Məhkəmə qərarları › İş №2(105)-1452/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1452/2025

22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1452/2025 22.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlisahib qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2025-ci tarixli, 2(060)-6322/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlisahib qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə edərək, cavabdehlər Cavabdeh5 kommunal xidmət haqqına görə yaranmış 315 manat borcun, Cavabdeh6 kommunal xidmət haqqına görə yaranmış 256 manat borcun, Cavabdeh4 kommunal xidmət haqqına görə yaranmış 2148,2 manat borcun, Cavabdeh3 1425,9 manat borcun, Cavabdeh2 Əlisahib qızından kommunal xidmət haqqına görə yaranmış 2288,3 manat borcun və Cavabdeh1 1716,9 manat borcun tutulması, həmçinin ümumilikdə 8150,3 manat məbləğində borcun tutulması ilə əlaqədar tərəflərindən ödənilmiş 101,5 manat rüsumun və vəkil xərci üçün ödənilmiş 350 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MTKya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6322/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

3. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6322/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6322/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən məlum olduğu kimi iddiaçı MTK-dır. Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında bir neçə bina inşa etmişdir. İddianın predmeti bu binaların idarə edilməsi ilə əlaqədar kommunal xidmət haqqıların ödənilməməsindən yaranan pul tələbidir. İddianın obyekti hər bir mənzil sahibinə münasibətdə ödənilməmiş xidmət haqqının məbləğləridir. Bu xidmət haqqı binanın ümumi sahələrindən – liftdən, elektrik transformatorundan, su çənlərindən istifadədə, habelə məişət tullantılarının daşınması, həyətin və blokun işıqlandırılması, süpürülərək təmizlənməsi ilə əlaqədar yaranan xərclərdir. Bütün bu sadalananlar Mənzil Məcəlləsində də göstərildiyi kimi ümumi istifadədə olan sahələrdir. Ümumi istifadə hüququ həm də öhdəlik yaradır. Hazırkı iddiada bütün cavabdehlərə qarşı yönəlmiş iddianın predmeti (ümumi sahələrdən istifadə ilə əlaqədar kommunal xərclərin ödənilməsi) eynidir. Bu baxımdan cavabdehlərə qarşı iddianın bir ərizədə verilməsi nə qanuni nə də məhkəmə təcrübəsi baxımından heç bir uyğunsuzluq yaratmır. Bu səpkidə istənilən sayda məhkəmə təcrübəsinə rast gəlmək mümkündür. Heç bir MTK kommunal borcların alınması ilə bağlı bina sakinlərinə qarşı ayrı-ayrılıqda iddia qaldırmır. Məhkəmə fərqli müqavilələrdən irəli gələn cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan iddianın qaldırılmasının mümkün olmamasını qeyd etməklə, qanununvericlyinin maddələrini hazırkı iddiaya düzgün tətbiq etməmişdir. İddianın qaldırılmasının prosessual hüquqi əsasını təşkil edən MPM-nin 149.3-cü maddəsi qeyd edir ki, “İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır”. Hazırkı halda iddianın predmeti MTK tərəfindən satılmış mənzillərin yerləşdiyi binanın ümumi istifadə xərclərinin ödənilməsi ilə bağlıdır. Bundan da ciddi nə əlaqə ola bilər?! İddiaçı eyni, iddianın predmeti eyni, mahiyyət eynidir, yalnız cavabdehlər başqa şəxslərdir. İddiaçı iddiada cavabdehlərin mənzilin alqı-satqı borclarını tələb etmir, onların binanın ümumi istifadə sahələrindən yarana xərclərdə iştirakı üzrə borclarını tələb edir. Buna görə də hesab edir ki, məhkəmənin qənaəti yanlışdır və hüquqi müəyyənlik prinsipinə ziddir.

b) Şikayətə qarşı etirazın dəlilləri

6. Şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 149. İddia ərizəsinin forması və məzmunu (...) 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. (...)

8. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.

9. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; (...) 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; (...) 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

10. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

11. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası (...) 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. (...)

12. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.

13. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

15. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, iddiaçıların şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib: - Cavabdeh5 kommunal xidmət haqqına görə yaranmış 315 manat borcun ödənilməsini; - Cavabdeh6 kommunal xidmət haqqına görə yaranmış 256 manat borcun ödənilməsini; - Cavabdeh4 kommunal xidmət haqqına görə yaranmış 2148,2 manat borcun ödənilməsini; - Cavabdeh3 1425,9 manat borcun ödənilməsini; - Cavabdeh2 Əlisahib qızından kommunal xidmət haqqına görə yaranmış 2288,3 manat borcun ödənilməsini; - Cavabdeh1 1716,9 manat borcun ödənilməsini; - ümumilikdə 8150,3 manat məbləğində borcun tutulması ilə əlaqədar tərəflərindən ödənilmiş 101,5 manat rüsumun və vəkil xərci üçün ödənilmiş 350 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MTK-ya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən fərqli müqavilələrdən müxtəlif cavabdehlərə qarşı olan tələblər bir iddia ərizəsində birləşdirilmişdir.

19. Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.

20. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır.

21. Mübahisələndirilən qərardaddan aydın olur ki, birinci instansiya məhkəməsi iddiaçının ayrı-ayrılıqda müstəqil və qarşılıqlı əlaqəsiz olan mövcud tələblərinin bir iddia ərizəsində birləşdirilərək verilməsini həmin mübahisələrin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab etməmiş, həmin tələblərin bir-biri ilə bağlı olmadığı qənaətinə gələrək iddia ərizəsini geri qaytarmış və iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu izah etmişdir.

22. Qeyd olunmalıdır ki, mülki prosessual qaydalar hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsinin MPM-in tələblərinə riayət edilməklə verilməsi prosessual qənaət prinsipinə uyğun olaraq iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəmədə mübahisənin tez və düzgün həllinə imkan yaradır.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2025-ci tarixli, 2(060)-6322/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2025-ci tarixli, 2(060)-6322/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar