Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1428/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28.*8.2*25-ci il tarixli, 2(*6*)-5*71/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 23.*9.2*22-ci il tarixli əmək müqaviləsindən görünür ki, Sumqayıt şəhəri H.Aslanov adına 22 nömrəli tam orta məktəb ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşçinin vəzifəsi: gözətçi.
2. 23.*6.2*25-ci il tarixli ittiham aktının surətindən görünür ki, İddiaçı qarşı Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə ittiham irəli sürülmüşdür.
3. Cavabdehin 11.*6.2*25-ci il tarixli 46 saylı əmrindən görünür ki, məktəblə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” və 72-ci maddəsinin “f” bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddianı onunla əsaslandırmışdır ki, 15.*9.2*1*-cu il tarixdən Cavabdeh gözətçi vəzifəsində çalışmışdır. 11.*6.2*25-ci il tarixədək bu məktəbdə işləmişdir. Orada işlədiyi dövrdə öz iş öhdəliklərini yerinə yetirməməyinə və ya vəzifədən sui-istifadə etməsinə dair heç bir şikayət və ya narazılıq olmamışdır. 11.*6.2*25-ci il tarixdə işlədiyi məktəbin 46 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” və 72-ci maddəsinin “f” bəndini rəhbər tutaraq onun əmək müqaviləsinə xitam verilmişdir. Orta məktəbin müdiriyyəti bilərəkdən onun barəsində əsassız olaraq şikayət etmiş və cinayət işi başladılmışdır. Lakin bu şikayət tamamilə əsassız və yalandır. O, cinayət tərkibi yaradacaq heç bir hərəkət elməmiş, onun təqsirli olması sübuta yetirilməmişdir. İşlədiyi dövrdə hər zaman işinə və kollektivə hörmətlə yanaşmış, vəzifəsini layiqincə yerinə yetirmişdir. Bu səbəblə də işdən çıxarılması barədə əmr əsassız və qanunsudur.
6. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Nümayəndə1 qeyd etmişdir ki, iddiaçı cinayət işi üzrə istintaqda təqsirləndirilən şəxs qismində cəlb edildikdən 1 gün sonra işdən azad olunmuşdur. Bu isə təqsirsizlik prezumpsiyasının pozulması mənasına gəlir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə iş yoldaşı arasında insident baş vermiş və işin ahəngi pozulmuşdur. Bu səbəbdən də iddiaçı işəgötürən tərəfindən işdən azad olunmuşdur. Bu barədə əmr qanunidir və ləğv edilməsinə zərurət yoxdur.
8. Sumqayıt Şəhər Məhkəməsinin 28.*8.2*25-ci il tarixli, 2(*6*)-5*71/2*25 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) İddiaçı cavabdeh Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 14.*5.2*25-ci il tarixdə İddiaçı iş vaxtı ərzində bilavasitə iş yerində iş yoldaşının qolundan sıxmaqla ona xəsarət yetirmiş, faktla bağlı cinayət işi başlanmışdır. Doğrudur, iddiaçının təqsirli olması barədə hazırda hər hansı məhkəmə hökmü mövcud deyildir. Bununla belə, təhsil müəssisəsində bu tip hərəkətlər oradakı tədris prosesinə, işin ahənginə, təhsil alan şagirdlərin əxlaq və psixologiyasına mənfi təsir göstərdiyindən, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuş pozuntunu törətmişdir. Beləliklə də, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə istinad edilməklə onun işdən azad olunması barədə əmri qanuni və əsaslı hesab olunmalıdır. 1*. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi, Əmək Məcəlləsinin 7, 7* və 72-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 15.*9.2*1*-cu ildən 11.*6.2*25-ci ilədək Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbində gözətçi işləmişdir. Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin 11.*6.2*25-ci il tarixli 46 saylı əmrindən görünür ki, İddiaçı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” və 72-ci maddəsinin “f” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində işçinin işdən azad edilməsi əsaslarından biri kimi iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əsası göstərilmişdir. Hazırki işdə inzibati xətadan deyil cinayət tərkibi olan əməldən söhbət gedə bilər. Belə ki, İddiaçı qarşı Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə ittiham irəli sürülmüşdür. O, təqsirləndirilən şəxs qismində cəlb olunduqdan bir gün sonra işdən azad edilmişdir. Halbuki, şəxsin təqsirləndirilən şəxs qismində işə cəlb olunması onun hər hansı bir cinayət törətməsi onun cinayətkar olması demək deyildir. Hər kəsin Konstitusiya ilə təminat verilən təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Göründüyü kimi, məhkəmənin qətnaməsi ilə həm də iddiaçının təqsirsizlik hüququ pozulmuşdur. Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Bu isə, o deməkdir ki, hazırki iş üzrə işəgötürən işçini barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan işdən azad edə bilməzdi, ən yaxşı halda, müəyyən müddətə işdən kənarlaşdıra bilərdi. Hesab edir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə istinad olunmaqla 7*-ci maddənin “ç” bəndi ilə işçinin işdən azad olunması o halda qanuni hesab oluna bilər ki, işçinin barəsində onun inzibati xətanın və ya cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı olsun. Əks halda, işçinin həmin maddə ilə işdən azad edilməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd olunan müddəa kifayət qədər açıq-aydın müddəadır və əgər şübhə doğurursa Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinin şərh olunması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etirazda qeyd olunmuşdur ki, apellyasiya şikayətinin əsas dəlili odur ki, məhkəmə hökmü olmadan iddiaçının işdən çıxarılması düzgün deyildir və təqsirsizlik prezumpsiyası hüququ pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində qeyd olunan iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsinin qeyd edilməsi özüözlüyündə təqsirsizlik prezumpsiyası ilə ziddiyyət təşkil etmir. Belə ki, iş vaxtı törədilən ictimai təhlükəli əməlin cinayət hüquqi və ya inzibati hüquqi baxımdan araşdırılıb və ya araşdırılmaması, inzibati xətalar və ya cinayət prosesində təqsirin sübuta yetirilib və ya yetirilməməsi əmək münasibətlərində mülki hüquqi təqsirin mövcudluğunu istisna etmir. Yəni mülki hüquq pozuntusu üçün də təqsir subyektiv cəhətin xarakterik əlamətini təşkil edir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində qeyd olunan “ictimai təhlükəli əməl” ifadəsinin işlədilməsi onun qanuni qüvvəyə minmiş məhkəmə hökmünü ehtiva etməməsinə dəlalət edir. Diqqətə alınmalıdır ki, iş yerində cinayət tərkibi olan ictimai təhlükəli əməli törətmiş şəxs barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, işəgötürən müvafiq əmək müqaviləsini ləğv etmə barədə əmrini səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edərsə uzun müddət davam edən inzibati və cinayət işlərinin yekunlaşmasının gözlənilməsi Əmək Məcəlləsində işəgötürən tərəfindən intizam tənbehinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətə əməl edilməsi mümkün olmayacaqdır. Bu əmək hüququnun mahiyyəti və təyinatına zidd olduğundan 72-ci maddəsinin “f” bəndində məhz “cinayət tərkibi olan ictimai təhlükəli əməl” ifadəsi işlədilmişdir. Odur ki, işəgötürən artıq inzibati və ya cinayət işlərinin yekun qərarını gözləmədən, mülki hüquqi təqsirin mövcudluğunu təsdiq edən sənədlər əsasında əmək müqaviləsini ləğv edə bilər. İş yerində törədilmiş cinayət tərkibi olan ictimai təhlükəli əməlin cinayət və yaxud inzibati xəta olaraq qiymətləndirilməsi özüözlüyündə əmək müqaviləsi üzrə yaranan hüquq və öhdəliklərin mahiyyəti baxımından müstəqil bir hüquqi əhəmiyyət kəsb etmir. Burada əsas məsələ hadisənin işçinin qəsdi nəticəsində baş verib-verməməsi məsələsidir. Burada qəsd işçinin əmək vəzifələrinin pozulmasına yönəlmiş şüurlu davranışını ehtiva edir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinə müvafiq olaraq, işçidən əmək və ya icra intizamının pozulması və hadisənin baş vermə səbəblərini araşdırmaq, yaxud şəxsdən izahat almaq işəgötürənin həm hüququ, həm də vəzifəsidir. Bu imkan işəgötürənə hadisənin həqiqətən baş verib-verməməsini, o cümlədən baş vermiş hadisənin işçinin qəsdinin nəticəsinin olubolmamasını, işçinin əmək müqaviləsinə zidd davranışa yol verib-verməməsini müəyyən etmək üçün tanınmışdır. İşəgötürənin göstərilən səlahiyyətləri hadisənin təfərrüatlarını araşdıraraq müvafiq hallarda əmək müqaviləsini ləğv etmək hüququnu əldə etməsinə, işçinin isə müqavilə öhdəliklərinə zidd davranışa yol vermək imkanının qarşısını almağa yönəlmişdir. Göstərilənlər o, qənaətə gəlməyə əsas verir ki, işəgötürən işçinin hadisəni qəsdən törətməsini təsdiqləyən sübutlar əsasında (xidməti məlumat, izahat, akt, ses, video yazı və s.) əmək müqaviləsini ləğv edə bilər. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər (Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsi). Beləliklə, İddiaçı iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən müəyyən edilmişdir. “Təhsil haqqında” Qanunun 32.3.3 və 32.3.11-ci maddələrinə əsasən: Təhsilalanların mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə keyfiyyətli təhsil almaq hüququ vardır; -Hər bir təhsilalan şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüququna malikdir. Bu müddəalar məktəbdə zorakılıq, aqressiv davranış və ya psixoloji təzyiq hallarına yol verilməməsini, belə hallar baş verdikdə isə təhsil müəssisəsi rəhbərliyinin dərhal və adekvat tədbir görmək məsuliyyətini birbaşa müəyyən edir. İddiaçı iş yerində - təhsil müəssisəsində - fiziki zorakılıq tətbiq etməsi və ictimai qaydanı pozması faktı, özü-özlüyündə təhsil mühitinin təhlükəsizliyini pozmuşdur. Bu, həm əmək intizamına, həm də təhsilalanların hüquqlarına yönəlmiş bir təhlükə yaratdığından, məktəb direktorunun onunla əmək münasibətlərinə xitam verməsi təkcə işəgötürən hüququ deyil, həm də qanunla nəzərdə tutulmuş təhsilalanların müdafiəsini təmin etməyə yönəlmiş vəzifədir. Hadisənin xarakteri göstərir ki, təhsil müəssisəsi əmək münasibətlərinə xitam verməklə, bu prinsipləri reallaşdırmış, təhsilalanların mənəvi-psixoloji təhlükəsizliyini təmin etmişdir. Belə olan halda, həmin müqavilənin ləğv edilməsi barədə məktəb tərəfindən verilmiş əmr qanunidir. Bu əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətinin dəlillərində istinad etdiyi halları sübut edə bilməmiş, şikayəti ümumi sözlərlə əsaslandırmağa çalışmış, cavabdeh tərəfin təqdim etdiyi sübutlarla həmin dəlillər tam təkzib olunmuşdur. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğv olunması üçün əsas ola bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
18. Maddə 63. Təqsirsizlik prezumpsiyası İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
19. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
2*. Maddə 11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
21. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
22. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. (...) 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
23. Maddə 62. İşçinin işdən kənar edilməsi
1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: (....) c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;
24. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (...) 2. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
25. Maddə 3**. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. (...) Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
3*. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; (...)
32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *6.1*.2*25-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir.
36. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
37. Əmək müqaviləsinin ləğv edilməsinə yol verən şərtlərdən biri də, işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsidir. (maddə 72, f).
38. Hazırkı iş üzrə cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz göstərilən əsasla xitam vermişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının təqsirli olması barədə hazırda hər hansı məhkəmə hökmünün mövcud olmadığını göstərsə də, cavabdehin işdən çıxarıldığı əsasa deyil, əmrdə göstərilməyən əsaslara istinad etmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmır və hesab edir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olub-olmaması, əmrdə kobud səhv kimi qeyd olunan halların əmək müqaviləsinin xitamına əsas verib-vermədiyi baxımından qiymət verilməlidir. 4*. İş materiallarına əlavə edilmiş 11.*6.2*25-ci il tarixli “İnzibati tənbeh tədbirinin görülməsi barədə” 46 nömrəli əmrdən görünür ki, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi aşağıdakı hallarla əsaslandırılmışdır: İddiaçı 14.*5.2*25-ci il tarixdə gözətçi vəzifəsində işlədiyi Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verərək, məktəbdə xadimə vəzifəsində işləyən X2 qolundan sıxıb və sağ qolunun dirsəkdən yuxarı hissəsinə yumruqla vuraraq K.Kərimovaya yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Qeyd edilən fakt əsasında Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır və həmin maddə ilə ona ittiham elan edilmişdir. Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 11.*6.2*25-ci il tarixli, 33 saylı iclas protokolundan görünür ki, İddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə onun əmək müqaviləsinin ləğv edilməsi məqsədə müvafiq hesab edilmişdir. Bununla da İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “f” bəndində nəzərdə tutulan hal ilə bağlı) ləğv edilmişdir.
41. Birinci instansiyası məhkəməsi işəgötürənin sözügedən əmrinin məzmununu Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi, 72-ci maddənin “f” bəndi, 84-cü maddənin və 189-cu maddənin 1-ci hissəsi üzrə əlaqəli şəkildə təhlil, təfsir etmədən, qanunvericilikdə nəzərdə tutulmuş yanaşmanın mahiyyətinə uyğun olmayan nəticəyə gəlmişdir.
42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.*1.2*222-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9* və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. (...)
43. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı barəsində iş yoldaşına, yəni məktəbdə xadimə işləyən X3 qarşı etdiyi hərəkətlərə görə Sumqayıt ŞPİ-nin İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və o, təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Bundan sonra onun əməli 17.*6.2*25ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsinə tövsif edilmiş ona yeni ittiham elan edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi ilə təmin olunmuş təqsirsizlik prezumpsiyası prinsipi nöqteyi-nəzərindən, şəxsin barəsində cinayət işinin başlanması, onun təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilməsi özlüyündə məhkəmə hökmünü əvəz etmir və təqsirləndirilən şəxsin təqsirli olmasını müəyyən edən akt deyil.
45. Göründüyü kimi, İddiaçı barəsində cinayət qanununun müvafiq maddəsi ilə cinayət işinin başlanması ilə bağlı qərar olmuşdur. Belə olan halda işəgötürən müvafiq iddiaçının barəsində aparılan cinayət işi üzrə yekun aktın nəticəsini və qanuni qüvvəyə minməsini gözləmədən iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əsasını tətbiq etməklə onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Halbuki, həmin əsasla işəgötürən tərəfindən Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iddiaçının müvəqqəti olaraq işdən kənarlaşdırılması mümkün idi.
46. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, işəgötürən cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilməmişdir. Odur ki, cavabdeh Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin 11.*6.2*25-ci il tarixli 46 saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.
47. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
48. Həmin Məcəllənin 384.*.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
49. Beləliklə məhkəmə kollegiyası işin araşdırılmış hallarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28.*8.2*25-ci il tarixli, 2(*6*)-5*71/2*25 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin direktorunun 11.*6.2*25-ci il tarixli 46 saylı əmri ləğv edilməli, İddiaçı Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28.*8.2*25-ci il tarixli, 2(*6*)-5*71/2*25 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin direktorunun 11.*6.2*25-ci il tarixli 46 nömrəli əmri ləğv edilsin. İddiaçı Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsinə bərpa olunsun və ona məcburi iş buraxma üçün əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.