Məhkəmə qərarları › İş №2(105)-1439/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1439/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1439/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və XXX Cavabdeh3 qarşı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(060)-3920/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, XXX Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqları itirilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, XXX Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdehlər Rafiq və Cavabdeh2lər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, XXX Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 22.01.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 49779.22 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli 2(105)-1760/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 22.01.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.01.2019-cu il tarixli 2(102)-42/19 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli 2(105)-1760/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 nömrəli fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 11.12.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Cavabdeh1, XXX Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 nömrəli fərdi yaşayış evində bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhər məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunsuz, əsassız və ədalətsizdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisə predmeti təşkil edən mənzilin iddiaçının mülkiyyətində olması, cavabdehlərin qeydiyyatının formal xarakter daşıması, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən istifadənin məhdudlaşdırılması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu, ev 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı QSC-nin adına qeydiyyata alınmışdır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, İddiaçı QSC cavabdehlərə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər məhkəməsinin 22.01.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 49779.22 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, Cənubu küçəsi, 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Sumqayıt 12.07.2018-ci il tarixli 2(105)-1760/2018 saylı qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 22.01.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.01.2019-cu il tarixli 2(102)-42/19 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli 2(105)-1760/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Mülki Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Tərəflər arasında bağlanmış 3M/305 saylı notariat işindən görünür ki, cavabdehlər yaşayış evinin ipotekaya qoyulmasına etirazlarının olmaması və əmlaka tutma yönəldikdə və satıldıqda mənzili qeyd-şərtsiz tərk edəcəklərini öhdəlik götürmüşlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1. maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt şəhər məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar