Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1406/2021 03.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Progress-2016” mənzil-tikinti kooperativinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1647/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1647/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdeh “xxxx” mənzil-tikinti kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, 4 otaqdan ibarət 76 saylı mənzilin və İ blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 83 kv.m olan, 2 otaqdan ibarət 31 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin “xxxx” mənzil-tikinti kooperativinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” mənzil-tikinti kooperativinə müraciət edərək, kooperativ tərəfindən ünvan 1 ünvanında tikilməkdə olan binadan mənzil almaq istədiyini bildirmişdir. Bununla əlaqədar “xxxx” mənzil-tikinti kooperativi ilə onun arasında 05 noyabr 2018-ci ildə iki müqavilə imzalanmışdır. Müqavilələrin şərtlərinə görə “xxxx” mənzil-tikinti kooperativi Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, 4 otaqdan ibarət 76 saylı mənzili və İ blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 83 kv.m olan, 2 otaqdan ibarət 31 saylı mənzili pay kimi ona ayırmağı öhdəsinə götürmüşdür. Həmin mənzillərin dəyəri olaraq 86645 manat və 53950 manat onun tərəfindən tam ödənilmiş və bu barədə ona maliyyə arayışları verilmişdir. Hazırda “xxxx” mənzil-tikinti kooperativi ona məxsus Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, 4 otaqdan ibarət 76 saylı mənzili və İ blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 83 kv.m olan, 2 otaqdan ibarət 31 saylı mənzili ona təhvil verməkdən imtina edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, birinci instansiya məhkəməsi “xxxx” mənzil-tikinti kooperativinin qeyd edilən mənzilləri satmaq hüququnun olmamasını əsas göstərərək iddianı rədd etmişdir. Qeyd edilən müqavilə “Progress-2016” mənzil-tikinti kooperativi və “xxxx” mənzil-tikinti kooperativinin sədri tərəfindən imzalandığından və “xxxx” mənzil-tikinti kooperativinin möhürü ilə təsdiq edildiyindən cavabdeh MTK mübahisəli mənzili təhvil verməkdən boyun qaçırmaq üçün həmin müqavilədəki imza və möhürün onlara aid olmadığını iddia etmişdir. Cavabdeh ilə X2 arasında olan razılaşmaya əsasən cavabdeh “xxxx” mənzil-tikinti kooperativi Şəhriyar Quliyevə olan borcunu qarşılıqlı əvəzləşdirmək üçün qeyd edilən mənzillərin alqı-satqısına dair müqavilə bağlanmışdır. Belə ki, həmin vaxt Şəhriyar Quliyev həmin tikintinin təsisatçısı olan X4 (hər kəs onu iş görən adam kimi tanıyırdı) 108000 manat dəyərində olan oboy satmışdır. Qeyd edilən oboylar isə “xxxx” mənzil-tikinti kooperativinin Abşeron rayonu, Digah kəndində yerləşən anbarına vurulmuşdur. Həmin mallar təhvil verilən zaman Fuad Bayramov bildirmişdir ki, malın pulunu 10 gün ərzində Emin Səməndərovdan alıb verəcəkdir. 10 gün tamam olduqdan sonra isə Fuad Bayramov pulu verə bilməyəcəyini bildirərək, bunun müqabilində 140595 manat dəyərində olan Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi, 133,3 kv olan, 4 otaqdan ibarət 76 saylı mənzili və 1-ci blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 83 kv. metr olan 2 otaqdan ibarət 31 saylı mənzili ona verməyi öhdəsinə götürmüşdür. Məbləğ arasındakı fərq isə ən pis hal halda, evləri sata bilməsələr, ucuz satıb pulunu ala bilməklə bağlı idi. İşlədiyi ərazidə oxşar hadisələr olmuş, Fuad Bayramov başqa şəxslərə də eyni şəkildə mənzillər verilməsini təmin etmişdir. 10 gün sonra, yəni 05.11.2018-ci il tarixdə Şəhriyar Quliyevlə “xxxx” mənzil-tikinti kooperativinin ünvan 2 ünvanında yerləşən ofisinə gedərək müqavilə bağlamışdılar. Şəhriyar Quliyevin müəyyən problemləri olduğundan sənədləşmə onun adına baş tutmuşdu. Onlar cavabdehin ofisində olarkən MTK-nın sədri Emin Səməndərov ofisdə olmuş, Fuad Bayramov müqavilə ilə birlikdə Emin Səməndərovun otağına daxil olmuş, 3-5 dəqiqə sonra geri qayıdaraq sonuncunun müqavilələri imzaladığını bildirərək imzalanmış müqavilələri, mədaxil qəbzlərini və pay haqqının tam ödənilməsinə dair maliyyə arayışlarını onlara təqdim etmişdir. 2019-ci ilin sonu, 2020-ci ilin əvvəllərində Fuad Bayramovun tutulmasını eşitdikdən sonra müqavilə ilə onlara aid olduğu bildirilən mənzillərə baxmaq üçün gəldikdə, həmin mənzillərə qapı qoyulduğunu və üzərinə nömrə vurulduğunun şahidi olmuşlar. Bundan sonra cavabdeh MTK-nın sədri olan Emin Səmədərovun yanına gedərək mövcud vəziyyəti izah etmişlər. Emin Səmədərov isə qeyd edilən müqavilələrin saxta olduğunu, imzanın ona aid olduğunu, lakin skan edildiyini, Fuad Bayramovun onu da aldatdığını bildirmişdir. Emin Səməndərov müqaviləyə baxan kimi sənədin skan olduğunu bilmişdir. Bundan sonra o, məcbur qalaraq qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 06 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Progress- 2016” mənzil-tikinti kooperativinin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh “xxxx” mənzil-tikinti kooperativi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 05 noyabr 2018-ci il tarixdə “İcraçı” adlanan “xxxx” mənziltikinti kooperativi ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin foto surətindən görünür ki, “xxxx” mənzil-tikinti kooperativi Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin İ blok, 8-ci mərtəbəsində yerləşən, sahəsi 83 kv.m olan, 2 otaqdan ibarət 31 saylı mənzili İddiaçı verməyi öz öhdəsinə götürmüş, mənzilin bir kvadrat metrinin dəyəri 650 manat, ümumi dəyəri 53950 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində mənzilin dəyəri olaraq 53950 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan “xxxx” mənzil-tikinti kooperativinin 05 noyabr 2018-ci il tarixli maliyyə arayışının foto surətindən görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin İ blok, 8-ci mərtəbəsində yerləşən, 83 kv.m olan, 2 otaqdan ibarət 31 saylı mənzilinə görə 53950 manat ödənilmişdir. İş materiallarında olan 05 noyabr 2018-ci il tarixdə “İcraçı” adlanan “xxxx” mənziltikinti kooperativi ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin foto surətindən görünür ki, “xxxx” mənzil-tikinti kooperativi Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 133,3 kv.m olan, 4 otaqdan ibarət 76 saylı mənzili İddiaçı verməyi öz öhdəsinə götürmüş, mənzilin bir kvadrat metrinin dəyəri 650 manat, ümumi dəyəri 86645 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində mənzilin dəyəri olaraq 86645 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan “xxxx” mənzil-tikinti kooperativinin 05 noyabr 2018-ci il tarixli maliyyə arayışının foto surətindən görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 12-ci mərtəbəsində yerləşən, 133,3 kv.m olan, 4 otaqdan ibarət 76 saylı mənzilinə görə 86645 manat ödənilmişdir. İş materiallarında olan 26 oktyabr 2018-ci il tarixdə “İcraçı” adlanan “xxxx” mənziltikinti kooperativi ilə “Payçı” kimi X7 arasında bağlanmış müqavilədən görünür ki, “xxxx” mənzil-tikinti kooperativi Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin V blok, 11-ci mərtəbəsində yerləşən, 65,82 kv.m olan, 2 otaqdan ibarət 81 saylı mənzili X5 verməyi öz öhdəsinə götürmüş, mənzilin bir kvadrat metrinin dəyəri 650 manat, ümumi dəyəri 42783 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində mənzilin dəyəri olaraq 42783 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan “xxxx” mənzil-tikinti kooperativinin 26 oktyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, X7 tərəfindən Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin V blok, 11-ci mərtəbəsində yerləşən, 65,82 kv.m olan, 2 otaqdan ibarət 81 saylı mənzilə görə 42783 manat ödənilmişdir. İş materiallarında olan “Progress-2016” mənzil-tikinti kooperativi ilə “xxxx” mənziltikinti kooperativi arasında bağlanmış 01.05.2017-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin В (4-cü) və A (5-ci) girişlərin tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürürlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materialları və işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilmişdir ki, “Progress-2016” mənzil-tikinti kooperativi ilə “xxxx” mənzil-tikinti kooperativi arasında bağlanmış 01.05.2017-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə ilə “xxxx” mənzil-tikinti kooperativi birinci tərəfin sifarişi əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən binanın 4 və 5-ci girişinin tikinti işlərini payçılardan əlavə hər kv.m-ə 100 manat ödəməklə öz vəsaiti hesabına inşa etməyi öhdəsinə götürmüşdür. “xxxx” mənzil-tikinti kooperativi icraçıdır, onun “Progress-2016” mənzil-tikinti kooperativinə məxsus binanın 1 və 3-cü girişinin mənzillərini satmaq hüququ olmamışdır. Göründüyü kimi, cavabdehin mübahisəli mənzillərlə bağlı alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti olmamışdır. Bundan başqa, iddiaçı mübahisəli mənzillərə dair “xxxx” mənzil-tikinti kooperativi arasında bağlanmış mənzil-tikintisi haqqında müqavilələrin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. İş materiallarında olan 05 noyabr 2018-ci il tarixli mənzil-tikintisi haqqında müqavilələrin və maliyyə arayışlarının isə ancaq fotosurətləri notarial qaydada təsdiq edilmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməlidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)- 1647/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1406/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1406/2021
03.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver