Məhkəmə qərarları › İş №2(105)-1405/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1405/2021

19.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1405/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan ailə üzvlərinin mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə cavabdehlər tərəfindən birgə qaydada Qobustan Rayon Məhkəməsinin hakimi X7 verdiyi etiraza baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvləri olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X8 və 2011-ci il təvəllüdlü X4 Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.m olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalarına və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada yazılı etiraz edərək göstərmişlər ki, iş üzrə ilk hazırlıq iclası Qobustan Rayon Məhkəməsində 25 yanvar 2021-ci il tarixdə, saat 15:30-da keçirilmişdir. 27 iyul 2020-ci il tarixli etiraz ərizələrində göstərildiyi kimi həmin iddia tələbinin hazırki vaxtda yolverilməz və həm də absurd olduğunu əsaslandıraraq bu iş üzrə icraatın dayandırılmasını və sonradan ümumiyyətlə icraata xitam verilməsini xahiş etmişlər. Qobustan Rayon Məhkəməsində təyin olunmuş iş üzrə hazırlıq iclasında iştirak etsələr də, hakim Mirələm Quliyev iş üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsinə dair rəsmi müraciətlərini nəzərə almamışdır. Məhkəmə baxışı 23 fevral 2021-ci il tarixinə təyin olunmuşdur. Onların işə-bərpa tələbləri üzrə mübahiəsələri davam edir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2757/2020 saylı, 07 yanvar 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 işəbərpa tələbinə dair kassasiya şikayətinin Ali Məhkəmədə icraata qəbul edilməsindən ötəri o, dövlət hesabına vəkillə təmin olunmuşdur. 07 saylı, 28.01.2021-ci il tarixli vəkil orderinin surətindən görünür ki, kassasiya şikayətləri vəkil X5 tərəfindən Ali Məhkəmənin icraatına qəbul olunması üçün tərtib olunmuşdur. AzərPoçt-un 29.01.2021-ci il tarixli göndəriş xəbərnaməsinin bu etiraza daxil etdiyi surətindən və onun əslinin video görüntüsündən aşkar görünür ki, kassasiya şikayətləri həmin tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə poçtla rəsmi qaydada yola salınmış və 02 fevral 2021-ci il tarixdə ünvanına çatmışdır.Surətini bu etirazlarına daxil etdiklərini Şamaxı rayon məhkəməsinin l(074)-34/2021 saylı, 26.01.2021-ci il tarixli qərarından göründüyü kimi bu iş üzrə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci və 313-cü maddələri ilə bu iş üzrə iddiaçı X6 xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin sözügedən qərarında edilmiş şikayətin tərtibatında Azərbaycan Respublikadı CPM-nin 293.3-cü maddəsinin tələbləri üzrə qüsurlar olması və ən əsası isə bu şikayətə ictimai ittiham qaydasında baxılmalı olması barədə imtina qərarı çıxarılmışdır. Hazırda ictimai ittiham qaydasında şikayətləri hazırlanır. Odur ki, tezliklə ictimai ittiham qaydasında iddiaçı N.S.Cəlilovun qeyd olunmuş əsaslarla cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyəti orqana müraciət ediləcəkdir. Hazırda həyat yoldaşı Cavabdeh2 işə-bərpa ərizəsi Ali Məhkəmənin icraatına qəbul edilməsi üçün göndərilib və bu işin sonu qabaqcadan bilinmir. Digər tərəfdən onun işə-bərpa iddia tələbi zamanı məhkəməyə iş materiallarına və X9 iddiaçı X10 tərəfindən saxta sənəd və sübutlar daxil edildiyinə görə onun barəsində cinayət işinin başlanması barədə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin şikayətə ictimai ittiham qaydasında prokurorluqda baxılmalı olduğundan məhkəmə icraatından imtina qərarı çıxarılmışdır. Hazırda həmin məsələyə dair prokurorluğa müraciət etməkdədirlər. Özü və həyat yoldaşı Cavabdeh2 uyğun olaraq 2003-cü və 2007-ci ildən Şamaxı rayon, Y.Məmmədəliyev qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayırlar. Odur ki, bir çox dəyişikliklər edilməklə qəbul edilmiş yeni Mənzil Məcəlləsinin tələbləri geriyə olan müddətlərə tətbiq olunaraq bizim 2003 və 2007-ci illərdə yaşadıqları ünvanda daimi qeydiyyatlarnın ləğv olunmasına yönələ bilməz. Ailəliklə Şamaxı rayon, Y.Məmmədəliyev qəsəbəsinə çox-çox əvvəllər daimi qeydiyyata alınıb indiyədək yaşadıqlarına görə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin qanunları (maddi hüquq normaları) tətbiq oluna bilər. Əvvəlki Mənzil Məcəlləsinin 105-ci maddəsinə görə xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı 10 il işləmiş şəxslərin digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilmir. Onların isə ŞAR-da 15 il və 13 il əmək stajları vardır. ŞAR-ın balansında olan mənzillərin sənədləri Namiq Cəlilov 2015-ci ildə direktor təyin olunduqdan sonra təsdiq olunmuş və sosial kirayə müqavilələri də həmin vaxtdan yaranmışdır. X15 Haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçı Namiq Cəlilovun 09 iyul 2020-ci il tarixli yaşadıqları “xidməti mənzildən çıxarılmalarına” dair ərizəsindən görünür ki, onların ailəliklə uzun müddətdir yaşadıqları ünvana daimi qeydiyyatda olmaqla yaşamaqları, onların işə bərpa ərizələrinın hazırda məhkəmə icraatında olması, hətta sosial kirayə müqaviləsinin qüvvədə olması nəzərə alınmadan onun niyyəti necə gəldi qətnamə çıxartdırıb qanunsuz əməllərini davam etdirməkdən ibarətdir. İstənilən halda ŞAR-a aid 2015-ci ildən sonra qüvvəyə minmiş X15 (xidməti yaşayış sahəsinə dair sosial kirayə müqaviləsi, yeni Mənzil Məcəlləsi və sair) hüquqi məsuliyyətlərini ağırlaşdırdığı halda geriyə tətbiq oluna bilməz. Qeyd etdiyi çoxsaylı faktlar - onun işə bərpa tələbi üzrə saxta sənədləri məhkəməyə və digər Dövlət Orqanına təqdim etməklə ŞARın direktoru N.S.Cəlilovun cinayət törətməsi, və bu əsasda yəni cinayət törədilməsi yolu ilə mülki iş üzrə məhkəmə proseslərində onun haqlı hesab olunması yolverilməzdir. O, 01 avqust 2018-ci il tarixində işə bərpa tələbi ilə məhkəməyə müraciət edərkən ŞAR-ın direktoru X6 həm məhkəməyə, həm də X11 Xidmətinə bir-birindən fərqli saxta sənədlər verib qanunsuz yollarla öz xeyirinə məhkəmə qətnamələri çıxartdırdığına görə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət edilmişdir və bu davam edəcəkdir. Ona görə də, mülki işin baxılması üçün başqa məhkəməyə verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 19.1.3, 19.2.2 və 19.2.3-cü maddələrinə əsasən hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 23.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apelyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, Qobustan Rayon Məhkəməsinin hakiminə etiraz etmək üçün göstərdiyi dəlil əsassızdır və həmin məhkəmənin hakiminin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsaslar yoxdur. Ona görə də cavabdeh tərəfin verdiyi etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALİR: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada Qobustan Rayon Məhkəməsinin hakimi X7 verdiyi etiraz təmin edilməsin. İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan ailə üzvlərinin mənzildən çıxarılma tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Qobustan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar