Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1444/2025 23.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2(012)-5613/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5613/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" ASC-yə, “Carlsberg Group” şirkətinə və Alius Antulisə qarşı “faktiki əmək münasibətlərinin tanınması, işə bərpa və kompensasiya tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun iddia ərizəsinin geri qaytarılması barədə qərardadda qeyd edilən əsaslar tam olaraq əsassız və qanunsuzdur. Belə ki, MPM-in 151.3cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. İddia ərizəsi tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə həm qərardadın qəbul edilməsi və eləcə də həmin qərardadın sistemə yerləşdirilməsinə dair prosessual müddətləri kobud şəkildə pozmuşdur. İddia ərizəsinin daxil olma tarixi xx.xx.2025ci ildir, deməli, müvafiq qərardad da xx.xx.2025-ci il tarixə kimi çıxarıla bilərdi. İddia ərizəsində 2 cavabdeh olan Cavabdeh1 MMC və "xxxx" ASC barədə kifayət qədər məlumat vermişdir. Digər 2 cavabdeh olan “Carlsberg” Şirkətlər qrupunun və şirkətlərin direktoru olan Alius Antulisin, ümumiyyətlə, Azərbaycandakı hər hansı bir qeydiyyat məlumatları ona məlum deyil. Bundan başqa, əgər Cavabdeh1 MMC və "xxxx" ASC-nin qeydiyyat ünvanlarının ünvan 1dursa, deməli, digər cavabdehlərin hər hansı bir başqa məhkəməyə aidiyyatı işin geri qaytarılması əsası kimi çıxış edə bilməz. Bütün bunlardan başqa, əgər cavabdeh Alius Antulis Cavabdeh1 MMC və "xxxx" ASC-nin direktoru və bununla da vəzifəli şəxs olaraq cavabdeh kimi qeyd olunubsa, deməli, onun barədə bütün məlumatlar sistemdə artıq mövcuddur və məhkəmə özü bu məlumatları aydın şəkildə görə bilir. Bu da ondan xəbər verir ki, məhkəmə işi araşdırmamışdır. MPM-in 10-1.9-cu maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, işə bərpa və əməkhaqqı tələbləri dövlət rüsumundan azad olsa da, onlarla yanaşı irəli sürülən kompensasiya vəsaitləri əmək mübahisəsinin predmeti ilə funksional bağlılığı olmayan mülki xarakterli tələblər hesab edilir. Lakin bunun hüquqi əsaslandırmasını göstərməmiş və buna sadəcə özündən mülahizə vermişdir. Bundan başqa, məhkəmə iş materiallarını tərəflərin iştirakı olmadan araşdırıb və tədqiq edərək özü belə qənaətə gəlmişdir ki, bu mübahisə əmək mübahisəsi deyil, ona görə ki, müqavilə xidməti müqavilə olmuşdur və s. Halbuki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qərarına istinad edilərək iddia ərizəsində tərəfindən bu hal qeyd edilmişdir. Bununla da hakim tərəflərin çəkişmə prinsipini pozmuşdur, iş materiallarını tərəflərin iştirakını təmin etmədən araşdıraraq və tədqiq edərək öz qərardadında bu məsələyə istinad etmişdir. Yəni ki, iddia ərizəsinin geri qaytarılmasına baxmayaraq, hakim tərəflərin iştirakını təmin etmədən iş materiallarının araşdırılmasını və tədqiq edilməsini təkbaşına aparmış, bu da azmış kimi buna hələ öz qərardadında da istinad etmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5613/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət yazılı icraat qaydasında baxılmağa təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5613/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaəti və bu qənaətə gəlməsinin əsasları ilə razılaşaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə nəticəyə gələrkən hesab etmişdir ki, əvvəla, iddia ərizəsi forma və məzmun etibarilə Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır, bu isə həmin Məcəllənin 151.1.1-ci maddəsinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Belə ki, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). Lakin konkret halda iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlərdən “Carlsberg Group” şirkətlər qrupu və Alius Antulis haqqında məlumatlar natamam qeyd edilmiş, cavabdeh Alius Antulisin şəxsiyyətini müəyyən etməyə imkan verən hər hansı sübut təqdim edilməmişdir. Həmin məlumatların iddia ərizəsində göstərilməsi, iddiaçının hesab etdiyi kimi, məhkəmə aidiyyəti qaydalarına əməl edilib-edilməməsinin yoxlanılması üçün deyil, tərəflərin məhkəmə icraatı barədə lazımi qaydada məlumatlandırılmasının və çəkişmə prinsipinə əməl olunmasının təmin edilməsi üçün tələb olunur. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasının digər səbəbi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsi olmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi verərkən əməyin ödənilməsi və əmək fəaliyyət ilə bağlı digər tələblər üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunmasına istinad edərək dövlət rüsumu ödəməmişdir. Birinci instansiya məhkəməsi bununla razılaşmayaraq hesab etmişdir ki, işə bərpa və əməkhaqqı tələbləri dövlət rüsumundan azad olsa da, onlarla yanaşı irəli sürülən kompensasiya vəsaitləri əmək mübahisəsinin predmeti ilə funksional bağlılığı olmayan mülki xarakterli tələblər hesab edilir. Buna görə də həmin hissələr üzrə dövlət rüsumunun ödənilməsi prosessual baxımdan əsaslıdır. Bundan əlavə, iddia ərizəsinin məzmunundan da görünür ki, tərəflər arasında əmək müqaviləsi deyil, hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır… Məhkəmə həmçinin müəyyən etmişdir ki, hazırkı tələb üzrə iddianın qiyməti 368815.16 manat təşkil edir və buna müvafiq olaraq iddia ərizəsinin verilməsinə görə 658.82 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə onun cavabdehlərlə faktiki əmək münasibətlərində olması faktının tanınması və işə bərpa olunması tələbini irəli sürmüşdür. Bu isə o deməkdir ki, əgər məhkəmə həmin iddianı təmin edərsə, məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra iddiaçı ilə cavabdehlər arasında mövcud olmuş mülki-hüquqi münasibətlərə əmək-hüquq münasibətlərini tənzimləyən qanunvericilik normaları şamil və tətbiq olunmalıdır. Lakin hazırkı vəziyyətdə yalnız iddiaçı özü hesab edir ki, onunla cavabdehlər arasında əmək münasibətləri mövcud olmuş və cavabdehlər onun əmək hüquqlarını pozmuşlar, onun iddiası isə “əməyin ödənilməsi və əmək fəaliyyət ilə bağlı olan digər tələblərə” aiddir. Halbuki, tərəflər arasında əmək münasibətlərinin yaranmasını və davam etməsini təsdiqləyən birbaşa sübutlar mövcud deyil, iddiaçı 2021-ci ildə cavabdehlərdən biri ilə xidmət müqaviləsi bağlamış və tərəflər arasındakı münasibətlər də bu müqavilə əsasında yaranaraq davam etmişdir. Qeyd olunanlar baxımından tərəflər arasındakı hazırkı mübahisənin əmək münasibətlərindən irəli gəldiyini iddia etmək əsaslı sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının sözügedən iddia ərizəsi üzrə ümumi qaydada dövlət rüsumu ödəməli olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belələklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd olunan çatışmazlıqlara görə geri qaytarmaqda düzgün nəticəyə gəlmişdir. Bununla razılaşmayan iddiaçının şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız kimi qiymətləndirir. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5613/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5613/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1444/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1444/2025
23.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver