Məhkəmə qərarları › İş №2(105)-1431/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1431/2025

04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1431/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X10rşı mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, sübutların qiymətləndirilməsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Ərizəçi, Maraqlı tərəfin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X10rşı " hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(028)- 194/2025 nömrəli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1981-ci ilin avqust ayından 1983-cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından 31 avqust 1993-cü il tarixədək Azərbaycan Respublikasının Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işlədiyi müddətin sığorta stajına hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Qubadlı rayonu, Xocahan kəndində doğulmuşdur. Müharibə nəticəsində məcburi köçkün düşmüşdür. Pensiya yaşına çatdıqda əmək pensiyası almaq hüququndan istifadə edə bilməyi üçün iş stajına dair sənədlərin təqdim olunması tələb olunacaq. Lakin xx.xx.1993cü ildə işlədiyi ərazi işğala məruz qaldığı üçün, həmin müəssisə məxsus bütün sənədlər məhv edilmişdir. 1983-1985-ci il aralığında Rusiya dövlətində hərbi xidmətdə olmuşdur. “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləmişdir. Həmkəndliləri bunu təsdiq edə bilər. Sığorta stajının müəyyən edilməsi pensiya hüququnun həyata keçirilməsi üçün lazımdır.

3. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ərizəçinin məhkəmənin icraatında olan 2(028)-194/2025 nömrəli mülki iş üzrə ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda qeyd edilir ki, ərizəçi tərəfindən iş materiallarına şahidlər barəsində məlumatlar və ya onların əmək kitabçasının surətləri əlavə edilməmişdir.

5. X1 bildirdi ki, ərizəçi ilə iş yoldaşı olmuşdur. Belə ki, 1979-cu ildə “Məşədi Əzizbəyov adına” kolxozda sıravi kolxoçzu kimi işə başlamışdır. 1983-cü ildə kolxozda iqtisadçı, 1985-1987-ci illərdə baş iqtisadçı, 1987-1993-cü illərdə isə baş mühasib vəzifəsində işləmişdir. Qeyd edir ki, ərizəçi 1981-ci ildə həmin kolxozda əvvəl sıravi kolxozçu kimi işə başlamış, sonradan yem qaravolçusu, o cümlədən kolxozun fəaliyyət göstərdiyi müxtəlif sahələrdə fəhlə kimi işləmişdir. Eyni zamanda bildirmişdir ki, həmin illərdə işləməsini təsdiq edən əmək kitabçası məcburi köçkünlük dövründə işğal olunmuş ərazilərdə qalmış, bununla bağlı özü məhkəməyə müraciət etmiş, qeyd edilənlərlə bağlı Qubadlı Rayon Məhkəmənin 2(028)-602/2015 saylı xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi qəbul edilmişdir. Nurəddin Quliyev ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Ərizəçi 1981-ci ildən 1983-cü ilə və 1985-ci ildən 1993-cü ilə kimi “Məşədi Əzizbəyov adına” kolxozda işləmişdir.

6. X2 bildirdi ki, o, Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda işləmişdir. İşlədiyi müddətdə ərizəçinin həmin kolxozda fəhlə kimi işlədiyinin şahidi olmuşdur.

7. Mirhüseyn Həsənovona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, 1979-1981-ci ilə kimi “23-cü Partiya Qurultayı” kolxozunda baş mühasib vəzifəsində işləmişdir. 1981-ci ildə öz ərizəsi ilə işdən çıxmışdır. Qeyd edir ki, “23-cü Partiya Qurultayı” kolxozu il “Məşədi Əzizbəyov adına” kolxozu arasında məsafə çox qısa olmuş və ərizəçi də orada işləmişdir. Xatırladığı qədər 1980-cı ilin sonunda “23-cü Partiya Qurultayı” kolxozu, “Məşədi Əzizbəyov adına” kolxozu və digər kəndlərdəki kolxozlar Məşədi Əzizbəyov adı altında birləşdirilmişdir. O, xx.xx.1989-cu ildə “Məşədi Əzizbəyov” adına kolxozunda əmək fəaliyyətinə başlamış və həmin vaxt Ərizəçi işçi olaraq əmək fəaliyyətini orada davam etmişdir. Ərizəçi həmin kolxozda yem qaravolçusu, sıravi kolxozçu və fəhlə qismində işləmişdir.

8. X6 bildirdi ki, o, 1974-cü ilin sentyabr ayından 1993-cü ilin avqust ayının sonunadək Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda sürücü işləmişdir. İşlədiyi müddətdə Ərizəçi da həmin kolxozda fəhlə kimi işlədiyinin şahidi olmuşdur və bu halı bir daha təstiq edir.

9. Əli Ağayev ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 1974-cü ildən həmin kolxozda işləməsini təsdiq edən əmək kitabçası vardır. O, məcbur köçkün düşənə kimi adı çəkilən kolxozda işləmiş və həmin vaxtan sonra heç yerdə işləməmişdir. Həmin dövrdə ərizəçi onunl bərabər yem qaravolçusu, sıravi kolxozçusu və fəhlə kimi işləmişdir. Sonradan beş kənd kolxozu vahid ad altında - “Məşədi Əzizbəyov” adı altında birləşdirilmişdir.

10. Ərizəçi məxsus vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.1965-ci ildə Qubadlı rayonu, Xocahan kəndində anadan olmuşdur.

11. Məcburi köçkün vəsiqəsinin surətinə əsasən Əsədov X9 rayonundan məcburi köçkündür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

12. Qubadlı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(028)-194/2025 nömrəli qətnaməsi ilə (hakim Ramiz Quliyev) ərizənin təmin edilməsi, Ərizəçi 1981-ci ilin avqust ayından 1983-cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından 31 avqust 1993-cü il tarixədək Azərbaycan Respublikasının Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləməsi faktının müəyyən edilsməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2 və 13-cü bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 308, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

14. Maraqlı tərəf apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(028)-194/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin işlədiyini iddia etdiyi dövr ən azı iki şahidin işlədiyi dövrlə üst-üstə düşməli olduğundan, sadalanan şahid ifadələrindən aşağıda qeyd olunan nəticələrə gəlmək mümkündür: 1-ci şahid N.Quliyevin özünün yuxarıda adı qeyd olunan kolxozda işləməsinə dair əmək kitabçası olmamış, göstərilən illərdə kolxozda işləməsi yalnız müvafiq qətnamə ilə tanınmışdır, hansı ki, qiyabi formada çıxarılmış qətnamədir. Odur ki, həmin şahidin ifadəsi tamamilə mötəbər sübut kimi qəbul edilə bilməz. 2-ci şahid M.Həsənov özü 1979-1981-ci ilə kimi ümumiyyətlə ərizəçi ilə eyni kolxozda işləməmiş, işlədiyi “23-cü Partiya Qurultayı” kolxozu ilə ərizəçinin işlədiyini bildirdiyi “Məşədi Əzizbəyov adına” kolxozun arasındakı məsafə qısa olduğu üçün ərizəçinin həmin illərdə qeyd olunan kolxozda işlədiyini, özünün 1989-cu ildən “Məşədi Əzizbəyov adına” kolxozda işlədiyini bildirmişdir. Göründüyü kimi, ərizəçi ilə birgə işlədiyi dövrün tam mövcud olmaması səbəbindən ifadəsi mötəbər sübut kimi gəbul edilə bilməz. Beləliklə, yalnız 3-cü şahid Ə.Ağayev 1974-cü ildən 1993-cü ilədək “Məşədi Əzizbəyov adına” kolxozda ərizəçi ilə birgə işləmişdir. Lakin yuxarıda qeyd olunan xüsusatlara baxmayaraq, ərizəçinin ərizəsi təmin edilərək, 1981-ci ilin avqust ayından 1983-cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından 31 avqust 1993-cü il tarixədək Azərbaycan Respublikasının Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına" kolxozda fəhlə işləməsi faktı müəyyən edilmişdir. Halbuki, ərizəçinin işlədiyi illəri əhatə edən dövrün təsdiqlənməsi ən azı iki şahid tərəfindən mötəbər sübutlarla yanaşı təsdiqlənməli idi. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ərizəçi məhkəməyə müraciət edərkən, gələcəkdə pensiya təyin edən orqana müraciət edəcəyi zaman iş stajına dair sənədlərin təqdim olunması faktoruna görə hazırda iş stajının təsdiqlənməsi ilə bağlı müraciət etdiyini bildirmiş, lakin hazırda işlədiyinə və əmək kitabçası olmasına dair heç bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bu səbəblərdən Qubadlı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il, 2(028)- 194/2025 nömrəli qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, məhkəməyə dəvət olunan və ərizəçi ilə birgə işləyən iki şahidin əmək kitabçası vardır. Bu isə ərizəçinin əmək kitabçasının üzrlü səbəbdən təqdim edə bilməməsini əsaslandırmır. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi ücün catışmayan is stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və va sistemdə birgə isdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: Ən azı iki nəfər sahid olmalı; Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli): Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırkı iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlərdən yalnız biri ərizəçinin 1974-cü ildən 1993-cü ilədək “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləməsi faktını təsdiq etmişdir. Ərizəçinin 60 yaşı xx.xx.2025-ci il tarixdə tamam olmuşdur. Yəni hazırda iddia olunan 12 il 6 ay güzəştli staja münasibətdə cəmi 9 il 9 ay. Həmçinin, hazırkı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququn yaranması üçün azı 25 il ümumi sığorta stajı olmalı, bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmalıdırlar. Beləliklə, ərizəçinin kolxozda işləməsi faktının təsdiq etdirməsində məqsəd ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsidir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Sözügedən məhkəmə qətnaməsi ilə xüsusi icraat qaydasında təsdiq edilmiş 9 il 9 ay (1981-1983 və1985-1993-cü illər) ərizəçiyə hazırkı qanunvericiliklə sosial təminat sahəsində heç bir hüquqi nəticə yaratmır. Yəni, ərizəçi 9 il 9 ay sığorta stajına münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etmir. Halbuki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi ilə nəticələnsin. Axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən sahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə yönəlməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Həmçinin, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalıdır. Yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəvə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Maraqlı tərəfin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

18. Ərizəçi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi maraqlı tərəf məhkəmə qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1981-ci ilin avqust ayından 1983-cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından 31 avqust 1993-cü il tarixədək Azərbaycan Respublikasının Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işlədiyi müddətin sığorta stajına hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən ərizənin təmin edilmişdir.

27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəçi həqiqətən də 1981- 1983-cü ilədək və 1985-1993-cü ilədək Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozunda fəhlə işləmişdir. Bu hal ərizəçinin, o cümlədən şahidlərin məhkəmə iclasında verdikləri izahatları və onların həmin kolxozda işləmələrini təsdiq edən müvafiq sənədlərlə sübut olunmuşdur.

28. Qətnamə ilə razılaşmayan maraqlı tərəf apellyasiya şikayəti vermişdir.

29. Göründüyü kimi apellyasiya şikayətində apellyator məhkəmə tərəfindən sübutların qiymətləndirilməsinə prosessual qanunvericiliyin tələblərinin pozulmasını, ifadə verən şahidlərin ərizəçi ilə eyni kolxozda işləməsini təsdiq edən sübutların mötəbərliyini mübahisələndirmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərəfin apellyasiya şikayətində göstərdikləri dəlillər əsassızdır, həmin dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

31. Belə ki, ifadə verən şahidlərin ərizəçi ilə eyni kolxozda işləməsini təsdiq edən iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir:

32. Qubadlı Rayon Məhkəməsinin 2(028)-602/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X3 1979-cu ilin iyul ayından 1993-cü ilin avqust ayının 31-dək Qubadlı rayonunun Məşədi Əzizbəyov adına kolxozunda kolxozçu işləməsi faktın müəyyən edilmişdir.

33. Əmək kitabçasının kserosurətinə əsasən X5 xx.xx.1979-cu il tarixdə Partiyanın 23-cü qurultayı kolxozuna baş mühasib, xx.xx.1989-cu il tarixdə Qubadlı rayonunun Məşədi Əzizbəyov adına kolxoza baş mühasib vəzifəsinə təyin edilmişdir.

34. Əmək kitabçasının kserosurətinə əsasən X16 xx.xx.1974-cü il tarixdə Qubadlı rayonunun Məşədi Əzizbəyov adına kolxoza sürücü vəzifəsinə işə götürülmüşdür.

35. Məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutların mötəbərliyini təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir, nə də apellyator tərəfindən apellyasiya şikayətinə etirazı əsaslandığını hallara dair heç bir sübut əlavə edilməmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(028)-194/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar