Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1467/2022 15.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-873/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının Cavabdeh qanunsuz sahibliyindən geri alınması və həmin binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmçinin qətnamə icra olunan günədək əldən çıxmış fayda kimi hər ay 8000 (səkkiz min) manat icarə haqqı hesablanmaqla cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasını alqı- satqı müqaviləsi əsasında özünün xüsusi mülkiyyətinə keçirmiş, bu barədə ona reyestrdən çıxarış da verilmişdir. Həmin qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətinə verilməmişdən əvvəl həmin bina Cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan zəbt edilmiş və cavabdeh orada özünün sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı sözügedən qeyri-yaşayış binası üzərində özünün xüsusi mülkiyyətini dövlət qeydiyyatına aldırdıqdan sonra cavabdehdən həmin binanı boşaltmasını tələb etsə də, sonuncu iddiaçının tələbinə məhəl qoymamış, öz sahibkar fəaliyyətini həyata keçirməyə davam etmişdir. Odur ki, iddiaçı vurulmuş mənəvi ziyana görə 1000 (min) manat məbləğində kompensasiya tələb edir. İddiaçıya vurulmuş maddi ziyan isə iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmasında özünü ifadə edir. İddiaçının xüsusi mülkiyyətində olan sözügedən qeyri-yaşayış binası iddiaçı tərəfindən üçüncü şəxslərə icarəyə verilmiş olsaydı, hazırki dövrün bazar qiymətlərini nəzərə alaraq aylıq (hər ay) 8000-10000 (səkkiz-on min) manat arası icarə haqqından gəlir əldə edə bilərdi. Odur ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində hər ay 8000-10000 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olduğu üçün, məhkəmə qətnaməsi icra olunan günədək əldən çıxmış fayda (zərər) kimi hesablanacaq icarə haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Sonradan iddiaçı tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ziyanın tutulmasının əvvəlinin 01 sentyabr 2020-ci il tarixdən hesablanmasını məhkəmədən xahiş etmişdir . Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-873/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının cavabdehin qanunsuz sahibliyindən geri alınması, həmin binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən maddi ziyan olaraq 35.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-873/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi qismən- cavabdehdən maddi ziyana görə 35.000 manat pulun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia rədd olunub və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə). İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2610/2021 nömrəli qətnaməsinin qismən- maddi ziyana görə 35.000 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır ( hakimlər Əhmədov Əhməd (sədrlik edən və məruzəçi), Həsənov Vüqar və Şəfiyev İspəndiyar). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-873/2021 nömrəli qətnaməsi qanuni və əsaslı olmadığı, qanunvericilik aktlarının tələbləri düzgün tətbiq edilmədən, hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, Əhmədov X3 rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış binasını əvvəlki sahibi Müşfiq adlı şəxsdən müqavilə üzrə aylıq 500 (beş yüz) manat ödəmək şərti ilə icarəyə götürmüşdür. Obyektin faktiki sahibi olan Müşfiqin təklifi ilə 19 aprel 2019- cu il tarixində icarə müqaviləsi bağlanmışdır və müqaviləni qarşı tərəfdən obyektin çıxarış üzrə mülkiyyətiçisi Müşfiqin anası imzalamışdır. Obyekti icarəyə götürdükdən sonra təmirsiz olduğu üçün Cavabdeh təmirə xeyli məbləğdə təxminən 250 000 (iki yüz əlli min) manata qədər pul xərcləmişdir. Təmir xərclərinin ödənilməsi üçün Cavabdeh öz şəxsi evini girov qoyaraq kredit götürmüşdür. Müşfiq bildirmişdir ki, təxminən 10 (on) ilə yaxın müddətində obyekt Cavabdeh icarəsində qalacaqdır. Bu səbəbdən Cavabdeh düşünmüşdür ki, obyektin təmirinə bu qədər pulun xərclənməsi məntiqlidir. 2020-ci ilin təxminən avqust ayında Müşfiq obyekti digər şəxsə satacağını bildirdikdə, ona obyektin təmirinə çəkilmiş xərcləri kimin tərəfindən ödəniləcəyini soruşmuş, o, isə obyektin yeni sahibinə bu barədə məlumat verdiyini və təmirə çəkilmiş bütün xərclərin yeni mülkiyyətçi tərəfindən ödəniləcəyini bildirmişdir. Sonradan obyektə özünü Xəqani adı ilə təqdim edən şəxs yaxınlaşaraq obyekti aldığını və oranın boşaldılmalı olduğunu demişdir. Həmin şəxs obyektin təmirinə görə çəkdiyi xərcləri ödəməyəcəyini bildirmişdir. 2020-ci ilin oktyabr ayından həmin şəxs işıq idarəsinə müraciət edərək obyektin işığını kəsdirmişdir. Buna görə də Cavabdeh obyektdən normal sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün istifadə edə bilməmiş, bununla da ona maddi ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsi əsassız olaraq aylıq 5000 (beş min) manat olmaqla, 7 ay üçün cəmi 35000 (otuz beş min) manat pulun iddiaçıya ödənilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarında göstərmişdir ki, Cavabdeh məhkəmədə obyekti aylıq 5000 (beş min) manata icarəyə götürdüyünü demişdir. Nəticədə məhkəmə icarə haqqını 5000 (beş min) manatdan hesablamaqla qərar qəbul etmişdir. Əslində Cavabdeh icarə müqaviləsinə uyğun məhkəmədə icarə haqqının 500 (beş yüz) manat olduğunu bildirsə də, məhkəmə səhv olaraq qərarda onun 5000 (beş min) manat dediyini göstərilmişdir. Bununla bağlı məhkəmə iclas protokoluna düzəliş edilməsi ilə bağlı qeyd Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, Abşeron Rayon Məhkəməsində işə baxılması zamanı işin göstərilən bütün halları dəqiq araşdırılmamış, zəruri şahidlər dindirilməmiş, ekspertiza təyin edilməmiş və nəticədə sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh obyekti icarə əsasında istifadə etməsi məsələsinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Bu barədə məhkəməyə məlumat verilsə də, məhkəmə bu hala ümumiyyətlə diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsində baxış zamanı Cavabdeh icarə müqaviləsini tapmaqda çətinlik çəkdiyi üçün məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində üzrlü səbəbdən təqdim edilməmiş, lakin məhkəmədə barəsində məlumat verdiyi icarə müqaviləsi işin bütün hallarının düzgün həlli üçün nəzərə alınmamış və araşdırılmamışdır. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən iş üzrə bütün faktlara düzgün hüquqi qiymət verilmədən, mühüm əhəmiyyətli hallar araşdırılmadan, iş üzrə əhəmiyyətli olan hallar sübut edilmədən, zəruri sübutlara düzgün hüquqi qiymət verilmədən, zəruri şahidlər dindirilmədən, obyektin təmir edilməsinə çəkilən xərclərlə bağlı məsələyə ümumiyyətlə heç bir hüquqi qiymət verilmədən birtərəfli qaydada iddiaçının tələbi əsassız və qanunsuz olaraq təmin edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə digər hissədə də, yəni 35.000 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. Mülki işin materiallarından olan Cavabdeh Abşeron RPİ-nə verdiyi izahatından müəyyən edilir ki, o, sözügedən qeyri-yaşayış binasını əvvəlki mülkiyyətçidən icarəyə götürmüş və icarəyə götürdükdən sonra həmin qeyri-yaşayış binası təmirsiz olduğu üçün həmin binanın təmir olunmasına xeyli məbləğdə xərc çəkmişdir. Çəkdiyi xərclərin ona qaytarılacağı təqdirdə həmin qeyri-yaşayış binasını təhvil verəcəkdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 50 №-li arayışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində ayrıca tikili şəklində 2 mərtəbəli, ümumi sahəsi 1400 kv.m. olan istifadəyə yararlı ticarət təyinatlı qeyri-yaşayış binasının hazırki dövrə bir aylıq kirayə haqqı 8000 (səkkiz min)-10000 (on min) manat arası dəyişir. Mülki işin materiallarından olan "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilən 21 oktyabr 2020-ci il tarixli, 17 №-li arayışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində ayrıca tikili şəklində 2 mərtəbəli, ümumi sahəsi 1400 kv.m. olan istifadəyə yararlı ticarət təyinatlı qeyri-yaşayış binasının hazırki dövrə bir aylıq kirayə haqqı 8000 (səkkiz min)-9000 (doqquz min) manat arası dəyişir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, iddiaçı ona məxsus qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu iddia etmiş, cavabdeh isə həmin obyekti başqa şəxsdən icarəyə götürdüyünü, alqı-satqı müqaviləsindən xəbərsiz olduğunu qeyd etmişdir. Reyestrdən verilən çıxarışla sözügedən qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olduğu müəyyən edilmişdir.Cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi ilə aralarında hər hansı icarə müqaviləsinin mövcudluğu barədə sübut təqdim edilməmişdir. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini öz vəsaiti ilə təmir elədiyini və bunu mübahisələndirdiyini qeyd etmişdir. Həmçinin, işin məhkəmə tərəfindən araşdırıldığı zaman elektron portaldan çıxarılan çıxarışdan cavabdehin mübahisəli qeyri-yaşayış sahəsi üzrə fərdi sahibkar kimi fəaliyyət göstərmədiyi aydın olmuşdur. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından qeyri-qanuni istifadə etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyan hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdən iddiaçının mülkiyyətindədir.İddiaçı iddia ərizəsində onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsini üçüncü şəxslərə icarəyə versəydi hazırkı dövrün bazar qiymətləri nəzərə alınmaqla hər ay 8000-10000 manat arası icarə haqqında gəlir əldə edə bilərdi. Təqdim etdiyi qiymətləndiricinin rəyindən göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış binasının bir aylıq icarə haqqı 8000-10000 manatdır. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbinə hüquqi qiymət verərək onu qeyd etmişdir ki, cavabdehin izahatına görə o, həmin sahənin icarəsi üçün əvvəlki mülkiyyətçiyə hər ay 5000 manat icarə haqqı ödəyirdi.Cavabdeh bu barədə hər hansı sübut təqdim etməsə də, yuxarıda qeyd edilən qiymətləndirici rəyləri ilə müqayisədə birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının 5000 manat olmasını real hesab etmişdir. Ona görə də, xx.xx.2020-ci il tarixdən qətnamə qəbul olan günədək ,yəni 30 mart 2021-ci il tarixədək olan 7 aylıq müddət üçün 7 x 5000=35 000 manat maddi ziyan olaraq cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında cavabdeh bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə icarə haqqı məbləği az yazılmış, faktiki isə aylıq 5000 manat icarə haqqı ödəmişdir. İcarə müqaviləsinə əsasən icarə haqqının 500 manat olmasına dair apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materiallarından və eləcə də iş materiallarına əlavə edilmiş Abşeron RPİ-də verilmiş izahatlardan görünür ki, faktiki 1.400.000 manata (i/v 19) iddiaçıya satılmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində ayrıca tikili şəklində olan 2 mərtəbəli, ümumi sahəsi 1400 kv.m. olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının 500 manat olması reallığı əks etdirmir.Bundan əlavə cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi işin 175-176-cı vərəqlərində olan 19 aprel 2019-cu il tarixli icarə müqaviləsi daşınmaz əşya ilə əlaqədar olsa da, heç bir rəsmi orqanda qeydiyyata alınmamış, bununla əlaqədar cavabdeh həmin qeyri-yaşayış sahəsi ilə bağlı öz sahibkarlıq fəaliyyətini qanuni əsaslarla rəsmiləşdirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bundan əlavə cavabdehin qeyri-yaşayış sahəsindən istifadəyə görə aylıq icarə haqqının 500 manat olması ilə əlaqədar apellyasiya şikayətinin dəlili iddiaçı tərəfindən təqdim olunmuş iş materiallarında olan "xxxx" MMC və "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş yuxarıda istinad olunan arayışlarla da təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1,392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-873/2021 nömrəli qətnaməsi Cavabdeh 35.000 manatın alınaraq İddiaçı verilməsi hissəsində də dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1467/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1467/2022
15.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver