Məhkəmə qərarları › İş №2(105)-1438/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1438/2022

16.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1438/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2340/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2340/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Sərxan Səmədzadə) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)-2340/2021 saylı qətnaməsindən İddiaçı buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməmiş, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)-2340/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, uzun müddətdir şiş xəstəliyindən əziyyət çəkir və müalicə alır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2340/2021 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)-2340/2021 saylı qətnaməsindən İddiaçı buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ona göndərilsə də, nümayəndəsi olmuş Nümayəndə təqdim edilməmişdir. Məhkəmənin icraatında olan başqa işə baxılarkən Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)-2340/2021 saylı qətnaməsinin mövcudluğundan xəbər tutmuş və xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə qətnamə Nümayəndə təqdim edilmişdir. O, qətnamə ilə razı olmadığı üçün apellyasiya şikayəti vermiş və buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Nümayəndə onun nümayəndəsi kimi xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş, lakin qətnamə ona təqdim edilməmişdir. Məhkəmə onun nümayəndəsinin hüquqlarını pozmuşdur. O, məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Nümayəndəyə qətnamə çatdırılması zəruri və geniş mənada vətəndaşın ədalətli məhkəmə araşdırılması hüququnun pozulmaması üçün mütləqdir. Məhkəmə qərardadında qeyd edir ki, nümayəndənin rəsmi ünvanına qətnamənin göndərilməsi qanunda nəzərdə tutulmamışdır. Bununla bağlı bildirmək zəruridir ki, MPM-də nümayəndəyə qətnamənin göndərilməməsi anlayışı da mövcud deyildir. Onun nümayəndəsi Nümayəndə xərçəng xəstəliyindən əziyyət çəkdiyindən və müalicə aldığından qətnamənin məhkəmə tərəfindən göndəriləcəyini gözləmişdir. Həmçinin Cavabdeh qərardadda göstərildiyi kimi, prosessual müddətin bərpasına etirazı olmamış və müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə öz qətnaməsinin əsaslı olmadığından müddətin bərpasını istəməmiş və yuxarı instansiya məhkəməsində ləğv ediləcəyindən ehtiyatlanmışdır. Əgər müddət bərpa olunmasa, cavabdehin hərəkətləri nəticəsində mülkiyyət hüququndan məhrum olmağa davam edəcəkdir. Qərardadın ləğv edilməsi hüquqlarının ədalətli bərpası olacaqdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəni təmin etməyərkən iddiaçının qətnamənin surətini xx.xx.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə şəxsən imza etməklə qəbul etməsinə, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi müddətini üzürlü səbəbdən ötürməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)-2340/2021 qətnaməsini xx.xx.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə şəxsən almışdır (İ/v-41). Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)- 2340/2021 saylı qətnaməsi iddiaçıya rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən apellyasiya şikayəti verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)- 2340/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni xx.xx.2021-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)- 2340/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2021-ci ilin dekabr ayının 17-də qurtarmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində göstərdiyi hallar üzürlü səbəb sayılmalıdır. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)-2340/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti üzürlü səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, ərizədə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2340/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)- 2340/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar