Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1471/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil2, ilk iddia üzrə Cavabdeh iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsini cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-60/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı ev paylı mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh məxsusdur. Cavabdeh iddiaçının əmisidir. Mənzilin ½ hissəsi də iddiaçıya məxsusdur. Lakin o, vərəsə kimi payının alınması üçün notariat kontoruna müraciət etməmişdir. Pay açıq qalmışdır. İddiaçının həmin mənzil üzərində payı ½ hissədədir. Hazırda cavabdeh öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Mənzil 3 otaqdan ibarətdir. Hazırda iddiaçı mənzilə köçüb orada yaşamaq istəyir. Lakin cavabdeh iddiaçının həmin mənzildə yaşamağına maneçilik yaradır. Ona görə də İddiaçı hazırkı ərizə ilə məhkəmə müraciət edir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı evin naturada bölünməsi, bölgü zamanı 2 otağın iddiaçının, 1 otağın isə cavabdehin istifadəsinə verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı evin naturada bölünməsi zamanı sahəsi 32 m² otağın iddiaçının, sahəsi 24 m² olan sahəsi olan otağın cavabdehin, sahəsi 32 m² olan otağın qarşısında olan sahəsi 8.4 m² olan dəhlizin də iddiaçının, sahəsi 24 m² olan otağın qarşısında olan sahəsi 16.4 m² olan dəhlizin isə cavabdehin istifadəsinə verilməsi və iddiaçının ona aid olan hissəyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, Cavabdeh İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh anası X14 xx.xx.2022ci ildə dünyasını dəyişdikdən sonra onun qanun üzrə birinci növbə vərəsəsi kimi cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət etmiş və oradan həmin evin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və şəhadətnamə əsasında ev üzərində pay hüququnu təsdiqləyən çıxarış götürmüşdür. Cavabdehin miras qoyanın vərəsəsi olmasından məlumatsız olmuş və yalnız hazırki iddia ərizəsinin surətini aldıqdan sonra ona məlum olmuşdur ki, bu ev üzərində ½ pay hüququ ilə çıxış edən məhz İddiaçıdır. Halbuki, o miras qoyanın nəvəsi olmaqla 1-ci növbə vərəsələr dairəsinə aid olmayan şəxsdir. İddiaçı onun mərhum qardaşı X9 övladıdır, lakin onun qardaşı İsmayıl xx.xx.2016-cı ildə dünyasını dəyişmiş və ondan 6 il sonra isə miras qoyan anası dünyasını dəyişmişdir. Lakin cavabdehin atasının miras qoyandan əvvəl dünyasını dəyişməsi səbəbindən irsi transmissiyaya yol verilmədiyi halda cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzi onu miras qoyanın vərəsəsi kimi tanımış və cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, bununla da qanun tələbini pozmuşdur. Cavabdeh anasının vəfatından sonra vərəsələr arasında o, miras qoyanın 1-ci növbə vərəsəsi kimi həm faktiki, həm də rəsmi olaraq bu miras əmlakı qəbul etmiş və ha-hazırda da bu evdə də yaşayır. Evin bütün kommunal xidmət haqlarını o ödəyir, cavabdeh bu evdə yaşamır, onun qeydiyyatı və faktiki yaşayış ünvanı başqa mənzillərdir. Belə hesab edir ki, cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz olaraq verilmiş, bu səbəbdən də həmin şəhadətnamə etibarsız hesab olunmalı və onun əsasında verilmiş çıxarış da ləğv edilməlidir. Göstərilənlərə əsasən miras kütləsinə daxil olan və mərhum anası X3 miras qalan ünvan 2-yə dair cavabdeh İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-60/2024 nömrəli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı "yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbi"nə dair ilk iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin ilk iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın ilk iddia üzrə İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, X3 miras qalan əmlak ünvan 2-yə dair İddiaçı adına verilmiş 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-1880 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-1880 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında ünvan 2-ə dair (İddiaçı adına olan) verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-60/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ İlk iddia üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı isə xx.xx.2023-cü il tarixdə qəbul edilib. Məhkəmə qərarı isə xx.xx.2024-cü il tarixdə çıxarılıb. Belə olan halda qarşılıqlı iddia tələbinin təmin olunması tamamilə əsassıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. İlk iddia üzrə iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı ev paylı mülkiyyət hüququ ilə ona və Cavabdeh məxsusdur. Cavabdeh onun əmisidir. Mənzilin ½ hissəsi də əmisinə, ½ hissəsi isə ona məxsusdur. Hazırda o, mənzilə köçüb orada yaşamaq istəyir. Lakin cavabdeh onun həmin mənzildə yaşamasına maneçilik yaradır. Ona görə də o, iddia ilə məhkəmə müraciət etmişdir. Hesab edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı evin naturada bölünməsi zamanı sahəsi 32 m² otağın iddiaçının, sahəsi 24 m² olan otağın cavabdehin, sahəsi 32 m² olan otağın qarşısında olan sahəsi 8.4 m² olan dəhlizin də iddiaçının, sahəsi 24 m² olan sahəsi olan otağın qarşısında olan sahəsi 16.4 m² olan dəhlizin isə cavabdehin istifadəsinə verilməsi və iddiaçının ona aid olan hissəyə köçürülməsi barədə qətnamə çıxarılmalıdır. Bundan əlavə qarşılıqlı iddia ərizəsində iddiaçı Mülki Məcəllənin 1159, 1321, 1243, 1252 və 337-ci maddəsinə əsaslanmışdır. Yəni müddətlə bağlı iddiaçının tələbi olmamışdır. Belə olan halda məhkəmənin müddət tətbiq etməsi də, ilkin iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək onu qarşılıqlı iddia ərizəsi ilə eyni qaydada əsaslandırmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin və etirazın dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməklə ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ № 837305 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2016-cı il tarixdə ağciyər ödəmi xəstəliyindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 88,10 m² olan ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018ci il tarixdə ********** nömrə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 254682 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə essensial hipertenziya xəstəliyindən ölmüşdür. İş materiallarında olan Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı **********183 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə onun ünvan 2 ünvanında qeydiyyatda olmuş anası X15 ölmüşdür. Ondan irs qalmış mirası qəbul edir. Ondan başqa vərəsələr yoxdur. İş materiallarında olan İddiaçı Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı **********946 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə onun ünvan 2 ünvanında qeydiyyatda olmuş nənəsi X11 ölmüşdür. Ondan irs qalmış mirası qəbul edir. Ondan başqa vərəsə vardır. Miras qoyanın oğlu Cavabdehdur. İş materiallarında olan İddiaçı 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı **********572 saylı, xx.xx.2022- ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X7 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88,1 m²olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanladığı **********701 saylı, xx.xx.2022- ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2022-ci ildə vəfat etmiş X12 miras qalmış əmlakın açıq qalmış ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş- X4 vərəsələri: xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu X9 vərəsəsi qızı İddiaçı və o miras əmlakdan ½ hissədə pay almaldır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X8 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88,1 m² olan fərdi yaşayış evindən, ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X7 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0709 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********HN32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********HN32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ipoteka edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Mirasın ½ hissəsi açıq saxlanılmışdır. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş- X4 vərəsələri: Cavabdeh və o miras əmlakdan ½ hissədə pay almaldır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X8 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88,1 m²olan fərdi yaşayış evindən və 0,0709 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********HN32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0709 ha olan torpaq sahəsi ipoteka edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Miras əmlakın ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, ünvan 2 paylı mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2022-ci il tarixdə ½ hissədə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/7575 nömrəli ekspertiza rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin ½ hissədə natura bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X13 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Ekspert tətqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən müəyyən olunmuşdur ki, X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X3 miras qalan əmlak ünvan 2-dir. Onun vərəsələri: xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu X9 vərəsəsi qızı İddiaçı və Cavabdehdur. Hazırda ilkin iddia üzrə iddiaçının tələbi sözügedən əmlakın naturada bölünməsi və həmin bölünmüş hissəyə köçürülməsi, qarşılıqlı iddia üzrə iddiaçının tələbi isə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məkəməsi ilk iddia tələbinə münasibətdə Mülki Məcəllənin 1243 və 1246-cı maddələrinə istinad edərək təmin etməməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir . Yuxarıda qeyd edilən Mülki Məcəllənin 1246-cı maddəsi əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Qeyd edilən Qərarın mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və həmin dövrdə məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulsa da, birinci instansiya məhkəməsi bunu nəzərə almadan həmin Qərara istinad etməmiş, bununla da iddia tələbini təmin etməmişdir. Belə ki, işin hallarına əsasən müəyyən edilir ki, ilk iddia üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə iş üzrə xx.xx.2024-cü il tarixdə qətnamə qəbul etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edildiyi zaman hazırki mülki iş birinci instansiya məhkəməsinin icraatında olmuş, lakin məhkəmə bunun nəzərə almadan qüvvədən düşmüş hesab edilmiş 1246-cı maddəni tətbiq etmiş, bununla da düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk iddia tələbinə münasibətdə qeyd edir ki, X3 miras qalan hazırda mübahisə predmeti olan əmlak ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidir.İşin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, X4 iki vərəsəsi- iddiaçı və cavabdeh vardır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edildiyindən mirasın qəbulu üçün müddət tətbiq edilmir. Belə olduğu halda iddiaçı mirası qəbul etmə barədə notariat orqanlarına müraciət etməsə də faktiki olaraq mülki qanunvericiliyə əsasən vərəsəlik qaydasında miras əmlakına münasibətdə onu mülkiyyətinə keçməklə cavabdehə müasibətdə də bərabər payı müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı miras qoyan X4 vərəsəsi olduğundan ona münasibətdə də miras əmlakından pay bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş materiallarında olan ekspert rəyinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evinin ½ hissədə natura bölünməsinin texniki cəhətdən mümkün olduğu (otaqlar 32 m² və 24 m² olmaqla, dəhlizi 8.4 m² və 16.4 m² olmaqla) müəyyən olunduğundan həmin rəyə əsasən fərdi yaşayış evi bərabər bölünməli, İddiaçı sahəsi 32 m² olan otaq və dəhlizin 8.4 m² hissəsi, Cavabdeh sahəsi 24 m² olan otaq və dəhlizin 16.4 m² hissəsi verilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil2 ekspert rəyinə uyğun dəhliz üzrə aparılacaq təmir-tikinti xərclərinin iddiaçının hesabına aparılmasına etiraz etməyərək razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Qarşılıqlı iddia və apellyasiya şikayətinə etiraza münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia ərizəsi İddiaçı atası X9 X3 əvvəl vəfat etdiyindən onun vərəsəsi olmaması ilə əsaslandırılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1159.1-ci maddəsi ilə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayıla şəxslərin dairəsi müəyyənləşdirilmiş, birinci növbədə vərəsələrin dairəsinə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxil edilmişdir. Həmin Məcəllənin 1159.1.3-cü maddəsində isə qeyd edilmişdir ki, sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi yuxarıda qeyd edilmiş 1159.1.3-cü maddəyə əsasən X4 mirası açıldığı zaman onun vərəsələri olacaq şəxslər X16 və Cavabdeh olsa da, X2 olmadığından onun övladı İddiaçı atasına çatası paydan miras almaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməklə ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X6, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-60/2024 nömrəli qətnaməsi ləğv edilsin. İlk iddia təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı ev ekspertin tərtib etdiyi bölgü variantına uyğun aşağıdakı qaydada naturada bölünsün: həmin evin sahəsi 32 m² olan otağı, həmin otağın qarşısındakı dəhlizin sahəsi 8.4 m² olan hissəsi İddiaçı, həmin evin sahəsi 24 m² olan otağı, həmin otağın qarşısındakı dəhlizin sahəsi 16.4 m² hissəsi isə Cavabdeh istifadəsinə verilsin və İddiaçı ona aid hissəyə köçürülsün. Evin naturada bölgüsü zamanı dəhliz üzrə aparılacaq tikinti-təmir xərcləri iddiaçının hesabına həyata keçirilsin. Qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X6, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1471/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1471/2024
05.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver