Məhkəmə qərarları › İş №2(105)-140/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-140/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-140/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil X1, Cavabdeh, onun nümayəndəsi vəkil X2, üçüncü şəxsin nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun kompensasiya ilə əvəz edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(067)-384/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun kompensasiya ilə əvəz edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə, T.O.Quliyev, E.G.Rəhimov) İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və T.Qoldman) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus Xudat şəhəri Osman Mirzəyev küçəsi 3 saylı yaşayış evindən azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü İranə və xx.xx.2009-cu il təvəllüdlü İbrahim ilə birlikdə məhkəmə qətnaməsi əsasında əmələ gəlmiş istifadə hüquqlarının 50000 manat kompensasiya ödənilməklə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh məxsus Xudat şəhəri Osman Mirzəyev küçəsi 3 saylı yaşayış evindən istifadə hüquqları tanınmaqla azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamə əsasında verilmiş xx.xx.2013-cü il tarixli icra vərəqəsi Xaçmaz rayon icra şöbəsinin icra məmuru tərəfindən qanuna müvafiq surətdə icra edilmiş, o, övladları ilə birlikdə həmin evə köçürülmüşdür. Hazırda cavabdehə məxsus Xudat şəhəri Osman Mirzəyev küçəsi 3 saylı yaşayış evinin yerləşdiyi ərazilərdəki yaşayış evləri iş adamları tərəfindən dəyəri ödənilməklə satın alınır. O cümlədən cavabdehə məxsus yaşayış evi də iş adamları tərəfindən 120000 manata danışılmış, satıcı tərəfindən həmin məbləğ notariusun depozit hesabına köçürülmüşdür. Cavabdehə təklif etmişdir ki, evin satışından əldə olunan 120000 manat vəsaitin 50000 manatını kompensasiya şəklində ona və övladlarına versin, yəni hər uşağa görə 20000 manat, ona görə 10000 manat. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək pulu vermək istəmir. Son nəticədə isə bildirmişdir ki, məhkəmə qətnaməsi əsasında kompensasiya ödəyə bilər. Ev satılandan sonra iki azyaşlı övladı ilə birlikdə məhkəmə qətnaməsinə əsasən köçürüldüyü və istifadə hüququnun yarandığı yaşayış sahəsindən məhrum olacaqdır ki, bu da yol verilməzdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan mənzildə əmlak hüquqları vardır. Onların əmlak hüquqları onların razılığı olmadan məhdudlaşdırıla, satıla, bağışlana, özdəninkiləşdirilə bilməz. Ədalətli kompensasiya müqabilində tərəflərin mənzil hüququnu ayrı-ayrılıqda reallaşdırılması onların hər ikisinin maraqlarına cavab verir. Məhkəmə mənzilin satılması halını araşdırma imkanı olsa da, bunu etməmişdir. Məhkəmə tərəfindən bir çox maddi, prosessual normalarının tələblərini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərdi ki, onun mülkiyyətində olmuş Xaçmaz rayonu, Xudat şəhəri, Osman Mirzəyev küçəsi, 3 saylı ev sökülmüş və hazırda həmin fərdi yaşayış evi mövcud deyildir. Ona mübahisəli mənzillə bağlı hər hansı bir məbləğdə kompensasiya ödənilməmiş və onun da iddiaçıya hər hansı məbləğdə kompensasiya ödəmək fikri yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X5 apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin izahatına uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi vəkil X6 izahatında göstərdi ki, Xaçmaz rayon Xudat şəhəri ərazisində “xxxx” MMC tərəfindən tikinti işləri aparılır. Lakin mübahisəli evlə bağlı Cavabdeh ilə “xxxx” MMC arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamış və həmin evə görə Cavabdeh heç bir kompensasiya ödənişi həyata keçirilməmişdir. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının hazırki iddia tələbini qaldırmağa subyektiv hüququnun olmaması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4, 1097.1, 77.1-ci maddələrinə istinad etmişdir. Bu nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamış, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, hazırki vəziyyətdə apellyasiya məhkəməsinin “yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsinin mülkiyyətçinin könüllü iradəsi əsasında mümkün olması” barədə gəldiyi nəticə özü-özlüyündə əsassızdır. Yəni cavabdehə məxsus əmlakın əvəzli şəkildə özgəninkiləşdirildiyi halda iddiaçının əmlak hüququna xitam verilməsinə görə həmin əmlaka ödənilmiş pul vəsaitindən kompensasiyanın ödənilməsinin mülkiyyətçinin iradəsindən asılı edilməsi mülkiyyətçi olmayan şəxslərin hüquqlarını müəyyən edən mülki qanunvericiliyin tələblərinə zidd olmaqla, yolverilməzdir. Bu halda yüklü əmlakın digər şəxslərə satılması nəticəsində əldə etdiyi məbləğin müəyyən hissəsi nülkiyyətçi tərəfindən iddiaçıya ödənilməlidir. Digər tərəfdən cavabdeh izahatından görünür ki, o, həmin məbləğdən kompensasiya ödəməkdən imtina etmir, lakin iddiaçının tələb etdiyi məbləğlə razılaşmır. Lakin apellyasiya məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, iş üzrə gəldiyi nəticəni müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarı). İşdən görünür ki, iddiaçı cavabdehə məxsus Xudat şəhəri Osman Mirzəyev küçəsi 3 saylı yaşayış evinin yerləşdiyi ərazilərdəki yaşayış evlərinin iş adamları tərəfindən dəyəri ödənilməklə satın alındığını, həmçinin cavabdehə məxsus yaşayış evinin də iş adamları tərəfindən 120000 manata danışıldığını, satıcı tərəfindən həmin məbləğ notariusun depozit hesabına köçürüldüyünü, evin satışından əldə olunan 120000 manat vəsaitin 50000 (hər uşağa görə 20000 manat, ona görə 10000 manat) manatını kompensasiya şəklində ona və övladlarına verilməsini, cavabdehin isə müxtəlif bəhanələr gətirərək pulu vermək istəməməsini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə Xaçmaz rayon İcra Hakimiyyətinə, Xaçmaz 1 saylı notariat ofsinə, “xxxx” ASC-nin Xaçmaz filialına, DƏDRX-nə, Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müxtəlif sorğular verilmiş və Xaçmaz rayon İcra Hakimiyyəti istisna olmaqla digər qurumlardan məhkəmə kollegiyasına ünvanlanmış cavablarda mübahisəli ünvanda fərdi yaşayış evinin sökülüb-sökülməməsi və özgəninkiləşdirilməsinə (alqı-satqı müqaviləsi bağlandığı) ilə bağlı heç bir məlumatın aşkar edilmədiyi göstərilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış xx.xx.2020-ci il tarixli 1235 nömrəli cavab məktubunda isə Xudat şəhəri, Osman Mirzəyev küçəsi ev 3 ünvanındakı yaşayış evinin söküldüyü, yaşayış evinin yerləşdiyi ərazinin hazırda “xxxx” MMC-yə məxsus olduğu, həmin ərazidəki yaşayış evləri, o cümlədən məktubda qeyd olunan yaşayış evinin sökülməsi ilə əlaqədar kompensasiya notariat kontoru vasitəsilə “xxxx” MMC tərəfindən ödənildiyi göstərilmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış xx.xx.2020-ci il tarixli 61 nömrəli cavab məktubundan görünür ki, Xaçmaz rayonu 1 saylı notariat ofisində Xudat şəhər sakini Cavabdeh ilə ona məxsus Xudat şəhəri, Osman Mirzəyev küçəsi, 3 saylı yaşayış evinə dair “xxxx” MMC və ya digər hüquqi və fiziki şəxslə alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Məktubda, həmçinin “xxxx” MMC ilə Xudat şəhərində yerləşən vətəndaşlar arasında bağlanmış 42 alqı-satqı müqaviləsinin bağlanması barədə məlumat verilmişdir. Məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MMCnin xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, Xaçmaz rayon Xudat şəhəri, Osman Mirzəyev küçəsi 3 saylı ev barəsində Cavabdeh və ya onun yaxın qohumu, nümayəndəsi ilə “xxxx” MMC arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamış və həmin evə görə qeyd edilən şəxslərə kompensasiya ödənişi həyata keçirilməmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş xx xxxx 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı mübahisəli evlə bağlı cavabdehə hər hansı bir məbləğdə kompensasiya ödənildiyini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdehin həmin məbləğdən kompensasiya ödəməkdən imtina etmədiyi, lakin iddiaçının tələb etdiyi məbləğlə razılaşmadığı barədə kassasiya instansiya məhkəməsinin göstərişinə gəldikdə isə qeyd edir ki, yeni apellyasiya baxışı zamanı Cavabdeh mübahisəli evlə bağlı ona heç bir məbləğdə pul vəsaiti ödənilmədiyini və onunda iddaçıya hər hansı bir məbləğdə kompensasiya ödəmək fikri olmadığını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd etdiyi halları təsdiq edəcək hər hansı bir tutarlı sübut təqdim edə bilmədiyindən, İddiaçı Cavabdeh qarşı yaşayış evinə dair istifadə hüququnun kompensasiya ilə əvəz edilməsi tələbinə iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun kompensasiya ilə əvəz edilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar