Məhkəmə qərarları › İş №2(105)-1429/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1429/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1429/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kommunal xidmət haqqı borcun tutulması, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2099/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MTK tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 69 saylı mənzilə mənzilə görə kommunal borca görə əsas borc 126,50 (yüz iyiyrmi altı manat əlli qəpik) manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% pul hesablanmaqla 11 ay üçün faiz məbləği 6,32 manatın (altı manat otuz iki qəpik), hüquqi xidmət üçün 80,20 manat (səksən manat iyirmi qəpik), poçt ödənişi üçün 90 (doxsan) qəpik pulun, cəmi 213,92 manatın (iki yüz on üç manat doxsan iki qəpik) Cavabdeh tutularaq, "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə məhkəmə qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddiaçı "xxxx" MTK iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 69 saylı mənzilə mənzilə görə kommunal borca görə əsas borc 126,50 (yüz iyiyrmi altı manat əlli qəpik) manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% pul hesablanmaqla 11 ay üçün faiz məbləği 6,32 manatın (altı manat otuz iki qəpik), hüquqi xidmət üçün 80,20 manat (səksən manat iyirmi qəpik), poçt ödənişi üçün 90 (doxsan) qəpik pulun, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 244,92 manatın (iki yüz qırx dörd manat 92 qəpik) Cavabdeh tutularaq, "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə məhkəmə qətnamə qət edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov (indiki Sahib Qarayev) küçəsi ev 230-da yerləşən 69 saylı mənzilin sahibi Cavabdeh arasında Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilə imzalanmışdır. Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqaviləsinin 1-ci fəslinə görə "xxxx" Mənzil Tikinti Kooperativinin yaşayış binasının sakinlərinin mənzil kommunal xidmətləri ilə təmin edilməsi üçün mənzilin 1 kv.metr üçün 0,25 (iyirmi beş qəpik) olması göstərilmiş, tərəflər arasında olan razılığa əsasən aylıq kommunal haqqı 11,50 (on bir manat əlli qəpik) manat təşkil edir. "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlər qarşılığında Cavabdeh mənzilə görə 11 ay üçün 126,50 (yüz iyiyrmi altı manat əlli qəpik) manat ödənişlər edilməmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən hər ay vaxtında ödənilməyən kommunal ödənişə görə əlavə 5 % məbləğ ödənilməsi nəzərdə tutulmuşdur. Borcun ödənilməsi ilə əlaqədar Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, həmin məktubda borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin Cavabdeh xəbərdarlıq məktubuna cavab olaraq müxtəlif və əsassız bəhanələr gətirərək borcunun ödənməyəciyini bildirmişdir. Mənzilə görə 11 ay üçün kommunal xidmətlər 126,50 (yüz iyirmi altı manat əlli qəpik) manat pul təşkil edir. Mənzilə görə 11 ay pul ödənmədiyindən verilməyən hər ay üçün 5 % məbləğ də hesablanmalıdır. Mənzilə görə hər ay üçün faiz məbləği hesablandığından 11 ay üçün faiz məbləği 6,32 manat (altı manat otuz iki qəpik) təşkil edir. Bakı şəhəri 11 saylı Vəkil Bürosundan alınmış 50 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən bağlanmış 100 saylı müqavilə ilə məhkəməyə təqdim edilmiş ******* saylı orderlə mülki iş üçün vəkil haqqı 80,20 (səksən manat iyirmi qəpik) təşkil edir. Belə olan halda hüquqi xidmətə görə ödənilmiş vəkil haqqı 80,20 (səksən manat iyirmi qəpik) Cavabdeh tutularaq "xxxx" MTKnın xeyrinə tutulmalıdır. Cavabdeh ünvanına poçtla göndərilmiş xəbərdarlıq məktubu üçün xidmət haqqı 90 qəpik təşkil edir. Buna görə də 90 (doxsan) qəpik poçt xidmətinə görə ödənilmiş pul da Cavabdeh tutularaq "xxxx" MTK-nın xeyrinə tutulmalıdır.

4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2099/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. İddiaçı MTK-nın çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edilmiş halıdır. "xxxx" MTK-nın Sumqayıt şəhəri, 9cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən yerləşən çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinə əsasən hüquqi əsasların olmadan həyata keçirilməsi faktı təsdiqini tapmışdır. Belə olduğu təqdirdə MTK-nın cavabdehdən kommunal borclarının tutulmasına dair tələbinin də hər hansı bir hüquqi əsası yoxdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 390.2, 425.1, Mənzil Məcəlləsinin 6.0.10, 6.0.11, 29.3, 43, 45, 136.2, 135.1, 135.2.3, 137.34, 137.7, 137.10 və 141-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri 8.İddiaçı "xxxx" MTK tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2099/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xhaiş edilmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov (indiki Sahib Qarayev) küçəsi ev 230-da yerləşən 69 saylı mənzilin sahibi Cavabdeh arasında Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilə imzalanmışdır. Müqavilənin şərtləri Cavabdeh tərəfindən əvvəllər yerinə yetirilsə də bir neçə aydır ki, kommunal haqlara görə ödənişlər edilmir. Mənzil Tikinti Kooperativi üzvü ilə MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilə bağlandığı andan qüvvədədir. xx.xx.2020-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov (indiki Sahib Qarayev) küçəsi ev 230da yerləşən 69 saylı mənzilin sahibi Cavabdeh arasında Kooperativ Binada Mənzil Kommunal Xidmətləri ilə əlaqədar tərəflər arasında iradə azadlığı nəticəsində müqavilə imzalanmışdır. Məhkəmənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141-ci maddəsinə istinad etməklə müqavilənin qüvvədən düşməsi barədə fikri əsassızdır. Məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, xx.xx.2019-cu il tarixli D/056 saylı Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsəsrrüfatı İstehsalat Birliyi "xxxx" MMC ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında məişət tullantılarının, karton məmulatlarının daşınmasını öz öhdəsinə götürür. Bunun üçün hər ay icraçıya 250 (iki yüz əlli) manat pulun ödənilməsi sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmuşdir. Təqdim edilmiş sənədlərdən də görünür ki, hər ay 250 manat məbləğində pul məişət tullantılarının, karton məmulatlarının daşınması üçün "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilir. Təmizlik xidməti göstərən xidmətçilər tərəfindən təmizlik işləri aparılaraq məişət tullantıları qutular vasitəsilə daşınır. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi hər bir bina sakininin mənzillərinin üstündə və ya yanında işıqlandırma sistemi mövcuddur. Binanın həyətində quraşdırılmış işıqlandırmaya görə xərclər sakinlərin vaxtında kommunal pulu ödəyib ödəməməsindən asılı olmayaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilir. Fotoşəkillərdə Cavabdeh məxsus 69 saylı mənzilin üstündə işıqlandırma sisteminin olduğu görünür. Bu mərtəbəyə mənzilə yaxınlaşarkən mənzillərin işıqlandırma sistemi işə düşərək işıq yanır. Binanın həyətində də işıqlandırma sistemi qaranlıq düşən zamanlarda işləyir. Fotoşəkillərdən göründüyü kimi binalarda iki lift, sərnişin və yük qaldırma liftləri fəaliyyət göstərir. Sərnişinlər liftlərin biri məşğul olduqda belə digərindən istifadə edə bilir. Liftlərin saz vəziyyətdə olması üçün baxımı əməkdaşlar tərəfindən aparılır. Yaşayış binasında liftlərin daimi fəaliyyət göstərməsi, su nasosunun çalışması, işıqlandırma sisteminin işləməsi ilə hər ay böyük miqdarda enerji sərf olunur. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, 2 dəfə 112 manat, 927 manat, 558 manat məbləğlərində ödəmə barədə xəbərdarlıq qəbzləri daxil olmuş, hər ay işıq enerjisi ilə bağlı yığılan pullar mütəmadi olaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilmiş və ödənilməkdədir. Lakin işə baxan məhkəmə bu sübutları nəzərə almamışdır. Fotoşəkildən göründüyü kimi bina sakinlərinin velosipedlərinin təhlükəsiz saxlanması üçün ayrıca saxlanc yeri kimi anbar mövcuddur. Bina sakinlərinin əlavə su ehtiyatlarını təmin etmək üçün su çəni mövcuddur. Su axarının zəif olduğu hallarda su nasosları işləyir. Avtomobillərin təhlükəsiz saxlanması üçün böyük sahəni əhatə edən yeraltı qaraj mövcuddur. Binaların sakinləri bina qarşısında da avtomobillərini park edirlər. Göründüyü kimi kommunal xidmətlərin görünməsi üçün bütün zəruri tədbirlər görülür və görülməkdədir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikilmiş evlərə canlı baxış keçirməklə bütün kommunal xidmətlərin necə həyata keçirildiyini görmək olar. İşə baxan məhkəmə yuxarıda qeyd etdiyimiz faktların yoxlanması üçün hadisə yerinə baxış keçirmək barədə qərar çıxarsa da, sonradan çıxardığı öz qərarına riayət etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları 11.Məhkəmə kollegiyasının iclasında "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarından narazıdır. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. İş materiallarından da göründüyü kimi xx.xx.2020-ci il tarixində "xxxx" MTK və X2 arasında ünvan 1 ünvanına kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilə hazırda qüvvədədir. Müqavilə 4 il əvvəl bağlanmış, 3 il ərizində cavabdeh tərəfindən kommunal xidmətlərə görə ödənişlər həyata keçirilmişdir. Məhkəmə mübahisəsinə qədər 11 ay müddətində cavabdeh tərəfindən kommunal xidmətlərə görə ödənişlər həyata keçirilməmiş və əsas borc 126,5 manat, faiz borcu 6,32 manat, digər borclarla birgə ümumilikdə 244,92 manat olmaqla borc məbləği yaranmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsində işə baxan hakimi əsassız qərar çıxarmışdır. Müqavilənin mövcudluğuna heç bir şübhə yoxdur. Hətta qarşı tərəf məhkəmə iclaslarında kommunal xidmətə görə ödənişi həyata keçirməyəcəyini bildirmiş və bunu kommunal xidmətlərin göstərilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində tərəfindən məhkəməyə liftin işləməsi, su axının zəiflədiyi halda motorlarla suyun verilişinin təmin edilməsi barədə məlumatlar, qəbzlər yerləşdirilmişdir. Hal-hazırda su təminatı ilə əlaqədar 4 motor çalışmaqdadır. Qeyd olunanlarla əlaqədar elektrik enerjisi sərf olunmuşdur ki, buna da 1000 manata yaxın xərc çıxmışdır. Təmizlik üçün xidmətçilər var, zibil qutularının daşınması ilə əlaqədar Təmizlik İdarəsi ilə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 250 manat məbləğində ödənişin həyata keçirilməsi qarşılığında idarənin əməkdaşları zibil qutularının daşınması prosesini həyata keçirirlər. Vətəndaşların kommunal xidmətlərə görə ödənişi həyata keçirib-keçirməmələrindən asılı olmayaraq, qeyd etdiyi məsələlərə dair təmsil etdiyi MTK tərəfində ödənişlər həyata keçirilir. Ümumi olaraq bildirmək istəyir ki, "xxxx" MTK tərəfindən müqavilə şərtlərinə uyğun olaraq bütün xidmətlər göstərilir. Liftin təmiri üçün ayrılmış əməkdaşlar var və hər hansı problem yarandığı təqdirdə onlar lifti təmir edirlər. Xərcləri də "xxxx" MTK çəkir. Bununla bağlı sübutları məhkəməyə təqdim edə bilər. Təmizlik işlərinin aparılmasına münasibətdə bildirmək istəyir ki, qarşı tərəf özü də təmizlik işçilərinin olduğunu etiraf edir. Sadəcə bildirir ki, işçilər yaxşı təmizləmir. Mühafizənin olmamasına gəldikdə isə mühafizə xidməti var və həyata keçirilir. Bir dəfə velosiped oğurlanıb, lakin mühafizə kənarda kiminsə velosipedinin oğurlanmasına görə cavabdeh deyil. Buna baxmayaraq birinci mərtəbədə anbar kimi bir yer yaradılmış və sakinlərə əşyalarını oraya qoymaq təklif olunmuşdur. Halbuki belə bir öhdəlik müqavilə ilə təmsil etdiyi şəxsin üzərinə qoyulmamışdır. Yaradılmış yeni anbarın fotoşəkillərini də məhkəməyə təqdim etmişdir. Lift idarəsi ilə müqavilə bağlanmışdır. MTK rəhbərinin cərimə olunması ilə bağlı onu qeyd edir ki, tikinti zamanı yükqaldıran qurğunun yerləşmə nöqtəsinə görə gəlib cərimə yazılmışdır. Ona görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Cəriməni tamamilə ödəmişdir. xx.xx.2024-cü il tarixli müqavilə "xxxx" MTK-nın komendantı X1 "xxxx" MMC ilə bağladığı liftlərə texniki xidmətin göstərilməsinə dair müqavilədir. X6 ünvanında 4 liftə texniki xidmət göstərilməsi ilə əlaqədar bağlanmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, kommunal xidmətlər müqavilə şərtlərinə uyğun göstərilmir. Qarşı tərəf müqavilədə qeyd olunan öhdəliklərini həyata keçirmir. MTK-nın müqavilə üzrə öhdəlikləri əks olunmuş 9 öhdəlikdən yalnız biri təmin olunmuşdur ki, bu da yarımçıqdır. Müqavilədə 24 saat mühafizənin təmin olunması qeyd olunsa da, mühafizə yoxdur, təmizlik işləri aparılmır. Yaşayış binasında təmir işləri aparılmır, lift normal qaydada çalışmır. Liftin açarı ondadır. Qonşuların liftdən istifadəsinə kömək edir. Liftin təmirinə 2000 manat pul yığıb vermişlər. Binanın ətrafının və blokların işıqlarındırılması həyata keçirilməmişdir. Görüntülər vardır. Şəxsən gəlib baxış keçirməi xahiş edir. 7-8 ildir xidmətlər göstərilmir. Buna baxmayaraq ödənişi həyata keçirmişlər. Təqdim edilmiş müqavilə xx.xx.2024-cü il tarixində bağılanmışdır və ona qədər "xxxx" MTK-nın liftlərə texniki baxışın keçirilməsinə dair müqaviləsi olmamışdır. 320 manat kartdan karta ödəniş şəklində göndərilmişdir. Qarşı tərəf heç bir qəbz təqdim etməmişdir. İndiyə qədər texniki xidmət barədə müqavilə mövcud olmamış, xidmət göstərilməmişdir. Məhkəmə prosesləri başladıqdan sonra qarşı tərəf iş görməyə başlayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul etməyinizi xahiş edir.

İşdə olan sübular

13. xx.xx.2009-cu il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayonda Cavabdeh vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 69 saylı mənzilini təklif edir. Kooperativ qeyd edilən ünvanda yaşayış binasının inşasını öz üzərinə götürür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 1 otaqdan ibarətdir. Mənzilin hesablaşma sahəsi 51 m2dir. Mənzilin dəyəri 22950 manatdır. Alıcı hər ay 873 manat ödəyir.

14. xx.xx.2020-ci il tarixli, “Koorparativ Binada Mənzil Kommunal Xidmətləri Haqqında” müqavilədən görünür ki, "xxxx" MTK-nın 14 mərtəbəli 2 bloklu yaşayış binasında təmir işlərinin aparılması, binada sərnişin və yük liftlərindən rahat istifadə edilməsi, binanın ətrafını, blokun girişinin və mərtəbələrinin işıqlandırılması, binanın ətrafında, blokun girişində, mərtəbələrdə və pilləkən meydançalarında təmizlik işlərinin görülməsi, su nasosların, liftlərin, binanın və mərtəbələrin işıqlanmasında istifadə olunan elektrik enerjisinin haqqını banka və ya MTK-a ödənilməsi, binaətrafı ərazinin təmiz saxlanılmasını təmin etmək, bina təhlükəsizliyinin nəzarət edilməsi, kommunal Departamentlə müqavilə əsasında məişət, tikinti tullantılarının xaric edilməsini təmin etmək, lift idarəsi ilə xidməti müqavilə bağlamaq, nasosların liftlərin və mərkəzi kommunal xətlərin işlək vəziyyətdə saxlanılması, öhdəliklərini öz üzərinə götürmüşdür. Mənzil sahiblərinin isə öz növbəsində göstərilən mənzilin kommunal xidmətləri hər kv.metri 0,25 manat olmaqla ümumən 14 manat təşkil edir, kommunal xidmətlərin haqqı mənzilin istismarından asılı olmayaraq hər ay ödənilməlidir, kommunal xidmətlərin haqqı vaxtında ödənilməzsə mənzilə su, qaz, enerji verilməsi dayandırılacaqdır, pulun inflyasiya və ya devalvasiyası ilə əlaqədar olaraq enerjinin xidmət haqları qalxarsa, mənzil kommunal xidmətlərinin qiymətləri də dəyişə bilər, hər ay vaxtında ödənilməyən kommunal ödənişə əlavə 5 % məbləğ ödəniləcək, mənzil sahibi istifadə etdiyi elektrik enerjisi, su və qaz haqlarını bildirişlərə əsasən lazımi yerlərə vaxtında ödərnəlidir, „Şərq” MTK-nın icazəsi olmadan “Mənzil sahibi” binanın fasadına və mənzilin daxilində hər hansı dəyişiklik edə bilməz.Giriş və qeyri yaşayış sahələrinə, qapıların ağzına zibillərin qoyulması qəti qadağandır, binanın beton konstruksiyasında hər hansı dəyişikliyin edilməsi və ya zədələnməsi qadağandir, mənzil sahibi əsaslı təmir işlərində üzərinə düşən pay haqqını ödəməlidir, "Mənzil sahibləri tikinti materialların, məişət tullantıların və lazımsız əşyaları pilləkən qəfəslərində və qeyri yaşayış sahələrində saxlamamalıdır, mənzil sahibləri ev heyvanlarını mənzillərin içində saxlamalıdır (Baytarlıq idarəsindən sağlamlıq sənədi olduqda). Mənşəyi məlum olmayan heyvanların bloklarda və qeyri-yaşayış sahələrində saxlanması və onlara yemək verilməsi qadağandır, mənzil sahibinin eyvanlara pəncərə qoyulması və çöl-fasad divarlara kondisionerin quraşdırılması qadağandır, mənzil sahibinin pilləkən qəfəsində qeyri-yaşayış sahəsinə şkafların qoyulması və ev əşyalarının qoyulması qadağandır, qanunvericilikdə nəzərdə tutulan və tutulmayan, insanların yaşayış şəraitinə diskomfort yaradan hallara şərait yaratmamalıdırlar kimi öhdlikləri meydana gəlmişdir.

15. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə əsasında 126,5 manatın 7 gün ərzində ödənilməsi barədə xəbərdar edilmişdir.

16. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirmişdir ki, cavabdehi tanıyır, cavabdehin yaşadığı binaya qonşu binada yaşayır. "xxxx" MTK ilə özünün arasında bağlanılan müqavilənin şərtlərinə MTK əməl etmədiyindən 6-7 ay xidmət haqqı ödəməmişdir. Belə ki, xidmətlər onu və onunla yanaşı digər bina sakinlərini qane etmir. Zibillər binadan 50 metr məsafədə yerləşən zibil qutularına atılır ki, həmin zibil qutuları da MTK-ya məxsus deyil, "xxxx" MTK-da yaşamayan digər sakinlər də həmin zibil qutularına zibil atır. Liftlər mütəmadi xarab olur, günlərlə qeyri-işlək vəziyyətdə qalır. 1 il öncə su təchizatında su nasoslarının xarab olması, hava şarının partlaması kimi hallar olmuşdur. Mənzilinə məxsus işıqlandırmanı özü çəkmişdir. Sakinlər arasında velosipedlərin oğurlanması ilə bağlı söhbətlər eşitmişdir. Hazırda lift işləsə də servis tərəfindən baxış keçiriləcəyi halda liftdə nasazlıqların çox olduğu məlum olacaqdır.

17. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, cavabdehlə eyni binada yaşayır, qonşudur. Binada təmizlik xidməti yox dərəcəsindədir. Zibil tullantılarını Araz marketin yaxınlığında yerləşən zibil qutularına atırlar. Həmin yerə MTKda yaşamayan digər sakinlər də zibil tullantıları atır. Pilləkənlərin təmizlənməsini sakinlər özü həyata keçirir. Liftlər xarab olan zaman günlərlə qeyri-işlək vəziyyətdə qalır. Binada yaşadığı müddət ərzində 7 il kommunal xidmət xərclərini ödəsə də, hazırda xidmət yoxdur deyə ödəmir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2099/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2099/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mənzil Məcəlləsinin 141-ci maddəsinə istinad edərək, iddiaçının çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinə əsasən hüquqi əsaslar olmadan həyata keçirməsi faktı ilə bağlı gəldiyi nəticəni əsassız hesab etmişdir. Belə ki, mübahisəli çoxmənzilli binanın idarə edilməsi üsulu seçilməklə, həmin bina mənzil-tikinti kooperativinin idarəetmə orqanı tərəfindən idarə edilir. Həmçinin, kommunal xidmətlərin göstərilməsinə dair tərəflər arasında müvafiq müqavilə də bağlanmışdır. Buna görə də məhkəmə kollegiyası birinci instnasiya məhkəməsinin qeyd edilən əsasla iddianı rədd etməsini qanunsuz və əsassız hesab etmişdir.

24. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında xx.xx.2020-ci il tarixli, “Koorparativ binada mənzil kommunal xidmətləri haqqında” müqavilə bağlanmış və müvafiq olaraq tərəflər öz üzərinə öhdəlik götürmüşlər. Müqavilə şərtlərinə görə MTK binada kommunal xidmətlərin - yaşayış binasında təmir işlərinin aparılmasını, binada sərnişin və yük liftlərinin rahat istifadə edilməsini, binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılmasını, binanın ətrafında, blokun girişində, mərtəbələrdə və pilləkən meydançalarında təmizlik işlərinin görülməsini, su nasoslarının, liftlərin, binanın və mərtəbələrin işıqlanmasında istifadə olunan elektrin enerjisinin haqqını banka və ya MTKya ödənilməsini, bina ətrafı ərazinin təmiz saxlanmasını təmin etmək, bina təhlükəsizliyinin nəzarət edilməsi, Kommunal Departmentlə müqavilə əsasında məişət, tikinti tullantılarının xaric edilməsini təmin etmək, lift idarəsi ilə xidmət müqaviləsi bağlamaq, nasosların liftlərin və mərkəzi kommunal xətlərin işlək vəziyyətdə saxlanılmasını və s. təşkilini həyata keçirməyi, cavabdeh isə öz növbəsində şərtləşdirilmiş pul məbləğini, konkret halda hər kv.m. üçün 0,25 manat ödəməyi öhdəsinə götürmüşdür.

25. Araşdırılan işin faktiki hallarından həmçinin müəyyən edilir ki, cavabdeh mülkiyyətində olan mənzillərə dair uzun müddət yuxarıda istinad olunan müqaviləyə əsasən kommunal ödənişləri icra etsə də sonradan göstərilən xidmətlərdən narazı qaldığını əsas gətirərək, ödənişləri icra etməmişdir.

26. Cavabdeh etirazının əsasını onunla əsaslandırmağa çalışmışdır ki, tərəfindən əvvəllər müqavilə üzrə kommunal ödənişlərin icra edilməsinə baxmayaraq, MTK bağlanmış müqavilənin şərtlərindən irəli gələn öhdəlikləri tam icra etməmişdir.

27. İddiaçı tərəf isə cavabdehin qeyd etdiyi arqumentlərlə razılaşmayaraq bildirir ki, əksinə binada kommunal xidmətlərin təşkili lazımi şəkildə qurulmuş, sadəcə bir qrup şəxs kommunal xidmətləri ödəmədiyindən müəyyən işlərin həyata keçirilməsində problemlər yaranmışdır.

28. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə mənzil-tikinti kooperativinin vəzifələrinin icra etməsinin yerində yolxlanılması ilə əlaqədar kollegiya tərəfindən tərəflərin, o cümlədən də binanın bir çox sakinlərinin iştirakı ilə yerli baxış keçirilmişdir. Keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli binanın liftləri işlək vəziyyətdədir, hər mərtəbədə bir neçə sensor tipli işıqlar quraşdırılmaqla elektriklə təhciz olunmuş, su nasosları işlək vəziyyətdə olmaqla bina su ilə təmin edilmişdir. Lakin, binanın ümumi pilləkən qəfəsinin eyvanlarında işıqlandırma mövcud olmamaqla, bina mühafizə xidməti ilə təmin edilməmiş, pilləkənlərdə və pilləkan meydançalarında, eyvanların qapılarında, bina ətrafı ərzilərdə təmizlik işləri kifayət qədər görülməmişdir.

29. Beləliklə, kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı MTK kommunal xidmətlərin təşkilini qismən, yəni əsas hissəsini həyata keçirsə də müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, xidmətin fəaliyyətində çatışmazlıqlar müşahidə olunmuşdur ki, bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsində iddiaçının da təqsiri olmuşdur. Belə olduğu təqdirdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məsuliyyətinin ölçüsü müvafiq surətdə azaldılmaqla, iddia qismən təmin edilməli, tələb edilən pul məbləğinin üçdə iki hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Məhkəmə kollegiyası mənzilə görə ödənməyən hər ay üçün 5 faiz olmaqla, 6,32 manat pul tələbinə münasibətdə isə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsində iddiaçının da təqsiri müəyyən edildiyindən iddia tələbi həmin hissədə əsassız olmuşdur. Həmçinin, vəkil xidmətlərinin göstərilməsi ilə bağlı iddiaçı 80,2 manat pul tələb etsə də buna dair məhkəməyə yalnız arayış təqdim etmiş, ödənişə dair müvafiq qəbzi məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan arayış isə pulun ödənilməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Buna görə də qeyd olunan məhkəmə xərci hissəsində də tələb əsassız olmuşdur.

31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2099/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh 84,34 (səksən dörd manat, 34 qəpik) kommunal xidmət haqqı və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq, Şərq” Mənzil Tikinti Kooperativinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2099/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 84,34 (səksən dörd manat, 34 qəpik) kommunal xidmət haqqı və 20 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 104,34 (yüz dörd manat, 34 qəpik) alınaraq, iddiaçı Şərq” Mənzil Tikinti Kooperativinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar