Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1428/2024 23.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kommunal xidmət haqqı borcun tutulması, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(060)-2207/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər kommunal xidmətlərə görə hər kv.m üçün 0,25 manat hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.
2. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər kommunal xidmətlərə görə hər kv.m üçün 0,25 manat hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər. Sözügedən müqavilələrdə tərəfklərin öhdəlikləri (hüquq və vəzifələri) sadalanmışdır.
3. Yuxarıda göstərilən 14 mərtəbəli 2 bloklu yaşayış binasında təmir işlərinin aparılması, binada sərnişin və yük liftlərinin rahat istifadə edilməsi, binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılması, binanın ətrafında, blokun girişində, mərtəbələrdə və pilləkən meydançalarında təmizlik işlərinin görülməsi, su nasosların, liftlərin, binanın və mərtəbələrin işıqlanmasında istifadə olunan elektrin enerjisinin haqqını banka və ya MTKya ödənilməsi, binaətrafı ərazinin təmiz saxlanmasını təmin etmək, bina təhlükəsizliyinin nəzarət edilməsi, Kommunal Departmentlə müqavilə əsasında məişət, tikinti tullantılarının xaric edilməsini təmin etmək, lift idarəsi ilə xidmət müqaviləsi bağlamaq, nasosların liftlərin və mərkəzi kommunal xətlərin işlək vəziyyətdə saxlanılması kimi öhdəlikləri öz üzərinə götürmüşdür.
4. Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 77 nömrəli sorğudan görünür ki, xx.xx.2020-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 230-da yerləşən 29 saylı mənzilin və xx.xx.2023-cü ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi ev 230-da yerləşən 34 saylı mənzilin sahibi Cavabdeh arasında Kooperativ binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilələr imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 100 saylı müqavilə ilə bağlı əmlak tələbinə dair mülki iş üzrə məhkəmə işi ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər və Vəkillik Fəaliyyəti haqqında Qanunun 15-ci maddəsinə əsasən yuxarıda qeyd edilən ünvanlardakı Cavabdeh məxsus mənzillərin hər birinin hansı ölçülərdə olması (neçə kvadrat metr təşkil etməsi) barədə arayış verilməsini, həmin mənzillərə dair çıxarışların təsdiq edilmiş surətlərinin onlara verilməsinə sərəncam verilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 21 fevral 2024-cü il tarixli, 3- 21-3-31/2-635/2024 nömrəli sorğuya cavabdan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi ev 230-da yerləşən, ümumi sahəsi 85.4 kv.m, yaşayış sahəsi 46.3 kv.m, köməkçi sahəsi 39.1 kv.m olmaqla iki otaqdan ibarət olan 29 nömrəli mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 46.5 kv.m, yaşayış sahəsi 20.6 kv.m, köməkçi sahəsi 25.9 kv.m olmaqla bir otaqdan ibarət olan 34 nömrəli mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. xx.xx.2024-cü il tarixli, 6326 nömrəli qəbzdən görünür ki, Vəkil ünvan reyestri məlumat bazasından arayışların verilməsi xidmətindən istifadə etdiyi üçün 11 manat pul vəsaiti mədaxil etmiş, həmin məbləğin 1 manatı komissiya haqqı kimi tutulmuş, 10 manat isə ödənilmişdir.
7. 34 A nömrəli mənzilə aid olan kommunal ödənişlərə aid qəbzlərdən görünür ki, 58, 50, 36, 46, 12, 11, 12 manat məbləğlərində ödənişlər edilmişdir.
8. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 2 aprel 2024-cü il tarixli, 44 nömrəli hesab fakturadan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230-da yerləşən 34 saylı mənzilin sahibi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Kooperativ binada mənzil Kommunal Xidmətləri haqqında müqaviləyə əsasən 2021-ci ilin yanvar ayı – 2023-cü ilin noyabr ayı dövrləri üçün kommunal ödənişlərin hesabatına əsasən yekun olaraq 341.62 manat ödənilməsi nəzərdə tutulmuşdur. 22. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 2 aprel 2024-cü il tarixli, 45 nömrəli hesab fakturadan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230-da yerləşən 29 saylı mənzilin sahibi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Kooperativ binada mənzil Kommunal Xidmətləri haqqında müqaviləyə əsasən 2023cü ilin fevral ayı – 2023-cü ilin noyabr ayı dövrləri üçün kommunal ödənişlərin hesabatına əsasən yekun olaraq 224.17 manat ödənilməsi nəzərdə tutulmuşdur.
9. İş materiallarında video-disk mövcuddur. Həmin fotoşəkillərdən və video-diskdən də müəyyən olunur ki, binanın müəyyən hissəsi təmirsiz və baxımsız vəziyyətdədir.
10. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 1 nömrəli əmrindən görünür ki, X2 06 avqust 2007-ci il tarixindən Şərq Mənzil Tikinti Kooperativinə direktor vəzifəsinə təyin edilmiş, işçi ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 6, mənzil 34, yeni qaydalarla: AZ 5001, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi müllkiyyət hüququ əsasında Cavabdeh adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir.
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 6, mənzil 29, yeni qaydalarla: AZ 5001, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi müllkiyyət hüququ əsasında Cavabdeh adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir.
13. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Sumqayıt şəhər Təmizlik Departamenti” MMC ilə "xxxx" MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, D/056 saylı müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən “icraçı” “sifarişçi”nin müəyyən edilmiş ünvanında yığılmış bərk məişət tullantılarının xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə daşınmasını və Sumqayıt ümumşəhər tullantıları poliqonunda zərərsizləşdirməyə təhvil verilməsini, “sifarişçi” isə “icraçı”nın daşınma ilə əlaqədar işləməsi üçün müvafiq şəraitin yaradılmasını, müəssisənin tullantı qutuları ilə təmin edilməsini və görülən işlərin xidmət haqqının vaxtında ödənilməsini təmin edir.
14. “Sumqayıt Şəhər Təmizlik Departmenti” MMC tərəfindən verilmiş məişət tullantılarının daşınması üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, "xxxx" MTK tərəfindən 2023cü ilin dekabr – 2024-cü ilin aprel ayını nəzərdə tutan dövr üçün hər ay 250 manat məbləğində pul ödənilmişdir.
15. "xxxx" MTK-nın Cavabdeh ünvanladığı 37 və 38 nömrəli xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia əriəsi, sonradan isə tələbinin artırılması ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi ev 230-da yerləşən 29 saylı və 34 saylı mənzillərinə görə kommunal borca görə əsas borc 703,71 manat (yeddi yüz üç manat yetmiş bir qəpik) pulun və hər iki mənzillərə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 35,18 manat (otuz beş manat on səkkiz qəpik) pulun, vəkil haqqı üçün ödənilmiş 80,20 manat (səksən manat iyirmi qəpik) pulun, Cavabdeh ünvanına poçtla göndərilmiş xəbərdarlıq məktubu üçün ödənilmiş xidmət haqqı 1.80 manat (bir manat səksən qəpik) pulun, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 fevral 2024-cü il tarixli 3-21-3-31/2-635/2024 saylı məktubunun alınması üçün ödənilmiş 11 (on bir) manat pulun, dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat pulun, cəmi 862,89 manat (səkkiz yüz altmış iki manat səksən doqquz qəpik) pulun Cavabdeh tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə "xxxx" MTK ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov (indiki Sahib Qarayev) küçəsi, ev 230-da yerləşən 34 saylı mənzilin və xx.xx.2023-cü ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230-da yerləşən 29 saylı mənzilin sahibi Cavabdeh arasında Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilələr imzalanmışdır. Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilələrin 1-ci fəslinə görə "xxxx" Mənzil Tikinti Kooperativinin yaşayış binasının sakinlərinin mənzil kommunal xidmətləri ilə təmin edilməsi üçün mənzilin 1 kv.metr üçün 0,25 olması göstərilmişdir. Tərəflər arasında olan razılığa əsasən aylıq kommunal haqqı 29 saylı mənzil üçün 21 manat, 34 saylı mənzil üçün 11,50 manat təşkil edir. "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlər qarşılığında Cavabdeh 29 saylı mənzilə görə 10 ay üçün 210 manat, 34 saylı mənzilə görə 29 ay üçün 333,50 manat, cəmi 543,50 manat pul məbləğində ödənişlər etməmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən hər ay vaxtında ödənilməyən kommunal ödənişə görə əlavə 5 % məbləğ ödənilməsi nəzərdə tutulmuşdur. Borc məbləğinin ödənilməsi ilə əlaqədar Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, həmin məktubda borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin Cavabdeh xəbərdarlıq məktubuna cavab olaraq müxtəlif və əsassız bəhanələr gətirərək borcunun ödənməyəcəyini bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
18. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, qeyd etmişdir ki, Kooperativ Mənzil Tikintisi haqqında müqavilənin V bölməsinin 5.1-ci bəndində qeyd olunmuşdur ki, “Tərəflərdən biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək hüququ var”. İddiaçı-nın müvəqqəti sahibi Abbasov Z. kommunal xidmət haqqlarını yığır, öz üzərinə düşən öhdəlikləri isə yerinə yetirmir. Yığılan pulun 20-30 faizini binanın kommunal xidmətlərinə sərf edir. O və iddiaçının iddia qaldırdığı digər sakinlər 8-9 ildir ki, kommunal xidmət haqqlarını vaxtlı-vaxtında ödəmişlər. Lakin son 1-2 ildə binanın 10 il bundan əvvəl köçən vaxtdan daha pis vəziyyətə düşdüyündən və MTK rəhbərliyi lazımı tədbirlər görmədiyindən ödənişləri dayandırmışlar. Halbuki müqavilədə göstərilən mütəmadi görülməli işlər MTK-nın öhdəlikləridir.
19. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(060)-2207/2024 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbi təmin edilməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olunudu ki, cavabdehin mübahisəli ünvanda yerləşən mənzilərə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal xidmət haqqında onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətdə iştirak etməmiş, bu səbəbdən onun "xxxx" MTKya ödənilməmiş borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış “kooperativ binada mənzil kommunal xidmətləri barədə” iki ədəd müqaviləyə əsasən müəyyən edilir ki, "xxxx" MTK-nin öhdəlikləri sadalanmışdır. 14 mərtəbəli 2 bloklu yaşayış binasında təmir işlərinin aparılması, binada sərnişin və yük liftlərinin rahat istifadə edilməsi, binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılması, binanın ətrafında, blokun girişində, mərtəbələrdə və pilləkən meydançalarında təmizlik işlərinin görülməsi, su nasosların, liftlərin, binanın və mərtəbələrin işıqlanmasında istifadə olunan elektrin enerjisinin haqqını banka və ya MTKya ödənilməsi, bina ətrafı ərazinin təmiz saxlanmasını təmin etmək, bina təhlükəsizliyinin nəzarət edilməsi, Kommunal Departmentlə müqavilə əsasında məişət, tikinti tullantılarının xaric edilməsini təmin etmək, lift idarəsi ilə xidmət müqaviləsi bağlamaq, nasosların liftlərin və mərkəzi kommunal xətlərin işlək vəziyyətdə saxlanılması kimi öhdəlikləri öz üzərinə götürmüşdür. Həmçinin şahid ifadələrindən məlum oldu ki, "xxxx" MTK öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün (hesabat verilməməsi, liftin xarab olması, insanların liftdə qalması, oğurluq hadisələrinin olması, binanın təmizliyini sakinlərin özü etməsi, suyun təmizlənməsini etməməsi səbəbləri və.s) bəzi sakinlərlə birlikdə cavabdeh də daxil olmaqla kommunal ödənişlər icra edilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh müəyyən zaman dilimində kommunal xərclərə dair ödənişləri icra etmişdir. Lakin "xxxx" MTK-nin öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh də etiraz əlaməti olaraq kommunal ödənişləri etməkdən imtina etmişdir. Belə ki, müəyyən edilmişdir ki, cavabdehin özünün də məhkəmə iclalarında bildirdiyi kimi, səkkiz il müddətində kommunal ödənişlərə aid məbləğləri ödəmiş, lakin son iki ildə ödəməmişdir. Məhkəmə qeyd edib ki, cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən və şahid ifadəsindən iddiaçının öz öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilmiş, yəni cavabdehin təqdim etdiyi foto şəkillər və digər mülahizələrlə bağlı iddiaçının nümayəndəsi cavabdehin etirazının əsasının təqzibi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hallara əsasən iddiaçının iddia tələbinin əsası işin araşdırılan hallarına əsasən öz təsdiqini tapmamışdır. Yekunda məhkəmə hesab edib ki, "xxxx" MTKnin ünvan 6 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyini öz üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi faktı təsdiq edildiyindən, MTK-nın cavabdehdən kommunal borclarının tutulmasına dair tələbinin də hər hansı bir hüquqi əsası olmadığından iddia tələbi təmin edilməməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 6.0.10, 6.0.11, 29.3, 45.5, 109.1, 109.2, 110.4, 125.1, 125.2, 125.2.3, 135.1, 135.2, 137.1, 137.4, 137.6, 137.9, 141.2-ci maddələri, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 390.2, 425.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda tərtib edilmiş və göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə çıxardığına görə qətnamə ləğv edilməli və iddia ərizəsinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, tərəflər arasında uyğun olaraq xx.xx.2020-ci ildə və xx.xx.2023-cü ildə bağlanmış Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilələrə əsasən MTK üzərinə düşən bütün öhdəlikləri yerinə yetirilmiş və yetirməyə davam edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli D/056 saylı sənəddən görünür ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsəsrrüfatı İstehsalat Birliyi “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında məişət tullantılarının, karton məmulatlarının daşınmasını öz öhdəsinə götürür. Bunun üçün hər ay icraçıya 250 manat pulun ödənilməsi sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmuşdur. Yəni, hər ay 250 manat məbləğində pul məişət tullantılarının, karton məmulatlarının daşınması üçün MTK tərəfindən ödənilir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, hər bir bina sakininin mənzilinin üstündə və ya yanında işıqlandırma sistemi mövcuddur. Binanın həyətində quraşdırılmış işıqlandırmaya görə xərclər sakinlərin vaxtında kommunal pulu ödəyib ödəməməsindən asılı olmayaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilir. Yenə fotoşəkillərdən göründüyü kimi binalarda iki lift, sərnişin və yük qaldırma liftləri fəaliyyət göstərir. Sərnişinlər liftlərin biri məşğul olduqda belə digərindən istifadə edə bilir. Liftlərin saz vəziyyətdə olması üçün baxımı əməkdaşlar tərəfindən aparılır. Yaşayış binasında liftlərin daimi fəaliyyət göstərməsi, su nasosunun çalışması, işıqlandırma sisteminin işləməsi üçün hər ay böyük miqdarda enerji sərf olunur. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, 2 dəfə 112 manat, 927 manat, 558 manat məbləğlərində ödəmə barədə xəbərdarlıq qəbzləri daxil olmuş, hər ay işıq enerjisi ilə bağlı yığılan pullar mütəmadi olaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilmiş və ödənilməkdədir. Lakin işə baxan məhkəmə bu sübutları nəzərə almamışdır. Fotoşəkildən göründüyü kimi bina sakinlərinin velosipedlərinin təhlükəsiz saxlanması üçün ayrıca saxlanc yeri kimi anbar mövcuddur. Bina sakinlərinin əlavə su ehtiyatlarını təmin etmək üçün su çəni mövcuddur. Su axarının zəif olduğu hallarda su nasosları işləyir. Avtomobillərin təhlükəsiz saxlanması üçün böyük sahəni əhatə edən yeraltı qaraj mövcuddur. Binaların sakinləri bina qarşısında da avtomobillərini park edirlər. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikilmiş evlərə canlı baxış keçirməklə bütün kommunal xidmətlərin necə həyata keçirildiyini görmək olar. İşə baxan məhkəmə yuxarıda qeyd edilən faktların yoxlanması üçün hadisə yerinə baxış keçirmək barədə qərar çıxarsa da, öz qərarına riayət etməmişdir. Cavabdeh məhkəmədə təmizlik üzrə xidmətçilərinin olduğunu bildirmiş, lakin yaşayış sahəsinin guya kifayət qədər təmiz olmamasını qeyd etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi qara rəngli şəkillərin nə vaxt, harada çəkildiyi bilinmir və bunlar həqiqəti əks etdirmir. Məhkəmə göstərilən hallara xüsusi diqqət yetirməmiş, iş üzrə lazımı qaydada araşdırma aparmamış nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, işə baxan məhkəmə əsaslı iddia tələbini rədd etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Mübahisələndirilən ünvanda cavabdehə məxsus 2 mənzil (34 və 29 saylı mənzillər vardır). Hər iki mənzillə bağlı cavabdehlə kommunal xidmətlər haqqında müqavilə bağlanmışdır və həmin müqavilələrdə şərtlər nəzərdə tutulmuşdur. Artıq uzun müddətdir ki, göstərilən kommunal xidmətlərlə bağlı cavabdeh tərəfindən ödənişlər edilmir. Məhkəmə iddia tələbini rədd edərkən əsassız olaraq göstərmişdir ki, guya MTK üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu mövqe tamamilə əsassızdır. Belə ki, xidmətçilər həftənin müəyyən günləri təmizlik işləri aparırlar. Məişət tullantılarının daşınması ilə bağlı cavabdeh tərəfindən ödənişin edilibedilməməsindən asılı olmayaraq, MTK tərəfindən təmizlik idarəsinə hər ay 250 manat məbləğində pul ödənilir. Eyni zamanda yaşayış binasında işıqlandırma sistemi mövcuddur, lift xidmətləri göstərilir. Məhkəmə bu halları nəzərə almamış, qanunsuz qətnamə qəbul etmişdir. Bu səbəbdən nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(060)-2207/2024 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi kimi apellyasiya şikayəti də əsassızdır. Belə ki, 2013-cü ildə mübahisəli ünvanda 1 otaqlı mənzil almışdır. 9 il ərzində ildə 2 dəfə - yanvar və iyul aylarında 6 aylıq kommunal xidmətlərə görə ödənişləri icra etmişdir. Lakin sonradan binada müqavilədə göstərilən işlərin yerinə yetirilmədiyini görüb ödəniş etməyi dayandırmışdır. MTK müqavilə üzrə öhdəliklərini icra etmir. Belə ki, bloklar və pilləkənlər tam işıqlandırılmır. Eyni zamanda generatorun olması nəzərdə tutulsa da, generator yoxdur, işıq söndükdə lift işləmir, su gəlmir. Bundan başqa su hövzələri ildə bir dəfə təmizlənməli, izolyasiya olunmalıdır, amma təmizlənmir, izolyasiya olunmur. Binanın yalnız 1-ci mərtəbəsi xadimələr tərəfindən təmizlənir, qalan mərtəbələri isə sakinlər təmizləyir. Müqavilədə nəzərdə tutulmasına baxmayaraq, uşaq əyləncə meydançası və asudə vaxt keçirmək üçün söhbətgahlar da yoxdur. Sakinlər özləri üçün 2 dəfə söhbətgahlar tikmişlər, amma MTK-nın rəhbərliyi həmin söhbətgahları sökdürmüşdür. MTK tərəfindən lift, qaldırıcı qurğu ilə bağlı görülən tədbirlər isə məhz sakinlərin müvafiq şikayətlərindən sonra icra edilmişdir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun.
28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2, 135.2.3 və 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi: mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.2, 136.2.1 və 136.2.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.
29. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(060)-2207/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
34. Tələb tərəflər arasında bağlanmış “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən ödənilməmiş kommunal xidmət haqqının tələb edilməsi barədədir.
35. Qeyd edilməlidir ki, hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
36. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
38. Araşdırılan işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli “Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında” müqavilə bağlanmış və müvafiq olaraq tərəflər öz üzərinə öhdəlik götürmüşlər. Müqavilə şərtlərinə görə MTK binada kommunal xidmətlərin - yaşayış binasında təmir işlərinin aparılmasını, binada sərnişin və yük liftlərinin rahat istifadə edilməsini, binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılmasını, binanın ətrafında, blokun girişində, mərtəbələrdə və pilləkən meydançalarında təmizlik işlərinin görülməsini, su nasoslarının, liftlərin, binanın və mərtəbələrin işıqlanmasında istifadə olunan elektrin enerjisinin haqqını banka və ya MTK-ya ödənilməsini, bina ətrafı ərazinin təmiz saxlanmasını təmin etmək, bina təhlükəsizliyinin nəzarət edilməsi, Kommunal Departmentlə müqavilə əsasında məişət, tikinti tullantılarının xaric edilməsini təmin etmək, lift idarəsi ilə xidmət müqaviləsi bağlamaq, nasosların liftlərin və mərkəzi kommunal xətlərin işlək vəziyyətdə saxlanılmasını və s. təşkilini həyata keçirməyi, cavabdeh isə öz növbəsində şərtləşdirilmiş pul məbləğini, konkret halda hər kv.m. üçün 0,25 manat ödəməyi öhdəsinə götürmüşdür.
39. Araşdırılan işin faktiki hallarından həmçinin müəyyən edilir ki, cavabdeh mülkiyyətində olan mənzillərə dair uzun müddət yuxarıda istinad olunan müqaviləyə əsasən kommunal ödənişləri icra etsə də, sonradan göstərilən xidmətlərdən narazı qaldığını əsas gətirərək, son iki ildə həmin ödənişləri icra etməmişdir.
40. Cavabdeh etirazının əsasını onunla əsaslandırmağa çalışmışdır ki, tərəfindən əvvəllər müqavilə üzrə kommunal ödənişlərin icra edilməsinə baxmayaraq, MTK bağlanmış müqavilənin şərtlərindən irəli gələn öhdəlikləri tam icra etməmişdir.
41. İddiaçı tərəf isə cavabdehin qeyd etdiyi arqumentlərlə razılaşmayaraq bildirir ki, əksinə binada kommunal xidmətlərin təşkili lazımi şəkildə qurulmuş, sadəcə bir qrup şəxs kommunal xidmətləri ödəmədiyindən müəyyən işlərin həyata keçirilməsində problemlər yaranmışdır.
42. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
43. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürməmiş, səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir.
44. Belə ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında “xidmət müqaviləsinin” bağlanması, tərəflərin qarşılıqlı öhdəlik götürməsi və sonda həmin müqavilənin qüvvədə olması işin mübahisəsiz halıdır. Lakin şifahi araşdırma zamanı hər bir tərəf öz mənafeyindən çıxış edərək, özünün haqlı olmasını bəyan edir.
45. Qeyd olunan mübahisənin yerində yoxlanılması məqsədilə kollegiya tərəfindən xx.xx.2024-cü il tarixdə tərəflərin, o cümlədən də binanın bir çox sakinlərinin iştirakı ilə yerli baxış keçirilmişdir.
46. Keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli binanın liftləri işlək vəziyyətdədir, hər mərtəbədə bir neçə sensor tipli işıqlar quraşdırılmaqla elektriklə təhciz olunmuşdur, su nasosları işlək vəziyyətdə olmaqla bina su ilə təmin edilirdi.
47. Bununla belə, baxış zamanı həmçinin müəyyən edilmişdir ki, binanın bir mərtəbəsindən digər mərtəbəsinə keçid hissəsində (qəza çıxışının balkonunda) elektrik xətti olsa da, işıq lampaları quraşdırılmamış, mərtəbə və pilləkənlər nisbətən təmiz, mərtəbələrarası qapılar, onları şüşəsi toz basmış haldadır.
48. Beləliklə, kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı MTK kommunal xidmətlərin təşkilini qismən, həyati əhəmiyyətli hissəsini həyata keçirsə də, müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, xidmətin fəaliyyətində çatışmazlıqlar müşahidə olunmaqdadır.
49. Bununla belə müəyyən edildi ki, cavabdeh binanın bir çox xidmətlərindən yararlansa da, müəyyən olunmuş xidmət haqqını ümumiyyətlə ödəməmiş, əsas kimi də kommunal xidmətlərin təşkilinin düzgün olmamasını göstərmişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi, yerli baxış zamanı bir çox xidmətlərin, xüsusən də gündəlik tələbat xidmətlərinin göstərildiyi müəyyən edilmişdir.
50. Belə olan halda kollegiyanın qənaətinə görə cavabdehin ümumiyyətlə xidmət haqqını tam ödəməkdən yayınması çoxmənzilli binada yaşayan digər mənzil mülkiyyətçilərinin hüquqlarını pozulması ilə nəticələnə bilər. Belə ki, binanın saxlanması üçün zəruri olan xərclər mənzil mülkiyyətçiləri arasında paylarına mütənasib bölünməlidir. Hər kəs üzərinə düşən xərci ödəməlidir. Bina idarəedicisi istəsə belə, sakinlərə fərqli tariflər müəyyən edə bilməz. Bu ölkə qanunvericiliyinin təməl prinsiplərindən olan bərabəlik prinsipinə (hüququna) ziddir. Cavabdeh isə öz payına düşən xərci iki ilə yaxın vaxtda tam ödəməməklə və sonsuza qədər davam etdirmək niyyəti ilə digər mülkiyyətçilərin hüquqlarını pozur.
51. Göstərilən kontekstdən yanaşan kollegiya qeyd edir ki, cavabdehdən kommunal xidmət haqlarının tutulması üçün əsasların olması Mənzil Məcəlləsinin normalarında dəqiq və konkret göstərilmişdir. Belə ki, iddiaçının faktiki idarəedici təşkilatı kimi (MM.m.137.6) hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur.
52. Tərəflər arasında müqavilənin qüvvədə olması və MTK tərəfindən xidmətlərin bir hissəsinin həyata keçirildiyi halda iddianın tamamilə rədd edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
53. Bu baxımdan kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, sözügedən binada iddiaçı MTK tərəfindən müqavilədən nəzərdə tutulmuş bir çox xidmətlər təşkil olunduğundan (xüsusən də həyati əhəmiyyətli xidmətlər) və cavabdeh bu müddət ərzində həmin xidmətlərdən istifadə etməklə yararlandığından, ən azından həmin xidmətlərin haqqını, yəni müəyyən olunmuş xidmət haqqının yarısını ödəməyə borcludur. Əks halda bu yuxarıda qeyd olunduğu kimi digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə yanaşı, həm də xidmətin gələcək işinin təşkilinin təmin olunmasına və əlavə suiistifadələrin artmasına şərait yarada bilər.
54. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin istinad etdiyi maddələr fərqli dispozisiyaya malik olmaqla, məzmunu işin sadalanan faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə tamamilə ləğv edilərək, iddia qismən, yəni kommunal xidmət haqqının yarısı həcmdə təmin edilməli, digər hissələr üzrə mötəbər sübutlar təqdim edilmədiyindən tələb həmin hissələrdə təmin edilməməlidir.
55. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisənin məhz göstərilən formada həlli tərəflərə münasibətdə balanslaşdırılmış mövqe olmaqla, eyni zamanda ədalətli və əsaslı nəticə kimi qiymətləndirilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(060)-2207/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 351.85 manat (üç yüz əlli bir manat 85 qəpik) kommunal xidmət haqqı və 11 manat ödənilmiş dövlət rüsumu alınaraq Şərq” Mənzil Tikinti Kooperativinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.