Məhkəmə qərarları › İş №2(105)-1433/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1433/2023

27.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1433/2023 27.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-2148/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil üzrə paylı mülkiyyət hüququna malik olduqlarından həmin mənzilə maneəsiz köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onların keçmiş gəlinidir. Belə ki, onların oğlu X6 2010-cu il tarixdən hərbiçi olaraq xidmətə başlamış, 2016-cı il tarixdə baş vermiş aprel döyüşlərinin və İİ Qarabağ Müharibəsinin iştirakçısı olmuş, 2022-ci ilin sentyabr ayının 13-də Kəlbəcər rayonunda qəhrəmancasına şəhid olmuşdur. Elnur Səmədov 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 27 saylı mənzili illik faiz dərəcəsi 4% olmaqla ipoteka ilə almışdır. Övladının vəfatından sonra sözügedən mənzil üzrə vərəsələrin hər birinin - İddiaçı1, İddiaçı2, Cavabdeh, Səmədova İnci Elnur qızı və X4 1/5 hissədə payları müəyyən edilmişdir. Elnur Səmədov vəfatından sonra Sumqayıt şəhərində dəfn edilmişdir. Onlar isə hazırda faktiki olaraq İsmayıllı rayonu, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 4, ev 1A ünvanında yaşayır, oğullarının məzarı Sumqayıtda olduğu üçün tez-tez Sumqayıta gəlirlər. Lakin, cavabdeh onların da mənzil üzrə mülkiyyət hüquqlarının olmasına baxmayaraq onları həmin mənzilə buraxmır, hər vasitə ilə buna maneə olmağa çalışır. Bu isə öz növbəsində onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, onların mənzil üzrə mülkiyyət hüquqlarının dövlət reyestrindən qeydiyyatdan keçməsinə baxmayaraq öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-2148/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 9cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 27 saylı mənzilinə maneəsiz köçürülmləri qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-2148/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar onların İsmayıllıda evlərinin olduqlarını bildirmişlər, lakin onun şəhid həyat yoldaşı X2 məzarına tez-tez baş çəkmək üçün Sumqayıtda evləri olmadıqlarından bu evə maneəsiz köçürülmələrini istəmişlər. Həmçinin iddiaçılar onların oğullarının məzarını ziyarət etdikdə guya ki, onun iddiaçıları evə qoymadıqlarını bildirmişlər. Lakin bütün bu deyilənlər yalan və əsassızdır. Belə ki, o həmişə iddiaçılara qarşı yaxşı münasibət bəsləmiş və onların hər bir zaman evə gəlmələrinə qarşı çıxmamışdır. Əksinə iddiaçılar hər bir zaman evə gəldikdə mübahisələr yaratmışlar və dava yaranmasına səbəb olmuşlar. Həmçinin onun övladları olan xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü Səmədova İnci Elnur qızı da cavabdehlə birgə həmin sözügedən mənzildə yaşayırlar. İddiaçılar hər dəfəsində Sumqayıta bu mənzilə gəldikdə onlar öz nəvələri olan xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü Səmədova İnci Elnur qızına pis münasibət bəsləyirlər. Buna görə də o, özü də öz övladlarına görə iddiaçılarla çox yaxın münasibətdə olmaq istəmir və öz övladlarının pis olmaması üçün onlardan olduğu qədər uzaq tutur. İddiaçılar hər bir zaman öz oğullarının məzarını ziyarət etdikdə hal-hazırda onun övladları ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə gələrək orada qalmışlar. Lakin onlar hər gəlişlərində ona və onun övladlarına problem yaratmışlar və dava çıxarmışlar. Bunları təsdiq edən bir neçə sübut da vardır. Apellyasiya şikayətinə əlavə etdikləri şəkillərdən də görünür ki, iddiaçılar hər bir zaman o evə gəlmiş və rahat olaraq orada qalmışlar. Lakin iddiaçılar o evə gələ bilmədiklərini söyləyirlər. Qeyd etmək istəyir ki, bu tamamilə yalandır. Həmçinin qeyd edir ki, iddiaçılar ilə onun övladları, yəni iddiaçıların öz nəvələri arasında da problemlər vardır. Bu apellyasiya şikayətinə əlavə olunmuş şəkillərdən də tam olaraq görünür ki, uşaqlar hər bir zaman öz nənələrindən uzaq durur və ondan qaçmağa çalışırlar. Bunun səbəbi isə iddiaçıların uşaqlarla probleminin olması və onlara psixoloji təzyiqlərin edilməsidir. Məhz bu səbəblərə görə də iddiaçılarla uşaqların bir evdə qalması düzgün deyildir. Bundan əlavə Psixoloji Elmi-Tədqiqat İnstitutunun 30 may 2023-cü il tarixli arayışına əsasən onun övladı olan X8 xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində psixoloji seans keçmişdir. Bunun səbəbləri də öz atası şəhid olduqdan sonra nənəsinin ona pis davranması, psixoloji təzyiqlərin olunması, evə gəldikdə dava çıxarması və onunla da durmadan problemlər yaşamasıdır. Hətta onun övladı, iddiaçıların isə nəvəsi olan xx.xx.2019-cu il təvəllüdlü Səmədova İnci Elnur qızı Sumqayıtda xəstəxanada yatarkən iddiaçılar Sumqayıtda sözügedən mənzildə olmalarına rəğmən gəlib nəvələrinə baş çəkməmişlər. Bütün bunlar da göstərir ki, iddiaçılarla öz nəvələri arasında da problemlər vardır və bu problemlər hələ azyaşlı olan uşaqların psixologiyasına pis təsir göstərir. Bunlara görə də iddiaçıların ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə köçürülərək onunla və onun övladları ilə birlikdə yaşaması düzgün deyildir. Bütün bu əsaslarla iddia rədd olunmalıdır. Həmçinin qeyd edir ki, iddiaçı öz iddiasında Sumqayıtda evi olmadığı və oğlunun məzarını ziyarət üçün bu evə köçürülmək istədiyini bildirsə də, bu da yalandır. Məhkəmə isə buna əsasən də iddianı təmin etmişdir. Lakin iddiaçıların məqsədi bu olmamışdır. Belə ki, iddiaçıların tək İsmayıllıda evi yoxdur. Onların digər yerlərdə də evləri vardır. Bu evlər onlara tam məlum olmasa da, bununla bağlı onlarda səs yazısı da mövcuddur. Burada iddiaçılar özləri “bizim evə ehtiyacımız yoxdur, çox yerdə evimiz var” bildirərək öz iddialarının əksinə danışmışlar. Lakin səsdən də bəlli olur ki, iddiaçıların məqsədi cavabdehi sıxışdırmaq və onun haqqı olan evdən onun öz istəyi ilə çıxmasını təmin etməkdir. Çünki iddiaçılar bilir ki, əgər onlar həmin evdə daimi yaşasalar, o, özünün və övladlarının psixoloji vəziyyətini düşünərək həmin evdə payı olmasına rəğmən evdən məcburi olaraq çıxa bilər. Elə buna görə də iddiaçılar hətta şəhərdə də evləri olmalarına rəğmən bu evə köçürülmək istəyirlər. Buradan da bəlli olur ki, iddiaçıların məqsədi öz oğullarının məzarını ziyarət etmək deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili X1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq hazırda ölkə xaricində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla əlaqədar məhkəmə kollegiyasına hər hansı rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 27 saylı mənzilinin mülkiyyətçisi hər birinin payı 1/5 hissədə olmaqla İddiaçı1, İddiaçı2, Cavabdeh, Səmədova İnci Elnur qızı və X7r. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıların keçmiş gəlinidir, iddiaçıların oğlu X6 2022-ci ilin sentyabr ayının şəhid olmuş, iddiaçıların övladı Elnur Səmədov şəhid olmamışdan əvvəl 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 27 saylı mənzili ipoteka ilə almış, onun vəfatından sonra Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 27 saylı mənzilinə iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, onun övladları Səmədova İnci Elnur qızının və X4 hər birinin 1/5 hissədə payı müəyyən edilmiş və hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçılar ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil üzrə paylı mülkiyyət hüququna malik olduqlarından həmin mənzilə maneəsiz köçürülmələrini xahiş edirlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 27 saylı mənzilinə maneəsiz köçürülmələrini qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 27 saylı mənzilinə iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, onun övladları Səmədova İnci Elnur qızının və X4 hər birinin 1/5 hissədə pay hüquqları müəyyən edilmişdir. İddiaçıların pay hüquqlarının dövlət qeydiyyatına alınaraq onların müvafiq mənzilə xüsusi mülkiyyət hüquqları müəyyən edilmişdir. Hazırki mübahisənin mahiyyətini də məhz həmin əmlak üzrə tanınmış hüquqların icra edilməsinə yönəlmiş maneələrdən ibarətdir. Cavabdehin isə belə maneələri qoyması qanunla iddiaçıların mülkiyyət hüquqlarını həyata keçirə bilməməsinə gətirib çıxarır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, iddiaçıların pay hüquqları dövlət qeydiyyatına alınaraq onların müvafiq mənzilə xüsusi mülkiyyət hüquqları müəyyən edilmişdir. Başqa sözlə, onlar da cavabdeh kimi mübahisəli evdə mülkiyyət paylarına malikdirlər və cavabdeh tərəfindən onların öz mülkiyyətlərindən sərbəst, rahat və maneəsiz istifadə edilməsinə şərait yaradılmadığı üçün hazırki iddia əsasında məhkəmə müdafiəsi hüququndan istifadə etmələri heç bir halda hüquqdan sui-istifadə kimi qiymətləndirilmir və qiymətləndirilə də bilməz. İddiaçılar da cavabdeh kimi bərabər hüquqlu mülkiyyətçilərdir və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçıların da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçıların da bu hüququ realizə etməsi məqsədəmüvafiq olması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-2148/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar