Məhkəmə qərarları › İş №2(105)-1411/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1411/2021

29.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1411/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(027)-564/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(027)-564/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə qarşı pozulmuş əmək hüquqlarının bərpası tələbinə dair mülki iş üzrə İddiaçı iddianı təmin etmək tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmış, İddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin rəhbəri tərəfindən qanunsuz olaraq ona verilən töhmətin ləğv edilməsi, şirkət tərəfindən mənimsənilən qanuni ödənişli məzuniyyətinin dəyərləndirilərək ödənilməsi, istirahət və bayram günlərində işlədiyi günlər Əmək Məcəlləsinə uyğun iki dəfədən az olmayaraq hesablanıb ona geri ödənilməsi, azalan məvacibinin əvvəlki səviyyədə bərpa edilərək verilməsi və ödənilməyən hissəsinin də tam geri qaytarılması barədə qətnamə, qanun pozuntularına yol verdikləri üçün şirkətin baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllərində cinayət tərkibi olduğuna görə cinayət işinin başlanması üçün Quba rayon prokurorluğuna göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin tədbiri kimi iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsini ləğv edəcəkdir. Bu zaman isə o, cavabdeh təşkilatdan əmək müqaviləsi üzrə ona verilməli olan ödənişləri ala bilməyəcəkdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyildir. Belə ki, Cavabdeh məhdud məsuliyyətli cəmiyyəti onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur və pozmaqda davam edir. O, bu barədə bir sıra aidiyyatı və səlahiyyətli orqanlara, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsinə rəsmi olaraq 12.Xİ.2020, 21.Xİ.2020, 10.Xİİ.2020 və 23.Xİİ.2020-ci il tarixlərdə müraciətlər etmişdir. Onun iddia ərizəsi ilə yanaşı, iddianın təmin olunması barədə ərizə verməkdə məqsədi aparılacaq araşdırmalar zamanı X4 Xidməti və digər qurumlardan ezam ediləcək faktaraşdırıcı komissiyaya əyani olaraq sübut və faktları şəxsən təqdim edərək, məhkəmədə haqlı iddiasının təmin olunmasını asanlaşdırmaq və Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin məsuliyyətdən yayınmağının qarşısını almaq olmuşdur. Belə ki, onun iştirakı olmadan Quba rayon X2 tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ona gələn xx xxxxxx 2020-ci il tarixli məktubdan aydın olur ki, araşdırmalar qeyri-obyektiv olmuş və sırf yalan və saxta məlumatlara istinad edilmişdir. Bunun səbəbi isə ya Əmək Müfəttişliyinin bilərəkdən obyektiv araşdırma aparmaq istəməməsi, ya da şirkətin onun araşdırmalarda iştirak etməməsindən istifadə edərək, əmək müfəttişliyi işçilərini aldatması olmuşdur. Halbuki o, əmək müfəttişliyini və digər qurumları bu barədə öncədən nəticənin belə olacağı barədə dəfələrlə məlumatlandırmış və təklif etmişdir ki, araşdırmalarda onun da iştirakı təmin edilsin, lakin əmək müfəttişliyi bəlli olmayan səbəblərdən bundan imtina etmişdir. Buna baxmayaraq şirkətin yalanlarının ifşa edilməsi istiqamətində şəxsən özü kifayət qədər araşdırmalar apararaq faktlar əldə etmiş və əlavə sübutları da vardır. Onlardan bəzilərini məhkəməyə təqdim etmiş, digərlərini də vaxtı gələndə, vəziyyətdən asılı olaraq, aidiyyatı üzrə təqdim edəcəkdir. Onun aliment öhdəliyi vardır və pandemiya şəraitində şirkət əmək haqqını işdən çıxarılacağı hədə-qorxusu ilə qanunsuz olaraq əlli faiz aşağı endirmiş, Quba Rayon Məhkəməsi isə belə bir vəziyyətdə yenə ona qarşı ədalətsizlik edərək alimentin iki dəfədən çox artırılması barədə qərar çıxarmış, həmin iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Onun işdən kənarlaşdırılması Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin məsuliyyətdən yayınmasına xidmət edəcəkdir. O isə ölkə rəhbəri qarşısında öhdəlik götürərək davamlı olaraq şirkətdə baş verən özbaşınalıqlar barəsində məlumatlar verərək, şirkətin qanunsuz əməllərini ifşa etməklə, pozulan hüquqlarının təmin olunması və günahkarların cəzalandırılmasını istəyir. Quba Rayon Məhkəməsi bu işə əvvəlki işlərdə olduğu kimi, qeyri-obyektiv yanaşaraq müraciətini təmin etməmişdir. O, Quba Rayon Məhkəməsinə Cavabdeh məhdud məsuliyyətli cəmiyyəti tərəfindən əmək hüquqlarının pozulması barədə xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi və iddianı təmin etmək tədbiri barədə ərizə təqdim etsə də, məhkəmə ona bəlli olmayan səbəblərdən məsələni yubatmışdır. Baxmayaraq ki, o, ərizəsində şirkətin onunla bağladığı müqavilənin müddətinin xx xxxxxx 2020-ci il tarixdə bitəcəyini, gələcəkdə araşdırmalarda iştirak etməyinin mümkün olması və aliment öhdəliyinin də nəzərə alınmasını qeyd etsə də, bir həftə ərzində məhkəmə tərəfindən ona hər hansı formada bildiriş məktubu və ya elektron bildiriş göndərilməmişdir. Müqavilənin bitməsinə artıq üç gün qalmış, özü Quba Rayon Məhkəməsinə yaxınlaşaraq bu məsələ ilə maraqlandıqda ona şifahi olaraq bildirilmişdir ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixli, 2(027)-2110/2020 saylı qərardadla iddia ərizəsini və ona əlavə edilən sənədləri qeri qaytarmışdır. Həmin qərardad bəlli olmayan səbəblərdən xx xxxxxx 2020-ci il tarixdə ona təqdim edildiyindən və mövcud pandemiya şəraiti ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarına əsasən məhkəmələr və digər idarə və təşkilatlar öz fəaliyyətini dayandırdığı və bu qadağalar xx xxxxxx 2021-ci tarixədək qüvvədə olduğunu nəzərə alaraq, xx xxxxxx 2021-ci il tarixdə lazımi düzəlişlər edib iddianı yenidən Quba Rayon Məhkəməsinə təqdim etmiş və iddiası məhkəmə tərəfindən qəbul edilmişdir. Quba Rayon Məhkəməsi təqdim etdiyi iddia ərizəsini və iddianı təmin etmə tədbiri barədə verilmiş ərizəni təlimata uyğun olaraq bir gün ərzində cavablandırmaq əvəzinə, təlimatı kobud şəkildə pozaraq bir aydan artıq işi ləngitmişdi. Bu fürsətdən istifadə edən Cavabdeh məhdud məsuliyyətli cəmiyyəti onu işdən azad etmişdir. X4 Xidmətinə etdiyi müraciətə əsasən əmək müfəttişliyi Cavabdeh məhdud məsuliyyətli cəmiyyətində araşdırmalar aparsa da, onun araşdırmalardan kənar qalmağından istifadə edən şirkət əmək müfəttişliyini aldadaraq yalan və səhv məlumatlar vermişdir. Məhkəmə qərardadda qeyd etmişdir ki, artıq xx xxxxxx 2020-ci il tarixdə əmək müqaviləsinin vaxtı bitmişdir və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib deyildir. Məhkəmənin bu qənaətə gəlməsi tamamilə qanunsuzdur. Əgər zamanında iddianı təmin etmək tədbiri təmin edilsəydi, Cavabdeh məhdud məsuliyyətli cəmiyyətində araşdırma aparan əmək müfəttişliyinə onun tərəfindən lazımi sübutlar təqdim edilərdi və şirkətin fəaliyyətində yol verilmiş nöqsanlar danılmaz faktlarla sübuta yetirilərək, həmin faktlar məhkəməyə düzgün formada təqdim edilərdi. Bununla da onun iddianı təmin etmək tədbiri öz mütənasibliyini təsdiq etmiş olardı. Məhkəmə prosesi video müşahidə ilə keçirilməsinə baxmayaraq, məhkəmə qərardadı elan edərkən qəsdən katibə video müşahidəni söndürməyi tapşırmış, video müşahidənin qoşulmasını tələb etsə də, məhkəmə buna məhəl qoymamış və video müşahidə söndürülmüş halda, qərardad elan edilmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və iddianı təmin etmək tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhdud məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməyərkən iddianı təmin etmə tədbirinin iddia tələblərinə mütənasib olmamasına istinad etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 157 və 158-ci maddələri ilə əsaslandırmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbləri Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin rəhbəri tərəfindən qanunsuz olaraq ona verilən töhmətin ləğv edilməsi, şirkət tərəfindən mənimsənilən qanuni ödənişli məzuniyyətinin dəyərləndirilərək ödənilməsi, istirahət və bayram günlərində işlədiyi günlər Əmək Məcəlləsinə uyğun iki dəfədən az olmayaraq hesablanıb ona geri ödənilməsi, azalan məvacibinin əvvəlki səviyyədə bərpa edilərək verilməsi və ödənilməyən hissəsinin də tam geri qaytarılması barədədir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşdən görünür ki, Cavabdeh məhdud məsuliyyətli cəmiyyəti üzrə 235/20 saylı, xx xxxxxx 2020-ci il tarixli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi) xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mübahisəyə məhkəmə qaydasında baxılsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə müqavilənin müddəti bitməsinə görə xitam verilmişdir və iddianı təmin tədbiri irəli sürülmüş tələbə mütənasib deyildir. Həmçinin iddiaçının tələb etdiyi iddianı təmin etmək tədbirinin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hal deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb məhkəmə qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(027)-564/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar