barədə sənədləri, əsas iş yerindən bir ay əvvəl -19.06.2020-ci il tarixdə azad olmağıyla bağlı sənədləri və əsas iş yeri kimi tam stavkalıq işə keçirilməyini, Təhsil Nazirliyinin layihəsininin icrası üçün iş yerini saxlamaq xahişli 09.07.2020-ci il tarixli ərizəsini işəgötürənə təqdim etmişdir. O, işə çıxdıqdan sonra, həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə xitam verilməli olguğu halda, işəgötürən AR ƏM-nin 179-cu maddəsinin 2-ci hissəsinin “q" bəndində nəzərdə tutulan iş yeri və orta əmək haqqını saxlamadan, 73-cü maddəsinin 2-ci hissəsinin tələbini pozaraq, belə günü müəyyən etmədən, bir təqvim həftəsi keçəndən sonra, qanunvericilikdə nəzərdə tutulduğu qaydada onu xəbərdar etmədən, bu Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əməl etməyərək, haqq-hesabını, o cümlədən təqdim etdiyi xəstəlik bülleteninə müavinəti vermədən əmək müqaviləsinə xitam verilməsi haqqında köhnə tarixdən yazdığı 20.07.2020-ci il tarixli, 106 saylı əmri, 28.07.2020-ci il tarixli, 91 saylı məktubuna qoşaraq 8 gündən sonra ona göndərmişdir. Bu zaman işəgötürən onun ixtiraları və səmərələşdirmə təkliflərinin tətbiqinə əsasən yaratdığı “... İn T” layihəsinin qrant müsabiqəsində qalib gəlmiş və 11.06.2020-ci il tarixdən 11.06.2021-ci il tarixə kimi, AR Təhsil Nazirliyi ilə bağlanmış müqavilə əsasında layihənin rəhbəri qismində iş yerindən kənarda - 4 hədəf rayonunda, yarım milyondan yuxarı insanın pozulmuş təhsil hüququnun bərpasına imkan verən unikal didaktik sistemin tətbiqini nəzərə almamış, AR ƏM-nin 179-cu maddəsinin 2-ci hissəsinin “q” bəndinin tələbini pozaraq, is verini və orta əmək haqqını saxlamadan onu isdən çıxarmışdır. Məhkəmənin “cavabdeh tərəf həmin müsabiqədə iddiaçının onlann razılığı olmadan iştirak etdiyini bildirmişdir. Ona görə də, tələb qeyd edilən hissələrdə təmin edilə bilməz” kimi nəticəsi maddi normanın pozulmasıdır, çünki AR ƏM-nin 179-cu maddəsinin 2-ci hissəsinin “q” bəndində belə bir şərt - işəgötürənin razılığı olması tələbi yoxdur. Onun tabeçilikdə olduğu nazirliyin maliyyələşdirdiyi layihənin müqavilə öhdəçiliyini icra edən şəxsə və ya seçki komissiyasında fəaliyyət göstərən komissiya üzvünə işə götürənin razılıq verməməsi AR CM-nin 308 və 309-cu maddələrinin cinayət tərkibini yaradır. Məhkəmə AR MPM-nin 265.4-cü maddəsinin tələbini pozaraq, bu barədə xüsusi qərardad çıxarmamış, işi prokurora göndərməmişdir. Filialda 18 vakant yer var, o isə 11.09.2020-ci il tarixdə işə qəbul üçün işəgötürənə ərizə vermişdir. 14.09.2020-ci il tarixdə işəgötürən həmin vəzifələri yüksək ixtiaslı alim kimi ona deyil, müsabiqə keçirmədən qeyri-ixtisaslı məzunlara vermişdir. 28.09.2020-ci il tarixdə işəgötürən ona məktubunda “sizinlə əmək müqaviləsinin bağlanmasına hazırki vəziyyətdə zərurət yoxdur” cavabını yazmışdır. Həmin gün, yəni 28.09.2020-ci il tarixdə o, prosessual müddəti buraxmadan məhkəməyə müraciət etmişdir. Məhkəmə AR ƏM-nin 12, 16, 43.3-cü maddələrinin tələblərini pozaraq AR Konstitusiyasının 35.2-ci və AR ƏM-in 9-cu maddələrində təsbit olunmuş sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququnu pozmuş işəgötürənin əməllərində AR CM-nin 308, 313 - cü və digər maddələrinin tərkibini müəyyən etdiyi halda, tətbiq etməli normanı - AR MPM-nin 265.4-cü maddəsini tətbiq etməməsinə, həmin cinayət əməlləri ilə pozulmuş hüququnu bərpa etməməklə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Prosessual müddətlərin işəgötürənin məqsədli hərəkətsizliyi ilə buraxmağını təsdiq edən sübutları işəgötürən ona verməmiş, onların tələb edilməsi barədə vəsatətlərini də məhkəmə AR MPM-nin 47.2-ci maddəsinin tələbini pozaraq təmin etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları, prosessual müddətləri buraxmadığını təsdiq edən işəgötürənin ərizələrin qeydiyyatı kitablarını, kargüzarlıq sənədlərini, iddia ərizəsinə əlavə etdiyi müraciətləri və onlara əlavələri araşdırmamışdır. AR ƏM-nin 294-cü maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məhkəməyə qədər X5 orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda, məhkəməyə müraciət etmək ücün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər X5 orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Bu qarar qəbul edilməmişdir, deməli, məhkəməyə müraciət edilməli prosessual müddətin axımı başlanmamışdır. O, prosessual müddətinin axımının başlanmamasına baxmayaraq, məhkəməyə qədər X5 orqanın müvafiq qərarını əldə edə bilməsə də, əmək müqviləsini bağlamaq hüququnun pozulduğu gün, yəni 28.09.2020-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, işə baxan hakim barəsində xüsusi qərardad çıxarılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edib sadalanan halların nəzərə alınmasını, qətnamənin ləğv edilərək, tələbin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh ADPU-nun Quba Filialının nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, apelyasiya şikayəti əsassızdır, buna görə də şikayət rədd olunmalıdır. İddiaçı müddətli əmək müqaviləsi əsasında ADPU-nun Quba Filialında işləmiş, əmək müqviləsinin müddəti bitdiyi üçün onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 16.09.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 15.07.2020-ci il tarixədək “pedaqoji və ictimai fənlər” kafedrasına əvəzçiliklə 0,5 ştatda baş müəllim vəzifəsinə təyin edilmişdir. Yenə iş materiallarında olan ADPU-nin Quba filialının 20.07.2020-ci il tarixli, 106 saylı əmrindən görünür ki, filialın pedaqoji və ictimai fənlər kafedrasının 0,5 ştat əvəzçiliklə müəllimi İddiaçı əmək müqaviləsinə 20.07.2020-ci il tarixdən Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Yenə də işş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə müddətin qurtarması səbəbindən 20.07.2020-ci il tarixdə xitam verilmişdir. İşdə olan əmək haqqının aylar üzrə məbləğ arayışından görünür ki, İddiaçı 2019-cu ilin sentyabr ayından 2020-ci il ilin iyun ayına qədər hər ay 349,50 manat olmaqla, ümumilikdə 3495 manat məbləğində əmək haqqı almışdır. Yenə işdə olan əmək qabiliyyətli olmaması barədə vərəqədən görünür ki, İddiaçı 13.07.2020-ci il tarixdən 16.07.2020-ci il tarixədək əmək qabiliyyətini itirmiş və həkin müayinəsində olmuşdur. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qrant müsabiqəsində iştirak etmiş və 24.06.2020-ci il tarixdə qalib olmuşdur. Cavabdehin mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizəsindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin işçi 3 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən cavabdeh tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2013/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. İddiaçı iddia ərizəsində bir sıra tələbləri olsa da, əsas mübahisəni onun işdən çıxarılması barədə əmrin qanunsuz hesab edilməsi təşkil edir. İş materiallarından görünür ki, tərəflər arasında 16.09.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış və İddiaçı 15.07.2020-ci il tarixədək “pedaqoji və ictimai fənlər” kafedrasına əvəzçiliklə 0,5 ştatda baş müəllim vəzifəsinə təyin edilmişdir. Bu müqavilədən görünür ki, müqavilə müddətlidir və bitmə tarixi 15 iyul 2020-ci ildir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. İş materiallarından görünür ki, tərəflər şərtlərini bəyənərək sərbəst surətdə müddətli əmək müqaviləsi bağlamışlar və bu zaman heç bir tərəf buna məcbur edilməmişdir. Müqavilənin bitmə tarixi göstərildiyindən əmək müqaviləsinə xitam verilmiş və hazırda mübahisələndirilən əmr çıxarılmışdır. Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilmə əsaslarından bəhs edir. Həmin maddənin 2b bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 73-cü maddəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi, qanunvericiliklə də müəyyən edilmişdir ki, əmək müqaviləsindəki müddət qurtardıqda işçi ilə işəgötürən arasındakı əmək münasibətlərinə xitam verilməlidir, başqa sözlə iddiaçının işdən çıxarılması barədə ADPU-nin Quba filialının 20.07.2020-ci il tarixli, 106 saylı əmri qanuni əsaslarla çıxarılmışdır. İddiaçının xəstə olması səbəbindən işdən qanunsuz əsaslarla çıxarılmasına istinad etməsi əsassızdır, çünki iş materiallarından görünür ki, o, 13.07.2020-ci il tarixdən 16.07.2020-ci ilədək xəstələnmiş, onun əmək müqaviləsinin müddəti 15.07.2020-ci il tarixdə bitmiş, 20.07.2020-ci il tarixdə isə o, işə çıxmış və elə həmin tarixdə də işdən azad edilmişdir, yəni həmin Məcəllənin 73-cü maddəsinin ikinci hissəsində göstərilən şərtlər işəgötürən tərəfindən pozulmamışdır. Digər tərəfdən, iddiaçı lahiyə rəhbəri olmasını, müsabiqədə qalib gəlməsini və vaxtilə seşki prosesində iştirak etməsini əsas gətirərək yenə də işdən qanunsuz çıxarılmasını iddia etmişdir, halbuki, göstərilən halların heç biri müddətli əmək müqaviləsinin pozulmamasına əsas hesab edilmir. İşdən görünür ki, mübahisəli əmr verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin heç bir tələbi pozulmamışdır və buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bundan başqa, İddiaçı işdən qanunsuz əsaslarla çıxmasına görə ona mənəvi zərər dəydiyini, buna görə də cavabdehdən bu zərərin əvəzi kimi 2000 manat pulun alınmasını xahiş etmişdir. Bu tələb əmrin ləğv olunması tələbi ilə bağlı olduğundan və həmin tələb təmin edilmədiyindən iddia bu hissədə də təmin olunmamalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarında cavabdehin hər hansı qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi barədə heç bir mötəbər sübut yoxdur. Onun işçi kimi qanuni əsaslarla təhsil müəssisəsindən xaric olunması isə cavabdehin qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz. Tərəflər arasında yeni əmək müqaviləsinin bağlanması barədə tələb də əsassızdır və bu tələb həm Əmək Məcəlləsinin 42-ci, həm də Mülki Məcəllənin 390-cı maddələrinin hüquqi təbiətinə ziddir. Məhkəmə kollegiyası hazırkı mübahisədə cavabdeh kimi X1 Yerli Komitəsinin qoyulmasına da münasibət bildirməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşdən görünür ki, iddiaçı işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərinə əsasən deyil, 73-cü maddəsinə əsasən çıxarılmışdır və belə olan halda, məsələ ilə bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı tələb edilmir. Bundan başqa, işdən görünür ki, hazırkı iddia üzrə qanunla müəyyən edilmiş tələb etmə müddəti ötürüldüyündən cavabdeh tərəfdən məhkəməyə ərizə təqdim edilmiş və mübahisəyə müddətin tətbiq edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. İş materiallarından görünür ki, İddiaçı işdən 20 iyul 2020-ci il tarixli əmrlə azad olunmuş və bu, ona, məhkəmədə özünün bildirdiyi kimi, 8 gündən sonra məlum olmuşdur. Onun iddia ərizəsindən isə görünür ki, işdən çıxma barədə əmrin ləğv edilməsi və hüquqlarının bərpa olunması ilə bağlı o, məhkəməyə 30 oktyabr 2020-ci il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin ümumi məzmununa görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi iddiaçı hazırki tələb üzrə iddia müddətini də buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respbulikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyətli aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyinin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühkaiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarırdı. Mübahisə tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı mübahisə ilə bağlı 1 təqvim ayı ərzində deyil, iddia müddətinin bitməsindən xeyli müddət sonra (təqribən 3 ay), məhkəməyə müraciət etmiş və iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 07 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların hazırki mübahisəyə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tələb üzrə iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi də istənilən halda, iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı iddia ərizəsində ADPU-nun Quba Filialının direktoru Cavabdeh1 barəsində, apelyasiya şikayətində isə MPM-nin 394-cü maddəsinə əsasən işə baxan hakim barəsində xüsusi qərardad çıxarılması məsələsini qoymuşdur. AR MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən işə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir. İşə apelyasiya qaydasında baxılarkən hər hansı şəxsin hərəkətində cinayət əlamətləri aşkara çıxmamış, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol verilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə hər hansı şəxs barəsində xüsusi qərardad çıxarılmasına heç bir zərurət yoxdur. İş materiallarından da görünür ki, cavabdehin əmri qanuni əsaslarla verilmişdir, digər tərəfdən mübahisəni araşdıran məhkəmənin gəldiyi nəticə də qanunidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2013/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1396/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1396/2021
07.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver