Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1456/2024 11.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirlimiş hesab edilməsi və mənzilin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X16 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Hüsyen oğlunun, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2809/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh, azyaşlı övladları xx.xx.2014cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü Atluxanova Günay Hikmət qızı ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40 saylı evin 38 saylı mənzilinə istifadə hüququna xitam verilməklə cavabdeh tərəfindən mənzilin boşaldılmasına, həmçinin hüquqi xidmət üçün ödənilmiş 300 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40 saylı ev, 38 saylı mənzil onun, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzili xx.xx.2024-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İddiaçı alımışdır. Alqı-satqı müqaviləsinin imzalanmasından əvvəl qeyd edilən mənzilə dair beh müqavləsi imzlanamış və imzalanma zamanı satıcı Atluxanov Hikmət Dəmir oğlunun arvadı Cavabdeh notariat ofisində ərizə imzalayaraq qeyd etmişdir ki, Cavabdeh qeydiyyatda olduğu, birgə nikah dövründə əldə edilmiş, əri Atluxanov Hikmət Dəmir oğluna məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmir, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamış, müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdir. Alqı-satqı müqaviləsinin 11-ci bəndində qeyd olunmuşdur ki, satıcı Atluxanov Hikmət Dəmir oğlu, daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2024-ci tarixinədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Lakin satıcı Atluxanov Hikmət Dəmir oğlu, mənzildən qyediyyatdan çıxaraq başqa ünvanda yaşamasına baxmayaraq onun arvadı Cavabdeh, övladları xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X2 gedən mənzildə hal-hazırda da qeydiyyatdadırlar və o mənzili boşaltmaqdan imtina edirlər. Həsab edir ki, Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, 38 saylı mənzili boşaltmaqdan imtina etməsi qanuna ziddir. Qeyd edilənlərə əsasən hesab edir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40 saylı ev, 38 saylı mənzilin üzərində onun istifadə hüquqları müəyyən edilməli, həmin mənzil cavabdeh tərəfindən boşaldılmalıdır.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2(060)-2809/2024 saylı qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh, xx.xx.2014-cü il təvəllüdlü X4 və 19.2.2014-cü il təvəllüdlü Atluxanova Günay Hikmət qızının Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzilinə istifadə hüququna xitam verilməsi, Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzili Cavabdeh tərəfindən boşaldılması qət edilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(060)-2809/2024 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2(060)- 2809/2024 saylı qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2(060)-2809/2024 saylı qətnaməsinin nəticə hissəsinin ikinci abzasında “Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzilinə” sözlərinin “Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40 saylı evin 38 saylı mənzilinə” kimi, nəticə hissəsinin üçüncü abzasında “Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzili” sözlərinin “Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40 saylı evin 38 saylı mənzili” kimi oxunması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, 38 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı ilə yanaşı qeyd olunan mənzilin əvvəlki mülkiyyətçisi Atluxanov Hikmət Dəmir oğlunun həyat yoldaşı Cavabdeh, övladları X8 və Atluxanova Günay Hikmət qızı da qeydiyyatdadır. Sözügedən mənzil İddiaçı hazırki iş üzrə Cavabdeh əri tərəfindən 25 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satılmışdır. Sözügedən mənzilin hal-hazırda iddiaçının mülkiyyətində olması, onun həmin mənzili cavabdehin ərindən alqı-satqı müqaviləsi əsasında alması və mənzili almamışdan öncə cavabdehin həmin mənzilin satılmasına etiraz etməməsi və mənzil satıldıqdan sonra mənzili tərk etməsi və oradan qeydiyyatdan çıxması ilə bağlı üzərinə öhdəlik götürməsi işin mübahisə edilməyən hallarıdır. Mənzil üzərində cavabdehin əri Atluxanov Hikmət Dəmir oğlunun mülkiyyət hüququ 21 avqust 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin dövrdə tərəflər birgə nikahda olmuşlar. Beləliklə də Atluxanov Hikmət Dəmir oğlunun sözügedən mənzil üzərində mülkiyyət hüququ cavabdehlə birgə nikah dövründə qeydiyyata alınmışdır. Cavabdeh 21 avqust 2020-ci il tarixdə həmin mənzil üzərində ümumi birgə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ yaranmışdır. Cavabdeh 13 yanvar 2024-cü il tarixində Sumqayıt şəhəri 4 saylı notariat ofisinə ərizə təqdim edərək sözügedən mənzilin özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş və eyni zamanda müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Cavabdehlərin hal-hazırda sözügedən mənzildən istifadə hüquqları qalmadığından onların iddiaçıya məxsus mənzildə qalması iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaratmaqla mənzildən istədiyi kimi istifadə etmək, ona sahiblik etmək hüquqlarını məhdudlaşdırırlar.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası KOnstitusiyasının 13, 29, Mülki Məcəllənin 27.2, 152.1, 152.5, 148.2, 228.2, 228.4, 228.5-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2(060)-2809/2024 saylı qətnaməsinin ləğv olunması, iddianı rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əri Atluxanov Hikmət Dəmir oğlu ilə 22 avqust 2014-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, birgə nikahdan 2 uşağı doğulmuşdur. Atluxanov Hikmət Dəmir oğlu münasibətləri hər zaman yaxşı olsa da son 1 il müddətində cavabdeh süni münaqişələr və mübahisələr yaratmış, münasibətləri kəskin şəkildə pozulmuşdur. Uşaqlara özü baxır, cavabdeh heç bir köməklik göstərmir. Cavabdehlə razılığa gəlmişdir ki, aralarıdnan olan nikah pozulsun və birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payılar müəyyən olunsun. Bu səbəbdən də məhkəməyə müraciət edib payların bölünməsi barədə idda qaldırmasını deyib. Cavabdeh əvvəl razılıq versə də sonradan bildirmişdir ki, o vəkillərlə məsləhətləşmiş, ona demişlər ki, məhkəməyə verdikdə həm proses uzun çəkir həm də evin qiyməti kəskin şəkildə aşağı düşür ona görə də öz aralarında razılaşaraq evi satsınlar və əldə olunmuş vəsaiti yarıya bölsünlər. Onun bu təklifi ilə razılaşmış və notariat ofisinə gedərək evin satılmasına etiraz etmədiyini bildirməyi barədə razılıq ərizəsi vermişdir. 03 yanvar 2024-cü il tarixdə mənzili 78500 (yetmiş səkkiz min beş yüz ) manata satılmışdır. Həmin gün 50.000 manat müqavilə rəsmləşdirilən gün isə 28500 manat cəmi 78500 manat pulu aldıqdan sonra bir daha onun üzünü görməmiş, əri evə gəlməmiş, telefonlarına cavab verməmişdir. Onunla bu barədə dəfələrlə danışmağa cəhd etsə də heç bir nəticə olmamışdır. Bir neçə gün sonra özü əlaqə yaradaraq ona 5000 (beş min) manat verə biləcəyini demişdir. Bundan sonra aldadıldığını başa düşmüş və polisə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis Bölməsindən demişlər ki, heç kəsin onu evdən çıxarmağa hüququ yoxdur, hazırki işdə iddiaçı ilə əri əlbir olaraq onu hər ikisi aldatmışdır. Ona görə də onun evdən çıxarılmaqla bağlı məhkəmə qətnaməsi ilə razı deyil. Mülki qanunvericiliyin tələblərinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Ərinin qanunsuz əməllərinə görə o və uşaqları əziyyət çəkməli deyil. Məhkəmə mülki qanunvericiliyin bu normasını düzgün qiymətləndirrməmişdir. Həmçinin, məhkəmə onu Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzildən çıxartmışdır ki, həmin mənzilin ona aidiyyəti yoxdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ev satıldıqdan sonar əri bütün əşyalarını götürərək evdən çıxıb. Onun iki uşağı var. 2024-cü ilin may ayından aliment ödəməyə başlayıb. Evin satışında əldə edilmiş pulun yarısının ona verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırıb. Hazırda məhkəmənin icraatındadır. İddiaçı evin qazını, işığını kəsir. Evdən çıxmaq istəmir, yaşamağa başqa yeri yoxdur. Həqiqətən də satılan ev ipotek ilə yüklü olmuşdur. Əri demişdir ki, 40000 manat banka borcu var.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Hüsyen oğlu bildirdi ki, təmsil etdiyi şəxs öz evini sataraq yeni ev almaq istəyib. Mübahisəli ev ipoteka ilə alınmış ev olub, bankda girovda olmaqla, 50000 manata yaxın banka borc mövcud olmuşdur. İlk olaraq beh müqaviləsi bağlanmış, beh müqaviləsinə görə 50000 manat satıcıya verilmiş, bankın borcu ödənildikdən sonra ev girovdan çıxarılmış, sonra alqı-satqı müqaviləsi bağlanaraq ev alınmışdır. Cavabdeh ərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evin satılmasından əldə edilmiş pulun yarısının ona verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsini xahiş edir.
İşdə olan sübutlar
13. AN-İ ******* saylı, 25 yanvar 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Atluxanov Hikmət Dəmir oğlu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68 kv.m olan mənzili 78500 manat qiymətinə İddiaçı satmış, alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin 50000 manatını Sumqayıt şəhəri, 4 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 3M-91 nömrəli reyestrlə rəsmiləşdirilmiş beh müqaviləsinə əsasən öhdəlikdən sonra qalan 28500 manatı isə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
14. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 28500 manat məbləğində pul vəsaitini notariusun bankda açılan depozit hesabına ödəmişdir.
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, 29 fevral 2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”dan görünür ki, İddiaçı, xx.xx.2014-cü il təvəllüdlü X8, Atluxanov Hikmət Dəmir oğlu, Cavabdeh, 21 fevral 2013-cü il təvəllüdlü Atluxanova Günay Hikmət qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar.
16. Cavabdeh notarial qaydada təsdiq edilmiş 13 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu, birgə nikah dövründə əldə edilmiş, əri – Atluxanov Hikmət Dəmir oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamış, müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
17. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, 38 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26 yanvar 2024-cü ildə qeydiyyata alınmışdır.
18. Atluxanov Hikmət Dəmir oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsindən görünür ki, Atluxanov Hikmət Dəmir oğlu ünvan 1 ünvanında yerləşən mənzili satmaq məqsədi ilə İddiaçı 50000 manat behi almış və həmin mənzili ona satmaqdan imtina edəcəyi halda behi ikiqat geri qaytaracağını öhdəsinə götürmüş, İddiaçı hərəkətləri nəticəsində müqaviləni bağlamaq mümkün olmadıqda 50000 manat behin Atluxanov Hikmət Dəmir oğlunda qalacağı müəyyən edilmişdir.
19. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, 38 nömrəli mənzil üzərində Atluxanov Hikmət Dəmir oğlunun mülkiyyət hüququ 21 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
20. AZ-İ 974618 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Atluxanov Hikmət Dəmir oğlu ilə Atluxanova (Kaziyeva) Sofiyat Valeryevna arasında 22 avqust 2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2213 nömrəsi ilə qeydiyyat aparılmışdır.
21. xx.xx.2024-cü il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, X5 və X3 qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiklərini, razı olduqlarını bildirmişdirlər.
22. AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 30.1 kv.m, yaşayış sahəsi 17.3 kv.m, yardımçı sahəsi 12.8 kv.m olan 1 otaqlı mənzili tam mülkiyyət üzrə X6 53000 manat qiymətinə satmışdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
25. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
26. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024cü il tarixli, e-2(060)-2809/2024 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2(060)-2809/2024 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdehin əri Atluxanov Hikmət Dəmir oğlu tərəfindən 78500 manat qiymətinə İddiaçı satılmış, mənzil İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixli, ********** nömrəli Çıxarış verilmişdir. Mənsil satılmasına baxmayaraq əvvəlki mülkiyyətçi Atluxanov Hikmət Dəmir oğlunun arvadı Cavabdeh, övladları X8 və Atluxanova Günay Hikmət qızı mənzildən çıxmamışlar. Mənzil satılarkən cavabdeh həmin mənzilin satılmasına etiraz etməməsi və mənzil satıldıqdan sonra mənzili tərk etməsi və qeydiyyatdan çıxması ilə bağlı üzərinə öhdəlik götürməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir ki, bununla da mübahisəli mənzilin satılması ilə cavabdehin həmin mənzil üzərində olan hüquqlarına xitam verilmişdir. Belə olan halda isə cavabdehin mənzil üzərində faktiki sahibliyi qanunsuz olmaqla, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmaqdadır. Birinci instansiya məhkəməsi mübahisə üzrə maddi hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdehin əri tərəfindən alqı-satqı nəticəsində əldə edilmiş pul məbləğinin onunla bölməməsi və yaşamaq üçün başqa evinin olmaması iddiaçının mülkiyyət hüququnun məhdudlaşmasına əsas ola bilməz. Hərçənd ki, iddiaçı ərinə qarşı mənzilin satışından əldə edilmiş pulun yarısının ona ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etdiyini bildirməkdədir. İddiaçının əri ilə əlbir olaraq onu aldatması ilə bağlı isə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzildən çıxarılması ilə bağlı dəlilinə münasibətdə isə qeyd olunur ki, qətnamənin nəticə hissəsində mübahisəli ünvan yalnışlıqla qeyd olunmuş və həmin yalnışlıq Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2024cü il tarixli, e-2(060)-2809/2024 saylı qərardadı ilə aradan qaldırılmışdır.
30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi 19.2.2014-cü il təvəllüdlü Atluxanova Günay Hikmət qızının Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı evin 13 saylı mənzilinə istifadə hüququna xitam verilməsini qət etsə də, həmin şəxs xx.xx.2013-cü il təvəllüdlü olmuşdur ki, məhkəmə kollegiyası həmin halı texniki səhv kimi qiymətləndirmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Buna görə də məhkəmə kollegiyası qeyd edilən texniki səhvi qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas hesab etməmişdir.
31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2(060)-2809/2024 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2(060)-2809/2024 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.