Məhkəmə qərarları › İş №2(105)-1474/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1474/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1474/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 oğlu, X3 və X8 qızına qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X14 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər X1, Pirmuradova (Hidayətli) Rabiyə Xanbala qızının və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Hidayətli (Pirmuradova) Rabiyə Xanbala qızına qarşı istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-1551/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X10, X5 və X11 ilə Cavabdeh3 Vahəddin oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Abasovlar ailəsi JN 2287 nömrəli şəhadətnaməyə əsasən onlara məxsus olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 4 sot torpaq sahəsini Cavabdeh3 Vahəddin oğluna satmışdır.

2. Cavabdeh3 ilə İddiaçı arasında 26 dekabr 2014-cü il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan 30 oktyabr 2015-ci il tarixdə X13 doğulmuşdur.

3. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1421/2020 nömrəli iş üzrə 16 noyabr 2020ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər ilə birgə yaşadığı Xaçmaz rayonu Armudpadar kəndində yerləşən evdən istifadə hüququnu müəyyən etməklə onun və azyaşlı övladının 18 yaşı tamam olanadək həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə, Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Nikaha daxil olduğu gündən Cavabdeh3 ilə birgə təsərrüfatı olan Armudpadar kəndinə gəlin köçmüş və cehiz əmlakları həmin evdə qalmışdır. Özü də mübahisəli evə qeydiyyata düşmüşdür. Birgə nikah dövründə 1 övladı anadan olmuşdur. Cavabdehlər uşağı ilə birlikdə onu evdən çıxarmış və o, dəfələrlə evə qayıtmaq istəsə də, onu evə buraxmamışlar. Valideynlərinə məxsus ev darısqal olduğundan orada yaşaya bilməmişdir. Ona görə də kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Mübahisə predmeti olan ev Cavabdeh3 məxsus torpaq sahəsində tikilmiş və evin əsas hissəsi 2014-cü ildə tikilib başa çatmışdır. Özü isə o evə 2014-cü ildə gəlin köçmüşdür.

6. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1551/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia təmin olunmamışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2089/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və İ.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Hər şeydən əvvəl işdən görünür ki, tərəflər arasında hazırkı mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri 26 dekabr 2014-cü il tarixdə (tərəflər arasında rəsmi nikahın bağlandığı və mübahisəli fərdi yaşayış evinə iddiaçının gəlin köçməsi tarixi) yaranmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisə həll edilərkən xx.xx.2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

10. İşin tədqiq olunan faktiki hallarından, işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, hazırkı mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla, Cavabdeh3 məxsus torpaq sahəsində onun valideynləri tərəfindən inşa edilmiş və ona məxsus olmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlə ailə qurarkən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və orada yaşamışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçının həmin evə gəlin köçməsindən əvvəl mövcud olmuş və yaşayış üçün yararlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçmək istədiyi, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən Cavabdeh3 məxsus olan 4 sot torpaq sahəsində tikilmiş mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da Cavabdeh3 istifadəsində və sahibliyindədir. Başqa sözlə, sözügedən fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz ona məxsusdur.

11. İddiaçı köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin cavabdehlə birgə nikahda olduqları müddətdə tikilməsinə, habelə yaşayış evinin inşa edilməsində onun hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçının köçürülməsini tələb etdiyi evin tikintisində onun maddi, yaxud digər formada heç bir rolu olmadığından, həmin evlə bağlı iddiaçının hər hansı iqtisadi marağından söhbət belə gedə bilməz.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 159 maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə onun ailə üzvü statusunun olmadığını qeyd etsə də, azyaşlı övladının onun himayəsində olduğunu nəzərə almamış, iddianı düzgün qiymətləndirməmiş, yalnış nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli ev 2014-cü ildə tikilib yaşayışa tam yararlı vəziyyətdə olmamış, birgə təsərrüfat apardıqları dövrdə təmir edilmişdir. Məhkəmədə də izahat verəndə qeyd etmişdir ki, həmin evdə 6 il müddətində yaşamış, evin sənədi olmadığından hər hansı bir notarial müqavilə bağlaya bilməmişdir. Mübahisəli ev qanunsuz tikilidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1666/2023 nömrəli 08 may 2023-cü il tarixli qərarı ilə (hakimlər Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2089/2022 nömrəli iş üzrə 6 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi, İddiaçı kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın 21-ci bəndində istinad olunan qərarlarında verilən şərhləri rəhbər tutaraq hesab edir ki, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən, hazırkı mübahisəyə tətbiq edilə bilməz. Mübahisəli mənzil 2009-cu il oktyabrın 1-dən sonra inşa edildiyindən, ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvü olan iddiaçının həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

17. Həmçinin, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinə dair əmlak hüquqlarının sahibi ilə birlikdə yaşamaq və bu hüquq sahibindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və onunla birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinə dair əmlak hüquqlarının sahibi ilə birlikdə yaşamaq və bu hüquq sahibindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

18. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Lakin adıçəkilən normanın birbaşa tələbi bundan ibarətdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

19. Bu mənada, ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququnu itirən iddiaçı artıq Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyil və bu səbəbdən onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında iddiaçının yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də itirilmiş olmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi qətnaməsindən görünür ki, həmin məhkəmə bu qərarın 28-32-ci bəndlərində göstərilən xüsusatları araşdırmamış, Konstitusiya Məhkəməsinin Palatasının xx.xx.2015-ci il tarixli qərardadında şərh olunan hüquqi mövqeləri nəzərə almamış, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranmış mübahisələrə baxılarkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, hər bir halda mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməli olduğunu diqqətdən qaçırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X4, Pirmuradova (Hidayətli) Rabiyə Xanbala qızı və Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Maddə 43. Mənzil hüququ I.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (...)

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ

228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. (...) 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri

30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (...) 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1666/2023 nömrəli 08 may 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2089/2022 nömrəli iş üzrə 6 dekabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edildiyindən, həmin qərarda qeyd olunan mövqeyə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-1551/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı azyaşlı övladı 30 oktyabr 2015-ci il təvəllüdlü X13 ilə birlikdə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Hidayətli (Pirmuradova) Rabiyə Xanbala qızının istifadəsində olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququ 2 (iki) il müddətinə saxlanılmaqla köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. İşin mübahisəsiz hallarından aydın olur ki, mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla Cavabdeh3 məxsus torpaq sahəsində yaşayış sahəsi kimi inşa edilmişdir. İddiaçı Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə ailə qurarkən həmin evə gəlin köçmüş və orada yaşamışdır. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X13 doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1421/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur.

30. İddiaçı tərəf məhkəməyə həmin evin cavabdehlə birgə nikahda olduqları müddətdə tikilməsinə, habelə yaşayış evinin inşa edilməsində onun hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri 2014-cü il tarixdə yarandığından hazırkı mübahisəyə 2009cu il oktyabrın 1-dən sonra qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

32. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

33. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Lakin adıçəkilən normanın birbaşa tələbi bundan ibarətdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

34. Bu mənada, ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququnu itirən iddiaçı artıq Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyil və bu səbəbdən onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də itirilmiş olmuşdur.

35. İşin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı mübahisəli torpaq və yaşayış sahəsinin sahibi Cavabdeh3 ailə üzvü olmuş, onunla birlikdə həmin evdə 2014-cü ildən yaşamış və ailə qanunvericiliyinə əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxsdir. İddiaçının yanında qalan xx.xx.2015-ci il təvəllüdlü X13 isə onların ümümi uşaqlarıdır. İddiaçı başqa yaşayış sahəsinə malik deyildir, maddi vəziyyətinin və diqqətə layiq digər halların onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməsi isə iş materialları ilə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilməmişdir. İddiaçının köçmək istədiyi Xaçmaz rayonu Armudpadar kəndində yerləşən Cavabdeh3 məxsus olan torpaq sahəsində tikilmiş mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da Cavabdeh3 istifadəsində və sahibliyindədir. Başqa sözlə, sözügedən fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz ona məxsusdur.

36. Sadalanan xüsusatlara və qeyd olunan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 keçmiş ailə üzvü olan İddiaçı yetkinlik yaşına çatmayan övladı xx.xx.2015-ci il təvəllüdlü X13 ilə birlikdə mübahisəli Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən evə istifadə hüququ müəyyən müddətə saxlanılmaqla köçürülməlidir.

37. Məhkəmə kollegiyası mübahisə tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə həmin müddətin 2 il həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddianı rədd edən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir.

39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-1551/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilsərək iddia qismən təmin edilməli, İddiaçı azyaşlı övladı 30 oktyabr 2015-ci il təvəllüdlü X13 ilə birlikdə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Hidayətli (Pirmuradova) Rabiyə Xanbala qızının istifadəsində olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququ 2 (iki) il müddətinə saxlanılmaqla köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-1551/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladı 30 oktyabr 2015-ci il təvəllüdlü X13 ilə birlikdə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Hidayətli (Pirmuradova) Rabiyə Xanbala qızının istifadəsində olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququ 2 (iki) il müddətinə saxlanılmaqla köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar