Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1451/2024 01.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1890/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0069 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsindən və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən 0,0069 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Eyni zamanda həmin torpaq sahəsində inşa edilmiş ev də ona məxsusdur. Belə ki, həmin torpaq sahəsində ev inşa etmiş, qardaşı X10 xx.xx.2016-cı ildə Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Həmin vaxtdan qardaşı ilə Cavabdeh yaşayış yerləri olmadığı üçün o, müvəqqəti olaraq mülkiyyətində olan evi onların istifadəsinə vermişdir. Hal-hazırda cavabdeh ilə qardaşının ailə münasibətlərinə xitam verilmiş, lakin cavabdehə dəfələrlə deyilməsinə baxmayaraq onun mülkiyyətində olan mənzildən çıxmaq istəmir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 8300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ilkin iddianı qəbul etmir. Belə ki, xx.xx.2016-cı il tarixdə el adəti ilə iddiaçının qardaşı X10 ilə evlənmiş və onların yaşadığı Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən 2 otaqlı mənzilinə gəlin köçmüşdür. Şəxsiyyət vəsiqəsində yaranmış problemlə əlaqədar onlar aralarında bağlanmış nikahı rəsmiləşdirə bilməmişdirlər. Onların faktiki nikahdan xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Ailə böyüdüyü üçün həyat yoldaşının valideynləri 2 otaqlı mənzili sataraq Abşeron rayonu, Masazır kəndində 2 ədəd ev almışdırlar. Evin biri özlərinin yaşaması üçün qayınatasının adına, digər təxminən 1 sota yaxın torpaqda tikilmiş evi onunla iddiaçının qardaşı üçün almışdırlar. Torpaq xüsusi mülkiyyətdə, onun üzərində yerləşən ev isə sənədsiz olmuşdur. Onun həyat yoldaşı X10 pis vərdişlərə sahib olduğundan onlara alınan evin altında yerləşən torpaq sahəsi qayınanasının adına rəsmiləşdirilmişdir. Ev faktiki onlar üçün alındığından alınan ilk gündən onlar o, qızı və X2 həmin evdə yaşamışdırlar. Evin onlar üçün alındığını və tam onların istifadəsinə verildiyindən, tavan damdığından, dam örtüyünü, döşəməsini dəyişmiş, evi təmir etdirmiş və evin qarşısından bir otaq artıraraq tam təmir etdirmişdir. Ustalara verilən əmək haqqından əlavə tikinti materiallarına 10.000 manatdan artıq pul xərcləmişdir. Həmin pulun bir hissəsini anasından almış və övladını tək böyüdən ana kimi dövlətin ona ayırdığı sosial yardım hesabına həll etmişdir. İddiaçının qardaşı - həyat yoldaşı X10 ailəyə yardım etmədiyi, pis vərdişlərlə məşğul olduğu və ona başqa qadınla xəyanət etdiyi üçün həyat yoldaşını məhkəməyə verərək aliment tələb etmiş, alimenti ödəmədiyi üçün haqqında axtarış elan edilmiş və hətta 8 gün inzibati qaydada həbs edilmişdir. Əvvəl qayınatası, ondan sonra qayınanası X6 xx.xx.2019-cu ildə qəfildən vəfat etmişdir. Yaşadığı evin altında olan torpağın analarının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmasından istifadə edərək İddiaçı mirası qəbul etmiş, övladının atası X10 isə ona düşən paydan qəsdən iddiaçının xeyrinə imtina etmişdir. Ona təzyiq, pislik olaraq əsas iddia tələbi üzrə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, onun evin təmirinə və bir otağın tikilməsinə sərf etdiyi pullar əsas iddia tələbi üzrə İddiaçı tərəfindən ona ödənilməlidir. Sözügedən evə çəkdiyi xərclər İddiaçı tərəfindən ödəniləcəyi halda o, mənzildən çıxacaqdır.
6. İlk İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz vermiş və etirazında götərmişdir ki, Cavabdeh qarşılıqlı iddiası əsassızdır. Çünki Abşeron rayonu, Masazır kəndində yerləşən onun mülkiyyətində olan torpaq sahəsi ona anasından miras əmlak kimi keçmişdir. Belə ki, həmin əmlak əvvəlcə onun mərhum anasının mülkiyyətində olmuşdur, hazırda isə onun mülkiyyətindədir. Cavabdeh onun ailə üzvü deyildir, qardaşı X4 qeyri-rəsmi münasibətlərdə olduğu qadındır. Yaşamağa yerləri olmadığı üçün 2019-cu ildə qardaşına və Cavabdeh həmin torpaq sahəsində inşa edilmiş evdə yaşamalarına icazə verilmişdir. Qeyd edir ki, onun anası vaxtilə evi hazır vəziyyətdə torpaq ilə birlikdə almışdır. Hazırda Cavabdeh qardaşı ilə faktiki nikah münasibətləri də pozulmuşdur, yəni aralarında heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindəki evə gəlin köçməmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində və həmin torpaq sahəsində inşa edilmiş evdə qalması onun mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Qarşılıqlı iddiasında göstərdiklərinə gəldikdə isə onun tərəfindən həmin torpaq sahəsində heç bir tikili inşa edilməmiş və əsaslı təmir işləri aparılmamışdır. O, Cavabdeh təqsirindən öz əmlakına daxil ola və mülkiyyətində olan əmlaka sahiblik edə bilmir. İş o yerə çatmışdır ki, o və qardaşı X10 həmin evə onun tapşırığı əsasında evdə hansısa işləri görməyə gedəndə Cavabdeh qardaşı X7 şər və böhtan atır, polis çağırır, problem yaradır. Cavabdehin məqsədi onu öz əmlakından məhrum etməkdir. Torpaq sahəsini mərhum anası özü öz adına almışdır, ona da həmin torpaq sahəsi miras əmlak kimi keçmişdir. Həmin əmlak Cavabdeh qardaşı ilə birlikdə yaşaması üçün alınmamışdır. Əgər onların yaşamaları üçün alınsa idi elə qardaşının adına alınmış olardı. Torpaq sahəsi alınan zaman torpaq sahəsində inşa edilmiş ev də mövcud olmuşdur və həmin evin layihəsi də mövcuddur. Həmin ev 2017-ci ildə təsdiq edilmiş layihə əsasında (ilkin mülkiyyətçinin adına tərtib edilmişdir) tikilmişdir və bu gün də layihədə olduğu vəziyyətdədir. Bundan başqa Cavabdeh yaşayış evində artırma işlərinin aparması, nə də başqa bir işlərin aparılmasına icazə və razılıq verməmişdir. Habelə Cavabdeh tərəfindən torpaq sahəsində heç bir tikinti, artırma və torpaq sahəsində yerləşən evdə heç bir əsaslı təmir işləri aparılmamışdır. Hətta aparılsa da belə onun buna razılığı olmadığı üçün cavabdeh hər hansı bir məbləği ondan tələb edə bilməz. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi qaimə-fakturalara gəldikdə isə həmin qaimə fakturalarda nə alan, nə də satan adamların adları qeyd edilməmişdir, eyni zamanda qaimə fakturalarda möhür də yoxdur. Həmin qaimə fakturalar hər hansı bir halı təsdiq edən sübut qismində qəbul edilə bilməz. Cavabdeh o zaman ondan 8300 manat məbləğini tələb edə bilərdi ki, onunla cavabdeh arasında cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi işlərin görülməsinə yazılı razılığı olardı və həqiqətən, həmin işlərin görülmüş olması ilə bağlı mötəbər sübutlar tikinti-təmir işlərinin aparılmasına dair podratçılarla bağlanmış müqavilələr, kassa çekləri, smeta sənədləri və s. mövcud olardı, heç olmasa orada mövcud olan kombinin, su qızdırıcısının Cavabdeh adına tərtib edilmiş zəmanət talonu mövcud olardı. Hazırda qeyd edilən hallara dair heç bir sübut qarşılıqlı iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda torpaq alınan zaman üzərində mövcud olmuş ev ilə bağlı tərtib edilmiş layihə də mövcuddur ki, həmin sənəddə torpaq sahəsi alınan zaman onun üzərində olan evin hansı vəziyyətdə olması öz əksini tapmışdır. Qeyd edir ki, cavabdehin qarşılıqlı iddiasının əsasını təşkil edən heç bir normativ-hüquqi akt qarşılıqlı iddiada göstərilməmişdir. Halbuki hər bir tələbin əsasında qanun dayanır, hazırda cavabdehin tələb etdiyi məbləği hansı qanun normalarına əsasən tələb etdiyi də aydın deyildir. Qeyd olunanlara əsasən o, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın heç bir sübutla təsdiqlənmədiyini nəzərə alaraq rədd edilməsini xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1890/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) ilk iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılması, İddiaçı 8300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi barədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0069 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini tərk etməməsi ilk iddiaçının mülkiyyət hüququnun pozulması ilə bərabər, mülkiyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnun da pozulması ilə nəticələnir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və onun üzərindən inşa edilmiş fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmamışdır və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Birinci instansiya məhkəməsi fərdi yaşayış evinə çəkilmiş xərclərin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi nəticəsində gələrkən hesab etmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunmuş 8300 manat vəsaitin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qarşılıqlı iddia üzrə tərəf sübut kimi müxtəlif tarixlərdə verilmiş qaimə-fakturalara və fotoşəkillərə istinad etmiş, yalnız həmin qaimə-fakturaları və fotoşəkillər ilə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etmək mümkün deyildir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini ilk iddia tələbi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinin, qarşılıqlı iddia ərizəsini isə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlili qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eyni məzmun daşımaqla əlavə olaraq göstərilmişdir ki, anlayır ki, ev faktiki onlara məxsus olsa da, İddiaçı bir gün belə həmin evdə yaşamasa da, varis kimi evi ələ keçirmiş, evin yerləşdiyi torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. Ona görə də hesab edir ki, onun evin təmirinə və bir otağın tikilməsinə sərf etdiyi pullar əsas iddia tələbi üzrə İddiaçı tərəfindən ona ödənilməlidir. Evin təmirində, tikintisində iştirak etmiş ustalar X11 və X8 şahid qismində ifadə vermək üçün məhkəmə iclasına gəlmiş, qapının arxasında gözləmiş qəbzlər var, şahid dindirilməsinə ehtiyac yoxdur deyən işə baxan hakim şahidləri dindirməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməlidir. Evin təmirində, tikintisində iştirak etmiş ustalar X11 və X3 şahid qismində məhkəmə iclasında dindirilməsini xahiş edir. Həmin şahidləri dindirilməsi üçün məhkəməyə dəvət etsə də, məhkəmə həmin şahidləri dindirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
Maddə 734. Əvəzsiz istifadəyə götürülmüş əşyanın saxlanması 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. (...)
Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
20. Qarşılıqlı iddiaçının tələbi ondan ibarətdir ki, mübahisəli evin dam örtüyünü, döşəməsini dəyişdirmiş, evi təmir etdirmiş və evin qarşısından bir otaq artıraraq tam təmir etdirmişdir. Odur ki, 8300 manat pulun ona ödənilməsini tələb edir. Cavabdeh isə qarşılıqlı iddiaçı tərəfindən göstərilənləri etiraf etmir.
21. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
22. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
23. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Qarşılıqlı iddiaçı tələbinin əsası kimi müxtəlif tarixlərdə verilmiş təsdiq edilməmiş qaimə-fakturalara və fotoşəkillərə istinad etmişdir.
25. Məhkəməyə təqdim edilmiş imzasız və möhürsüz qaimə-fakturaları isə məhkəmə sübut növü kimi qəbul etmir. Belə ki, MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
26. Həmçinin, təqdim edilmiş fotoşəkillər (səh. 70-75) iş üçün əhəmiyyət daşıyan faktiki halları - evin məhz qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təmir edilməsini təsdiq etmir.
27. Sadalananlara və iş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yaşayış evinin tikintisinə çəkilmiş 8300 manat vəsaitin sərf olunması işin halları ilə müəyyən olunmur, belə olan halda, tikiliyə çəkilmiş xərcin tutulmasından imtina barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir, həmçinin hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1890/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.