Məhkəmə qərarları › İş №2(105)-1441/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1441/2020

04.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1441/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı Nəsrəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış evdən və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi, miras əmlakın vərəsəlik payının ona çatan hissəsinə mülkiyyət hüququnun müəyyən edilməsi, vəsiyyət üzrə vərəsəlik hüququ haqqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-251/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-251/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.(hakim R.Həsənov) Qətnamədən cavabdeh İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-251/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv, iddianı təmin edən yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh (üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış evdən və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi, miras əmlakın vərəsəlik payının ona çatan hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası Quliyev Nəsrəddin Ömər oğluna məxsus Quba rayonu, İ X8 Qazmalar kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və onun üstündəki iki mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul etmə faktının müəyyən edilməsi, mərhum atası Quliyev Nəsrəddin Ömər oğluna məxsus Quba rayonu, İ X8 Qazmalar kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və onun üstündəki iki mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi, miras əmlakın vərəsəlik payının ona çatan hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması haqqında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamələr kitabının 48-ci vərəqəsində Quliyev Nəsrəddin Ömər oğlunun adından olan xx xxxx 1988-ci il tarixli vəsiyyətnamə qeydinin ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələr kitabının 48-ci vərəqəsində Quliyev Nəsrəddin Ömər oğlunun adında olan xx xxxx 1988-ci il tarixli vəsiyyətnamə qeydi əsasında verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələr kitabının 48-ci vərəqəsində Quliyev Nəsrəddin Ömər oğlunun adından olan xx xxxx 1988-ci il tarixli vəsiyyətnamə qeydi əsasında verilmiş vəsiyyətnamə əsasında mərhum atası Quliyev Nəsrəddin Ömər oğlundan qalmış miras əmlaka - Quba rayonu, İ X8 Qazmalar kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və onun üstündəki iki mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 5 saylı X9 daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ikinci dəfə iddia tələbinin həcminin artırılması haqqında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına xx xxxxxx 1991-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinə dair Quba rayon dövlət Notariat Kontorunun reyestrində xx xxxxxx 1991-ci il tarixdə İ-490 nömrə ilə qeyd edilmiş qeydin ləğv edilməsi, Cavabdeh adına verilmiş İ-490 nömrəli, xx xxxxxx 1991-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Quliyev Nəsrəddin Ömər oğlu xx xxxx 1989-cu il tarixdə yaşadığı Quba rayonu, Almaz Qazmalar kəndində vəfat etmişdir. Anası X6 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. Atası miras qoyan Quliyev Nəsrəddin Ömər oğlundan Quba rayonu, İ X8 Qazmalar kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Sözügedən evin altındakı və ətrafındakı həyətyanı torpaq sahəsi 0,20 ha olmaqla, həmin torpaq sahəsində 1949-cu ildə tikilmiş fərdi yaşayış evi vardır. Ona indi məlum olmuşdur ki, atasından miras qalmış sözügedən evi və həyətyanı torpaq sahəsini oğlu Cavabdeh mülkiyyətinə keçirtmək istəyir. O, doğulan gündən hazıra kimi valideynlərindən miras qalmış sözügedən evdə yaşayır və həmin evin həyətyanı torpaq sahəsini idarə edir. Amma oğlu-Cavabdeh onu saya salmır, onun vərəsəlik hüquqlarını pozur. Valideynlərinin vəfatından sonra İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 adlı vərəsələri qalmışdır. Göründüyü kimi, miras qoyanın 3 vərəsəsi vardır. Oğlu- Cavabdeh miras qoyanın nəvəsidir. Miras qalmış sözügedən evi təmir etdirməklə və onun həyətyanı torpaq sahəsinə daima vaxtında baxmaqla abad etmişdir. Beş il xəstə yatan mərhum atası-miras qoyan Quliyev Nəsrəddin Ömər oğluna baxmış, sonra miras qoyan Nəsrəddinin dəfn xərcini çəkmiş və hüzr mərasimlərini bir vərəsə kimi özü icra etmiş, həmin evin həyətyanı torpaq sahəsini idarə etmişdir. Mirası qəbul edən vərəsə mirası qanunvericiliklə nəzərdə tutulmuş ya formal cəhətdən, ya da faktik cəhətdən qəbul etməlidir. Beləliklə, Quba rayonu, İ X8 Qazmalar kəndində yerləşən mərhum atasına məxsus 0,20 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş mərhum atasına məxsus yaşayış evinin mirası qəbul etmiş vərəsəsi - onun vərəsəlik üzrə payı müəyyən edilməlidir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Nəsrəddin oğlu iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o da vərəsədir və miras əmlakdan pay almaq hüququ vardır, lakin məhkəmə onu miras əmlakdan məhrum etmiş, miras əmlakdan imtina etməməsini nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı Nəsrəddin oğlu apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Quba RİHB-nın İ-Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ 893417 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Quliyev Nəsrəddin Ömər oğlu xx.xx.1989-cu ildə Quba rayonu, İ Nügədi kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın İ Nügədi İƏD üzrə icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-T 067485 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx xxxxx 1949-cu il tarixdə doğulmuşdur, atası Quliyev Nüsrəddin Ömər oğlu, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxxxx 2017-ci il tarixli, 1686 nömrəli arxiv arayışından görünür ki, Quba rayonu, İ Nügədi kənd sovetinin 1986-1990-cı illərə aid 12 saylı təsərrüfatbaşına kitabında Quliyev Nəsrəddin Ömər oğlu 863 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1986- 1989-cu illərdə 1949-cu ildə tikilmiş yaşayış evi və şəxsi istifadəsində 0,20 ha (1990-cı ildə torpağın miqdarı karandaşla yazılmışdır) həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda Quliyev Nəsrəddin Ömər oğlunun xx.xx.1989-cu ( AKT № 17 xx.xx.1989) ildə öldüyü göstərilmiş və bütün ailə üzvlərinin adlarının üstündən karandaşla çarpaz xətt çəkilərək, üst hissədə karandaşla “ləğv olunub” sözləri yazılması qeyd olunmuşdur. Quba Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 xx xxxxxxx 2018-ci il tarixli məktubu ilə Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı Nəsrəddin oğlunun adına fərdi yaşayış evinə məxsus arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh adına Quba rayonu, İ-Nügədi kəndində 0,22 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 96,3 kv.metr olan fərdi yaşayış evi qeydə alınmışdır. Yenə həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxxxx 2017-ci il tarixli, 1627 nömrəli Arxiv arayışına əsasən Quba rayonu, İ- Nügədi kənd X4 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid İİİ məhəllə üzrə 12 saylı təsərrüfatbaşına kitabında Quliyev Nəsrəddin Ömər oğlu 863 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1986-1989-cu illərdə 1949-cu ildə tikilmiş, ümumi sahəsi 1986-cı ildə 32 kv.metr, 1987-ci ildə 80 kv.metr, 1988-1989-cu illərdə 96 kv.metr, o cümlədən yaşayış sahəsi 1987-ci ildə 60 kv.metr, 1988-1989-cu illərdə 70 kv.metr, divar materialı çiy kərpicdən, dam örtüyü materialı şiferdən, qaz qurğularının mövcud olduğu yaşayış evi və şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir (1990-cı ildə torpaq sahəsi karandaşla yazılmışdır). Həmin təsərrüfatın ailə başçısının soyadı, adı və atasının adı yazılan bölmədə Quliyev Nəsrəddin Ömər oğlu sözlərinin üstündən çarpaz xətt çəkilmişdir. Təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında Quliyev Nəsrəddin Ömər oğluna aid qeyd qrafasında ölüb”3.31989 AKT 17 16.5.1989” sözləri yazılmışdır. Quba RİHB-nın İ Nügədi İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid İİİ məhəllə üzrə 15 saylı təsərrüfatbaşına kitabında Cavabdeh 2125 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində ümumi yararlı sahəsi 96 kv.metr, o cümlədən yaşayış sahəsi 70 kv.metr, qaz qurğularının mövcud olduğu yaşayış evi və şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Həmin təsərrüfatın Cavabdeh aid əlavə məlumatlar qrafasında 13.İİ.1991-ci ildə Quba r/n Notariat Kontorunda verilmiş 1-1490 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinə əsasən “Nəsrəddinin əmlakı nəvəsi Cavabdeh qalmışdır, imza” sözləri yazılmışdır. Yenə də həmin məkuba əlavə edilmiş 1991-ci il 13 fevral tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən Quba rayon Dövlət Notariat Kontoru tərəfindən xx xxxx 1988-ci il tarixdə təsdiq edilmiş reyestrdə 4-1526 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx xxxx 1989-cu ildə ölmüş Quliyev Nəsrəddin Ömər oğlunun vəsiyyətnamədə göstərilən əmlaklarının vərəsəsi Quba rayonu, İ-Nügədi kənd sakini Cavabdehdur. Şəhadətnamə verildiyi vərəsəlik əmlak Quba rayonu, İ Nügədi kəndində yerləşən iki mərtəbəli, dörd otaqlı, ümumi sahəsi 96,0 kv.m, yaşayış sahəsi 70 kv.m olan yaşayış evidir. Qeyd edilən məktuba əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 1507F KOD 30319018 nömrəli Şəhadətnamədən görünür ki, Quba rayon X5 xx xxxx 1997-ci il tarixli, 06 saylı qərarı ilə Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün 0,22 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxx 2019-cu il tarixli, 66 nömrəli məktubunda Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olan sənədlər siyahısında 1991-ci il 13 fevral tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əlavə edilmişdir. Yenə iş materiallarında olan Quba Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxx 2019-cu il tarixli, 67 nömrəli məktubunda Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olan sənədlər siyahısında Quba rayonu, İ Nügədi XDS İK-nın günü oxunulmayan yanvar 1991-ci il tarixli 20 nömrəli arayışı əlavə edilmiş, həmin arayışın İddiaçı Nəsrəddin oğluna verilməsi, atası Quliyev Nəsrəddin Ömər oğlunun adına İ Nügədi sovetliyində 0,20 hektar torpaq sahəsində 1949-cu ildə kərpicdən tikilmiş ümumi sahəsi 96 kv.m, o cümlədən yaşayış sahəsi 70 kv.m olan iki mərtəbəli, dörd otaqlı, damı şiferlə örtülmüş yaşayış evinin olması, Quliyev Nəsrəddin Ömər oğlu vəfat etdikdən sonra onun təsərrüfatında heç kəsin qalmaması, Quliyev Nəsrəddin Ömər oğlunun təsərrüfatından kənar qızlarının olduğu, göstərilən evin vergi borclarının olmadığı, arayışın Quba rayon Notariat Kontoruna təqdim etmək üçün verildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxx 2019-cu il tarixli, 69 nömrəli məktubunda Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olan sənədlər siyahısına əlavə edilmiş Quba rayonu, İ-Nügədi kənd sovetliyi tərəfindən xx xxxxxx 1987-ci il tarixdə verilmiş vərəsəlik haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.1987-ci il tarixdə Quba rayonu, İ-Nügədi kəndində doğulmuş, atası İddiaçı, anası X3r. İş materiallarında olan Quba Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxx 2019-cu il tarixli, 70 nömrəli məktubunda Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olan sənədlər siyahısında xx xxxx 1988-ci il tarixdə verilmiş vəsiyyətnamə əlavə edilmiş, həmin vəsiyyətnaməyə əsasən Quba rayonu, İ Nügədi kənd sakini Quliyev Nəsrəddin Ömər oğlu Quba rayonu, İ Nügədi kəndində yerləşən evini Cavabdeh vəsiyyət etmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 16343 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr kitabının 48-ci vərəqəsində Quliyev Nəsrəddin Ömər oğlunun adından olan xx xxxx 1988-ci il tarixli vəsiyyətnamədə “Quliyev N.Ə” yazıları qarşısındakı imza ilə Quba rayonu, İ Nügədi kənd sovetinin 1986-1990-cı illərə aid 12 saylı (İİİ məhəllə) təsərrüfatbaşına kitabının 75-ci vərəqəsində olan “ailə başçısı” qrafasındakı imzalar müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Yenə də iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizələrdən görünür ki, İddiaçı ona qarşı olan iddiasının 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73, 77, 552-ci maddələrində və Azərbaycan Respublikasının qüvvədə olan hazırki Mülki Məcəlləsinin 373.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı müddəalar əsasında rədd edilməsi məhkəmədən xahiş edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləriniaraşdırıb, işdə olan sübutlarıişin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərəəsasən, apelyasiya şikayəti təmin edilməməli,Quba Rayon Məhkəməsinin 2(027)-251/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının atası Quliyev Nəsrəddin Ömər oğlu xx xxxx 1989-cu il tarixdə yaşadığı Quba rayonu, Almaz Qazmalar kəndində vəfat etmişdir. Atası miras qoyan Quliyev Nəsrəddin Ömər oğlundan Quba rayonu, İ Nügədi nümayəndəliyinin Almaz Qazmalar kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Mərhum Quba rayon Dövlət Notariat Kontoru tərəfindən xx xxxx 1988-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən iki mərtəbəli, dörd otaqlı, ümumi sahəsi 96,0 kv.m, yaşayış sahəsi 70 kv.m olan yaşayış evini nəvəsi, iddiaçının oğlu Cavabdeh vəsiyyət etmişdir. İddaçı hazırda həmin vəsiyyətnaməni və onun əsasında verilmiş bütün aktları mübahisələndirir. Məhkəmə araşdırması zamanı həmçinin o fakt da müəyən edildi ki, hazırda mübahisələndirdiyi vərəsəlik şəhadətnaməsini alınması üçün tələb olunan sənədlər notariat kontoruna iddiaçının özü tərəfindən təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayonu, İ Nügədi XDS İK-nın xx xxxxxx 1991-ci il tarixli, 20 nömrəli arayışından məlum olur ki, həmin arayış İddiaçı Nəsrəddin oğluna, atası Quliyev Nəsrəddin Ömər oğlundan miras qalmış əmlakla bağlı Quba rayon Notariat Kontoruna təqdim etmək üçün verilir. Eləcə də işdə olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən məlum olur ki, həmin Şəhadətnamə xx xxxxxx 1991-ci ildə daha öncə istinad olunan arayış əsasında verilmişdir. Mübahisə ilə bağlı işin obyektiv həlli üçün məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Quliyev Nəsrəddin Ömər oğlu xx.xx.1989-cu ildə vəfat etdiyindən ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar hüquq münasibətinə həmin vaxt qüvvədə olan 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, 1964-cü il tarixli Mülki Məcəlləinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Yenə həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras qoyanın vərəsəsi İddiaçı miras əmlakı istər notarial qaydada, istərsə də faktiki olaraq qəbul etməmişdir. Həmçinin həmin vərəsənin mirası qanunla müəyyən edilmiş müddətdə faktiki olaraq qəbul etməsi məhkəmə iclasında müəyyən edilməmişdir. İddia tələbinin digər hissəsi ilə bağlı, yəni vəsiyyətnamənin, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 5 saylı X9 daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsi və həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Digər tərəfdən işdən görünür ki, iddiaçı atasından miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsindən də pay tələb edir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən məlum olur ki, ümumi sahəsi 0,22 ha olan həmin torpaq sahəsi Quba rayon X5 xx xxxx 1997-ci il tarixli, 06 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə verilmişdir. İddiaçı həmin qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, iddiaçı bütün tələbləri ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, mirasın açıldığı tarix miras qoyanın öldüyü xx.xx.1989-cu il olduğundan, bununla əlaqədar iddia isə 2018-ci ildə verildiyindən məhkəmə hesab edir ki, qanunla müəyyən olunmuş iddia müddəti ötürülmüşdür. 1964-cü il tarixli Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Göründüyü kimi, iddiaçı bu müddət başa çatdıqdan sonra cavabdehin adına verilmiş vəsiyyətnamənin, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını, Cavabdeh mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 5 saylı X9 daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsini və həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001- ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri- müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi ilə bağlı iddia müddəti ötdüyündən, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış evdən və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi, miras əmlakın vərəsəlik payının ona çatan hissəsinə mülkiyyət hüququnun müəyyən edilməsi, vəsiyyətnamənin, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi,Cavabdeh mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 5 saylı X9 daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsi və həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasənapellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)- 251/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar