Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1451/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi üçüncü şəxs kimi qeyd edilən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üçüncü şəxs kimi işə cəlb edilən) qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(060)-336/2023 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon məcburi köçkünləri Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 ona məxsus Sumqayıt şəhəri, məhəllə 47, ev 12, 70 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-1994-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı və veteranıdır. Buna görə də 1994-cü ildən ev növbəsində olmuşdur. Həyatının 25 ilindən çoxunu hərbi qulluğa həsr etmiş, əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdən başlamışdır. xx.xx.2000-ci il tarixdə xx.xx.1998-ci il tarixli “Hərbi Xidmət keçmə” haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 156 maddəsinin “A” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) Silahlı Qüvvələrdən ehtiyyata buraxılmağı ilə əlaqədar ordudan təxris edilmişdir. 1992-ci il tarixdən indiyədək ailəsi ilə Sumqayıt şəhəri, 9-cu məhəllə, İ.Sadıqov küçəsi, ev 2-nin zirzəmisi, 1 A-da qeydiyyatsız yaşayırlar. 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 02 fevral 1998-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışa əsasən Sumqayıt şəhəri 47-ci məhəllə, ev 12, mənzil 70 ona verilmişdir. 16075 saylı Hərbi Hissənin komandiri Ə.İlmazovun verdiyi 20 saylı arayışdan da görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzil xx.xx.1998-ci il tarixli, 03 nömrəli protokol ilə ona verilmişdir. Yəni yuxarıda qeyd olunan mənzil qanunla ona məxsus olmasına baxmayaraq, Qubadlı rayon məcburi köçkünləri Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 həmin mənzili qanunsuz zəbt etmiş və uzun illər orada yaşayırlar. Öz adına ev ola-ola uzun illərdir ki, zirzəmidə yaşayır. Həmin şəxslərin ona məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzildən çıxarılmaları ilə bağlı uzun illər dövlət orqanları ilə yazışmalar aparmışdır. Lakin heç bir nəticə olmamışdır. Yalnız Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi xx.xx.2021-ci il tarixdə ona 01/5654 nömrəli məktubla bildirmişdir ki, adları qeyd olunan şəxslər müvəqqəti yaşayış yerləri ilə təmin olunmamışlar, azad olunmuş torpaqlarda yaşayış yerləri tikildikdən sonra onlar həmin ərazilərə yerləşdiriləcəklər. Hazırda o, onkoloji xəstədir, qırtlağın xərçəngi diaqnozu ilə əməliyyat olmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, 30 il müddətində iddiaçı qeyd olunan xüsusatlarla bağlı heç vaxt tələb irəli sürməmişdir. AR Mülki Məcəllənin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. AR MM-nin 373.2ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. AR MM-nin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçı qanunla müəyyən olunmuş ümumi iddia müddətini də ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, iş üzrə İddiaçı ona və ailə üzvlərinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiasına iddia müddətini tətbiq edərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(060)-336/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzildən çıxarılması və həmin mənzilin cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh5 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(060)-336/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin işdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların 16075 saylı Hərbi Hissəsinin 20 nömrəli tarixi dəqiq qeyd edilməyən arayışına sübut kimi istinad etməsi qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan sənədin ümumiyyətlə əsli yoxdur, iddiaçı tərəf sənədin əslinin onlarda olması və məhkəməyə təqdim edəcəklərini dəfələrlə bildirsə də, sənədi məhkəməyə təqdim etməmişdir. Nəticə etibarı ilə məhkəmə sənədin kserosurətinə qiymət vermişdir. Daha sonra məhkəmə üçüncü şəxsin nümayəndəsinin heç bir yazılı və mötəbər sübutlara əsaslanmayan etimallara əsalanan ifadəsinə hüquqi qiymət vermişdir. Hesab edir ki, istinad olunan sənədin əslinin olmaması iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnu da istisna edir. Mülki işin materiallarında olan hansısa protokoldan çıxarışın kserosurəti iddiaçıya hazırki iddianı qaldırmağa subyektiv hüquq yaratmır. Mənzil DƏDRXnin müvafiq ərazi idarəsində qeydiyyatdan keçməmişdir. Sumqayıt Dövlət Arxivində bununla bağlı heç bir məlumat yoxdur, istinad olunan sənədin əsli yoxdur, kserosurətdə olan möhür isə oxunmur. Evin ayrılması ilə bağlı protokolun əsli məhkəməyə təqdim olunmamışdır. Milli Arxiv İdarəsinə verilmiş sorğunun cavabında həmin protokolun təhvil verilmədiyi qeyd olunmuşdur. Bundan başqa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, 30 il müddətində iddiaçı qeyd olunan xüsusatlarla bağlı heç vaxt tələb irəli sürməmişdir. AR Mülki Məcəllənin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. AR MM-nin 373.2- cimaddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. AR MM-nin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçı qanunla müəyyən olunmuş ümumi iddia müddətini də ötürmüşdür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 02 fevral 1998-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 70 İddiaçı və onun ailə üzvlərinə ayrılmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli aktdan görünür ki, İddiaçı və onun ailə üzvləri Sumqayıt şəhəri, 9-cu məhəllə, Puşkin küçəsi, ev 2, mənzil 1A-nın zirzəmisində yaşayır. İşdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunları 16075 saylı Hərbi Hissənin 20 nömrəli tarixi dəqiq qeyd edilməyən arayışından görünür ki, İddiaçı xx.xx.1998-ci ildə 18 saylı məktubuna əsasən mənzil şöbəsi tərəfindən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 70 (ümumi sahəsi 58.06 kv.m. olan iki otaqlı mənzil) verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 01/5654 nömrəli məktubundan görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, 47ci məhəllədə yerləşən 12 saylı evin 70 nömrəli mənzilində kommunal qeydiyyatda olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil İstismar Sahəsinin 3278 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 12 saylı evin 70 nömrəli mənzilində məskunlaşmışlar. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 4 saylı Mənzil Kommunal Sahəsinin 866 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 9-cu məhəllə, İ.Sadıqov küçəsi, ev 2, mənzil 1A-nın zirzəmisində qeydiyyatsız yaşayır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-253/2023 nömrəli məktubundan görünür ki, Qubadlı rayonu, Ballıqaya kəndində məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 12 saylı evin 70 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Cavabdeh4 ailə həyatı qurmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların xx.xx.2023cü il tarixli məktubundan görünür ki, sabiq hərbi qulluqçu İddiaçı Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 12 saylı evin 70 nömrəli mənzilin verilməsi barədə müvafiq sənədlər saxlanılma müddəti bitdiyinə görə məhv edildiyindən, həmin sənədlərin göndərilməsinin mümkün olmadığı və qeyd edilən sənədlərin əldə edilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilməsi bildirilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 03 saylı, 02 fevral 1998-ci il tarixli protokoluna əsasən ümumi sahəsi 58.06 kv.m.-dən ibarət (yaşayış sahəsi 31.35 kv.m.) 2 otaqlı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 70 1994-cü ildə İddiaçı 6 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzil 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 03 saylı, 02 fevral 1998-ci il tarixli protokoluna əsasən İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. İddiaçı istifadəsinə verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzil Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Halbuki, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 03 saylı, 02 fevral 1998-ci il tarixli protokolundan çıxarışa əsasən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı, ümumi sahəsi 58.06 kv.m-dən ibarət 2 otaqlı mənzil ailə tərkibi 6 nəfərdən ibarət olan İddiaçı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. .«Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa əlavə olunmuş 8.0.11ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 03 saylı, 02 fevral 1998-ci il tarixli protokolundan çıxarışa əsasən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı, ümumi sahəsi 58.06 kv.m-dən ibarət 2 otaqlı mənzil İddiaçı verilsə də, həmin mənzil Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı, ümumi sahəsi 58.06 kv.m-dən ibarət 2 otaqlı mənzil 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 03 saylı, 02 fevral 1998-ci il tarixli protokolundan çıxarışa əsasən İddiaçı verildiyi üçün, iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin daşınmaz əmlaka dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçıya məxsus olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı, ümumi sahəsi 58.06 kv.m-dən ibarət 2 otaqlı mənzilin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzildən çıxarılması və həmin mənzilin cavabdehlər tərəfindən boşaldılmasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətində “məhkəmənin işdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların 16075 saylı Hərbi Hissəsinin 20 nömrəli tarixi dəqiq qeyd edilməyən arayışına sübut kimi istinad etməsinin qanusuz və əsassız olduğunu, qeyd olunan sənədin ümumiyyətlə əslinin olmadığı, iddiaçı tərəf sənədin əslinin onlarda olması və məhkəməyə təqdim edəcəklərini dəfələrlə bildirsə də sənədi məhkəməyə təqdim etmədiklərini, mülki işin materiallarında olan hansısa protokoldan çıxarışın kserosurəti iddiaçıya hazırki iddianı qaldırmağa subyektiv hüquq yaratmadığı, mənzilin DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyatdan keçmədiyi, Sumqayıt Dövlət Arxivində bununla bağlı heç bir məlumat olmadığı, istinad olunan sənədin əslinin olmadığı, kserosurətdə olan möhürün isə oxunmadığı, evin ayrılması ilə bağlı protokolun əslinin məhkəməyə təqdim olunmadığı” qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 03 saylı, 02 fevral 1998-ci il tarixli protokolunun təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu verilmiş və İcra Hakimiyyəti tərəfindən qeyd edilən protokolun təsdiq olunmuş surəti xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərin qanunsuz və ya saxta olmasını qeyd etsə də, bununla bağlı istər birinci instansiya məhkəməsinin araşdırması zamanı, istərsə də apellyasiya baxışı zamanı hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində həmçinin “iddiaçının iddia müddətini ötürdüyünü” qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iddia müddəti şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə kollegiyası, hazırki iş üzrə mübahisəli mənzilin iddiaçıya məxsus olmasının müəyyən edildiyini və iddia tələbinin əsaslı hesab edildiyini, eləcə də qanunvericiliyin tələbini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizənin əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası məcburi köçkünlərin məskunlaşdıqları sahələrdən çıxarılmalarının qadağan edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir”. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Bu konteksdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(060)-336/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1451/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1451/2023
14.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver