Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1422/2025 16.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh7 və digərlərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6326/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərardadından İddiaçı MTK tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh7 kommunal xidmət haqqına görə yaranmış 198 manat borcun, Cavabdeh12 kommunal xidmət haqqına görə yaranmış 570 manat borcun, Cavabdeh11 kommunal xidmət haqqına görə yaranmış 270 manat borcun, Cavabdeh9 kommunal xidmət haqqına görə yaranmış 330 manat borcun, Cavabdeh8 kommunal xidmət haqqına görə yaranmış 300 manat borcun, Nuriyev Ziyəddin Qara oğlundan kommunal xidmət haqqına görə yaranmış 1568 manat borcun, Cavabdeh1 kommunal xidmət haqqına görə yaranmış 595 manat borcun, Cavabdeh2 kommunal xidmət haqqına görə yaranmış 1260 manat borcun, Cavabdeh6 kommunal xidmət haqqına görə yaranmış 256 manat borcun, Cavabdeh3 288 manat borcun, Şamiyev Rəşid Əli oğlundan kommunal xidmət haqqına görə yaranmış 288 manat borcun, Cavabdeh5 kommunal xidmət haqqına görə yaranmış 1085 manat borcun, Cavabdeh4 Şakir oğlundan 270 manat borcun, ümumilikdə 7828 manat məbləğində borcun tutulması ilə əlaqədar tərəflərindən ödənilmiş 98 manat rüsumu və vəkil xərci üçün ödənilmiş 350 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MTK-ya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6326/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh7, Cavabdeh12, Cavabdeh11, Cavabdeh9, Cavabdeh8, X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Şamiyev Rəşid Əli oğlu, Cavabdeh5 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Pərvin İmamverdiyeva). İddiaçı MTK Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6326/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadının 2-ci səhifəsində 3-cü bəndində qeyd etmişdir ki, məhkəmənin ilk qənaəti iddiada bir neçə cavabdehə qarşı bir– biri ilə əlaqəli olmayan bir neçə tələbin birləşdirilməsindən ibarət olmuşdur. Məhkəmənin məsələyə bu cür yanaşması doğrudan təəccüb doğurur. Yəni qanunvericiliyin düzgün tətbiq edilməməsi bir tərəfə, bu tələbin bir-biri ilə əlaqədar olmamasına dair yanaşmanın özü kökündən yanlışdır. Belə ki, iddia ərizəsindən məlum olduğu kimi iddiaçı MTK-dır. Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında bir neçə bina inşa etmişdir. İddianın predmeti bu binaların idarəedilməsi ilə əlaqədar kommunal xidmət haqqıların ödənilməməsindən yaranan pul tələbidir. İddianın obyekti hər bir mənzil sahibinə münasibətdə ödənilməmiş xidmət haqqının məbləğləridir. Bu xidmət haqqı binanın ümumi sahələrindən – liftdən, elektrik transformatorundan, su çənlərindən istifadədə, habelə məişət tullantılarının daşınması, həyətin və blokun işıqlandırılması, süpürülərək təmizlənməsi ilə əlaqədar yaranan xərclərdir. Bütün bu sadalananlar Mənzil Məcəlləsində də göstərildiyi kimi ümumi istifadədə olan sahələrdir. Ümumi istifadə hüququ həm də öhdəlik yaradır. Hazırkı iddiada bütün cavabdehlərə qarşı yönəlmiş iddianın predmeti (ümumi sahələrdən istifadə ilə əlaqədar kommunal xərclərin ödənilməsi) eynidir. Bu baxımdan cavabdehlərə qarşı iddianın bir ərizədə verilməsi nə qanuni, nə də məhkəmə təcrübəsi baxımından heç bir uyğunsuzluq yaratmır. Bu səpkidə istənilən sayda məhkəmə təcrübəsinə rast gəlmək mümkündür. Heç bir MTK kommunal borcların alınması ilə bağlı bina sakinlərinə qarşı ayrı-ayrılıqda iddia qaldırmır. Məhkəmə isə 14 fərqli ünvanda qeydiyyatda olan cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan iddianın qaldırlmasının mümkün olmamasını qeyd etməklə, qanununvericiliyin maddələrini hazırkı iddiaya düzgün tətbiq etməmişdir. İddianın qaldırılmasının MPM-nin 149.3-cü maddəsi qeyd edir ki, “İddiaçı birbiri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır”. Hazırkı halda iddianın predmeti MTK tərəfindən satılmış mənzillərin yerləşdiyi binanın ümumi istifadə xərclərinin ödənilməsi ilə bağlıdır. Bundan da ciddi nə əlaqə ola bilər?! İddiaçı eyni, iddianın predmeti eyni, mahiyyət eynidir, yalnız cavabdehlər başqa şəxslərdir. İddiada cavabdehlərin mənzilin alqı-satqı borclarını tələb etmirik, onların binanın ümumi istifadə sahələrindən yaranan xərclərdə iştirakı üzrə borclarını tələb edirlər. Buna görə də hesab edirlər ki, məhkəmənin qənaəti yanlışdır və hüquqi müəyyənlik prinsipinə ziddir. Ali Məhkəmənin Plenumunun qərarının 2.1-ci bəndində qeyd edilir ki, “Məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilsin”. Həmin qərarın 2.2-ci bəndinə görə “Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir”. Həmin qərarın 6.2-ci bəndinə görə “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir”. Qeyd edilənlərə baxmayaraq məhkəmə qərardad çıxardarkən öz mövqeyinə düzgün hüquqi əsas verən qanunverilik normalarına istinad edə bilməmişdir. Məhkəmə gəldiyi qənaəti qanunun norması baxımından düzgün tövsif etməmiş və bu hüquqlarını pozan məhkəmə aktının çıxarılması ilə nəticələnmişdir. Eyni zamanda məhkəmə hazırda mövcud olan məhkəmə təcrübəsinə də əməl etməmişdir. Çünki, hazırda bu istiqamətdə onlarla Ali Məhkəmə qərarı var ki, məhz bir neçə iddiaçı bir neçə cavabdehə qarşı kommunal xidmət haqqı tələbi ilə iddia qaldırıb və icraata götürülərək baxılıb, verilən şikayətlər üzrə iş Ali Məhkəməyə kimi araşdırılıb. Həmin qərarları qeyd etməklə məhkəmənin diqqətinə çatdırır: Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-3576/2022 nömrəli qərarı(iddianın mahiyyəti 7-ci bənddə və 25-ci bənddə əks olunmuşdur). Ali Məhkəmənin bu qərarında qeyd edilmişdir ki, (25-ci bənd) Nərimanov Rayon Məhkəməsi bir cavabdehin (qarşılıqlı iddiaçının) bir neçə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehlərə) qarşı kommunal xidmət haqqıların tutulmasına dair tələbi icraata götürülərək məhkəmə tərəfindən baxılmış və qarşılıqlı iddia təmin edilmişdir (ilk iddia iddiaçı tərəfindən geri götürülmüşdür). Məhkəmə qənaətə gəlmişdir ki, (27-ci bənd) tərəflər arasında hətta kommunal xidmət müqaviləsinin bağlanmaması faktı müəyyən olunsa da, cavabehlərin qarşılıqlı iddiaçı ilə belə bir müqaviləni bağlamaq zəruriliyi qanunvericiliyin tələbindən irəli gəlir. Məhkəmə kommunal xidmət müqaviləsi olmadığına görə xidmət haqqı ödəməməli olmasına dair onların dəlillərini əsassız saymışdır. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilməmiş və kommunal xidmətlərin tutulmasına dair qətnamə qüvvədə saxlanılmışdır. Heç bir instansiya kommunal xidmət haqqının tutulmasına dair bir neçə cavabdehə qarşı verilmiş iddianın bir-biri ilə əlaqədar tələb olmaması səbəbindən qaytarılmalı olması qənaətinə gəlməmiş və işə mahiyyəti üzrə baxmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-1477/2022 nömrəli qərarı(iddianın mahiyyəti ikinci vərəqin a) bəndində qeyd edilmişdir). Həmin qərarın mətnindən də görünür ki, iddiaçı MTK bir neçə cavabdehə - binada yerləşən mənzil sahiblərinə qarşı iddia qaldıraraq, kommunal xərcləri tələb etmiş və iddia təmin edilmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)- 2430/2023 nömrəli qərarı. Bu qərar da yuxarıda qeyd etdikləri iki qərar kimi, çoxlu sayda cavabdehlərə qarşı aylıq xidmət haqqıların ödənilməsinə dair MTK-nın iddiasına mahiyyəti üzrə baxılması və qərarın çıxarılmasını əhatə edir. Yuxarıda qeyd edilən qərarlarla, verdikləri iddia tələbi mahiyyətcə eynidir. Qeyd edilən qərarlarda olduğu kimi iddiaları da bir neçə cavabdehə qarşı kommunal xərclərin tutulması tələbi ilə qaldırılmışdır. Lakin göründüyü kimi məhkəmə yanlış hüquqi nəticəyə gələrək, iddianı qaytarmışdır. Bütün bunlar hüquqi cəhətdən düzgün olmamaqla yanaşı, prosessual qənaət prinsipinə uyğun olmamışdır. Belə ki, AR Konstitusiya Məhkəməsinin bir neçə qərarında prosessual qənaət prinsipinə xüsusi önəm verilərək mahiyyətini açıqlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 iyun 2021-ci il tarixli qərarında ərazi aidiyyətinin müəyyən olunmasında başlıca məqsədlərdən birinin prosessual qənaət prinsipinin təmin olunmasından ibarət olduğu qeyd edilir. Həmin qərarda qeyd edilir ki, “Beləliklə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir”. Oxşar mövqe AR Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında öz əksini tapmışdır (xx.xx.2024-cü il, xx.xx.2023-cü il və s). Odur ki, hesab edir ki, məhkəmənin qənaəti qanunsuz və əsassızdır, buna görə də iddianın qaytarılması barədə qərardad ləğv edilməli və iş icraata qəbul edilib mahiyyəti üzrə baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6326/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6326/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qərardadından İddiaçı MTK-nın xx.xx.2025-ci il tarixdə verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Pərvin İmamverdiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi öz qərardadını aşağıdakı kimi əsaslandırmışdır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab etmişdir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılmalıdır. Hazırkı halda iddiaçı iddia ərizəsində ayrı-ayrı ünvanlarda qeydiyyatda olan 14 fərqli cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MTK müxtəlif cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddiaçının iddia tələbləri bir-biri ilə əlaqəsi olmayan müstəqil tələblərdir, bu səbəbdən iddiaçı cavabdehlərin hər birinə qarşı ayrı-ayrılıqda iddia ərizəsi ilə aidiyyəti məhkəmələrə müraciət etməlidir. Belə ki, iddiaçı müxtəlif mənzillərlə bağlı, müxtəlif vaxtlarda, müxtəlif şərtlərlə xidmət müqavilələri bağlamış, cavabdehlərin həmin müqavilələr üzrə kommunal borcları həyata keçirmədiyini – hüquqlarının fərqli cavabdehlər tərəfindən fərqli vaxtlarda pozulduğunu iddia edir. Belə olan halda isə predmetin – iddiaçının barəsində qərar qəbul edilməsini istədiyi subyektiv hüququnun eyni xarakterli olması bu tələblərin bir icraatda birləşdirilməsinə əsas vermir. Məhkəmə şikayətdə qeyd olunan hallara münasibətdə qeyd etmişdir ki, iddiaçı MPM-in 149.3-cü maddəsinə istinad edərək tələblərin bir-biri ilə bağlı olduğunu iddia edir. Lakin prosessual hüquqda tələblərin “əlaqəli” olması onların sadəcə eyni xarakterli (məsələn borc tələbi) olmasından daha dərin hüquqi bağlılığı nəzərdə tutur. Tələblərin birgə baxılması üçün onların sübutetmə predmetləri arasında elə bir qarşılıqlı əlaqə olmalıdır ki, bir cavabdehə dair faktların müəyyən edilməsi digər cavabdehə dair işin hallarına təsir etsin. Hazırkı işdə isə bu cür bağlılıq mövcud deyil. İddiaçının 14 cavabdehin hər biri ilə ayrı-ayrılıqda hüquqi münasibəti mövcuddur. Hər bir borc fərqli mənzilə, fərqli dövrə aiddir. Bir cavabdehin (məsələn Cavabdeh7) borcunun olubolmaması, məbləği və yaranma səbəbi digər cavabdehin (məsələn Cavabdeh12) borcuna heç bir təsir göstərmir. Məhkəmə hər bir cavabdeh üçün fərdi qaydada borcun yaranma dövrünü, məbləğin doğruluğunu və mümkün etirazları (məsələn ödəmə qəbzi, xidmətin göstərilməməsi və s.) araşdırmalıdır. İddiaçının hüququ hər bir cavabdeh tərəfindən fərqli zamanlarda və fərqli şəraitdə pozulmuşdur. Bu, vahid pozuntu deyil, 14 müstəqil hüquq pozuntusudur. Bu səbəbdən tələblərin predmeti ümumi başlıq altında (kommunal borclar) birləşsə də, hüquqi mahiyyətinə və sübutetmə bazasına görə bir-biri ilə əlaqəli deyildir. Prosessual qənaət prinsipinə gəldikdə məhkəmə eyni zamanda 14 fərqli sübutetmə prosesini idarə etməli, hər bir cavabdehin fərdi müdafiə arqumentlərini araşdırmalıdır. Hər hansı bir cavabdehlə yaranan problem (məsələn əlavə sübutların toplanması zərurəti) digər 13 cavabdehə qarşı tələblər üzrə prosesin əsassız olaraq uzanmasına səbəb olacaqdır. Belə ki, hər bir cavabdehin öz işinə fərdi qaydada, digər şəxslərin işindən asılı olmadan baxılması hüququ vardır. Hazırkı halda isə həmin şəxslərin bir icraatda cəlb olunması bu hüququ pozur. İddiaçının hüquqları cavabdehlərlə arasında müxtəlif vaxtlarda və müxtəlif şərtlərlə bağlanmış xidmət müqavilələrinə görə pozulmuşdur. İddiaçı hər bir cavabdehə münasibətdə ayrıca icraatda müvafiq məbləğlərdə rüsum ödəməklə aidiyyəti məhkəmələrə müraciət etməli olduğu halda, hüquqdan sui-istifadə edərək predmetin eyni olmasını əsas gətirmiş, bir neçə cavabdehə qarşı tələbini bir icraatda birləşdirmişdir. Bu, prosessual normalardan təyinatına zidd olaraq maddi qənaət məqsədilə istifadə edilmədir ki, məhkəmə tərəfindən dəstəklənə bilməz. Bundan başqa tələblərin bir icraatda birləşdirilməsi nəinki məhkəmə baxışı, həmçinin məhkəmə qərarının sonrakı mərhələlərində də ciddi problem yaradacaqdır. Məsələn, iddianın təmin edilməsi halında vahid qətnamədən cavabdehlərin yalnız biri apellyasiya şikayəti verəcəyi təqdirdə özünə münasibətdə ayrılıqda iddia qaldırılardısa daha az məbləğdə rüsumun 50%-ni ödəyəcəyi halda, hazırkı ümumi iddia tələbi üzrə rüsum ödəmək məcburiyyətində qalacaq. Həmçinin, bu hal nəinki cavabdehin hüquqlarını pozacaq, həmçinin qərardan narazı olmayan digər cavabdehlər prosesin növbəti instansiyalarda bitməsini gözləyəcək və qətnamənin bütövlükdə qanuni qüvvəyə minməsi dayanacaq. Həmçinin, qətnamə əsasında verilmiş icra sənədinin icra mərhələsi mürəkkəbləşəcək. Cavabdehlərin əksəriyyəti borcunu tam şəkildə ödədikdə belə icranı həyata keçirməyən bir və ya bir neçə borcluya görə icra sənədi illərlə açıq qala bilər. Bu, həm icranı tam şəkildə həyata keçirən digər borcluların hüququnu poza, həm də icra prosesinin səmərəsizliyinə gətirib çıxara bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi borc məbləğləri müxtəlif olan cavabdehlərə qarşı qaldırılmış iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6326/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1422/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1422/2025
16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver