Məhkəmə qərarları › İş №2(105)-1458/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1458/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1458/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı, Cavabdeh1 və onun vəkili X4, Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(060)-1708/2020 saylı qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(060)-1708/2020 saylı qərardadı ilə (hakim R.N.Qoşqarlı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(060)-1708/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 2006-cı il təvəllüdlü X1 Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 26/11 saylı evin, 43-cü mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayəti vermişlər. Eyni zamanda apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdiyi şikayəti onunla əsaslandırmışlar ki, Abşeron Rayon Məhkəməsi 12 fevral 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsinin surətinin 11 iyun 2020-ci il tarixdə rəsmi qaydada ona verilməsinə istinad etsə də, Cavabdeh1 tərəfindən hər hansı bir qəbzə imza edilməmiş və sözügedən qətnamənin surəti rəsmi qaydada onlara təqdim edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili X4, Cavabdeh2 şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti əsassız hesab edib, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnamədən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müdətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi nəticəsinə gəldikdə göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsi cavabdehlərə 09 iyun 2020-ci il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş və qətnaməni iş üzrə cavabdeh X5 öz adından, həmçinin digər cavabdehlərin adından 11 iyun 2020-ci il tarixdə imza etməklə rəsmi qaydada almışdır. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Lakin iddiaçı bu müddəti pozaraq, apelyasiya şikayətini 02 fevral 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Belə ki, iş materialının 36-cı vərəqəsində olan poçt göndərişinin xəbərnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsinin surəti Cavabdeh1 poçt göndərişinin xəbərnaməsinə 11 iyun 2020-ci il tarixdə imza edilməklə rəsmi qaydada təqdim edilmişdir. Sözügedən qətnamənin surətinin rəsmi qaydada cavabdehə təqdim edilməsi halı Cavabdeh1 tərəfindən inkar edilmiş, belə olan halda məhkəmə kollegiyası təəfindən iş üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş materialının 36-cı vərəqəsində olan poçt göndərişinin xəbərnaməsində olan imzanın Cavabdeh1 məxsus olub-olmaması halı bu sahədə xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyən edilməsi halı dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2021-ci il tarixli, 4/606 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 adından olan 11 iyun 2020-ci il tarixli Poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən” qrafasında “Məcidova” yazısı və qarşısındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)- 1708/2020 saylı qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə rəsmi qaydada verilməməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayətinin verilməsi üçün nəzərədə tutulmuş prosessual müddət buraxılmamış hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə 26.04.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdeh M.Q.Məmmədovun verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətinin verilməsi müddətini bərpa etməkdən imtina etdikdə işdə olan sənədlərə və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(060)-1708/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 05 mart 2021-ci il tarixli, 2(060)-1708/2020 saylı qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdiyi şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(060)-1708/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 05 mart 2021-ci il tarixli, 2(060)-1708/2020 saylı qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar