Məhkəmə qərarları › İş №2(105)-1454/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1454/2023

21.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1454/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X17 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın dəyərinin müəyyən edilərək ödənilməsi” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(028)-151/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın dəyərinin müəyyən edilərək ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin predmetini təşkil edən ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasının mümkünsüzlüyünü nəzərə alaraq həmin torpaq sahəsinin qiymətləndirilərək, bu günə olan bazar dəyərinin hesablanması və nəticədə müəyyən olunan pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmetini təşkil edən ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması mübahisəli məsələ kimi açıq qalmışdır. Bu isə iddiaçının hüquqlarını pozulması ilə nəticələnir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa olunması qənaətinə gəlmişdir. İddiaçı cavabdehlər X15, X12, Cavabdeh1, Cavabdeh2, Qusar rayon notariat ofisinin xüsusi notariusu X13, Bakı şəhəri 26 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə əvəllər məhkəməyə müraciət etmişdir. Müraciətinin əsası kimi X12 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə X15 ilə bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı xx.xx.2010-cu il tarixdə X12 ilə nikaha daxil olmuşdur. Bu barədə xx.xx.2010-cu il tarixli AZ-İ seriyalı 627864 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə ünvan 1i ünvanında torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin alqı-satqısı üçün həyat yoldaşı (əri) X8 xx.xx.2018-ci il tarixli etibarnamə və razılıq ərizəsi vermişdir. Daha sonra onlar birgə nikah dövründə ünvan 1i ünvanında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında ikinci dəfə sahəsi 4 ha olan torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin satılması barədə iddiaçının heç bir məlumatı və razılığı olmamışdır. Belə ki, həyat yoldaşı Zöhrab Əlimərdanov digər Cavabdeh1 xx.xx.2020-ci il tarixli etibarnamə vermiş, sonuncu isə həmin etibarnamə əsasında Zöhrab Əlimərdanovun adından qeyd edilən torpağı xx.xx.2020-ci il tarixli AN-İ seriyalı 086758 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Qusar rayon notariat ofisinin xüsusi notariusu iddiaçının onun iştirakı olmadan və ikinci dəfə aldıqları torpağın satılması ilə bağlı razılıq ərizənin olmamasına baxmayaraq, alqı-satqı müqaviləsini təsdiq etmişdir. X16 da həmin alqı-satqı müqaviləsində iştirak etməmişdir. Bundan sonra Cavabdeh2 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 və sonuncunun adına xx.xx.2020-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Z.Əlimərdanova torpağın alqı-satqısı ilə bağlı etibarnamə və razılıq ərizəsi verərkən ünvan 1ində aldıqları ikinci 4 ha torpaq sahəsi mülkiyyətində olmamışdır. Yəni tərəfindən Zöhrab Əlimərdanova verilmiş etibarnamə və razılıq ərizəsi əvvəllər aldıqları torpaq sahəsinə aid olmuşdur. Həmin torpaq sahəsinin satılması barədə onun heç bir məlumatı və razılığı olmamışdır. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün onun razılığının olmaması «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən layiqincə icra olunmadığını təsdiq edir. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2108/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinə pozulmuş hüquqlarının bərpası məqsədi ilə apellyasiya şikayəti ilə müraciət etmişdir. Apellyasiya araşdırması zamanı eyni məzmunlu izahatlar dinlənildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9793/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti aşağıdakı məzmunda olduğu kimi qismən təmin olunmuşdur: “Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 2108/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddiası qismən təmin edilsin. X12 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın”. Beləliklə, məhkəmə kolegiyası iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı hesab etmişdir ki, X12 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmetini təşkil edən ünvan 1ində yerləşən 4 ha torpaq sahəsi İddiaçı ilə cavabdeh X5 birgə nikahı dövründə əldə edildiyindən və həmin torpaq sahəsi üzərində sərəncam verilməsi ilə bağlı İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verilmədiyindən iddia tələbi həmin hissədə təmin edilərək X12 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası qəbul etdiyi qərarın bir hissəsi kimi qeyd etmişdir ki, iş üzrə etibarsızlığı iddia edilən X12 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul məbləğinin kimə aid olması, həmin məbləğin əmlakın satıcısına verilib-verilməməsinin müəyyən olunmaması kimi halları nəzərə alaraq, həmin müqavilənin etibarsız sayılmasından sonra tərəflərin aldıqlarını bir-birinə qaytarması ilə bağlı məsələ açıq saxlanılmalı, tərəflərə bu məsələ ilə bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Qubadlı Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(028)-151/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin bazar dəyərinin 56000 (əlli altı min manat) müəyyən edilməsi, 56000 (əlli altı min) manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(028)-151/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı X6 əvvəllər tanımamışdır. Lakin sonradan öyrənmişdir ki, o torpaq aldığı şəxsin,yəni X7 həyat yoldaşıdır. O, 2019-cu ilin sentyabr ayında X14 ilə tanış olmuş və dostu X24 ilə birgə onunla iş qurmaq istəmişdir. 2020-ci ilin avqust ayında da Zöhrabdan 4 hektar torpaq sahəsini almışdır. Torpağın dəyərini də ödəmişdir. Gördüyü işdən isə Zöhrabın ona külli miqdarda borcu qalmışdır. Lakin sonradan aralarındakı münasibətlər pozulduğu üçün iddiaçı X11 torpağın satılmasında razılığı və xəbəri olmasına baxmayaraq məhkəmədə iddia qaldırmış və X14 ilə iş üzrə digər Cavabdeh2 arasında bağlanmış alqı-satqını ləğv etdirmişdir. Hal-hazırda ondan və qeyrilərindən tələb edilən məbləğ əslində onun X3 ona vurduğu ziyanın tələb etməməyi üçün düşünülmüş bir şantajdır. X11 həmin məbləği öz həyat yoldaşından tələb edə bilər. Belə ki, həyat yoldaşı ona verdiyi etibarnamə əsasında torpaq sahəsini ona satmış və pulunu da mənimsəmişdir. Bu iddianın digər cavabdeh olan Cavabdeh2 heç bir aidiyyatı yoxdur. Yuxarıda qeyd etdiyi kimi məhkəmədə iştirak etmədiyi üçün bu məsələləri sübuta yetirə bilməmişdir. Bir sözlə iddia tam əsassız və qanunsuzdur. Məhkəmə torpağın dəyərini müəyyən edəndə də qanunun tələblərini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 izahatında həyat yoldaşının bu işə aidiyyatının olmadığını, Cavabdeh1 oğlu ilə aralarında iş münasibətlərinin olduğunu, iş qurmaq niyyəti ilə ona etibarnamə verdiyini, lakin sonradan münasibətlərinin alınmadığını,həmin etibarnamə əsasında onun adına olan torpaq sahəsini Cavabdeh1 qaynanası,hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 adına keçirtdiyini, yoldaşının adı ilə iddia verməkdə məqsəd yoldaşının heç nədən xəbəri olmaması və onun hüquqlarının pozulması olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəfin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən “56000 (əlli altı min) manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 28000 manat pul Cavabdeh1 alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli,qətnamə torpağın dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 9793/2021 nömrəli qətnaməsindən görünür ki, X12 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qəbul etdiyi qərarın bir hissəsi kimi qeyd etmişdir ki, iş üzrə etibarsızlığı iddia edilən X12 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul məbləğinin kimə aid olması, həmin məbləğin əmlakın satıcısına verilib-verilməməsinin müəyyən olunmaması kimi halları nəzərə alaraq, həmin müqavilənin etibarsız sayılmasından sonra tərəflərin aldıqlarını bir-birinə qaytarması ilə bağlı məsələ açıq saxlanılmalı, tərəflərə bu məsələ ilə bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş materiallarında olan X15 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 1ində yerləşən 4 ha torpaq sahəsini 60000 (altmış min) manat qiymətə alıcı X1. İş materiallarında olan "xxxx" MMC-nin 178/E saylı, 19 mart 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin bazar dəyəri 56000 (əlli altı min) manat müəyyən olunmuşdur. İddiaçının iddia tələbinin əsası Z.Əlimərdanovla birgə nikah dövründə ünvan 1 ünvanında torpaq sahəsi aldıqları, həmin torpaq sahəsinin alqı-satqısı üçün X8 xx.xx.2018-ci il tarixli etibarnamə və razılıq ərizəsi verdiyi, bundan sonra birgə nikah dövründə ünvan 1 ünvanında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında ikinci sahəsi 4 ha olan torpaq sahəsi aldıqları, həmin torpaq sahəsinin satılması barədə yoldaşına heç bir etibarnamə və razılıq ərizəsi vermədiyi halda həyat yoldaşı Z.Əlimərdanovun Cavabdeh1 verdiyi etibarnamə əsasında sonuncu şəxsin ünvan 1ində yerləşən 4 ha torpaq sahəsini satdığı və hazırda həmin əmlak satıldığı üçün dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi təşkil edir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2010-cu il tarixdə X12 ilə nikaha daxil olmuş, birgə nikah dövründə ünvan 1 ünvanında torpaq sahəsi almışlar. İddiaçı həmin torpaq sahəsinin alqı-satqısı üçün həyat yoldaşı Z.Əlimərdanova xx.xx.2018-ci il tarixli etibarnamə və razılıq ərizəsi vermişdir. Bundan sonra onlar birgə nikah dövründə ünvan 1 ünvanında xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi əsasında ikinci - sahəsi 4 ha olan torpaq sahəsi almışlar. Daha sonra iddiaçının həyat yoldaşı Z.Əlimərdanov iş qurmaq məqsədilə Cavabdeh1 həmin torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli etibarnamə vermiş, sonuncu isə həmin etibarnamə əsasında İddiaçı razılığı olmadan Z.Əlimərdanovun adından qeyd edilən torpaq sahəsini xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, Cavabdeh2 da həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 və hazırda torpaq sahəsi çıxarış əsasında həmin şəxsin mülkiyyətindədir. Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: - 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); - 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər- arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. - 36.3-ci maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə əsasən nigaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Z.Əlimərdanovun birgə nikahı dövründə yəni xx.xx.2019-cu il tarixdə əldə etdikləri ünvan 1ində yerləşən 4 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılan zaman İddiaçı notarial qaydada təsdiq edilmiş razılığı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, X12 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmetini təşkil edən ünvan 1ində yerləşən 4 ha torpaq sahəsi İddiaçı ilə X5 birgə nikahı dövründə əldə edildiyindən, həmin torpaq sahəsi üzərində sərəncam verilməsi ilə bağlı İddiaçı tərəfindən notariaİ qaydada təsdiq edilmiş razılıq ərizəsi verilmədiyindən və həmin torpaq sahəsi hazırda ayrı bir şəxsə alqı-satqı yolu satıldığından birinci instansiya məhkəməsi iddia tələbinin həmin torpaq sahəsinin dəyərinin hesablanaraq iddiaçıya ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin bazar dəyərinin 56000 (əlli altı min) manat müəyyən olunması ilə bağlı "xxxx" MMC-nin 19 mart 2023-cü il tarixli mütəxəssis rəyinə münasibət bildirərək qeyd edir ki, 19 mart 2023-cü il tarixli mütəxəsiss rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun,həmçinin X9 torpaq sahəsinin alınması üzrə ödədiyi 60.000 manat dəyərinə yaxın olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin bazar dəyəri 56000 (əlli altı min) manat müəyyən olunsa da, birinci instansiya məhkəməsi həmin məbləğin tutulması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 1ində yerləşən 4 ha torpaq sahəsi İddiaçı ilə X5 birgə nikahda olduqları dövrdə əldə edildiyindən və mübahisəli torpaq sahəsi üzərində payları bərabər olduğundan mütəxəssis rəyi ilə müəyyən olunmuş 56000 manat məbləğin yarısı, yəni 28000 manat pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibət bildirərək qeyd edir ki, ünvan 1ində yerləşən 4 ha torpaq sahəsi X5 adından etibarnamə əsasında Cavabdeh1 tərəfindən satıldığından 28000 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cavabdehin apellyasiya şikayətinin əsası X4 həmin məbləği öz həyat yoldaşı Z.Əlimərdanovdan tələb etməli olması, iddiaçının həyat yoldaşı Z.Əlimərdanova həmin torpaq sahəsinin satılması ilə bağlı etibarnamə verdiyi, Zöhrab Əlimərdanovun adından etibarnamə əsasında qeyd edilən torpağı xx.xx.2020-ci il tarixli AN-İ seriyalı, 086758 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satdığı təşkil edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin X4 həmin məbləği öz həyat yoldaşı Z.Əlimərdanovdan tələb etməli olması dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının araşdırması zamanı tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, Z.Əlimərdanovla Cavabdeh1 arasında iş görülməsi ilə bağlı münasibətləri olmuş, Cavabdeh1 Z.Əlimərdanovun ona borcunun olmasını bildirmiş və həmin borcun əvəzi olaraq pulun Z.Əlimərdanovdan tutulmalı olmasını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 bildirdiyi kimi Z.Əlimərdanovla aralarında iş görülməsi ilə bağlı borc münasibətlərinin yaranması halında borcun tələb edilməsi ilə bağlı üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə hər biri digərinə qarşı müvafiq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müracəit edə bilər. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin “həmin torpaq sahəsinin satılması ilə bağlı iddiaçının etibarnamə və razılıq ərizəsi verdiyi, eləcə də Z.Əlimərdanovun adından etibarnamə əsasında qeyd edilən torpağı satması” dəlili ilə bağlı qeyd edir ki, İddiaçı Z.Əlimərdanova verdiyi xx.xx.2018-ci il tarixli etibarnamə və razılıq ərizəsi mübahisə edilən torpaq sahəsi ilə bağlı olmamış, həmin ərizə və etibarnamə xx.xx.2018-ci il tarixdə verilmiş, mübahisəli torpaq isə 1 il 5 ay sonra yəni xx.xx.2019-cu il tarixdə onların mülkiyyətinə daxil olmuşdur. Qeyd edilən hal Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(103)-9793/2021 nömrəli qətnaməsi ilə də öz təsdiqini tapmışdır.Yəni Cavabdeh1 İddiaçı iradəsinə zidd müqavilə bağlamaqla sonuncu torpaq sahəsi üzərində olan ½ pay mülkiyyət hüququndan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərər zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən “56000 (əlli altı min) manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 28000 manat pul Cavabdeh1 alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(028)-151/2023 nömrəli qətnaməsi qismən - “56000 (əlli altı min) manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 28000 (iyirmi səkkiz min) manat pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 10 may 2023-cü iltarixli qətnaməsi torpağın bazar dəyərinin 56.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar