Məhkəmə qərarları › İş №2(105)-1474/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1474/2024

19.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1474/2024 19.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(012)- 1518/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh3 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və qayınatası X3 və ərinin yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə gəlin köçmüşdür. Onun bu nikahdan iki azyaşlı övladı vardır. Həmin həyət evinin yerləşdiyi boş torpaq sahəsini həyat yoldaşı olan Cavabdeh3 əmisi X8 dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsinin Cavabdeh3 adına olmasına dair vergi ödəyicisi kimi Hökməli Bələdiyyəsinə ödənişlər edilmişdir. Bu torpaq sahəsində Cavabdeh3 öz vəsaiti hesabına fərdi ev tikərək orada mərhum qayınatası ilə birgə yaşamışdırlar. Bu illər ərzində Cavabdeh3 sahibliyində və istifadəsində olan fərdi evdə onun uşaqları ilə birgə yaşamalarını təsdiq edən şahidlər vardır. Mübahisəli evin tikilməsində qayınatası X3 usta kimi çalışmış, evin tikilməsində kömək etmiş və X3 öldükdən sonra onun qaynı olan Cavabdeh1 arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı ilə onun yaşadığı evə gələrək mərhum qayınatasının dəfn mərasimini yola vermək adı ilə orada müvəqqəti yaşamağa başlamışdırlar. Bir müddət keçdikdən sonra Cavabdeh1 və onun arvadı digər cavabdeh Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı evi tərk etmək istəməmiş, həmin evdə atasının yaşamasını bəhanə edərək bu evin onlara vəsiyyət olunmasını bildirmiş, orada yaşamağa davam etmişdirlər. Bundan sonra ev üstündə mübahisə yaranmış, cavabdehlər onu və həyat yoldaşını evdən qovmağa çalışmışlar. Həmin fərdi evin bütün qaz və işıq sərfıyyatı onun həyat yoldaşının adına müqavilə bağlamaqla rəsmiləşdirilmiş, qaz, işıq borcları ödənilmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh3 həmin evdə atası ilə uzun müddət yaşaması, digər cavabdehlərin isə oraya gəlib atasının dəfnindən sonra məskunlaşaraq orada yaşaması öz təsdiqini tapmış və atasının vəfatından sonra bu evə köçərək yaşamalarını özləri etiraf etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-639/2022 saylı qətnaməsi ilə Cavabdeh3 cavabdehlərə qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə köçürülməsi tələbinə dair iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Cavabdehlərin ona və onun həyat yoldaşı Cavabdeh3 qarşı mübahisəli evə köçüb orada yaşamalarına yaratdıqları süni maneələr nəticəsində o, ailəsi ilə birgə kirayədə qalmaq məcburiyyətindədir. Bu evdən başqa onun yaşamağa yeri yoxdur və cavabdehlərin ona qarşı etdikləri qeyri-qanuni hərəkətlərlə iddiaçının uşaqlarının mənzil hüququnu aşkar şəkildə pozurlar. Başqa yolla mənzil hüququnu bərpa etmək mümkün olmadığına görə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, sözügedən torpaq sahəsi etibarnamə ilə Cavabdeh3 məxsusdur, lakin Cavabdeh3 torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı rəsmi sənəd yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 639/2022 saylı qətnaməsi ilə Cavabdeh3 sözügedən evə köçürülməsi qət edilsə də cavabdeh hazırda həmin evdə yaşamır. Hazırda o, Cavabdeh3 bir otaqlı mənzildə yaşayır. Onun fikrincə ər və arvadın bir yerdə qalması daha münasibdir. İndi qaldıqları ev özlərinin deyil, Cavabdeh3 bibisinə məxsusdur. Cavabdeh3 evə tək köçürülməsini istəmir. Onun köçmək istədiyi ev 4 otaqlı fərdi yaşayış evidir. Onunla Cavabdeh3 2020-ci ildən, yəni dayısı X3 vəfat etdiyi gündən orada yaşamırlar. Həmin ev onun dayısı, həmçinin Cavabdeh3 sifarişi ilə tikilib. Təxminən 2008-2009-cu illərdə ev tam hazır vəziyyətdə idi. Dayısı həmin vaxtdan orada yaşayırdı və dayısının həyat yoldaşı dayısından əvvəl vəfat etmişdir. Əvvəllər dayısıgil Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşamış, sonradan dayısı sözügedən evə köçmüşdür. Mübahisəli evə dayısı köçdükdən sonra dayısının həyat yoldaşı vəfat etmişdir. Hesab edir ki, Cavabdeh3 kimi o da həmin evə köçürülməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirmişdir ki, o, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 böyük qardaşıdır. Onun əmisi 2008-ci ildə qardaşı Cavabdeh3 öz torpağından bir sotunu vermiş, iki sot torpaq sahəsi üçün əlavə pulu isə Cavabdeh3 özü ödəmişdir. Sözügedən ev 2008-2009-cu illərdə Cavabdeh3 tərəfindən tikilmişdir. Cavabdeh3 2020-ci ilə kimi, yəni X18in vəfat etdiyi vaxta qədər həmin evdə yaşamışdır. O, sözügedən evi 2016-cı ildə tərk etmiş, qardaşı Cavabdeh3 isə həmin evdə qalmışdır. X18 2011-ci ildə Cavabdeh1 evdən qovmuşdur, bundan sonra qardaşı Cavabdeh1 və həyat yoldaşı qayınatasının evində yaşamağa başlamış, 2020-ci ildə atası vəfat etdikdən sonra Cavabdeh1 ailəsi ilə birlikdə həmin evə qayıtmışdır. Cavabdeh3 həmin evdə yaşaması ilə bağlı sübut qalmasın deyə Cavabdeh1 evdəki bütün əşyaları çıxarıb atmışdır. Qeyd edir ki, mübahisəli ev ilə bağlı onun haqqı yoxdur, Cavabdeh1 tərəfindən təklif olunan evi o, tikdirmişdir və həmin evin yerləşdiyi torpaq sahəsi də ona məxsusdur.

5. Şahid qismində cəlb edilmiş X13 məhkəmədə ifadəsində bildirdi ki, o, şəhid ailəsinin üzvüdür. Onun qardaşı Sabir Əliyev vəfat etdikdən sonra onun kiçik övladı Cavabdeh1 mübahisəli evdə yaşamamışdır. Mübahisəli evi 2008-ci ildə Cavabdeh3 X18 ilə birlikdə tikmişdir. Həmin torpaq sahəsi qardaşından əvvəl ona məxsus olmuşdur, həmin torpaq sahəsi vaxtilə boş ərazi olmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlara baxan olmadığına görə Sumqayıtda yaşayan baldızıgilə getmiş, həmin vaxt Cavabdeh3 ondan torpaq sahəsi istəmiş, o da həmin torpaq sahəsini Cavabdeh3 vermişdir. Onun torpaq sahəsini alan vaxta qədər Cavabdeh3 Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən yataqxanada yaşayırdı, Cavabdeh1 isə orada yaşamamışdır. Qız qaçırdığı üçün qardaşı Sabir Əliyev oğlu Cavabdeh1 qəbul etmədi. Bir müddət sonra Cavabdeh1 və həyat yoldaşı atası ilə barışmışdırlar. Onun qardaşı Sabir Əliyev 2020-ci ildə vəfat etmiş, həmin vaxta qədər Cavabdeh1 orada yaşamamışdır. Lakin Cavabdeh3 atası ilə yaşayırdı. Sabir Əliyev hepatit xəstəliyindən əziyyət çəkdiyindən Cavabdeh3 həyat yoldaşını həmin evdən başqa yerə aparmışdır, lakin Cavabdeh3 atasının yaşadığı evdən çıxmamışdır. Daha sonra Cavabdeh1 gəlib Sabir Əliyevin evini zəbt etmiş, elə o vaxtdan həmin evdən çıxmamışdır. Cavabdeh1 böyük qardaşı sığınacaq vermiş, lakin buna baxmayaraq Cavabdeh1 mübahisəli evdən çıxmamışdır. Cavabdeh1 həyat yoldaşı ilə yaşamaq üçün öz adına sənədsiz evi var idi. Qardaşı vəfat edən günə kimi o, Xırdalan şəhəri tərəfdə yaşayırdı. Hazırda Cavabdeh3 yataqxanada yaşayır. Hesab edir ki, tərəflər arasında barışıq olsa, hər iki ailə birlikdə yaşaya bilərlər. Əgər onlar bir evdə yaşaya bilməsələr bu halda həmin evi qiymətləndirməlidirlər. Bir daha qeyd edir ki, qardaşı o evdə Cavabdeh3 ilə yaşamışdır. Qardaşının vəfat etməsi xəbərini telefon vasitəsilə almış, amma pandemiya dövrü olduğundan yas mərasiminə gəlib çata bilməmişdir.

6. Şahid qismində cəlb edilmiş X11 məhkəmədə ifadəsində bildirdi ki, O, Cavabdeh3 və Cavabdeh1 bibisi oğludur və vaxtilə bu mübahisəli evin tikintisinə şahid olmuşdur. Sabir Əliyev onun dayısıdır, həmin evə mütəmadi olaraq gedib-gəlmişdir. Sözügedən evi Cavabdeh3, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 X18 və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 böyük qardaşı Eldar 2008-ci ildə tikdirmiş, cavabdehlərin böyük qardaşı Eldar 2009-cu ildə həmin evə köçmüşdür. Cavabdeh3 2013-cü ildə İddiaçı ilə evlənmiş, iddiaçı həmin evə gəlin köçmüşdür. Qeyd edir ki, Cavabdeh3 X18 vəfat edənə kimi orada yaşamışdır. Eldar təxminən 2016-2017- ci illərdə həmin evi tərk etmiş, vaqonda yaşamağa getmiş, Cavabdeh1 isə qayınatasının evinin zirzəmisində yaşamışdır. Cavabdeh1 mübahisəli evdə yaşamırdı və ailəsində tez-tez mübahisələr baş verirdi. Bir gün Cavabdeh3 zəng gəlmiş, Cavabdeh1 həyat yoldaşının özünə nəsə etdiyi barədə ona xəbər vermişdirlər. Bu xəbərdən sonra Cavabdeh3 qardaşının yanına getmişdir. Həmin vaxt dayısı Sabir Əliyev sağ idi. Eldar X18in yaşadığı evin yanında 2020-ci ildə ev tikdirmiş, elə həmin il Sabir Əliyev vəfat etmişdir. Bundan sonra yas mərasimi üçün Cavabdeh1 həmin evə gəlmiş, Cavabdeh3 isə evdən çıxmışdır. Bir daha qeyd edir ki, dayısı Sabir Əliyev vəfat edənə kimi Cavabdeh3 orada yaşamışdır. O, 2015-ci ildə ailə həyatı qurmuş, Cavabdeh3 müvəqqəti yaşamaq üçün münaqişə bitənə kimi onun yanında qalmağa gəlmişdir və hazırda da Cavabdeh3 onun yanında qalır. Onun Cavabdeh1 ilə münasibəti yaxşı olmuş, aralarında mübahisə olmamışdır.

7. Abşeron Rayon Məhkəməsinin 2(012)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh3 Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən qanunsuz tikiliyə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(012)-1518/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, İddiaçı uşaqları ilə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 3-cü bəndləri, 43-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 152.5, 152.6, 158.1.2, 158.2, 158.4, 180, 27.2-ci maddələri, Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3, 30.4, 68.1-ci və 68.2-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 82.3, 4.1, 14.2, 77.1, 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil cavabdehlərin adından ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(012)-1518/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı və uşaqlarının faktiki və sənədlərlə də təsdiq edilən ünvanda yaşaması araşdırılmamışdır. Mülki Məcəllənin 27.1, 27.3, 157.8 və 180-ci maddələri, Mənzil Məcəlləsinin 15, 29.1, 29.4-cü maddələrinin məzmununa məhkəmə nəzər yetirməmiş, yalnız iddiaçı və formal olaraq digər cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Belə ki, həm 22 nömrəli Uşaq Poliklinikasına, həm də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə göndərilmiş sorğulara verilmiş cavablardan da iddiaçı və uşaqlarının həm yoxlandıqları səhiyyə müəssisəsinin, həm də təhsil aldıqları təhsil ocaqlarının yerləşmə hissəsinin Sabunçu rayonu olması və iddiaçının da həmin rayonun ərazisdində yerləşən Sabunçu rayonu, ünvan 1 ünvanı (Maşınqayırma Kollecinin yataqxansı) olması nəzərə alınmamışdır. Məhkəmə iddianı yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Rəsmi sənədlərlə iddiaçının və formal olaraq işdə digər cavabdeh kimi qoyulmuş həyat yoldaşı Cavabdeh3 formal heç bir hüquqa və sübuta əsaslanmayan mövqeyini daha üstün götürməklə qanunvericiliyin tələbini pozmuşdur. İş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş sübutlara hakim tərəfindən düzgün qiymət verilməmişdir. Cavabdeh tərəfindən yazılı etriaz verilməsinə baxmayaraq, məhkəməyə təqdim edilmiş sənədlər hakim tərəfindən qanuna müvafiq formada araşdırılmamışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Bundan əlavə məhkəməyə şahid kimi dəvət edilmiş X5 bu məhkəmədən öncəki Abşeron Rayon Məhkəməsində (Abşeron Rayon Məhkəməsinin 2(012)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində) şahid kimi dindirildiyi və həmin zaman verdiyi ifadələrlə bu məhkəmədə verdiyi ifadələr arasında ziddiyət olduğunu hakimə bildirməklərinə baxmayaraq, bu hallar da hakim tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, iddiaçı bu iş üzrə digər cavabdeh (formal olaraq) olan Cavabdeh3 həyat yoldaşı və bibisi qızıdır. Nə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-639/2022 saylı, nə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-2101/2022 saylı qətnamələrində, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1510/2023 qərarı ilə indiki iddiaçı və uşaqlarının mübahisəli evə köçürülməsi təmin edilməmişdir. Bildirir ki, iddiaçı hazırda köçürülmək istədiyi evə 2013-cü il tarixdə gəlin gəlmiş və 2015-ci il tarixdə həmin mənzili tərk edərək hazıradək yaşadıqları, ünvan 2 ünvanında yeləşən Maşınqayırma Kollecinin yataqxanasına köçmüşlər. İddia ərizəsinə yazdıqları yalan məlumatlardan ibarət olan söz birləşmələrindən başqa onların burada yaşadıqlarını təsdiq edən heç bir sənəd və sübut əlavə edilməmişdir. İddia ərizəsində iddiaçı kommunal xidmətlərin onun həyat yoldaşının adına olmasını və ödənişlərin onlar tərəfindən həyata keçirildiyi qeyd etsə də ödənişin onlar tərəfindən həyata keçirildiyini sübut edən qəbz(ləri) iş materiallarına əlavə etməmişdir, çünki onlar bu ünvanda 2015-ci il tarixdən yaşamayıblar. Onların burada yaşamadığı şahidlər vasitəsi ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı ərizəsində kirayədə qaldığını bildirir, lakin kirayədə qalmağını təsdiq edəcək hər hansısa bir sənədi ərizəyə əlavə edə bilmir. Bununla bağlı bildirir ki, iddiaçının bu mövqeyi də yalandan ibarətdir və məhkəməni aldatmağa hesablanmışdır. Belə ki, iddiaçı və ailə üzvləri ünvan 2 ünvanında yeləşən Maşınqayırma Kollecinin yataqxanasında yaşayırlar və məcburi köçkün ailəsi olaraq orada yaşadıqları üçün adambaşına 33 manat vahid aylıq müavinət alırlar. Kirayə yaşasaydılar onlara 33 manat deyil, 60 manat vahid aylıq müavinət düşməli idi ki, bu hal da iddiaçının yalan məlumat verdiyini tam çılpaqlığı ilə ortaya qoyur. Bundan əlavə iddia ərizəsində iddiaçı xx.xx.2021-ci il tarixli Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarında istinad etmişdir ki, bununla da bağlı bildirir ki, elə həmin qərarda iddiaçının həyat yoldaşı digər Cavabdeh3 özü də bilmədən onların ünvan 2 ünvanında yeləşən Maşınqayırma Kollecinin yataqxanasında yaşadıqlarını etiraf etmiş və bu hal həmin qərarda qeyd edilməklə öz təsdiqini tapmışdır. Son olaraq bildirir ki, bu evdə iddiaçı və ailə üzvlərinin yaşamadığını təsdiq edən səs yazılarının olduğu 2 ədəd CD disk tərəflərindən məhkəməyə təqdim edilir. Həmin səs yazları xx.xx.2020-ci il tarixdə axşam saatlarında aparılmış danışıqlardır ki, ordakı səslər hər 3 qardaşa X10, Cavabdeh3 və Cavabdeh1 məxsusdur. Bu səs yazılarındanda açıq aydın müəyyən etmək olur ki, iddiaçının həyat yoldaşı, formal olaraq digər Cavabdeh3 özü həmin evdə heç bir haqqlarının olmadığını etiraf edir. Tərəfimizdən müxtəlif dövlət orqanlarına göndərilmiş sorğularla təsdiq edilir ki, iddiaçı və ailəsi ünvan 3 ünvanında yeləşən Maşınqayırma Kollecinin yataqxanasında qeydiyyatda olmaqla həmin ünvanda da yaşayırlar. Bundan əlavə tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinə ünvanlanmış sorğuya cavabdan da görünür ki iddiaçı və digər cavabdehin övladları Sabunçu ərazisində yerləşən təhsil müəsissələrində təhsil alır və uşaq bağçasına gedirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi göstərir ki, ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt ələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, 2) yaşayış sahəsinə olan ehtiyyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Göründüyü kimi, şəxsin yalnız ailə üzvü və ya ona bərabər tutulan şəxs olması onun yaşayış sahəsindən istifadə hüququnun dərhal, qeyd-şərtsiz və avtomatik olaraq yaranmasına səbəb olmur. Məhkəmənin qərarındanda göründüyü kimi, yaşayış sahəsinə köçürülməsini tələb edən şəxsin yaşayış sahəsinə olan ehtiyyacını köçürülməsini istədiyi yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması da vacibdir. Yəni köçürülməsini tələb edən şəxsin belə bir məcburiyyəti yoxdursa, onun digər yaşayış sahəsi, bu cür yaşayış sahəsindən istifadə etmək imkanları vardırsa, belə halda, köçürülməsini tələb edən şəxs ailə üzvü olduğu halda belə, onun iddiası təmin edilə bilməz. Şikayətin əvvəlində geniş şəkildə mövqelərini əsaslandırmışdır. İstər maddi, istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Məhkəmə mübahisənin mahiyyətinə dərindən yiyələnmədiyi üçün, qanunsuz və əsassiz qətnamə qəbul etməklə yalnış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdeh1 apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

15. Cavabdeh3 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

16. İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43.1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh3 ilə 07 dekabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, elə həmin vaxtdan Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə gəlin köçərək yaşamağa başlamış və onların birgə nikahdan iki övladları vardır. İddiaçını qaynatası X3 öldükdən sonra iddiaçının qaynı olan Cavabdeh1 arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı ilə mübahisə predmeti olan fərdi yaşayış evinə gələrək orada yaşamağa başlamış, bundan sonra ev üstündə mübahisə yaranmış, cavabdehin hərəkətləri nəticəsində həyat yoldaşı Cavabdeh3 ilə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evini tərk etmək məcburiyyətində qalmışdır.

25. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı Cavabdeh3 qardaşı Cavabdeh1 və qardaşı arvadı Cavabdeh2 mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmə barədə Abşeron rayon məhkəməsində iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-639/2022 saylı qətnaməsi ilə Cavabdeh3 sözügedən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almış, həmin qətnamədə işin faktiki hallarına qiymət verilmiş və qanunvericiliyin tələbinə görə müəyyən edilmiş həmin faktiki halların mübahisələndirilməsi yolverilməzdir.

26. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həyat yoldaşı mübahisə predmeti olan fərdi yaşayış evinə köçürüldüyü halda, iddiaçı ilə onun ailə münasibətləri qanuna uyğun şəkildə davam etdiyi təqdirdə, yəni ailə üzvü olduğu halda, həmçinin iddiaçının hazırki vəziyyətdə mübahisəli evə münasibətdə Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 ilə eyni hüququ statusa malik olduğu halda, sonuncuların fərdi yaşayış evindən faydalandığı halda, iddiaçının bu hüquqdan məhrum olması İddiaçı digər faydalanan şəxslərlə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.

27. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, torpaq sahəsi və evdən cavabdeh və onun ailə üzvləri, həmçinin iddiaçının həyat yoldaşı istifadə edərək yararlanmaq hüququna malikdirlər, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər, çünki qüvvədə olan Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları da buna imkan verir.

28. İşin qeyd olunan hallarına istinadən birinci instansiya məhkəməsi mübahisə predmeti olan fərdi yaşayış evinin özbaşına tikili olmaqla cavabdehin bu evdən faydalandığı kimi iddiaçının da bu hüquqdan istifadə etməsinin məqsədə müvafiq olması qənaətinə gələrək iddianı təmin etmişdir.

29. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişlər.

30. Cavabdehlər tərəfindən mübahisələndirilən və şikayətin dəlili olaraq göstərilən hal – iddiaçının 2015-ci ildən mbahisəli evdə yaşamaması, iddiaçı və ailə üzvlərinin məcburi köçkün ailəsi olaraq yataqxanada yaşaması ilə, həmçinin iddiaçı Cavabdeh3 mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları ilə ailə üzvəri – yəni, indiki iddiaçı və uşaqlarının mübahisəli evə köçürülməsi təmin edilməməsi, həmin qətnamənin hazırki iş üzrə preyudisial xarakter daşımasına istinad etmişlər.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəlmiş olduğu nəticə ilə razılşaraq aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir:

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

33. İşin mübahissəsiz hallarından göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi qanunsuz tikili olmaqla, əmlak hüquqları qeydə alınmamışdır. Həmin ev mövcuddur, cavabdehlər tərəfindən yaşayış sahəsi olaraq istifadə edilir.

34. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

35. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayaraq cavabdehlə birgə təsərrüfat aparmışlar, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun həmin evdə yaşamasına imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.

36. Cavabdehlər qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.

37. Mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.

38. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh3 mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları ilə ailə üzvəri – yəni, indiki iddiaçı və uşaqlarının mübahisəli evə köçürülməsi təmin edilməməsi, həmin qətnamənin hazırki iş üzrə preyudisial xarakter daşımasına dair dəlilini də əsassız hesab edir.

39. Mülki Prosessual Məcllənin 82.3-cü maddəsinə görə preyudisiallıq o deməkdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyə görə məhkəmə aktının preyudisial akt kim qəbul edilməsi üçün ilk növbədə həmin işdə iştirak edən şəxslərin eyni olması mühüm şərtdir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında da qeyd edilmişdir ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

42. Cavabdeh tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1510/2023 qərarının hazırkı iş üzrə preyudisial xarakter daşımasına istinad etsə də, hazırkı işdə iştirak edən şəxslərin subyekt tərkibi ilə əvvəlki işdə iştirak edən şəxslərin subyekt tərkibinin eyni olması, araşdırılan mübahisə üzrə iddiaçının həmin işdə tərəf olması və ya işdə hər hansı statusda iştirak etməsi görünmür. Həmin Qərardan görünür ki, iddia tələbi «ailə üzvlərinin evə köçürülməsi» hissəsində təmin edilməmiş, lakin həmin ailə üzvlərinin dairəsi, kimliyi müəyyən edilməmiş, proses tərəfi olaraq işə cəlb edilməmiş, həmin şəxslərə münasibətdə heç bir qiymətləndirmə aparılmamışdır.

43. Belə olan təqdirdə, yəni indi işdəki iddiaçının əvvəllər baxılan işdə iştirak etməsi müəyyən edilmədiyi halda həmin iş üzrə qəbul edilmiş məhkəmə aktının hazırki işə preyudisiallığı ilə bağlı gəlinən nəticə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun hesab edilə bilməz.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(012)-1518/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar