Məhkəmə qərarları › İş №2(105)-1407/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1407/2024

28.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1407/2024 28.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 (Musaev Faridin) Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı X1 (Musaev Farid) iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X4 (Musaev Farid) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 16a saylı yaşayış binasında, 1ci blok, 1 otaqdan ibarət olan 5 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11 aprel 2017-ci il tarixdə "xxxx" MTK ilə müqavilə bağlayaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 16a yaşayış binasında, 1-ci blok, binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 56,6 kv.m olan 1 otaqlı, tam təmirli və əşyalı olan 5 saylı mənzili tam ödəniş edərək almışdır. O, Rusiya Federasiyasının vətəndaşıdır və Rusiyada yaşayır. Onun xalası olan Cavabdeh ona yalvararaq yaşamağa yeri olmadığından onun mənzilində 1 ay ərzində yaşamaq üçün icazə istəmiş, o da cavabdehə mənzilində yaşamağa icazə vermişdir. Məhz bu səbəbdən cavabdeh həmin mənzildə yaşayır. Daha sonra cavabdehdən çoxsaylı şikayətlərin və kommunal xərclərin ödənilməməsi səbəbi ilə o, məcbur olaraq Azərbaycana gəlmişdir. Hazırda o, öz mənzilinə daxil ola bilmir və bununla bağlı daxili işlər orqanlarına şikayət etsə də ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdehdən ona məxsus mənzili boşaltmasını tələb etməsinə baxmayaraq o, mənzildən çıxmamış, onun isə yaşamağa yeri yoxdur. Cavabdeh kommunal xərcləri ödəmədiyinə görə yaranmış borca görə sözügedən evi sənədləşdirə bilmir. Qeyd edir ki, cavabdeh 2018-ci ildən ona məxsus evdə yaşayır. Bundan başqa onu da bildirir ki, cavabdeh onu həyatı və sağlamlığı ilə təhdid edir və hədə-qorxu gəlir. O, dəfələrlə cavabdehdən mənzili boşaltmağı tələb etsə də cavabdeh onun tələbinə heç bir əhəmiyyət verməmiş, bu isə onun mülkiyyət hüququnu pozur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2024 nömrəli qətnaməsi (ilə hakim Elman Məmmədov) iddia təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 16a saylı yaşayış binasında, 1-ci blok, 1 otaqdan ibarət olan 5 saylı mənzildən çıxarılması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 11 aprel 2017-ci il tarixli, 016a/005 nömrəli çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilənin surətindən görünür ki, iddiaçı X4 (Musaev Farid) bu müqaviləni əsas tutaraq sifariş etmiş, podratçı "xxxx" MTK Abşeron rayonu, Masazır qəsəbəsi, 16a nömrəli yaşayış binasında, 1-ci blokda, 1-ci mərtəbədə, 1 otaqlı, 5 nömrəli mənzilin tikintisini və müqavilədə göstərilən bütün şərtləri icra edib iddiaçı X2 (Musaev Faridə) mənzilini, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçının mənzili üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, X1 (Musaev Faridin) mülkiyyətində olan mənzilə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb, onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.2, 1457.2, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Fərid Musayev bacısı oğludur, ona uşaqlıqdan keçən il rəhmətə gedən Musayeva Səmayə ilə birlikdə böyütmüşdür. Onun heç vaxt normal maddi təminatı olmayıb. Bir müddət Rusiyada yaşayıb. Rusiyada yaşadığı dövrldə belə çox əziyyət çəkib, imkansızlıq içində olub. Nə Rusiyada nə də Azərbaycanda evi olmayıb və ev alacaq maddi təminatı olmayıb. Halhazırda Azərbaycana geri qayıtdığı müddətdən bu günə qədər Azərbaycanda yaşayır. Rusiyadan qayıtması üçün bacısı Səmayə və Almaniyada yaşayan qardaşı köməklik edib. Gəldiyində geyimini belə onlar alıblar. Çox yaxın ailə münasibətləri olub. Onu özünə balaca qardaş bilirdi. Bacısı Səmayənin madd vəziyyəti yaxşı idi. Hər zaman Fəridə oğlu kimi münasibət bəsləyirdi, maddi köməklik edirdi. Övladı yox idi, ona çox bağlı idi. Mübahisə edilən evi bacısı onun üçün almışdı, özü Bakiya gedib gələndə birlikdə qalırdı. Həmin mənzil Fərid Musayevin pul vəsaiti ilə əldə edilməyib. X3 pulları ilə alınıb. Sadəcə evi aldığı vaxt şəxsiyyət vəsiqasinin vaxtı keçməsi səbəbi ilə onun adına rəsmilləşdirdi. Çünki Fərid yanlarında olurdu, maddi onlardan asıllı idi. Yəni, nə Rusiyada nə də ki Azərbaycanda evi olmayan adam niyə ona yazığı gəlsin, niyə həmin evdə yaşamağına icazə versin. Həqiqətən çox məntiqsizdir. Bacısının böyük səhvi həmin müqavilənin onun adına rəsmiləşdirməsi olmuşdur. Bacısı gözdən əlil idi bu səbəbdən bir yerə getməyə çətinlik çəkirdi. Qeyd olduğu kimi həmin ev 2017-ci ildə alınıb və niyə bacısı ölənə qədər bu mövzular olmayıb. Sırf bacısı öləndən sonra onun evində olan pulları götürdükdən sonra, ölməmişdən bir ay qabaq vəsiyyətnamə alaraq bacısının digər evlərini də öz adına rəsmilləşdirib. Şəxsi evi olmayan adamın kiməsə ev verməsi çox gülüncdür. Məhkəmədə MTK-nın rəhbəri iştirak etdi, sual cavabda məlum oldu ki, Fərid nə evin alınan qiymətini, nə vəziyyətini, ümumiyyətlə evin alınmasında iştirak etməyib. O evdə olmayıb. Məhkəmədə Fərid bildirdi ki, həmin evi sıfırdan alıb və evi təmir edib. Lakin o ev sıfırdan alınmamışdı, 2-ci əl ev idi və alınandan heç bir təmir-tikinti işləri aparılmayıb. Bu faktı MTK rəhbəri təsdiq etdi. Yaşadığı ev bacısının olub, bunu bütün ailə üzvləri təsdiq edə bilər. Şahidləri var. Araşdırma aparılsın ki, heç vaxt işləmiyən adama, anasından atasından miras payı olmayan adama, evi olmayan adam, xalalarının evində yaşayan biri evi necə ala bilər. Rusiyada evi olmayan adam olub, Bakıdan ona pul göndərilib. Çünki orada çox acınacaqlı vəziyyətdə idi, yemək almağa pulu olmurdu. Fəhləlik edirdi. MTK-nın işçiləri də bilir ki, bu evi bacısı alıb. Lakin məhkəmə işin hallarını arışdırmadı, işə bir tərəfli mövgedə yanaşdı. Məsələ xırda bir pul mübahisəsindən getmir, mübahisə predmeti mənzildir və Fərid Musayevə məxsus ev deyil. Sadəcə vaxtında elədiyi məsuliyyətsizlik indi bu hala gətirib çıxarıb. Lakin o, Azərbaycan Respublikasının qanunlarına inanır, ədalətli araşdırmanın aparılmasını xahiş edirə. İşin hallarının ciddi və dərindən araşdırılmasını xahiş edir. MTK-da həmin müqaviləni rəsmilləşdirən işçilər dəvət olunmalı, şahidlər dindirilməlidir. Dəfələrlə digər evlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş, lakin nəticə olmayıb. Hal-hazırda işi Cəlilabad Rayon Məhkəməsində icraatdadır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, cavabdeh evini zəbt edib, 7 ildir evinə gələ bilmir. Evin mebellərini satıb. 2017-ci ildə evi alıb, təmir edib, ağlayaraq ona yalvarıb ki, çöldə qalıb, bir müddət qalsın evdə. Cavabeh xalasıdır. Sonradan ondan şikayətlər olmuş, qonşulardan şikayətlər gəlmiş, kommunallları ödəməmişdir. 2000 manata yaxın kommunal borcu yaranıb. 30 ildir Rusiyada yaşayıb, pul qazanıb ev alıb. Rusiya vətəndaşıdır. Səmayə xalasıdır, anası 2 yaşında ölüb, uşaqlıqdan Səmayə xalası onu boyüdüb. Yaşamağa evi yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. 11 aprel 2017-ci il tarixli, 016a/005 nömrəli çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilənin surətindən görünür ki, sifarişçi X4 (Musaev Farid) bu müqaviləni əsas tutaraq sifariş etmiş, podratçı "xxxx" MTK Abşeron rayonu, Masazır qəsəbəsi, 16a nömrəli yaşayış binasında, 1-ci blokda, 1-ci mərtəbədə, 1 otaqlı, 5 nömrəli mənzilin tikintisini və müqavilədə göstərilən bütün şərtləri icra edib sifarişçi X2 (Musaev Faridə) mənzilini, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə təhvil verməyi öz öhdəsinə götürmüşdür.

14. İş materiallarında olan payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş 11 aprel 2017-ci il tarixli maliyyə arayışından görünür ki, payçı X4 (Musaev Farid) ilə "xxxx" MTK arasında 11 aprel 2017-ci il tarixində müqavilə imzalanmış və bu tarixdən payçı MTKya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 16a nömrəli binada, 1-ci blokda, 1-ci mərtəbədə, 1 otaqlı, sahəsi 56,6 kv.m olan 5 saylı mənzili almışdır. Payçı mənzilin ümumi dəyərini tamamilə ödəmişdir və hazırda payçının MTK-ya borcu yoxdur.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

17.Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

19. Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən 11 aprel 2017-ci il tarixli, 016a/005 nömrəli müqavilə əsasında mübahisəli mənzilin tikintisi iddiaçı tərəfindən sifariş edilmiş, o həmin tarixdən mənzil tikinti kooperativinin üzvü olmaqla, mənzilin ümumi dəyərini tam ödəmiş və mənzilin mülkiyyətçisi olmuşdur. İddiaçının razılığı əsasında cavabdeh olan xalası müvəqqəti yaşamaq üçün iddiaçıya məxsus evə köçmüşdür. İddiaçı bir müddət sonra cavabdehin mənzildən çıxmasını tələb etmiş, lakin cavabdeh mübahisəli mənzildən çıxmamışdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mənzil üzərində sahibliyi qanunsuz olmuşdur. 24.Belə ki, Mənzil Məcəllənin 30.1-ci maddəsinin tələbinə əsasən cavabdeh iddiaçının ailə üzvü hesab edilmir. Həmçinin, yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunudğu kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyyəçilər çıxış edir. Göründüyü kimi cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının xalası olmaqla, ailə üzvü hesab olunmur. Həmçinin, cavabdehin binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri ilə bağlı notarial qaydada təsdiqlənmiş yazılı razılaşma da mövcud deyildir. Buna görə də cavabdehin mübahisəli mənzildə istifadə hüququ da mövcud olmamışdır.

25. Məhkəmə kollegiyası mənzilin bacısı tərəfindən alınması, mənzil alınarkən şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi səbəbindən iddiaçının adına alınması dəlilinə münsibətdə isə qeyd edir ki, mənzilin dəyərinin iddiaçının digər xalası tərəfindən və ya iddiaçının özü tərəfindən ödənilməsi iş üçün hər hansı bir əhəmiyyət kəsb etməməkdədir. Hazırkı iş üzrə əhəmiyyət kəsb edən hal cavabdehin mübahisəli mənzil üzərində sahibliyinin qanuni və ya qanunsuz olması olmuşdur.

26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2555/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar