Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-145/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, mülkiyyətin toxunulmazlığı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X25 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri X12 (sonuncu iclasda iştirak etmir) və X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(074)-61/2022 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Şamaxı Rayon XDS İK tərəfindən xx.xx.1991-ci il tarixdə 4 sayla qeydə alınmış nizamnaməsinin surətindən görünür ki, təsisçisi Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Üzüm dirək” istehsal birliyi olan Şamaxı rayonu 6 №-li üzüm dirəkləri istehsal edən kiçik müəssisənin sovxozun tərkibindən ayrılmış üzüm dirəkləri istehsal edən sahənin bazasında yaradılmışdır. Hüquqi şəxsdir. Kiçik müəssisənin əsas fondları təsisçinin balansında əks etdirilir. Kiçik müəssisənin vəzifəsi Respublikanın üzümçülük təsərrüfatlarının dəmir-beton dirəklərə olan təlabatını ödəməkdir.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Üzüm dirək” istehsal birliyinin 12 saylı xx.xx.1993-cü il tarixli əmrinin surətindən görünür ki, 5, 6 və 7 №-li üzüm dəmir-beton dirəkləri istehsal edən kiçik müəssisələr ləğv edilmiş və onların balansında Şamaxı Rayonlararası Dəmir-Beton dirəklər istehsal edən müəssisə yaradılmışdır.
3. İşdə olan üçüncü redaksiya nizamnaməsinin surətindən görünür ki, "xxxx" ASC xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmış Şamaxı Rayonlararası Dəmir-Beton dirəklər istehsalı müəssisəsinin çevrilməsi nəticəsində yaradılmaqla onun hüquqi varisidir.
4. Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən **********910300 saylı xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, "xxxx" ASC xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqi ünvanı: AZ 5600, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, qanuni təmsilçisi: X6r. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən sahəsi 269.4 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi müülkiyyət hüququ, Dövlət mülkiyyətində olan 0,0329 ha torpaq sahəsi isə istifadə hüququ üzrə xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydə alınmışdır.
5. Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi X4, Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin məsləhətçisi X13, “X32” ASC-nin idarə heyətinin sədri X5 iştirakı ilə tərtib edilmiş 24 avqust 2021-ci il tarixli aktdan görünür ki, daxil olmuş şifahi məlumat əsasında Şamaxı rayon Şəhriyar qəsəbəsi ərazisində monitorinq keçirilmişdir. Monitorinq zamanı “X32” ASC-nin ərazisində torpaq sahəsinin ağır texnika vasitəsi ilə qazılaraq düzləşdirllməsi faktı aşkarlanmışdır. Məlum olmuşdur ki, “X32” ASC-nin yeriəşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin faktiki sərhədləri daxilində Şamaxı rayon Şəhriyar qəsəbəsi sakini Cavabdeh tərəfindən təxminən 0.25 ha ərazidə qazıntı işləri aparılmışdır. Ərazidə aparılan qanunsuz qazıntı işləri zamanı mövcud yaşıllıq sahə (ağac və kollar) məhv edilmişdir. Sözü gedən qazıntı işləri ilə əlaqədar Cavabdeh torpaq sahəsindən istifadəyə aid hüquq müəyyənedici sənəd tələb olunsa da o, bu barədə heç bir material təqdim etməmişdir. Qazıntı işlərinin saxlanılması ilə əlaqədar Cavabdeh qəti xəbərdarlıq edilmişdir. Sözü gedən faktın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə (188ci maddə) əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına zəbtetmə xarakterinə uyğun gəldiyi baxış zamanı öz təsdiqini tapmışdır. Odur ki, aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər.
6. AZ-İİ № 193205 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 09 oktyabr 2021-ci il tarixdə ölmüşdür.
7. 22 oktyabr 1996-cı il tarixli asflatqarışdıran qurğunun icarəyə verilməsinə dair müqavilənin surətindən görünür ki, asfalt qarışdıran qurğu Şamaxı rayonu 6 saylı sovxoz tərəfindən 5 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Şamaxı rayon 6 saylı sovxoz yerli Aqrar İslahat Komissiyasının 01 oktyabr 2002-ci il tarixi aktının surətindən görünür ki, 01 oktyabr 2002ci il tarixində Şamaxı rayon 6 saylı sovxoz yerli Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı hesabına həmin sovxozun işçisi Zöhrə Zamanovanın mülkiyyətinə asfalt bişirən qurğu verilmişdir.
8. Şamaxı Rayon Məhkəməsinin 2(074)-461/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər X16, X2 və üçüncü şəxs Şamaxı rayon Şəhriyar Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunaraq X9 01 oktyabr 2002-ci il tarixdə Şamaxı rayon 6 nömrəli sovxozun qərarına əsasən Aqrar İslahat komissiyasının əmlak payı əvəzinə verdiyi asfalt bişirən qurğudan və 0,25 ha tikinti altı torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdehlər tərəfindən yönəlmiş maneələr aradan qaldırılması və həmin qurğuya və 0,25 ha tikinti altı torpaq sahəsinə müdaxilə cavabdehlərə qadağan edilmişdir.
9. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, asfalt bişirən qurğu 1980-ci ildən Şamaxı rayon 6 saylı sovxozun istifadəsində mülkiyyətində olmaqla 0,25 ha torpaq sahəsinə malik olmuşdur. Mülkiyyətçi dəyişdikdən sonra isə həmin asfalt bişirən qurğu 0,25 ha torpaq sahəsi ilə birlikdə iddiaçının istifadəsinə keçmişdir. Asfalt bişirən qurğu mülkiyyətə verilsə də, 0,25 ha torpaq sahəsi iddiaçının istifadəsində qalsa da, mülkiyyət olaraq Bələdiyyə mülkiyyətində qalmışdır. X7 asfalt bişirən qurğundan yerləşdiyi 0,25 ha torpaq sahəsində istifadə etmək hüququ var.
10. Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin 04 aprel 2006-cı il tarixli, 18 saylı məktubundan görünür ki, Şəhriyar qəsəbə sakini X9 əmlak payı kimi düşmüş asfalt bişirən qurğu yerləşdiyi torpaq sahəsini almaq barədə 31 mart 2006-cı il tarixli ərizə ilə müraciət etmiş, həmin ərizəyə aidiyyatı üzrə baxılıb rəy verilməsi və ayrılacaq torpaq sahəsinin sxeminin hazırlanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinə göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlər Cavabdeh və X10 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanında yerləşən “X32” ASC-nin yerləşdiyi dövlət mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin boşaldılması və iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh və X8 üzərinə qoyulmasını xahiş etmişdir.
12. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “iddiadan qismən imtina edilməsi barədə” başlıqlı ərizə ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə cavabdehlərdən X15 vəfat etdiyindən mülki işin ona aid hissədə məhkəmədə baxılmasına zərurətin aradan qalxdığını əsas gətirərək, iddiadan X9 aid hissədə imtina etdiklərini və iş üzrə icraatın təzələnməklə digər Cavabdeh aid hissədə iddiaya baxılmasını xahiş etmişdir.
13. Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-1100/2021 nömrəli qərardadı ilə iddia tələbinə X10 aid hissəsində xitam verilmişdir.
14. “X32” ASC 3-cü şəxs qismində işə cəlb edilmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Xidmətin Şamaxı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanında “X32” ASC-nin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin faktiki sərhədləri daxilində təxminən 0.25 ha sahənin hər hansı hüquqmüəyyənedici sənədlər olmadan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək həmin ərazidə qazıntı işləri aparılması aşkar edilmişdir. Mübahisəli ünvanlarda yerləşən əmlak kompleksi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmiş və hazırda “X32” ASC-nin mülkiyyətindədir. Qeyd edilən əmlak kompleksi özəlləşdirilsə də, onun altında olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Xidmətin əməkdaşları tərəfindən cavabdehlərdən qeyd olunan hərəkətlərə son qoyulması, zəbt olunmuş dövlətə məxsus torpaq sahəsinin boşaldılması tələb olunsa da, görülmüş tədbirlər bir nəticə verməmiş, cavabdehlər tərəfindən qeyd olunan qanunsuz hərəkətlər davam etdirilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 0,25 ha torpaq sahəsində yerləşən və yerinin dəyişdirilməsi təyinatına tənasübsüz zərər vurulmadan mümkün olmayan asfalt bişirən qurğu 1980-ci ildən Şamaxı rayon 6 saylı sovxozun mülkiyyətində olmuşdur. Şamaxı rayon 6 saylı sovxozun yerli Aqrar İslahat komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə asfalt bişirən qurğu əmlak payı kimi cavabdehin anası X7 mülkiyyətinə, qurğunun yerləşdiyi 0,25 ha torpaq sahəsi isə istifadəsinə verilmişdir. Daha sonra qurğunun yerləşdiyi 0,25 ha torpaq sahəsinə mülkiyyət hüququ Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə keçmişdir. İddiaçı asfalt bişirən qurğunun əmlak payı kimi cavabdehin anası X7 mülkiyyətinə, qurğunun yerləşdiyi 0,25 ha torpaq sahəsinin isə istifadəsinə verilməsinə dair Şamaxı rayon 6 saylı sovxozun yerli Aqrar İslahat komissiyasının xx.xx.2002-ci il tarixli qərarını mübahisələndirmir və həmin qərar hazırda qüvvədədir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 158.1, 158.2, 158.4, 243.1, 243.2, 245-ci maddələri, Torpaq Məcəlləsinin 84.1, 84.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(074)-61/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsi 11 may 2022-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə iş üzrə kifayət qədər və obyektiv araşdırma aparmamış, işin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları müəyyənləşdirməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 dekabr 1997-ci il tarixli, 1205 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən Şamaxı rayonlararası Dəmir-Beton dirəklər istehsalı müəssisəsinin bazasında "xxxx" X33 Cəmiyyəti yaradılmış, onun səhmləri özəlləşdirilmiş və səhmlər xüsusi mülkiyyətə keçmişdir. Cəmiyyətin tikililəri xüsusi mülkiyyətə keçsə də, həmin tikililərin yerləşdiyi torpaq sahələri özəlləşdirilmədiyindən dövlət mülkiyyətində, səhmdar cəmiyyətin istifadəsində qalmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olumasını kollegiyadan xahiş edir.
22. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını məhkəmə kollegiyasında xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında izahat vermiş Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq 1990-cı illərdə dəmir-beton sexi sovxozun balansından çıxarılaraq dövlətin balansına keçirilsə də, asfaltzavod sovxoza aid olaraq qalmışdır. 22 oktyabr 1996-cı ildə həmin asfaltzavodu icarəyə götürmək üçün sovxozun rəhbərliyinə müraciət etmiş, qurğunu icarəyə götürmüşlər. Kolxoz və sovxozların ləğv olunması zamanı qurğu anası X7 adına əmlak payı olaraq təhvil verilmişdir. Hazırda torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, torpaq onun istifadəsindədir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
24. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında izahat vermiş cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edirək bildirmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Şamaxı rayon Şəhriyar bələdiyyəsinin mülkiyyətindədir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-461/2021 nömrəli qətnaməsi iş üzrə preyudisial xarakter daşıyır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
25. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şamaxı rayon Şəhriyar bələdiyyəsi məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə məhkəmə prosesinə tərəf olaraq işə cəlb olunmuşlar. Şamaxı rayonu Şəhriyar bələdiyyəsi olaraq tərəflərdən hər hansı birinə qarşı iddiaları yoxdur. Mübahisə predmeti olan torpaq sahəsində Cavabdeh mərhum anası X9 əmlak bölgüsü zamanı ona verilmiş asfalt bişirən qurğu yerləşir. Bələdiyyələr torpaqların idarə olunması, torpaqların kateqoriyasının müəyyənləşdirilməsi və mülkiyyət hüquqlarının tanınması məsələlərində Əmlak Məsələləri Dövlət Xidmətinin xəritəsinə uyğun olaraq hərəkət edir. Torpaqların bələdiyyə və ya dövlət mülkiyyətində olub-olmamasını Əmlak Məsələləri Dövlət Xidməti təyin edir. Şamaxı rayonu Şəhriyar bələdiyyəsi olaraq bu mübahisədə məhkəmə iclasında təqdim etmək üçün hər hansı bir tutarlı faktları mövcud deyil. Mübahisəli torpaq sahəsinin kimə məxsus olması barədə bələdiyyədə məlumat yoxdur. Sonda mülki işə bələdiyənin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şikayət qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı olmayan qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(074)-61/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
32. İddiaçı tərəf onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.
33. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
36. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
37. Öyrənilən işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən əmlak kompleksi kimi “X32”ASC-nin mülkiyyətindədir. Torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla “X32”ASC-nin istifadəsindədir.
38. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçı tərəfin torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.
39. Cavabdeh isə sözügedən ərazinin üzərində yerləşən qurğunun AİK-ın qərarına əsasən onlara verildiyini, həmin qurğunun onların mülkiyyət hüququnun olduğunu göstərib, mübahisəli torpaq sahəsinin iddiaçı tərəfə aid olmadığını, həmin torpağın bələdiyyə mülkiyyətində olduğunu bildirir.
40. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfiin müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.
41. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir.
42. Bundan əlavə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya şikayətin dəlilləri üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cələb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
43. Lakin AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmundan müəyyən edilir ki, sözügedən təşkilatın mütəxəssisləri mübahisəli torpaq sahəsinə baxış keçirmək məqsədilə həmin ərazidə olmuş, lakin cavabdeh tərəf faktiki istifadəsində olan torpaq sahəsində ölçü işlərinin aparılmasına etiraz etdiyindən torpaq sahəsində çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bununla bağlı müvafiq Akt da tərtib edilmiş, hətta aktda cavabdeh öz vəkilinin ekspertizanın keçirilməsi barədə etiraz məktubunun Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edildiyini bildirmişdir (i/m 2-ci cild səh 49-50).
44. Kollegiyanın araşdırması zamanı iş üzrə ekspertizanın zəruriliyi tərəflərin diqqətinə çatdırılsa da, sonda cavabdeh tərəf yenə də ekspertizanın keçirilməsinə zərurət olmadığını və etiraz etdiklərini bildirmişlər. Əsas kimi əvvəlki məhkəmə qərarında mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasının qeyd edilməsinə istinad etmişlər.
45. Məhkəmə kollegiyası tərəfindən Şamaxı rayon Şəhriyar bələdiyyəsinə sorğu göndərilmiş, verilmiş sorğuya cavab olaraq Bələdiyyə sözügedən torpağın bələdiyyə mülkiyyətyində olmasına dair hər hansı sənədi məhkəməyə təqdim etməmiş, əksinə bunun ƏMDX-i tərəfindən müəyyən edildiyini bildirmişdir.
46. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
47. Lakin araşdırma zamanı məhkəmə tərəfindən bir neçə dəfə təklif olunmasına, o cümlədən cəhd olunmasına baxmayaraq cavabdeh ekspertzanın keçirilməsinə etiraz etməklə, lazımı şərait yaratmamış, bu səbəbdən də ekspertizanın keçirilməsi qeyri-mümkün olmuşdur.
48. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
49. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf mabahisəli ərazinin yerləşdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etməsinə baxmayaraq, cavabdeh sözügedən torpaq sahəsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, təqdim etdiyi sənədlər isə bilavasitə etirazın əsaslarını təsdiq edəcək sənəd siyahısına aid olmayan sənədlər olmuşdur.
50. Kollegiya cavabdeh tərəfin istinad etdiyi Şamaxı Rayon Məhkməsinin xx.xx.2021-ci tarixli qətnaməsində qeyd olunanlarla bağlı qeyd edir ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
51. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
52. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut olunmur.
53. Göründüyü kimi hazırki iş üzrə iddiaçı tərəf yuxarıda qeyd olunan mülki iş üzrə tərəf olmadığından həmin qərarda qeyd olunanların iddiaçı üçün preyudisiyallığı yoxdur.
54. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olmadığından ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(074)-61/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanında yerləşən “X32” ASC-nin yerləşdiyi dövlət mülkiyyətində olan 0,25 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılsın və həmin torpaq sahəsi iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər . Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.