Məhkəmə qərarları › İş №2(105)-1464/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1464/2023

20.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1464/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(067)-1212/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin direktoru Cavabdeh 54 nömrəli 07 dekabr 2022-ci il tarixli əmrindən görünür ki, 1. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini verdiyi ərizəsinə əsasən vəzifəsindən azad edilmiş 2. Məktəbin rus dili müəllimi İddiaçı 12 saat dərs saatı saxlanılmışdır.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin 17 yanvar 2023-cü il tarixli 3-29-32/2-27/2023 saylı məktubundan görünür ki, ümumtəhsil müəssisələrdə çalışan Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri ilə əmək münasibətlərinin tənzimlənməsi həmin təhsil müəssisəsinin direktorunun səlahiyyətləri daxilindədir. Vəzifədən azad olunmaqla bağlı aidiyyatı üzrə ərizə ilə təhsil müəssisəsinin direktoruna müraciət etmək tövsiyyə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon məhkəməsinə müraciət edərək Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin xx.xx.2022-ci il tarixli 54 saylı əmrinin ləğv olunaraq, onun məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, artıq 33 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olur. Fəaliyyət göstərdiyi müddətdə təhsilin inkişafına və tədrisin keyfiyyətinə daim diqqətlə yanaşmışdır. Xaçmaz rayonu, Qalağan kənd tam orta məktəbdə dərslərin tədrisi ilə bərabər direktor müavini vəzifəsində çalışmışdır. xx.xx.2022-cı il tarixində Xaçmaz rayonu, Qalağan kənd tam orta məktəbin direktoru Cavabdeh iş kabinetinə gələrək, istilik sistemi üçün istifadə olunan kömürün keyfiyyətsiz olduğunu və bununla bağlı tədbir görülməli olduğunu bildirmişdir. Direktor onun yanında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektoruna zəng edərək bu barədə məlumat verdikdən sonra ona bildirmişdir ki, indi gəlib vəziyyəti yerində yoxlayacaqlar. Bir qədər sonra, Fikrət Heybətov, İmran Müseyibli, Elşən Sətiyev və Novruz Musayevdən ibarət tərkibdə rayon təhsil sektorunun əməkdaşları Xaçmaz rayonu, Qalağan kənd tam orta məktəbinə gəlmişlər. Məktəbə gəlmiş həmin əməkdaşlar yoxlama adı ilə gəldiklərini bildirmiş və ondan fəaliyyət və iş planlarını, proqramları təqdim etməyini tələb etmişlər. Təqdim etdiyi sənədləri təftiş etdikdən sonra guya bəzi qüsurların və nöqsanların müəyyən edildiyini və dərs bölgüsünün düzgün hesablanmadığını, buna görə də mənimsəmə müəyyən etdiklərini bildirmişlər. Tərəfindən onun fəaliyyətində hər hansı ciddi nöqsanın olmadığını, “yoxlamanın” müəyyən etdiyi qüsurların ona deyil, direktorun səlahiyyətlərinə aid olduğunu onların nəzərinə çatdırmışdır. Xaçmaz rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi Fikrət Heybətov direktorla da bağlı tədbirlərin görüləcəyini və rəhbərliyə məruzə etdikdən sonra, prokurorluğa məlumat veriləcəyini bildirmişdir. Bu məsələ ilə bağlı yaranmış fikir ayrılığı xeyli müzakirə edildikdən sonra ondan direktor müavini vəzifəsindən azad olunmağı ilə bağlı ərizə yazmağı tələb edilmişdir. Gərgin psixoloji təzyiqlərə davam gətirməyib tələb olunan ərizəni yazıb onlara təqdim etmişdir. Bir neçə gün sonra məktəbin direktoruna ərizəni geri götürmək istədiyini bildirmiş, bu müraciəti ilə bağlı hərəkətsizlik göstərildiyinə görə, xx.xx.2022-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə xx.xx.2022-ci il tarixli direktor müavini vəzifəsindən azad olunmağı ilə bağlı ərizəsindən imtina etməyi barədə yeni ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, məktəbin direktoru Cavabdeh ona bildirmişdir ki, artıq onun direktor müavini vəzifəsindən öz ərizəsinə əsasən azad edilməyi ilə bağlı əmr hazırlanır. O, direktora ərizəsindən imtina etdiyi üçün bu əsasla vəzifədən azad edilməyinin qanunsuz olduğunu bildirmiş və əmrin surətini ona təqdim olunmasını xahiş etsə də, əmrin surəti ona verilməmişdir. Tutduğu vəzifədən öz xahişi ilə azad olunmağı barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə ünvanladığı ərizəyə rəsmi cavab verilmədiyinə görə, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 146 №li qaynar xəttinə (saat 15:06) zəng etmişdir. Nazirlikdən bu məsələ ilə bağlı məlumat əldə etməyi üçün ********** mobil nömrəsinə zəng etməyi tövsiyə olunub. Həmin vaxt təqdim olunan mobil nömrə vasitəsilə əlaqə yaradılmış və onunla danışan xanım əməkdaş ilk əvvəl onun ərizəsinin İdarəyə daxil olmadığını bildirsə də, məktubun poçt vasitəsilə daxil olduğu və Mirzəməmmədova adlı şəxs tərəfindən qəbul edildiyini ona xatırlatdıqdan sonra daxil olan sənədin qeydə alınmadığını və bu məsələ ilə bağlı məktəbin direktoru ilə əlaqə saxlanılması məsləhət görülmüşdür. Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin xx.xx.2022-ci il tarixli əmrinin surəti ona xx.xx.2023-cü il tarixində verilmişdir. xx.xx.2022-ci il tarixli ərizəai əsasında dərhal vəzifəsindən azad edilməyi barədə əmrin verilməsi, lakin ərizəsindən imtina ilə bağlı ərizəsinin ümumiyyətlə qeydiyyatdan keçirilməməsi, eləcə də qanuni əsaslarla cavablandırılmaması və onun uzun illər səmərəli pedaqoji fəaliyyətinin nəzərə alınmaması, həmçinin işçinin peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə əhəmiyyət verilməməsi həmin tarixdə formal təşkil olunmuş “yoxlamanın” bir teatr səhnəsi olduğunu deməyə əsas verir.

5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(067)-1212/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin direktoru Cavabdeh 54 nömrəli 07 dekabr 2022-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması, İddiaçı məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Sərxan Səmədzadə)

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan göründüyü kimi, İddiaçı öz iradəsinə zidd olan, kənar təsir nəticəsində yazmış olduğu “öz xahişi ilə işdən çıxmaq barədə” ərizəsini 01 dekabr 2022-ci il tarixdə yazaraq məktəbin direktoruna təqdim etsə də, xəbərdarlıq müddəti, yəni 1 ay ərzində daha dəqiq isə ərizəsini yazdıqdan 2 gün sonra məktəbin direktoruna yaxınlaşıb ərizəsini geri götürmək istədiyini bildirmiş, lakin onun xahişi nəzərə alınmamışdır. Məhkəmə iclasında Cavabdeh bununla bağlı bildirmişdir ki, həqiqətən də Sahibə xanım ona yaxınlaşıb ərizəsini geri götürmək istədiyini bildirsə də, o, Sahibə xanıma bunun onun səlahiyyətində olmamasını, hətta onun özünün də işdən çıxarılacağını bildirmiş və ərizəsini geri qaytarmamışdır. Beləliklə də, İddiaçı kənar təsir nəticəsində iradəsinə zidd olan “öz xahişi ilə işdən çıxma” ərizəsini xx.xx.2022-ci il tarixdə işəgötürənə, yəni cavabdehə təqdim etsə də, qısa müddət ərzində həmin ərizəni geri götürmək istədiyini, yəni iradə ifadəsini işəgötürənə bildirsə də, işəgötürən tərəfindən buna heç bir məhəl qoyulmamışdır.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin 17 yanvar 2023-cü il tarixli 3-29-32/2-27/2023 saylı məktubundan göründüyü kimi, iddiaçının işə bərpa edilməsi səlahiyyəti məktəbin direktoru, yəni hazırki iş üzrə cavabdehə məxsusdur. Cavabdeh isə iddia tələbini tam qəbul etdiyindən, iddiaçı bu faktların sübutetmə vəzifəsindən azad olunur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu mddəsinin 1-ci və 4-cü bəndləri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 106.3, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsi tərəfindən e- 2(067)-1212/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Sübutlarını təqdim etmək üçün məhkəmə onun iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin öz ərizəsi ilə işdən azad olmasını nəzərə almamışdır. Hansı ki, cavabdeh xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Bundan başqa onun işə götürmək səlahiyyəti yoxdur. İddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmişdir. Qeyri-mötəbər və ziddiyətli qətnamə məhkəmə yazmışdır.

11. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə düzəlişlə bağlı ərizə ilə məhkəməyə müraciət edərək məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi hissəsində həmin öhdəliyinin Cavabdeh icra etməsi hissəsində rədd edilməsini, qalan hissədə dəyişdirilmədən saxlnılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 (sonuncu məhkəmə iclasına gəlməmişdir) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

15. Üçüncü şəxs Quba-Xaçmaz Regional Təhsil İdarəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

17. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

18. Maddə 2.3. Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

19. Maddə 9. (“q” bəndi) Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüququdur.

20. Maddə 12.1. (“b” bəndi) Həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsidir.

21. Maddə 42.1 Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

22. Maddə 43.1 Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

23. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

24. Maddə 69.1. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Verilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(067)-1212/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, sonradan cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə əlavə ilə məhkəməyə müraciət edərək yalnız məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edilməsini, qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdiyindən, kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin həmin hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməlidir.

36. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

37. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?

38. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqını ödənilməsini cavabdeh Xaçmaz rayonu, Qalağan kənd tam orta məktəbinin direktoru olan Cavabdeh tələb edir.

39. Kollegiya hesab edir ki, hazırkı iş üzrə Cavabdeh məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə cavab verməli şəxs olmadığından, həmin tələbə cavab verməli şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi olduğundan, birinci instansiyasının qətnaməsi bu hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(067)-1212/2023 nömrəli qətnaməsi qısmən ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi “məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar