Məhkəmə qərarları › İş №2(105)-1466/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1466/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1466/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1987/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Novruzova Mehparə Tofiq qızı Cavabdeh 13 avqust 2014-cü il tarixdə nikaha daxil olmuş, bu nikahdan 14 mart 2015-ci il tarixdə Fərid, 22 mart 2018-ci il tarixdə Nazim adlı iki uşaqları anadan olmuşdur.

2. Tərəflərin bir müddət sonra ailə münasibətləri pozulmuş, nikahın pozulması üçün məhkəməyə müraciət edilmişdir.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 03 mart 2018-ci il tarixli İH-B/0011 nömrəli mənzilin alğı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “AAAF-Park” yaşayış massivində inşa edilən 240-A saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67 kv.metr, bir otaqdan ibarət 19 saylı mənzil 43.550 manata alıcı Cavabdeh satılmışdır.

4. Həmin tarixdə "xxxx" MMC mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı vermişdir.

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdilrilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 240A, mənzil 19da yerləşən yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinin və ya dəyəri olan 70.000 manatın 1/2 hissəsinə, “Lada Priora” markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun yəni 8000 manatın 1/2 hissəsinə, ** DN *** dövlət nömrə nişanlı “Renault Laquna” markalı avtomaşının 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, cavabdehin qanunsuz isifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14.824 manatın, cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızıllar və ya onun dəyəri olan 1620 manatın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(012)-857/2020 saylı qətnaməsi ilə (hakim H. Əhmədov) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən satılmış ** XC *** dövlət nömrə nişanlı, “VAZ 21725 minik” markalı avtomobilin satışından əldə olunan pulun ½ - 8000 manat hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması, ** DN *** dövlət nömrə nişanlı, “Renault Laquna” markalı avtomobilə Novruzova Mehparə Tofiq qızı ilə Cavabdeh hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması, ünvan 1 ünvanında yerləşən - yataq dəsti (şifoner, trimo, qoşa çarpayı, kamot, 2 ədəd tumboçka, trimo stulu); qonaq otağı üçün stol və 6 ədəd stul; mətbəx üçün stol və 4 stul; mətbəx mebeli; divan; iri xalça; kiçik xalça; qonaq otağı üçün çilçıraq; yataq otağı üçün çilçıraq (gümüşü rəng); qonaq otağı üçün pərdə-günlük; mətbəx otağı üçün pərdə-jalüz; soyuducu; 108 ekran televizor; paltaryuyan; tozsoran; ətçəkən; şirəçəkən; ütü; soba; mikser; qaz plitəsi; kompyuter; üç gözlü elektrik qızdırıcı; böyük yorğan; 2 ədəd kiçik yorğan; böyük qoşa döşək; 2 ədəd tək döşək; 4 ədəd yastıq; odeyal; 5 ədəd qoşa yataq dəsti; 4 ədəd tək nəfərlik dəst; çarpayı üçün örtük; divan üçün örtük; 4 ədəd can dəsmalı; 12 ədəd əl-üz dəsmalı; 12 ədəd mətbəx dəsmalı; 3 ədəd süfrə; şirəli qazan dəsti; gümüşü rəng qazan dəsti; qaşıq dəsti; 12 ədəd 4 künc boşqab dəsti; 18 ədəd düz boşqab; 6 ədəd kasa; bagema; 12 ədəd rəngli bakal; 6 ədəd stəkan; 6 ədəd nəlbəki; 6 ədəd xrustal düz qabı; 6 ədəd çay dəsti; 4 ədəd farfor çaşka-nəlbəki; 2 ədəd meyvə qabı; 2 ədəd konfet qabı; 2 ədəd qənd qabı; 2 ədəd xrustal mürəbbə qabı; 2 ədəd ləpə qabı; qab yığılan setka; podnos; 5 kiçik qazan dəsti; kauçuk qablar; tava; keks qabları; geyim əşyaları - kofta, şalvar, ev geyimi, ziyafət geyimi, dəst yubka-kofta, 4 ədəd pencək, palto, 2 ədəd balonka, uzun dabanlı çəkmə, qısa boğazlı çəkmə, 2 ədəd hündür daban ayaqqabı, 4 ədəd alçaq düz ayaqqabı, hündür pasanoşka, 2 ədəd alçaq pasanoşka; 4 qb flaşkart, saçburan fen, ütü fen, kosmetika, diplom qiymət kağızı ilə, doğum şəhadətnaməsinin, qızıl-zinət əşyaları - brilyant klon 1 ədəd 470 manat dəyərində, brilyant üzük 1 ədəd 320 manat dəyərində, təkqaşlı üzük 1 ədəd 250 manat dəyərində, brilyant sırğa 1 dəst 450 manat dəyərində, boyunbağı 2 ədəd 130 manat dəyərində, onların özləri mövcud olmadıqda dəyərləri (cəmi 1620 manat məbləğində) Cavabdeh alınıb, Novruzova Mehparə Tofiq qızına verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manatın Cavabdeh iddiaçı Novruzova Mehparə Tofiq qızının xeyrinə tutulması, qətnamənin “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinə aid hissəsində dəyişiklik edilməklə həmin avtomobilin dəyərinin ½ hissəsi, 6000 (altı min) manatın Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilməsi qət edilmiş, qətnamə qızıl-zinət əşyalarına aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5916/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Novruzova Mehparə Tofiq qızının kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh kasassiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi “Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manatın Cavabdeh iddiaçı Novruzova Mehparə Tofiq qızının xeyrinə tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar çıxarılması və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə Novruzova Mehparə Tofiq qızının və ½ hissədə Cavabdeh payları tanınması qərara alınmışdır.

9. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış M-10087 nömrəli, xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park 3” yaşayış massivinin 240 A saylı küçəsində inşa edilən (inşa edilmiş) 8 mərtəbəli, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni divarın çöl hissəsindən hesablanmaqla) 67 kv.m ibarət, 1 otaqlı, 19 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilinə onu və yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5916/2022 saylı qətnaməsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilin ½ hissədə Novruzova Mehparə Tofiq qızının ½ hissədə Cavabdeh payları tanınmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Lakin, cavabdeh iddiaçının azyaşlı uşaqları ilə birlikdə ½ hissəsi iddiaçıya məxsus olan mənzilə köçməyinə mane olur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı kirayədə yaşayır. Hesab edir ki, məhkəmə qətnaməsi ilə ½ hissəsinə pay hüququ tanınmış “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilə azyaşlı uşaqları ilə birlikdə köçürülməlidir.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1987/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilərək, İddiaçı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilinə köçürülmələri qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 152.1, 152.5, 215.4, 222.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını lazımi qədər araşdırmamış və mülkiyyətçinin hüquqlarını pozmuşdur. Məhkəmə öz qətnaməsini qət edərkən cavadehin hüquqlarını nəzərə almamışdır. Cavabdehin öz əmlakından sərbəst istifadəsinə, ona dair sərəncam vermə hüququ pozulmuşdur. Cavabdehin sözügedən mənzildə faktiki olaraq yaşayır və iddiaçı ilə eyni evdə yaşaması mümkün deyildir. Məhkəmə işin hallarını lazımınca araşdırmamış, cavabdehin hüquqlarını nəzərə almadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. (...)

Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iş materiallarından müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə Novruzova Mehparə Tofiq qızının və ½ hissədə Cavabdeh payları tanınmışdır.

23. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

24. Hazırkı halda iddiaçı mənzil üzərində pay hüququna malik olsa da, öz payına münasibətdə sahiblik və istifadə hüququnu həyata keçirə bilmir. Halbuki, mübahisə tərəfləri öz paylarına münasibətdə bərabər hüquqlara malikdirlər. İddiaçının mübahisəli mənzilə köçüb, həmin mənzildə yaşamaq hüququ vardır.

25. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil üzərində iddiaçının ½ hissə payı olduğundan həmin mənzilə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

26. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzil üzərində tərəflərin payları bərabər şəkildə tanındığından, hər iki tərəfin öz payından istifadə etmək hüququ vardır.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

28. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1987/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar