Məhkəmə qərarları › İş №2(105)-140/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-140/2024

23.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-140/2024 23.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və sair) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və sair tələbi”nə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(067)-54/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (Çıxarışa əsasən verilmiş xx.xx.2016-a il tarixli, A 107616 saylı Torpaq sahəsinin planı və ölçüsünə) əsasən 0,15 hektar xüsusi mülkiyyətində olan sahibkarlıq təyinatlı torpaq sahəsinin eni şimal-qərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1,48 metr olmaqla, Cavabdeh torpaq sahəsinin onun torpaq sahəsilə sərhədi boyunca hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən məcburi qaydada alınaraq, ona qaytarılması və torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş tikililərin və qurğuların onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ona Xaçmaz rayonunun Armudpadar kəndində xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (Çıxarışın və Çıxarışa əsasən verilmiş xx.xx.2016-cı il tarixli, A 107616 saylı Torpaq sahəsinin planı və ölçüsünün notariatda təsdiq olunmuş surətlərini əlavə edirəm) 0.15 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Cavabdehin onun torpaq sahəsilə qonşuluqda torpaq sahəsi vardır və o, şimal-qərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1.48 metr olmaqla, onun torpaq sahəsini qanunsuz zəbt etmişdir. Cavabdehin zəbt etdiyi göstərilən ölçülərdə torpaq sahəsinin bir hissəsi ona məxsusdur. Cavabdeh tərəfindən onun torpaq sahəsinin bir hissəsinin zəbt olunması barədə o, hal-hazırda bilmişdir. Belə ki, cavabdeh başqa iki nəfərlə birlikdə ona qarşı məhkəmədə iddia qaldıraraq, bildirmişlər ki, o, özünə məxsus torpaq sahəsinin Cavabdehlə qonşuluq təşkil edən hissəsinin əks-istiqamətində gediş-gəliş yolunu zəbt etmişdir. Məhkəmə gedişində ekspertiza təyin olunmuş və məlum olmuşdur ki, o özünə məxsus torpaq sahəsinin Cavabdehlə qonşuluq təşkil edən hissəsinin əks-istiqamətində gediş-gəliş yoluna şimal-qərb tərəfdən 1.66 metr, cənub-qərb tərəfdən isə 1.48 metr olmaqla, çıxmışdır. Həmçinin bu ölçmələr zamanı faktiki olaraq məlum olmuşdur ki, o, göstərilən sahəni azad etdikdən sonra göstərilən ölçüdə torpaq sahəsi onun reyestrdə çıxarışındakı ölçülərdən az gəlir. Həmin sahə də yuxarıda qeyd etdiyi kimi, əks tərəfdən Cavabdeh tərəfindən zəbt olunmuşdur.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********92 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Armudpadar kəndində 0,15 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-100/2021 nömrəli qətnaməsi ilə cavabdeş İddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-100/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı tərəfindən X8 mülkiyyətində olan 0,27 ha, Cavabdeh mülkiyyətində olan 0,27 ha və X5 mülkiyyətində olan 0,27 ha torpaq sahələrinə gediş-gəliş yolunun hasarlanaraq istifadə olunan hissəsi, yəni yolun şimal-qərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1,48 metr mişar daşı ilə hasarlanaraq istifadə olunan hissəsinin bərpa olunması, həmin yolun hərəkət hissəsindəki hasar, günlük və dəmir konstruksiyadan ibarət talvarın sökülməsi qət edilmişdir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8557 nömrəli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli ərazinin real vəziyyəti müəyyən olunmuş, torpaq sahələri qonşuluqda yerləşir. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən 28 kv.metr hissəsi istifadə olunur. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən torpaq sahəsindən cavabdeh tərəfindən qanunsuz istifadə olunan 28 kv.metr torpaq sahəsinin 17 kv.metr sahəsi üzərinə anbar və digər təyinatlı istifadə olunur.

7. Məhkəmə iclasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X9 göstərmişdir ki, xx.xx.2023-cü il tarixli 10/8557 saylı ekspert rəyini o vermiş, verdiyi rəyə görə məsuliyyət daşıyır. Tərəflərin iştirakı olmadan baxış keçirilmir. Həmin rəy verilərkən əraziyə baxış keçirməmiş, rəy mütəxəssis rəyinə əsasən yazılmışdır. Onlarda baza məlumatları olmadığına görə sadə şəkildə həmin koordinatları əldə edib onları bazada tətbiq edib nəticə əldə edə bilmədikləri üçün məhkəməyə vəsatət verirlər, məhkəmə tərəfindən mütəxəssis rəyi əldə olunur, mütəxəssis əraziyə baxış keçirir ya yox, bəlkə də kameral şəraitdə rəy verir bilmir və mütəxəssis rəyi Ekspertiza Mərkəzinə təqdim olunur, həmin rəyə uyğun da ekspert rəyi tərtib olunur. O, ekspert qarşısında qoyulan sualları cavablandırmışdır. Əgər mütəxəssis birləşdirib sualları bir cavab versəydi və altda qeyd qoysa idi, onda baxmaq olardı. Konkret olaraq qeyd olan hissəyə baxmağa, diqqət etməyə mütəxəssis rəyi olduğu üçün məcbur deyildir. Qeyd hissəsi məhkəmə üçündür, məlumat xarakterlidir, məhkəmə iclasında tərəflərin müzakirəsinə çıxarılması və müzakirə edilməsi üçündür. Məhkəmədə iclas keçirilir və qiymətləndirilir. Hakimin qoyduğu suala o cavab verməyə borcludur. Mütəxəssis rəyində qoyulmuş bütün suallara cavab verilib, həmin mütəxəssis rəyinə uyğun da ekspert rəyini tərtib etmişdir. Əlavə, təkrar ekspertiza təyin edilməsi və ya digər məsələlər isə məhkəmənin səlahiyyətindədir. O, mühəndistexniki ekspertiza şöbəsinin eksperti olduğu üçün texniki məsələnin texniki hissəsinə cavab verməyə məcburdur, hüquqi məsələlər isə məhkəmənin, vəkillərin, hakimin qərarıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(067)-54/2023 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbinin təmin olunması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli **********92 reyestr nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 28 kv.metr hissəsinin Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılması, Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh tərəfindən qanunsuz istifadə olunan 28 kv.metr torpaq sahəsinin 17 kv.metr sahəsi üzərində tikilmiş anbar və digər tikililər cavabdehin öz vəsaiti hesabına sökülməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh alınaraq X6 hesabına keçirilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.2, 157.5, 21.1, 21.2 və 21.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(067)-54/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iddianın təmin edilməsində əsas kimi iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/8557 nömrəli ekspert rəyinə istinad etmişdir ki, bu rəydə iddiaçıya məxsus torpaq sahəsini mülkiyyət sənədinə əsasən Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən 28 kv.metr hissəsi istifadə olunur, həmin 28 kv.metr torpaq sahəsinin 17 kv.metr sahəsi üzərinə anbar və digər təyinatlı istifadə olunur. Həmin ekspertin rəyində qeyd olunur ki, ekspertiza tədqiqatı ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və tikililər üzrə mütəxəssis rəyinə əsasən aparılır. Ekspertin rəyindən də göründüyü kimi bu rəy mütəxəssis rəyinin “Qeyd” hissəsi istisna olmaqla tamamilə üst-üstə düşür. Mütəxəssis rəyinin “Qeyd” hissəsində isə göstərilir ki, iddiaçının torpaq sahəsində müəyyən ölçüdə sürüşmələr mövcuddur. Lakin ekspert rəyində həmin “Qeyd” hissəsi əks olunmamışdır. Bundan da əlavə ekspert rəyində qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Bütün göstərilənləri nəzərə alaraq o, məhkəmədə vəsatət qaldırmışdır ki, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilsin. Məhkəmə vəsatətini təmin etməmiş və elan etmişdir ki, ekspertin rəyində olan natamamlıqları ekspertin məhkəmə iclasına dəvət etməklə sual-cavabla aradan qaldırarıq. Ekspert məhkəmə iclasına dəvət edilmiş, ona tərəfindən sual verilmişdir ki, rəyləri mütəxəssis rəyini tam təkrarladığı halda nə üçün mütəxəssis rəyinin “Qeyd” hissəsi onların rəyində əks olunmamışdır. Ekspert həmin suala tutarlı cavab verə bilməmişdir. Bundan sonra o, təkrarən vəsatət qaldıraraq məhkəmə tikinti-texniki ekspertizasını keçirilməsini xahiş etmişdir. Yenidən vəsatəti təmin edilməmişdir. Beləliklə, məhkəmənin qətnaməsinin çıxarılmasına əsas götürmüş ekspert rəyi əsaslı olmamışdır. Ona görə də hesab edir ki, iş üzrə məhkəmənin qəbul etdiyi qətnamə də tamamilə əsassızdır. İş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi zəruridir. Məhkəmənin iddiaçının iddia tələbini təmin edərkən əsas götürdüyü ekspert rəyində cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 28 kv.m hissəsindən istifadə edilməsi qeyd olunsa da, iddiaçının mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin faktiki olaraq həmin ölçüdə istifadəsində olub-olmaması müəyyən edilməmişdir. Bundan da əlavə mütəxəssis rəyində iddiaçının torpaq sahəsinin müəyyən ölçülərdə sürüşməyə məruz qaldığı qeyd olunsa da, ekspert rəyində bu hal öz əksini tapmamış və ümumiyyətlə ekspert tədqiqatının predmeti olmamışdır. Həmin halları araşdırmadan iddiaçının torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən istifadə edilibedilməməsi barədə qəti fikir söyləmək əsassızdır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07 may 2024-cü il tarixli, 3-21-3-34/2-4881/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən işlənmiş "Torpaqların elektron kadastrı uçotu informasiya sisteminə” (TEKUİS) və digər rəsmi sənədlərə, eləcə də baza məlumatlarına əsasən materialları üzərində dəqiqləşdirilmiş və araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: - İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yeriəşən 0.15 ha torpaq sahəsinın “Torpaq sahəsinin planı və ölçüsu”nə əsasən sərhədləri haradan keçməsi sxemdə əks olunur. Ölçüləri müəyyən edilmişdir. (sxem tərtib olunub) - İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.15 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən sərhədləri faktiki vəziyyət ilə qismən üst-üstə düşür. Şimal-şərq hissədə 1 metr, cənub şərq tərəfdən 0.48 metr olmaqla koordinatlar arasında sürüşmə mövcuddur, həcmi 28 kv.metr torpaq sahəsi təşkil edir. - İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.15 ha torpaq sahəsinə qonşu sahələrdən plan-ölçüsünün koordintlarına əsasən 28 kv.metr müdaxilə var. Lakin torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində isə müdaxilə mövcud deyil. (sxemdə əks olunur) -Torpağların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində torpağa mülkiyyət hüququna dair Dövlət Aktı öz əksini tapmamışdır. Ona görədə bu sualın cavablandrılması mümkün olmamışdır. -Cavabdeh məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.30 ha torpaq sahəsi İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.15 ha torpaq sahəsi ilə qonşuluqda yerləşir. -Cavabdeh məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.30 ha torpaq sahəsindən İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.15 ha torpaq sahəsinə qonşu sahələrdən plan-ölçüsünün koordinatlarına əsasən 28 kv.metr müdaxilə var. Lakin torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində isə müdaxilə yoxdur.(sxemdə əks olunur) -Torpaq sahəsinə qonşu sahələrdən plan-ölçüsünün koordintlarına əsasən şimal tərəfdən 1 metr,şərq tərəfə 36.7 metr,cənub tərəfə 0.48 metr və qərb tərəfi 36.7 metr təşkil edir. -Həmin torpaq sahəsinin üzərində 17 kv.metr anbar və digər təyinatlı tikililəri mövcüddür. Lakin Torpağların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində olan koordinatlara uyğun olaraq, yenidən plan-ölçüsündə faktiki naturaya uyğun düzəlişlər aparılmalıdır. - İddiaçının faktiki naturada istifadəsində 0.15 ha torpaq sahəsi mövçüddür. Cavabdeh tərəfindən inşa olunmuş tikililər 2014-2015-ci il tarixində mövcüd olmuşdur. Həmin torpaq sahəsinə verilmiş plan-ölçüdə oian koordinatlarında sürüşmə (GPS-in xətası nəticəsində) baş vermişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

15. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

17. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29: I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

21. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nda göstərilmişdir ki, 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; 1.4.2. çöl tədqiqatı, vektorlaşdırılmış xəritə materiallarının naturada təsbiti və çöl geodeziya ölçmə işlərinin aparılması; 1.4.3. çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticələrinin və toplanmış kadastr məlumatlarının keyfiyyətinə nəzarət; 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul olunaraq iddia rədd edilməlidir.

25. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (Çıxarışa əsasən verilmiş xx.xx.2016-a il tarixli, A 107616 saylı Torpaq sahəsinin planı və ölçüsünə) əsasən 0,15 hektar xüsusi mülkiyyətində olan sahibkarlıq təyinatlı torpaq sahəsinin eni şimal-qərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1,48 metr olmaqla, Cavabdeh torpaq sahəsinin onun torpaq sahəsilə sərhədi boyunca hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən məcburi qaydada alınaraq, ona qaytarılması və torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş tikililərin və qurğuların onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə iddia tələbinin təmin olunması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli **********92 reyestr nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 28 kv.metr hissəsinin Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılması, Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh tərəfindən qanunsuz istifadə olunan 28 kv.metr torpaq sahəsinin 17 kv.metr sahəsi üzərində tikilmiş anbar və digər tikililər cavabdehin öz vəsaiti hesabına sökülməsi qət edilmişdir.

27. Məhkəmə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddiası əsaslı olduğundan təmin olunmalıdır.

28. Məhkəmə qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Cavabdeh şikayətin dəlili olaraq göstərilmişdir ki, məhkəmənin iddiaçının iddia tələbini təmin edərkən əsas götürdüyü ekspert rəyində cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 28 kv.m hissəsindən istifadə edilməsi qeyd olunsa da, iddiaçının mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin faktiki olaraq həmin ölçüdə istifadəsində olubolmaması müəyyən edilməmişdir. Bundan da əlavə mütəxəssis rəyində iddiaçının torpaq sahəsinin müəyyən ölçülərdə sürüşməyə məruz qaldığı qeyd olunsa da, ekspert rəyində bu hal öz əksini tapmamış və ümumiyyətlə ekspert tədqiqatının predmeti olmamışdır. Həmin halları araşdırmadan iddiaçının torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsi barədə qəti fikir söyləmək əsassızdır.

30. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab etmişdir ki, mübahisələndirilən məsələ xüsusi bilik tələb olunan halların araşdırılması ilə bağlı olduğundan iş üzrə obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədə ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli Qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

31. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4108 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.15 ha torpaq sahəsinin planı və ölçüsünə əsasən sərhədləri haradan keçməsi sxemdə əks olunur. Ölçüləri müəyyən edilmişdir. (sxem tərtib olunub). Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.15 ha torpaq sahəsinin Torpaq sahəsinin planı və ölçüsünə əsasən sərhədləri faktiki vəziyyət ilə qismən üst-üstə düşür. Şimal-şərq hissədə 1 metr, cənub şərq tərəfdən 0.48 metr olmaqla koordinatlar arasında sürüşmə mövcuddur, həcmi 28 kv.metr torpaq sahəsi təşkil edir. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.15 ha torpaq sahəsinə qonşu sahələrdən plan-ölçüsünün koordintlarına əsasən 28 kv.metr müdaxilə var. Lakin torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində isə müdaxilə mövcud deyil (sxemdə əks olunur). Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, torpağların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində torpağa mülkiyyət hüququna dair Dövlət Aktı öz əksini tapmamışdır. Ona görədə bu sualın cavablandrılması mümkün olmamışdır. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.30 ha torpaq sahəsi İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.15 ha torpaq sahəsi ilə qonşuluqda yerləşir. Qərardadın 6-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.30 ha torpaq sahəsindən İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.15 ha torpaq sahəsinə qonşu sahələrdən plan-ölçüsünün koordinatlarına əsasən 28 kv.metr müdaxilə var. Lakin torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində isə müdaxilə yoxdur (sxemdə əks olunur). Qərardadın 7-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahəsinə qonşu sahələrdən plan-ölçüsünün koordinatlarına əsasən şimal tərəfdən 1 metr şərq tərəfə 36.7 metr, cənub tərəfə 0.48 metr və qərb tərəfi 36.7metr təşkil edir. Qərardadın 8-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsinin üzərində 17 kv.metr anbar və digər təyinatlı tikililəri ınövcüddür. Lakin Torpağların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində olan koordinatlara uyğun olaraq, yenidən plan-ölçüsündə faktiki naturaya uyğun düzəlişlər aparılmalıdır. Qərardadın 9-cu sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının faktiki naturada istifadəsində 0.15 ha torpaq sahəsi mövcuddur. Cavabdeh tərəfindən inşa olunmuş tikililər 2014-2015-ci il tarixində mövcud olmuşdur. Həmin torpaq sahəsinə verilmiş plan-ölçüdə olan koordinatlarında sürüşmə (GPS-in xətası nəticəsində) baş vermişdir.

32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.

33. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

34. Məhkəmə kollegiyası həmçinin iş üzrə birinci instansiya məhkəməsindəki araşdırma zamanı əldə edilmiş ekspert rəyinin mötəbərliyi üzrə qiymətləndirmə aparıb, hazırda əldə edilmiş ekspert rəyi ilə müqayisəli tədqiq edərək hesab edir ki, apellyasiya icraatı zamanı əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmiş hallar işin faktiki hallarına uyğun olmaqla, mötəbərliyi daha artıq təminat verir.

35. Belə ki, araşdırılan bu rəydən görünür ki, tədqiqat Torpağların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən həyata keçirilmişdir. Bildiyimiz kimi hazırda Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən torpaq münasibətlərinin tənzimlənməsi məqsədi ilə Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması, bu sistem əsasında müəyyən edilmiş məlumatlar əsas götürülməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması, dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunması qərara alınmışdır. Göründüyü kimi ekspert rəyi Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş həmin dürüstləşdirilmiş məlumatlar əsasında həyata keçirilməklə verilmişdir.

36. Eyni zamanda ekspert rəyindən də göründüyü kimi cavabdeh tərəfindən inşa olunmuş tikililər 2014-2015-ci il tarixində mövcud olmaqla həmin torpaq sahəsinə verilmiş plan-ölçüdə olan koordinatlarda sürüşmə, GPS-in xətası baş vermişdir.

37. İşdə olan sənədlərdən görünür ki, iddiaçının Xaçmaz rayonu Armudpadar kəndində 0,15ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Cavabdehə məxsus tiklililər isə 2014-2015-ci il tarixində mövcud olmuşdur. Bu hal özlüyündə torpaq sahəsinə dair plan-ölçü verilərkən koordinatlarda sürüşmə yəni GPSin xətası olması qənaətinə gəlməyə əsas verir.

38. Həmçinin kollegiya onu da qeyd edir ki, iddiaçının Xaçmaz rayonu Armudpadar kəndində 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır, ekspert rəyi ilə də müəyyən edilir ki, iddiaçının faktiki naturada istifadəsində 0.15 ha torpaq sahəsi mövcuddur.

39. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçı torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluğın aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməklə mübahisənin həllinə nail ola bilər.

40. Kollegiyanın qənaətincə qanunvericiliyin tələbinə görə məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlir.

41. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla məhkəmə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(067)-54/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır.

42. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin əvəzi olaraq cəmi 150 manat iddiaçıdan tutularaq X4 ödənilməidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(067)-54/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və sair tələbi”nə dair iddia təmin olunmasın. Ekspertiza təhqiqatlarının dəyərinin əvəzi olaraq cəmi 150 (bir yüz əlli) manat İddiaçı alınaraq SAP (XİİS) hesabı X6 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar