Məhkəmə qərarları › İş №2(105)-1448/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1448/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1448/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-21/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 16 aprel 2021-ci il tarixli əmlakın təmiri və tikintisi üçün əmlak sahibi ilə icraçı arasında bağlanılan müqaviləyə əsasən İddiaçı Sumqayıt şəhəri, Ləvənt yaşayış kompleksi, Park Bulvar City, ev 2C ünvanında yerləşən sahəsi 101 kv.m olan 9 saylı mənzildə təmir işlərinin görülməsini Cavabdeh2 həvalə etmişdir. Müqaviləyə əsasən ümumi görülən, işlərin dəyəri 30000 manat təşkil etmiş. İddiaçı Sərəstən qızı ilkin olaraq 10000 manat ödəniş etmişdir.

2. xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə bağlanan müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə mənzilin təmirinə görə 20 000 manat ödəniş olunmuşdur. Qalıq məbləğ 10 000 manat ödənildikdən sonra mənzilin təmiri 15 gün ərzində yekunlaşdırılaraq təhvil veriləcəkdir. İşə əlavə olaraq 1400 manat pəncərələrin düzəlişinə görə əlavə alınmışdır.

3. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Sərəstən qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

4. Məhkəmə Ekspertiza Xidmətləri MMC-nin 12 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, texniki vizual baxış və təqdim edilmiş fototəsvirlər, videotəsvirlər əsasında Sumqayıt şəhəri, Bulvar ərazisi. Bulvar küçəsi. Lèvent Sumqayıt Beach City yaşayış kompleksində 1-ci korpus, 5-ci blok, 3-cü mərtəbə, 3 otaqdan ibarət 212 №li mənzilin daxilində Cavabdeh1 ilə bağlanmış 16 aprel 2021-ci il tarixli müqaviləyə əsasən aparılan tikinti-təmir işlərinin (materiat~və usta xərci daxil omaqla) məbləği Cədvəl 1-də aparılmış hesablamalar və təhlillərə əsasən 18835.9 manat təşkil etdiyi, texniki vizual baxış və təqdim edilmiş fototəsvirlər, videotəsvirlər əsasında Sumqayıt şəhəri. Bulvar ərazisi. Bulvar küçəsi. Lèvent Sumqayıt Beach City yaşayış kompleksində 1- ci korpus, 5-ci blok, 3cü mərtəbə, 3 otaqdan ibarət 212 № li mənzilin daxilində İddiaçı tərəfindən aparılan tikintitəmir işlərinin (material və usta xərci daxil omaqla) məbləği Cədvəl 2-də aparılmış hesablamalar və təhlillərə əsasən, 8246.0 (səkkiz min iki yüz qırx altı) manat təşkil etdiyi müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 101 m2 olan iddiaçıya məxsus mənzildə xx.xx.2021-ci il tarixli müqavilə şərtləri nəzərə alınmaqla təqdim olunan təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 14581 manat olduğu, həmin mənzildə xx.xx.2021-ci il tarixli müqavilə şərtləri nəzərə alınmaqla İddiaçı Sərəstən qızı tərəfindən görülən işlər olaraq təqdim olunan təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 5802 manat olduğu müəyyən olunmuşdur. Keçirilmiş ekspertiza xərci 50 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 15000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" Təmir-Tikinti Şirkəti arasında 16 aprel 2021-ci il tarixdə “əmlakın təmiri” barədə müqavilə bağlanmışdır. Müqavilə cavabdeh "xxxx" Təmir-Tikinti Şirkətinin ünvan 2 ünvanında yerləşən ofisində bağlanmış və Cavabdeh2 tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Müqaviləyə əsasən əmlakın sahibi kimi, ona məxsus olan ünvan 3 ünvanında yerləşən 101 kv.m sahəni cavabdeh 4 ay müddətinə 30.000 manat əvəzində təmir edərək ona təhvil verməliydi. Cavabdehə ümumilikdə 32900 manat pul ödəsə də təmir işləri tam yekunlaşmamışdır. Göstərilən səbəblərdən şikayət ərizəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmiş, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev tərəfində araşdırma aparılarkən "xxxx" Dizay Təmir Tikinti Şirkətinin direktrou Cavabdeh2 izahat yazaraq etiraf etmişdir ki, həqiqətən də ondan mənzilin təmir üçün 32.900 manat pul almışdır. O, təmir işlərini 16 oktyabr 2021-ci il tarixinə kimi bitirəcəyinə dair təhqiqatçıya iltizam da yazmışdır. Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev tərəfində xx.xx.2021-ci il tarixdə HK-1/685 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla mübahisənin mülki xarakterli olması və araşdırmanın məhkəmə orqanlarının aid olduğu üçün mülki qaydada məhkəməyə müraciət etmək məə tövsiyyə olunmuşdur. Təmir işləri başa çatmadığı üçün hər ay 450 manat məbləğində kirayə üçün pul ödəməli olur.

8. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdiirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, cavabdehlərdən 15000 manat pulun və Cavabdeh2 8246 manat vurulmuş maddi ziyanın və 135 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 15000 manat pulun və cavabdeh 8246 manat pulun, cəmi 23246 manat pulun və 135 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh2 iddia tələbinə etiraz ərizəsilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, 16 aprel 2021-ci il tarixli “təmir tikinti” müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, Ləvənt yaşayış kompleksi, Park Bulvar City, ev 2C ünvanında yerləşən sahəsi 101 kv.m olan 9 saylı mənzildə təmir işlərinin görülməsini cavabdehə həvalə etmişdir. Müqaviləyə əsasən ümumi görülən, işlərin dəyəri 30000 manat təşkil etməli idi. İddiaçı ilkin olaraq 10000 manat ödəniş etdi. Sonradan isə 10000 manat ödəniş etdi. İyul ayında evin təmir işlərinin 70 faizini görüb qurtarmışdır. İyul ayında iddiaçı dizaynda görmüş olduğu mebellərin hazırlanmasınıda sifariş etmişdir. Mebellərin ümumi dəyərinin 26000 manat təşkil etdiyini bildirmiş, iddiaçı hal-hazırda pulunun olmadığını, qızına toy edəcəyini, təmirə görə yerdə qalan 10000 manatı toydan sonra verəcəyini, lakin mebelə görə beh kimi 10000 manat verə biləcəyini bildirmişdir. İddiaçı təmirlə paralel mebellərində hazırlanmasını sifariş etdi. İddiaçi təmirə və mebelə görə qalan borcunu qızının toyundan sonra verəcəyini bildirdi. Sonradan şəxsi münasibətlər zəminində mübahisə yarandı. Belə ki, iddiaçı ondan xoşunun gəldiyini bildirdi, o isə ona yox dediyi üçün işinə qərəzli olaraq problem yaratmağa başladı. İddiaçı artıq mebeli istəmədiyini və mebelə görə ödədiyi 10000 manatın təmirin borcuna hesablanmasını bildirdi. Bunun, mümkün olmadığını ona bildirmişdir. Çünki artıq pul verib mebelin materiallarını almış və həmin materiallar sifarişə uyğun olaraq doğranmışdı. İddiaçı təmirə görə yerdə qalan borcunu ödəmədiyi üçün təmir işlərini saxlamışdır. Bundan sonra iddiaçı ondan polisə şikayət etmiş, polisdə də hər şeyi olduğu kimi bildirmişdir. Əslində zərərçəkənin, o, olmağına baxmayaraq məcburiyyət qarşısında qalıb təmiri tamamlayacağına dair söz vermişdir. Lakin iddiaçı bundan sonra, da müxtəlif bəhanələrlə təmirin tamamlanmasına mane olmağa çalışırdı. İddiaçının təmirin tamamlanmasına maneələr yaratmasına baxmayaraq təxminən fevral ayında evin laminatını da vurub iddiaçıya təhvil vermişdir. Bundan sonra müqavilə şərtlərinə əsasən hər birinin dəyəri 350 - 400 manat olmaqla 5 ədəd qapı qoyulmalı, evin plintusları qapıya uyğun olaraq alınıb vurulmalı və təmir işləri tamamlanmalı idi. Lakin iddiaçı bu dəfə də müqavilə şərtlərinə əsasən qoyulmalı olan qapıları istəmədiyini, daha bahalı qapıların alınıb qoyulmasını bildirmişdir. Halbuki iddiaçının özünün seçimi əsasında həmin qapılar, əvvəlcədən alınıb anbarda saxlanılırdı. İddiaçı həmin qapıların qoyulmasına və evin plintuslarının (80 metr) vurulmasına bu günədək şərait yaratmadığından təmir işlərini bitirə bilməmişlər. Göründüyü kimi müqavilə şərtləri onun tərəfindən deyil iddiaçı tərəfindən pozulmuşdur və iddiaçı tərəfindən ona maddi ziyan vurulmuşdur. Göstərilən xüsusatlara əsasən İddiaçı Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsinin rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-21/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 15000 manat və iddiaçı tərəfindən yenidən görülən təmir işlərinə görə 4902 manat, ümumilikdə 19902 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 135 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 50 manat məbləğində ekspertiza xərcinin alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Natiq İsmayılov)

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 753.1, 753.2, 753.4, 762.1, 764.1, 772.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 iddia ərizəsinə verdiyi etirazla eyni məzmunlu apellyasiya şikayəti verib Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-21/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə görülmüş işlərin dəyərini müəyyən edərkən tərəflər arasında imzalanmış müqavilənin şərtlərini nəzərə almamışdır. Məhkəmə iddiaçının şərait yaratmaması səbəbindən evin 5 ədəd qapılarının qoyulmadığını və döşəmənin kənarlarına haşiyənin (plintusun) vurulmadığını, 5 ədəd qapının dəyərinin müqavilə şərtlərinə uyğun olaraq 1 ədədinin qiymətinin 350 manat olmaqla 1750 manat, döşəmənin kənarlarına haşiyənin (plintusun) vurulmasının dəyərinin isə müqavilə şərtlərinə uyğun olaraq 200 manat təşkil etdiyini, həmin məbləğin də cavabdeh tərəfindən iddiaçıya geri qaytarıldığını nəzərə almamışdır. Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir.

15. İş materilallarında olan tərəflər arasında imzalanmış müqavilə, smeta, whatsapp yazışmaları və tərəflərin izahatları təmirin müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirildiyini, iddiaçının şərait yaratmaması səbəbindən evin 5 ədəd qapılarının qoyulmadığını və döşəmənin kənarlarına haşiyənin (plintusun) vurulmadığını təsdiq edir. 5 ədəd qapının dəyəri müqavilə şərtlərinə uyğun olaraq 1 ədədinin qiyməti 350 manat olmaqla 1750 manat, döşəmənin kənarlarına haşiyənin (plintusun) vurulmasının dəyəri isə müqavilə şərtlərinə uyğun olaraq 200 manat təşkil edir. Həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Bu halların araşdırılmaması sonda məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

26. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

27. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.

28. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.

29. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

30. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

31. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Umudov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-21/2023 saylı qətnaməsini iddianın təmin edilən hissəsini mübahisələndirmişdir.

41. Kollegiya qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır.

42. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. İşdən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında 16 aprel 2021-ci il tarixdə “əmlakın təmiri” barədə müqavilə bağlanmışdır. Müqavilə əsasən iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən 101 kv.m sahəni cavabdeh 30.000 manat əvəzində təmir etməli olmuşdur. Lakin daha sonra cavabdeh təmiri başa çatdırmamış, eyni zamanda onun tərəfindən təmir aparılmış sahələrdə yenidən təmirə ehtiyac olduğundan mənzilin həmin hissələri yenidən iddiaçı tərəfindən ekspert rəyinə əsasən 5802 manat dəyərində təmir edilmişdir. Lakin ekspert iddiaçı tərəfindən görülən təmir işlərinin dəyərini tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş qiymətlərdən yüksək qiymətlərlə nəzərə almışdır. (məsələn: seyf tipli giriş qapı müqavilədə 500-600 manat müəyyən edildiyi halda rəydə 800 manat dəyərində göstərilmişdir) Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən görülən təmir işlərinin dəyəri tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə alınmaqla tutulmalıdır.

45. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında əldə edilmiş razılaşmanın şərtləri məhz Cavabdeh2 tərəfindən pozulmuşdur. Belə ki, işdən görünür ki, iş materiallarında olan 16 aprel 2021-ci il tarixli müqavilədə cavabdeh iddiaçıya məxsus mənzili təmir etməyi öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Son nəticədə iddiaçı vəsaitindən məhrum olmuşdur.

46. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

47. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

48. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir.

50. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

51. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

52. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-21/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-21/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar