Məhkəmə qərarları › İş №2(105)-1401/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1401/2021

04.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1401/2021 04.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tikintisi başa çatmamış mənzilin digər hazır mənzillə əvəz edilməsi öhdəliyinin qoyulması, mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pulun qaytarılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilmiş, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilə görə ödənilmiş 34045 manat pulun və 5106,75 manat maddi ziyana görə pulun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh “xxxx” MMC ondan apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və ona qarşı qaldırılmış iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 ilə aralarında bağlanmış 07 sentyabr 2017-ci il tarixli, M-2139 saylı mənzilin alqı-satqı müqaviləsi əsasında tikintisi başa çatmamış “xxxx” MMC tərəfindən inşa olunmalı yaşayış kompleksinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı, 9 mərtəbəli yaşayış binasının, ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı, 66 nömrəli mənzilinin tikintisi başa çatmış digər mənzilə dəyişdirilməsinin həvalə olunması, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 01 oktyabr 2019-cu il tarixdən başlayaraq mənzillə təmin edilənədək hər ay 200 manat məbləğində kirayə haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” MMC-yə mənzil almaq üçün müraciət etmiş, həmin MMC-nin əməkdaşı 4-cü mərtəbəsi tikilməkdə olan binanı göstərərək, iki ilə hazır olacağını, mənzilə görə nağd ödəniş ediləcəyi halda mənzilin hər kv.metri üçün 350 manatdan hesablanacağını, qalan məbləğin MMC tərəfindən güzəşt ediləcəyini bildirmişdir. İddiaçı qeyd edilən təkliflə razılaşmış, 21565 manat dəyərində mənzilin alınması üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 ilə aralarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı, 9 mərtəbəli yaşayış binasının, ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı, 66 nömrəli mənzilin (“xxxx” MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) İddiaçı verilməsi barədə 07 sentyabr 2017-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin hər kv.metr sahəsinə görə müəyyən edilmiş 550 manatın 200 manat hissəsi güzəşt edilmiş və mənzilin 1 il müddətində təhvil veriləcəyi bildirilmişdir. Deyilən vaxt çatdıqda, yəni 14.07.2018-ci il tarixdə İddiaçı mənzilin tikildiyi ünvana baxarkən, ümumiyyətlə həmin binanın birinci mərtəbəsinin bünövrəsinin tikilmədiyini görmüşdür. İddiaçı mənzil təhvil verilmədiyindən 11.09.2019-cu il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 müraciət etmiş, ona binanın dəyişdirilməsi barədə ərizə verməsini, onun şikayətinə baxılacağı bildirilmişdir. Lakin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir rəsmi cavab verilməmişdir. Ona görə də qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir və iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə təqdim edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 ilə aralarında bağlanmış 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı mənzilin alqı-satqı müqaviləsi (“xxxx” MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) əsasında tikintisi başa çatmamış “xxxx” MMC tərəfindən inşa olunmalı yaşayış kompleksinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı, 9 mərtəbəli yaşayış binasının, ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı, 66 nömrəli mənzilinin tikintisi başa çatmış digər mənzillə əvəz edilməsi, tikintisi başa çatmamış mənzilin tikintisi başa çatmış digər mənzillə əvəz edilmədiyi təqdirdə “xxxx” MMC tərəfindən inşa olunmalı yaşayış kompleksinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı, 9 mərtəbəli yaşayış binasının, ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı, 66 nömrəli mənzilinə dair bağlanmış 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin alqı-satqına görə ödənilmiş pul məbləğinin geri qaytarılması və vurulmuş 15000 manat maddi ziyanın, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh “xxxx” MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. İşə baxan məhkəmə iddiaçının mülahizəsinə əsasən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 448.1, 421-ci maddələrini rəhbər tutaraq iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlmişdir. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 29 saylı küçədə inşa edilən 7 saylı binanın, mərtəbə 9, ümumi sahəsi 61.9 kv.metr olan 2 otaqlı, 86 saylı mənzili dəyərinin 12380 manat məbləği güzəşt olunmaqla 34045 manata alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 07.09.2017-ci il tarixli, M-2319 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə mübahisəli 86 saylı mənzili alan zaman cavabdeh MMC tərəfindən yaşayış binası hazıra kimi tam inşa olmamışdır. Respublikada mövcud işgüzar adətlərə əsasən yaşayış binasının inşasının tamamlanması 3 və ya 4 il müddətdə nəzərdə tutulur. Abşeron Rayon Məhkəməsi mübahisələndirilən alqı-satqı müqaviləsində “mənzilin təhvil verilmə müddəti”xxxx“MMC öhdəliyi, yəni həmin mənzili göstərilən müddətə qədər təhvil vermədiyi göstərməsi” işə qeyri-obyektiv və birtərəfli baxılmasından xəbər verir. Abşeron Rayon Məhkəməsinin (oxşar predmet üzrə) 2(012)- 273/2020 nömrəli mülki işin yekun aktında iddiaçının iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, müqavilənin şərtlərində cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik üzərinə götürülməmişdir. Tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağılabatan müddətdə müəyyən edilməlidir. Ağılabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə hesab edir ki, tikinti kooperativi (şirkəti) üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət 3 il müəyyən edilməlidir. 07.09.2017-ci il tarixli, M-2139 saylı mənzilin alqı-satqısı müqaviləsinin 10-cü bəndinə müqavilənin ləğvi proseduru göstərilmişdir. Müqavilənin 10.7-ci bəndinə əsasən, “Alıcı” müqavilədən notarial təsdiqli ərizəylə imtina etdiyi (mənzil geri qaytarıldığı) halda, “Alıcı” tərəfindən “Cəmiyyət”ə ödənilmiş vəsait müqavilənin 3.4-cü maddəsi ilə nəzərdə tutulmuş ödəniş (və) mövcud olduğu təqdirdə “Cəmiyyət”ə dəymiş əlavə ziyan və müqavilənin icrası ilə bağlı digər cərimələr, o cümlədən bir mənzil ilə əlaqədar “xxxx” MMC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar Cəmiyyətin birbaşa və dolaylı bütün məsrəfləri çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində qaytarılacaqdır. Həmin müqavilənin 10.1ci bəndinə əsasən, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa Cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla bağlı Cəmiyyətə qarşı heç bir pretenziya irəli sürə bilməz. Bu müddəada, inşa edilməkdə olan daşınmaz əmlakının dəyərinin alıcı tərəfindən hissə-hissə ödənilməsi, yaşayış binasının inşası üçün tikinti materiallarının alınması, işçi qüvvəsinin cəlb edilməsi və sair nəzərə alınmışdır. Yaşayış binalarının inşasını həyata keçirən Cəmiyyət maliyyə (bank, kredit, lombard və sair) təşkilatı olmadığından, ikitərəfli əqd üzrə alıcı tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması bir tərəfin iradəsinə görə müəyyən olunması əsassızdır. Abşeron Rayon Məhkəməsi iddiaçı ilə cavabdeh arasında yaranmış müqaviləni ləğv etməklə “07.09.2017-ci il tarxdən halhazıradək olan üç il üçün iddiaçıya məxsus 34045 manat pul məbləğini cavabdeh özündə saxlamış və öhdəliyi icra etməmişdir” kimi qiymətləndirməklə gecikdirilmiş vaxt üçün riyazi hesablama apararaq 5106,75 manat məbləğində maddi ziyanın ödənilməsini qət etmişdir. Belə ki, məhkəmənin hüquqi əsaslandırması gəldiyi nəticəni təkzib edir. Halbuki işin xüsusatına görə hər hansı maddi ziyanın dəyməsini əks etdirfən heç bir sübut mövcud deyildir. Məhkəmə tərəflər arasında müqavilə münasibətlərini, işgüzar adət və qaydaları nəzərə almamışdır. MMC maliyyə təşkilatı deyil, alıcı şəxslərin ödənişlərindən daxil olan vəsaitlər hesabına razılaşdırılmış qaydada yaşayış binalarını inşa edən hüquqi şəxsdir. Yəni cavabdeh Cəmiyyət iddiaçı tərəfindən ödənilmiş 34045 manat məbləği depozitə və ya saxlanca yerləşdirməmiş, həmin vəsaitə hər hansı bir faiz əmsalı tətbiq etməmişdir. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq 34045 manat məbləğinə bank uçot dərəcəsi tətbiq etməklə illik 5% hesablama apararaq 3 il müddətinə 5106,75 manat məbləğini müəyyən etmişdir. Eyni zamanda, iddiaçı tərəf iddia ərizəsinin təsviri hissəsində qeyd etdiyi kimi, 2018-2019-2020-ci illər ərzində inşaat işlərinin yekunlaşmadığını bilmişdir. Tərəflər arasında yaranmış müqaviləsi münasibətlərinin davamlılığı işgüzar adətlərə əsasən 3 il - 5 il müddətində müəyyən olunduğuna görə həmin dövrü dəymiş maddi zərər kimi qiymətləndirilməsi ədalətli hesab etmirik. Hazırki mübahisə predmeti üzrə tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə qarşılıqlı öhdəliyin icra vaxtının mübahisələndirilməsi maddi zərərin vurulması üçün əsas ola bilməz, yaxud müqavilə öhdəliyinin gecikdirilməsi qanunsuz hərəkət kimi qiymətləndirilə bilməz. Məhkəmə zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin zərərə məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Buna görə də məhkəmənin maddi zərərə görə 5106,75 manat məbləğində pulun cavabdehdən tutulması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilməli və İddiaçı“xxxx” MMC-yə qarşı qaldırdığı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə etdi. Əlavə edərək göstərdi ki, mübahisəli mənzilin ümimi dəyəri 34045 manat olsa da, iddiaçı mənzilə görə cəmi 21665 manat məbləğində pul ödəmiş, qalan 12380 manat pul isə ona güzəşt edilmişdir. Yəni iddiaçı tərəfindən ödənilməmiş 21665 manat pul da tələb edilir ki, bu qəbuledilməzdir. MMC iddiaçının faktiki ödədiyi 21665 manat məbləğində pulu qaytarmağa razıdır. Baxmayaraq ki, müqavilə şərtləri fərqlidir və bu halda iddiaçı özü cərimə ödəməlidir. İddiaçının müqavilə əsasında almaq istədiyi mənzilin yerləşdiyi binanın 13 mərtəbəsi artıq hazırdır, qalan 3 mərtəbə isə ilin sonunadək hazır olmalıdır, yəni ilin sonuna qədər MMC müqavilə üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirəcəkdir. Lakin iddiaçı təkid edirsə MMC tərəflər arasında bağlanmış müqavilənin pozulmasına və ödənilmiş 21665 manat məbləğində pulun iddiaçıya qaytarılmasına razıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, müqavilə MMC tərəfindən pozulub. Ona artıq MMC-dəki heç bir mənzil lazım deyil. Müqavilə üzrə cəmi 34045 manat pul ödəmişdir və həmin məbləğ də ona qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 07 sentyabr 2017-ci il tarixli, M-2139 saylı (“xxxx” MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) mənzilin alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbə, ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə həmin mənzilə görə cəmi 34045 manat pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Yenə iş materiallarında olan “xxxx” MMC-nin 07.09.2017-ci il tarixli maliyyə arayışlarından görünür ki, dəyəri 34045 manat olan Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 9 mərtəbə, ümumi sahəsi 61,9 kv.metrdən ibarət 2 otaqlı 66 nömrəli mənzilinə görə İddiaçı tərəfindən 21665 manat pul ödənilmiş, borc qalığı 12380 manat hesablanmış və şirkət tətəfindən müştəriyə güzəşt kimi tətbiq edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsindən şikayət verilmədiyindən həmin hissədə araşdırma aparılmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. İş materiallarından görünür ki, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, onun müqavilədə nəzərdə tutulmuş ölçüdə digər mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, “xxxx” MMC-dən 01 oktyabr 2019-cu il tarixdən başlayaraq mənzillə təmin edilənədək hər ay 200 manat məbləğində kirayə haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə o, iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə təqdim edərək, onun müqavilədə nəzərdə tutulmuş mənzilinin həmin ölçüdə digər hazır mənzillə əvəz edilməsi, bu olmadığı təqdirdə 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin alqısatqına görə ödənilmiş pul məbləğinin geri qaytarılması və vurulmuş 15000 manat maddi ziyanın, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin işə baxan məhkəmə iddia tərəfinin əsas tələbi olan tərəflər arasında bağlanmış 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə yekun nəticəyə gəlsə də, MPM-in 220.4-cü maddəsinin tələblərini pozaraq qətnamədə bunu əsaslandırmamış, bu barədə heç bir maddi hüquq normasına istinad etməmişdir. Halbuki, təmin olunan digər tələb məhz həmin tələblə bağlı olmuşdur. Başqa sözlə, müqavilə ləğv edilmədən müqavilə üzrə ödənilmiş vəsaitin qaytarılmasından söhbət gedə bilməzdi. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçıyla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 07 sentyabr 2017-ci il tarixli, M-2139 saylı mənzilin alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə (“xxxx” MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) əsasında tikintisi başa çatmamış “xxxx” MMC tərəfindən inşa olunmalı yaşayış kompleksinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, 2 otaqlı 86 nömrəli mənzilin dəyəri 34045 manat müəyyən edilmiş, bunun 21665 manat hissəsi iddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş, qalıq məbləğ 12380 manat müəyyən edilmiş, lakin həmin məbləğ MMC tərəfindən alıcıya güzəşt edilmiş, bu müddəalarla hər iki tərəf razılaşmışdır. Mənzilin yerləşdiyi binanın inşasının başa çatdırılma vaxtı, habelə mənzilin hansı tarixdə təqdim edilməsilə bağlı qeyd edilən müqavilədə hər hansı müddəa mövcud deyildir. Müqavilənin 4.1-ci maddəsinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənə kimi qüvvədədir. Qeyd edildiyi kimi, tərəflər arasında imzalanmış müqavilənin şərtlərində cavabdeh tərəfindən mənzilin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, mənzilin tikilib təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağılabatan müddətdə müəyyən edilməlidir. Ağılabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət təxmini olsa da 3 il müəyyən edilə bilər. Doğrudur, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iddiaçıya satılmış mənzilin yerləşdiyi binada işlərin davam etdiyinin və ilin sonunadək binanın tikilib təhvil veriləcəyini bildirdi. Bununla belə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının tikintisi başa çatmamış mənzilinin başqa hazır mənzillə əvəz edilməsi mümkün deyildir. Daha doğrusu cavabdeh tərəf hazırda belə bir imkanının olmadığını bildirdi. Məhkəmə araşdırması zamanı, həmçinin müəyyən olundu ki,tərəflər qarşılıqlı surətdə 07 sentyabr 2017-ci il tarixli müqavilənin ləğvinə razıdırlar. İşin təhlili onu göstərir ki, tərəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Yenə həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yenə də həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Qeyd olunan hüquq normalarının tələblərindən də görünür ki, müqavilənin ləğvinə onu bağlayan tərəflərin razılığı xaricində yalnız müqavilə əhəmiyyətli dərəcədə pozulduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdiyi halda yol verilir. İş materiallarından görünür ki, “xxxx” MMC-nin mənzilin iddiaçının iddia etdiy kimi, 12 ay ərzində tikilib təhvil verilməsi barədə müqavilədə hər hansı bir şərt nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin ağlabatan vaxt ərzində tikilib iddiaçıya təhvil verilməsi mümkün olmasa da, cavabdeh tərəfin müqavilənin əhəmiyyətli dərəcədə pozmasına dair də iddiaçı tərəf məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Yenə həmin Məcəllənin 424.4-cü maddəsinin tələblərinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşdən göründüyü kimi iddiaçı digər tələblərlə yanaşı, mənzil almaq üçün ödədiyi pulun 3 il ərzində cavabdehdə qalması nəticəsində onun əsassız varlanmasını, özünün isə zərərə düşdüyünü iddia edib, vurulmuş ziyanın əvəzi olaraq 15000 manat pul tələb etmiş, işə baxan birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək, həmin tələbi qismən, mənzilin ümumi qiymətinin 5%-i, yəni 5106,75 manat həcmində təmin etmişdir. Əvvəla, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İstinad edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ödəniləcək pul məbləği ilə bağlı kreditorla borclu arasında yaranmış borc münasibətlərini tənzimləyir. Həmin normanı hazırki mənzil alqı-satqı münasibətlərinə şamil etmək olmaz. Bundan əlavə, Mülki Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Yenə həmin Məcəllənin 445.5-ci maddəsinin tələblərinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məhkəmə baxışı zamanı iddiaçı, cavabdehin onun qarşısında öhdəliyinin icrasının gecikdirilməsini onun təqsirli hərəkətləri nəticəsində baş verməsini sübut edə bilməmişdir. Digər tərəfdən daha öncə qeyd olunduğu kimi cavabdeh tərəfin müqavilənin əhəmiyyətli dərəcədə pozmasına və onun nəticəsi olaraq iddiaçıya zərər dəyməsinə, dəymiş zərərin nədən ibarət olmasına, miqdarına dair iddiaçı tərəf məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İşin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə nəzərdə tutulmuş mənzilin təhvil verilməsinə dair konkret müddət müəyyən edilməsə də, mənzilin ağlabatan müddətdə tikilib təhvil verilməsinin baş tutmadığı qənaətinə gəlmək olar, lakin bu hal cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirmək üçün yetərli deyildir. Məhkəmə kollegiyası hesab edir ki, 07.09.2017-ci il tarixli maliyyə arayışlarına istinad edərək mübahisəli mənzilə görə ümumilikdə 34045 manat vəsait ödəməsi barədə İddiaçı dəlili əsassızdır, çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ödənilən məbləğ 21665 manatdır və MMC tərəfindən mənzilin dəyərinin 12380 manat hissəsi İddiaçı güzəşt edilmişdir və buna görə də ödənilməmiş həmin məbləğin də hazırda cavabdehdən tutulması tələbi əsassızdır. Yuxarıda da qeyd edildiyi kimi, müqavilə ilə mübahisəli mənzilin dəyəri 34045 manat müəyyən edilmiş, bunun 21665 manat hissəsi iddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş, qalıq məbləğ 12380 manat müəyyən edilmiş, lakin həmin məbləğ MMC tərəfindən müştəriyə güzəşt kimi tətbiq edilmiş, bu müddəalarla hər iki tərəf razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında imzalanmış 07 sentyabr 2017-ci il tarixli müqavilə, artıq qarşılıqlı razılıq əsasında ləğv edildiyindən mübahisəli mənzil üçün iddiaçı tərəfindən ödənilmiş 21665 manat ona geri qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında da cavabdehin nümayəndəsi ödənilmiş həmin məbləğin qaytarılmasına razı olduqlarını bildirdi. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, habelə cavabdeh “xxxx” MMC apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumu onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının 86 saylı mənzilinə görə ödənilmiş 21665 manat pul “xxxx” MMC-dən tutularaq İddiaçı qaytarılsın. Qalan hissədə iddia təmin olunmasın. İddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumu özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar