Məhkəmə qərarları › İş №2(105)-1461/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1461/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1461/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş stajı faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-373/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.İmanova) ərizənin təmin olunması, Ərizəçi 1980-cı ilin oktyabr ayından 28 oktyabr 1993cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Bakı Fəhləsi” adına kolxozda tütün qurudan işləməsi faktının müəyyən olunması qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş stajı faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 1980-cı ilin oktyabr ayından 1993-cü ilin 28 oktyabra qədərki tarixdə Zəngilan rayonu, “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütün quruducusu vəzifəsində fasiləsiz olaraq işləməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra iddia ərizəsinə düzəliş barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1980-cı ilin oktyabr ayından 1993-cü ilin 28 oktyabra qədərki tarixdə Zəngilan rayonu, “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütün quruducusu vəzifəsində fasiləsiz olaraq işləməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1980-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonu “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində fasiləsiz olaraq işləmişdir. 1993-cü ilin oktyabr ayından məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində ’’Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində işləməsini təsdiq edən arxiv sənədləri ’’Bakı Fəhləsi” kolxozu tərəfindən işğal zonasından çıxarılmadığından kolxoz üzvü kimi tütünçü vəzifəsində işləməsini təsdiq edən hər-hansı bir sübut mövcud deyildir. Ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filala müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktubla onun stajının 25 ildən az olması səbəbindən imtina edilmişdir. O, 1980- 1993-cü il tarixlərdə Zəngilan rayonu,’’Bakı Fəhləsi” kolxozunda, 1996-ci il iyul-2001-ci il avqust tarixlərində "xxxx" X1 xadimə, 2001-ci il sentyabr-2004-cü il dekabr tarixlərində "AND” hüquq firmasında xadimə işləmiş, 2018-ci il tarixdən etibarən Bakı şəhəri 18 saylı Vəkil Bürosunda xadimə vəzifəsində işləyir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 25 illik əmək stajının olmaması və sığorta kapitalının az olması səbəbi ilə pensiya təyinatından imtina etmişdir. Hal-hazırda təqaüd yaşına çatdığından 1980-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonu “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində fasiləsiz olaraq işləmə faktının müəyyən edilməsinə zərurət yaranmşdır. Çünki, həmin sənədi başqa yolla əldə etmək mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dəvət etdiyi xx.xx.1955 təvəllüdlü, Zəngilan rayonu Babaylı kənd sakini, 1988-ci il tarixədək Zəngilan rayonu, “Bakı Fəhləsi” kolxozunda sədr müavini vəzifəsində işləmiş, təqaüdçü X5, xx.xx.1947-ci il təvəllüdlü, Zəngilan rayonu, Babaylı kənd sakini, 1993-cü il tarixədək Zəngilan rayonu “Bakı Fəhləsi” kolxozunda xəzinadar-anbardar vəzifəsində işləmiş, təqaüdçü X2, xx.xx.1953-cü il təvəllüdlü, Zəngilan rayonu, “Bakı Fəhləsi” kolxozunda sədr vəzifəsində işləmiş, təqaüdçü X4 qeyd etdiyi yerdə və vəzifədə işləmələri barədə izahat verəcəklər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən İ. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə mtulmuş digər hallarda sosial təminat hüququna malikdir. 1971-ci il Əmək Qanunları Məcəlləsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı əmək qabiliyyətli yaş dövrü şəxsin 16 yaşından etibarən hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cü maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin iş stajı kimi təsdiq etmək istədiyi dövrlər sosial sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı tamamlanmır. Lakin məhkəmə qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Qeyd edilənlərdən də göründüyü kimi, ərizəçinin 1980-ci ilin oktyabr ayından xx.xx.1993-cü il tarixədək olan dövrlər sosial sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı tamamlanmır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasından dindirilən maraqlı tərəfin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ərizəçiyə məlumat verilməsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və maraqlı tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Ərizəçi 1980-cı ilin oktyabr ayından 1993-cü ilin 28 oktyabra qədərki tarixdə Zəngilan rayonu “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütün quruducusu vəzifəsində fasiləsiz olaraq işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər (MPM-nin 307.1., 307.2.11. maddələri) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. Maraqlı şəxs apellyasiya şikayətinin dəlili kimi ərizəçinin sovxozda işləməsi faktını təsdiq edən şahidlərin həmin müddətlərdə özlərinin işləmələri faktının təsdiq edən sənədlərinin olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş X2, X5 və X4 ərizəçi ilə birlikdə “Bakı Fəhləsi” kolxozunda işlədiklərini öz ifadələri ilə təsdiq etmək üçün buna dair əmək kitabçalarının təsdiq edilmiş surətlərini təqdim etmişlər. Apellyatorun digər dəlili isə iş stajı kimi təsdiq etmək istədiyi dövrlər sosial sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajına tamamlamamasıdır. “Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi 1980-cı ilin oktyabr ayından 28 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Bakı Fəhləsi” adına kolxozda tütün qurudan işləməsi faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunduğundan ərizənin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar