Məhkəmə qərarları › İş №2(105)-1472/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1472/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1472/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Rafiq oğlu və İddiaçı2 Cavabdehnə qarşı ilk, iddiaçı Cavabdehlər İddiaçı1 Rafiq oğlu və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməsi, borcun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X14 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı2, cavabdeh “İdrak Liseyi”nin nümayəndəsi X5 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3165/2022 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi” tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı1 və X6 birgə nikahlarından doğulmuş Mehrin və Fəxri adlı uşaqları 2018- 2021-ci illərdə və Cavid isə 2021-ci ildə “İdrak Liseyi”ndə ödənişli əsaslarla təhsil alması barədə müqavilələr bağlanmışdır.

2. Mehrin və Fəxri Fərəclilər “İdrak Liseyi” ilə ataları İddiaçı1 arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, Cavid Fərəcli isə lisey və İddiaçı2 arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsi” barədə müqavilələr əsasında liseyə qəbul olunmuşlar. Müqavilə şərtlərinə görə, lisey yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, digər tərəf isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı hər tədris ili üçün Mehrin və Fəxriyə münasibətdə 8.000 manat, Cavidə münasibətdə isə 7.500 manat müəyyən edilmişdir.

3. Göstərilən müqavilələrə 21 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir.

4. Tərəflər arasında 2021-2022 tədris ili üçün ödənilmiş 8.000 manat məbləğin geri qaytarılması ilə bağlı mübahisə yaranmış, uşaqların anası X10 həmin məzmunlu tələblə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsi ilə X10 müqavilə tərəfi olmadığı üçün subyektiv hüququnun yaranmaması əsası ilə iddia rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 Rafiq oğlu və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nə (bundan sonra – cavabdeh yaxud qarşılıqlı iddia üzrə iddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş təhsil haqqı 8000 manat, mənəvi zərər 2000 manat olmaqla cəmi 10000 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat pulun alınıb iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 sentyabr 2021-ci il tarixdə, 2021- 2022 tədris ili üçün X3 təhsil haqqı olaraq 5000 manat, 12 oktyabr 2021-ci il tarixdə 3000 manat olmaqla, cəmi 8000 manat ödəniş edilmişdir. Ödəniş etdikdən iki həftə sonra Mehrin Fərəclinin valideyinləri uşaqlarının təhsilini başqa təhsil müəsissəsində davam etdirəcəklərini lisey rəhbərliyinə bildirmiş və ödəniş etdikləri təhsil haqqının qaytarılmasını istəmişlər. Lakin bu günə kimi ödənilmiş məbləğin qaytarılması təmin olunmamışdır. Həmçinin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətində problemlər yarandığından o, ağır günlər keçirmiş və bununla əlaqədar ona mənəvi zərər dəymişdir.

7. “İdrak Liseyi” qarşılıqlı iddia qaldıraraq, İddiaçı1 Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331,6 manat və dəbbə pulu kimi 6425,3 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331,6 manat və dəbbə pulu kimi 6425,3 manat, X1 Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 1040 manat və dəbbə pulu kimi 4160 manat məbləğində pulun cavabdehin xeyrinə tutulması və qarşılıqlı iddianın verilməsi üçün 171 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçılardan müştərək qaydada tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında digər İddiaçı2 cavabdehdən tutulacaq məbləğin yalnız İddiaçı1 ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3165/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) ilk iddia qismən təmin edilmiş, cavabdehdən ödənilmiş təhsil haqqı kimi 6891 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi mənəvi zərər hissəsində və qarşılıqlı iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının uşaqları 2021-2022-ci tədris ilində cəmi 20 gün liseydə oxumuşlar. Bu halı cavabdeh tərəf özü də etiraf etmişdir. Bundan sonra X2 liseyin direktoruna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən göründüyü kimi, təhsil haqqı üçün ödənilmiş məbləğin qaytarılması xahiş edilmişdir. İddiaçı tərəf müqavilənin 6.2-ci bəndinə əsasən liseyi qabaqcadan yazılı şəkildə xəbərdar etməklə müqaviləyə xitam verilməsini xahiş etmişdir. Belə olan halda, cavabdeh tərəfindən üç uşağın təhsil almaları üçün lisey öz öhdəliklərini yerinə yetirdiyi üçün iddia qismən təmin olunmalı və 1109 manat məbləğ nəzərə alınaraq, 6891 manat məbləğində pul cavabdehdən İddiaçı1 xeyrinə ödənilməlidir.

11. Həmçinin, birinci instansiya məhkəməsi ilk iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar iddia tələbi əsassızdır.

12. Bundan başqa, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı qənaətini onunla əsaslandırılmışdır ki, iddiaçının 2020-2021-ci il tədris ili üçün borcu olması barədə cavabdeh tərəfindən gətirilən dəlillərin heç bir əsası yoxdur. İddiaçının borcu olması barədə cavabdeh tərəfindən hər hansı bir rəsmi məlumat verilməsi barədə sənəd məhkəməyə təqdim olunmamışdır. Müqavilənin 3.2.6-cı bəndinə əsasən təhsil xidmətlərinin haqqı “Valideyn” tərəfindən ödənilməsi 1 ay müddətində gecikdirildikdə “Lisey” xidmət haqqı tam ödənilənədək öz öhdəliklərinin icrasını (şagirdin dərsə buraxılmasını) dayandıra və ya öz mülahizəsinə əsasən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Lakin, cavabdeh borc barədə bir il ərzində iddiaçı tərəfə məlumat verməmiş və bundan əlavə, 2021-2022-ci il üçün təhsil haqqını qəbul etmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 389.3, 390.1, 442.1, 448.1, 462.1, 462.3, -ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 124.2, 217, 220.5-ci maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(105)-167/2023 saylı qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən), Ş.Abasov və İ.Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 X8 göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4331 manat, dəbbə pulu 200 manat, X7 göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4331 manat, dəbbə pulu 200 manat, X1 X9 göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 1040 manat, dəbbə pulu borcu 100 manat pulun qarşılıqlı iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış 09 iyul 2018-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu baxımdan iddiaçı Mehrin Fərəcliyə təhsil xidmətlərinin göstərilməsinə dair 09 iyul 2018-ci il tarixli müqavilə üzrə 2021-2022-ci tədris ili üçün 8.000 manat pul vəsaitini cavabdehə ödəmiş olsa da, həmin müqaviləyə xitam verilənədək cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirildiyi nəzərə alınmaqla həmin məbləğdən, yəni (8000-1109=6891) manat məbləğində pulun cavabdehdən müqavilə tərəfi olan İddiaçı1 xeyrinə tutulması barədə birinci instansiya məhkəəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

17. Bundan başqa, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, İddiaçı1 mövcud olmuş müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və liseyə borclu olması işin araşdırılmış halları ilə öz təsdiqini tapdığından, qanunvericiliyin və eləcə də tərəflər arasında bağlanmış müqavilələrin tələbi baxımından tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi tərəfləri həmin müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir.

18. Belə ki, tərəflərin razılığa gəldiyi müqavilənin həmin şərtinə əsasən cavabdeh öz öhdəliyinin icrasını (şagirdin dərsə buraxılmamasını) dayandıra və ya bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilərdi. Lakin bu hal da cavabdehin vəzifəsi yox, hüququ kimi müqavilədə nəzərdə tutulmuşdur. Qeyd olunan hal heç də qarşılıqlı iddia üzrə cavabdehləri xidmət haqqı üzrə yaranmış borcu ödəməkdən, qarşılıqlı iddiaçını isə ödənilməmiş borcu tələb etmək hüququndan azad etmir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 389.1, 399.1, 399.4, 405.1, 462.1, 467-ci, Mülki Prosesual Məcəllənin 372.1, 372.7, 384.0.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı1 Rafiq oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(102)-1869/2023 saylı qərarına əsasən (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-167/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

22. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tələb edilən dəbbə pulunun müqavilə üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətini ağırlaşdırmasını, məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə almaqla, Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4331 manat, dəbbə pulu 200 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4331 manat, dəbbə pulu 200 manat, Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 1040 manat, dəbbə pulu borcu 100 manat Cavabdeh xeyrinə tutulmasını qət etmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məıhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbləri pozulmaqla qəbul edilmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, təkrar vurğulanır ki, lisey tərəfindən 2020-2021-ci tədris ilində təhsil haqları üçün 30 faiz güzəşt tətbiq edilmişdir ki, sadə riyazi hesablama yolu ilə həmin məbləğin 2400 manat təşkil etməsi müəyyən edilir. Halbuki, lisey həmin məbləği 1778 manat kimi göstərmişdir.

24. Digər tərəfdən, iddiaçılar liseylə müqavilədən kənar əlavə güzəştlər edildiyini bildirmiş, lisey tərəfindən də apellyasiya məhkəməsinə təqdim edilmiş ödəniş qrafiklərində Fəxri və Mehrin üçün illik təhsil haqqı məbləği 7600 manat göstərilmişdir.

25. Apellyasiya məhkəməsi həmin xüsusatlara ümumiyyətlə diqqət yetirməmiş, iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız lisey tərəfindən irəli sürülən dəlillərə istinad etməklə, tələb edilən borc məbləğini əks etdirən arayış iş üzrə digər obyektiv sübutlarla təsdiq edilmədiyi halda mötəbər sübut kimi qiymətləndirməklə, qarşılıqlı iddianın sübuta yetirilməsi barədə yanlış nəticəyə gəlmişdir.

26. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

27. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddiaçının liseyə ödədiyi 8000 manatın geri qaytarılması barədə iddiasını qismən təmin edərək, uşaqların cavabdeh tərəfindən üç uşağın təhsil almaları üçün liseyin öz öhdəliklərini yerinə yetirdiyi dövr, yəni 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün 1109 manat məbləğin nəzərə alınmaqla, 6891 manat məbləğində pulun liseydən İddiaçı1 xeyrinə tutulmasını qət etmişdir.

28. Apellyasiya məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığı halda, 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün təhsil haqqı (1109 manat+1109 manat+1040 manat) tələbi hissəsində də təmin etmişdir ki, nəticə etibarilə iddiaçının üzərinə eyni xidmətə görə iki dəfə ödəniş icra etmək öhdəliyi qoyulmuşdur.

29. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməmiş, ziddiyyətli məqamların aradan qaldırılmamış, əksinə işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar daxil edilmişdir.

30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçıdan dəbbə pulunun tutulması hissəsində də apellyasiya məhkəməsinin nəticəsi qanuni və əsaslı hesab edilə bilməz.

31. Uşaqlar 2021-2022-ci tədris ilində yalnız 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üzrə liseydə təhsil almışlar ki, həmin tədris ili üçün əvvəlcədən 8.000 manat məbləğində ödənişin icra edilməsi işin mübahisəsiz halı olmaqla bərabər, hazırki məhkəmə mübahisəsinin əsasını məhz həmin məbləğin qaytarılması təşkil edir. Belə olan halda, liseyin 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün ödənişin gecikdirildiyini göstərməklə dəbbə pulu tələb etməsinin ümumiyyətlə qanuni əsası yoxdur. Çünki, nəinki həmin dövr üçün, bütün tədris ili üzrə tam təhsil haqqının iddiaçı tərəfindən ödənilməsi sübuta yetirilir, digər tərəfdən isə müqaviləyə xitam verildikdən sonra qalan pulun geri qaytarılmasından imtina edən liseyin öz hərəkətləri özgəsinin pul vəsaitini qanunsuz saxlama kimi qiymətləndirilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

32. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş müqavilələrdən görünür ki, Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hər üç şagirdə pandemiya dövründə belə keyfiyyətli təhsil xidmətləri göstərmişdir. Lakin, birinci instansiya məhkəməsi öz qətnaməsində Cavabdeh öhdəliklərinə toxunsa da, ilkin iddia üzrə iddiaçıların müqavilə üzrə yaranmış öhdəliklərini nəzərə almayaraq qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2018-ci il tarixli müqavilələr üzrə İddiaçı1 Cavabdehnə ötən təhsil illəri üzrə yaranmış borcunu əsassız olaraq rədd etmişdir. Məhkəmə ilkin olaraq yaranmış borcla bağlı sübut olmadığını qeyd etmiş, lakin, daha sonra isə təhsil haqqı borcu ilə bağlı Lisey tərəfindən qarşı tərəfə xəbərdarlığın olunmadığını qeyd etmişdir. Bundan başqa, məhkəmə İddiaçı1 istinad etdiyi halın sübut etmə yükünü “ İdrak” Liseyinin üzərinə qoymuşdur. Qeyd olunmalıdır ki, iddiaçı tərəf məhkəmə işinin gedişində yalnız, 2021-2022-ci təhsil illəri üzrə ödənilmiş təhsil haqqını təsdiq edən qəbzi məhkəməyə təqdim etmişdir, ötən təhsil illərinin ödənişi olunmadığından qeyd olunan illər üzrə ödənişi təsdiq edən heç bir sənəd iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Cavabdehin lisey qarşısında öhdəliyini sübut edən müqavilələrdir ki, o da tərəfindən məhkəməyə təqdim edilmiş və həmin müqavilə üzrə öhdəliklər hər hansı bir mübahisə yaratmamışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində bütün faktiki halları aydınlaşdırmadan qarşılıqlı iddia ərizəsinə dərindən yanaşmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktları yəni ilkin iddia üzrə Cavabdeh Liseydən tələb olunan borcunu aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh ilkin iddia üzrə iddiaçıya borclu olmasını müəyyən etsə də, lakin həmin hala dair işdə olan sübutlardan görünür ki, əksinə ilkin iddia üzrə iddiaçının liseyi borcu vardır. Bunu, iş üzrə təqdim edilmiş sübutlar da təsdiq edir. Birinci instansiya məhkəməsi öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, Lisey tərəfindən iddiaçıya yaranmış borcla bağlı xəbədarlıq olunmalı və borc ödənilmədiyi halda şagirdin Liseydə təhsilini dayandırmalı olduğu müqavilə üzrə Liseyin öhdəliyidir. Lakin, iddiaçı ilə aralarında bağlanmış müqavilənin 3.2.6-cı maddəsinə əsasən təhsil xidmətlərinin haqqı “Valideyn” tərəfindən ödənilməsi 1 ay müddətində gecikdirildikdə Lisey xidmət haqqı tam ödənilənədək öz öhdəliklərinin icrasını (şagirdin dərsə buraxılmasını) dayandıra və ya öz mülahizəsinə əsasən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Qeyd olunan maddədən aydındır ki, təhsil haqqının valideyn tərəfindən ödənilməməsi halında müqaviləyə xitam verilməsi və ya şagirdin təhsil xidmətlərinin göstərilməsinin dayandırılması Liseyin öhdəliyi yox, hüququdur və Liseyin öz mülahizəsi əsasında qərar qəbul edə bilər. Pandemiya dövrünü nəzərə alaraq Cavabdeh bu hüququndan istifadə etməmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, yaranmış borcla bağlı iddiaçılara heç bir xəbərdarlıq olunmamışdır. Lakin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası qanunvericiliyində borcla bağlı xəbərdarlıq olunması ilə bağlı heç bir tələb yoxdur. Yalnız, iddiaçı qismində tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəkdirsə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd təqdim etməlidir. Lakin hazırki iş üzrə Mülki Prosessual məcəllədə belə bir tələb yoxdur.

33. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsini ilkin iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında cavabdeh “İdrak Liseyi”nin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

36. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

37. İş üzrə digər İddiaçı1 Rafiq oğlu məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.

38. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

39. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə İddiaçı1 Rafiq oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

42. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

43. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

44. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

45. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

46. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

52. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

53. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsini ilkin iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

57. Kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən qarşılıqlı iddiaya aid hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməlidir.

59. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

60. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

62. İşin halları ondan ibarətdir ki, İddiaçı1 ilə “İdrak Liseyi” arasında bağlanmış 09 iyul 2018-ci il tarixli müqavilələrə əsasən üzrə Mehrin Fərəcli və Fəxri Fərəcli qeyd edilən təhsil müəssəsində 2020-2021-ci tədris ili, 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün təhsil almışdırlar. Hər bir uşağa görə 8000 manat məbləğində təhsil haqqı müəyyən olunmuşdur.

63. Digər iddiaçı X4 ilə “İdrak Liseyi” arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən, Cavid Fərəcli qeyd edilən təhsil müəssəsində 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövrdə təhsil almışdır. Müqavilə şərtlərinə görə Cavid Fərəclinin təhsil haqqısı 7500 manat məbləğində müəyyən olunmuşdur.

64. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 2020-2021-ci tədris ili üçün Mehrin Fərəcli və Fəxri Fərəclinin təhsil haqqlarından hər birinə münasibətdə 3000 manat məbləğində pul vəsaiti “İdrak Liseyi”nə ödənilmişdir. Qeyd edilməlidir ki, lisey tərəfindən 2020-2021-ci tədris ilində təhsil haqları üçün 30 faiz (2400manat) güzəşt tətbiq edilmişdir.

65. Bununla kollegiya belə nəticəyə gəlir ki, Mehrin və Fəxri Fərəcliyə görə 2021- 2022-ci tədris ili üçün hər uşağa görə 2600 manat (8000-2400-3000=2600), cəmi 5200 manat məbləğində ödənilməmiş təhsil haqları qalmışdır.

66. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddiaçının liseyə ödədiyi 8000 manatın geri qaytarılması barədə iddiasını qismən təmin edərək, uşaqların cavabdeh tərəfindən üç uşağın təhsil almaları üçün liseyin öz öhdəliklərini yerinə yetirdiyi dövr, yəni 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün 1109 manat məbləğin nəzərə alınmaqla, 6891 manat məbləğində pulun liseydən İddiaçı1 xeyrinə tutulmasını qət etmişdir.

67. Kollegiya hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qaldığı halda, Mehrin Fərəcliyə münasibətdə 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün 1109 manat məbləğində təhsil haqqı təkrarən tutula bilməz. Odur ki, qarşılıqlı iddia 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün, yalnız Fəxri Fərəcliyə görə 1109 manat, Cavid Fərəcliyə görə 1040 manat tutulmalıdır.

68. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıdan dəbbə pulunun tutulması hissəsində də qarşılıqlı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Çünki, müqaviləyə xitam verildikdən sonra qalan pulun geri qaytarılmasından imtina edən lisey öz hərəkətləri ilə özgəsinin pul vəsaitini qanunsuz saxlamışdır.

69. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3165/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı1 6309 manat, iddiaçı X1 1040 manat məbləğində pul vəsaiti və 93,49 manat dövlət rüsumunun əvəzi iddiaçılardan müştərək qaydada alınaraq “İdrak Liseyi”nə ödənilməlidir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3165/2022 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddia hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq, qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı1 6309 (altı min üç yüz doqquz) manat, X1 1040 (bir min qırx) manat məbləğində pul vəsaiti alınaraq “İdrak Liseyi”nin xeyrinə ödənilsin. 93,49 (doxsan üç manat qırx doqquz qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçılar İddiaçı1 və X1 müştərək qaydada alınaraq “İdrak Liseyi”nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar