Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1432/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 qarşı mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3150/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Sumqayıt şəhəri, 47-ci məhəllə, 13 saylı evin 66 saylı mənzilindən (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, 29, M6, m2) çıxarılması, Cavabdeh1 vəkilə hüquqi yardıma görə ödənilən 300 (üç yüz) manat və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, 13 saylı evin 66 saylı mənzildən çıxarılmasına, hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pulu və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Qubadlı rayonundan məcburi köçkün kimi ona məxsus ünvan 1 ünvanında məskunlaşmışlar. ünvan 2 DƏDK və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** №-li, xx.xx.2019-ci il tarixli çıxarışına əsasən onun mülkiyyətindədir və Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 həmin ünvanda qeydiyyatsız yaşayırlar. Hal-hazırda Qubadlı rayonu işğaldan azad olunmuşdur. Bildiyi qədərilə Cavabdeh2 və ailəsinə məxsus olan torpaq sahələri var. O, ailəsi ilə birlikdə kirayə qalır və maddi imkanı olmadığı üçün öz evinə köçmək istəyir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, 13 saylı evin 66 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3150/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia tələbində bildirmişdir ki, onlar sözügedən mənzildə pasport qeydiyyatındadırlar. İllərdir ki, kirayədə yaşayırlar. Artıq maddi imkanları yoxdur ki, kirayədə yaşasınlar. Həmçinin ona və ailəsinə məxsus torpaq sahəsi olduğunu iddia edir. Lakin iddiaçının bu fikirləri həqiqəti əks etdirmir. Sumqayıt şəhəri, 47-ci məhəllə, 13 saylı evin 66 saylı mənzil İddiaçı məxsusdur. Hazırda 4 nəfərlik ailədirlər. Onların yaşamaq üçün başqa yerləri yoxdur. Kirayədə yaşamaq üçün isə maddi imkanı yetərli deyil, bu günə kimi dövlət tərəfindən evlə təmin olunmamışlar. Mübahisəli mənzildən evlə təmin olunacağı halda çıxmağa razıdırlar. Bu məsələlərlə bağlı Prezidentin məlum Fərmanı mövcuddur. Belə ki, evlə təmin edilmədiyi halda məskunlaşdığı evdən çıxarıla bilməz. Yuxarıda qeyd etdiklərindən də aydın göründüyü kimi məhkəmə işin hallarını lazımi qədər araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmənin qətnaməsini tamamilə əsassız və qanunsuz hesab edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Sumqayıt şəhəri, 47-ci məhəllə, 13 saylı evin 66 saylı mənzilin hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin həmin mənzildə yaşamaları sözügedən mənzilə mülkiyyət hüququ mövcud olan iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh2 tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni özünə aid hissədə mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə Sumqayıt şəhəri, 47-ci məhəllə, 13 saylı ev, 66 saylı mənzilin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbi mənzilin boşaldılması barədədir. İddia tələbinin maddi hüquqi əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunmalıdır ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdehin mənzildə hər hansı bir hüququ yoxdur. İddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddia təmin olunmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1432/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1432/2024
15.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver