Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1446/2022 13.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və dəymiş mənəvi ziyan tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qərardadı ilə (hakim G.C.Tanrıverdiyeva) Cavabdeh ərizəsinin təmin edilməməsi, Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-7002/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-7002/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul və dəymiş mənəvi ziyan tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş və Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış apellyasiya şikayətinin müddətini üzrlü hesab etməklə bərpa edilməsi və apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması ücün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmış və o, belə bir qətnamənin qəbul edildiyini artıq həmin qətnamə qanun qüvvəsini alıb icraya yönəldikdən və icra məmuru tərəfindən icra şöbəsinə dəvət edildikdən sonra bilmiş, 30.03.2022-ci il tarixdə məhkəməyə qətnamənin surətinin ona verilməsi barədə ərizə yazaraq həmin qətnamənin surətinin ona verilməsini xahiş etmiş və məhkəmə qətnaməsi ona rəsmi qaydada 11.04.2022-ci il tarixdə təqdim olunmuşdur. AR MPM-nin 360-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. O, məhkəmə qətnaməsinin surətini rəsmi qaydada 11.04.2022-ci ildə almış və 1 aylıq şikayət müddəti həmin vaxtdan hesab olunmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, bu mülki işdən xəbəri olmamışdır. Ona heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Onun anası belə bir qətnaməni almamışdır, digər tərəfdən qətnamənin surətini qeydiyyatda olduğu ünvanda yaşayan şəxsə təqdim olunması qətnamənin ona verilməsi kimi qəbul oluna bilməz. Məhkəmə apellyasiya şikayəti müddətini bərpa etməklə işi apellyasiya məhkəməsinə göndərməli idi, bu hallar ona dəlalət edir ki, qəbul edilmiş qərardad qanunsuzdur, ləğv edilməli və qətnamədən verilmiş apellyasiya şikayəti müddətinin bərpasına dair ərizəsi təmin olunmaqla hazırkı apellyasiya şikayəti apellyasiya məhkəməsinə göndərilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(060)-7002/2021 nömrəli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-7002/2021 nömrəli qətnaməsi 28 sentyabr 2021-ci il tarixdə tərəflərə poçt vasitəsi ilə göndərilmiş, iş materiallarında olan SS746942000AZ saylı xəbərnaməyə əsasən cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-7002/2021 saylı qətnaməsinin surəti 04.10.2021-ci il tarixdə “anası İsmayılova” adlı şəxsə rəsmi olaraq təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Daha sonra, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-7002/2021 nömrəli qətnaməsinin surətini təkrarən əldə etmək üçün qanunvericiliyin tələblərinə əsasən dövlət rüsümu ödəməklə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin qətnaməni yenidən 07.04.2022-ci il tarixdə əldə etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin sözügedən qətnamədən şikayət vermə müddətinin axımı 04 oktyabr 2021-ci il tarixdən başlamış, 05.11.2021-ci il tarixdə başa çatmışdır. Lakin Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 21 sentyabr 2021ci il tarixli, 2(060)-7002/2021 nömrəli qətnaməsindən 17.04.2022-ci il tarixdə şikayət verərək mülkiprosessual qanunvericiliklə müəyyən olunmuş 1 aylıq müddəti ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, məhkəmə aktının yenidən əldə olunması şikayət vermə müddətinin yenidən başlaması və ya ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün əsas ola bilməz. Beləliklə, cavabdeh müddətin bərpası barədə vəsatət verməklə ötürülmüş müddətin bərpa olunmasını xahiş etsə də, müddətin üzrlü səbəblərdən ötürülməsinə dair ərizəsində hər hansı hala istinad etməmiş, o cümlədən bu hallara dair ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (MPM-in 133.1-ci maddəsi). Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas yoxdur və hazırkı ərizə təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən ərizəyə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 05 may 2022-ci il tarixli 2(060)-7002/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1446/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1446/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver