Məhkəmə qərarları › İş №2(105)-1475/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1475/2024

03.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1475/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsulı̇ yətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(012)-3079/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Cavabdeh MMC şirkətinə işə bərpa etməklə xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı işdən azad olunması barədə olan əmrin ləğv edilməsi və məcburi işdən azad olunması ilə əlaqədar əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin laboratoriyasında kəsim vəzifəsinə işə qəbul olmuşdur. İşlədiyi müddət ərzində əmək qanunvericiliyinin tələblərinə əməl etməklə hər hansı bir intizam məsuliyyətinə cəlb olunmamışdır, əksinə rəhbərlik tərəfindən işini diqqət və layiqincə yerinə yetirdiyi üçün daima təşəkkürlər almışdır. Təxminən 5-6 aydan çoxdur ki, laboratoriya istehsal şöbəsində işləyən kəsim operatoru Xalidə adlı xanım tərəfindən mütəmadi olaraq təhqir və təzyiqlərə məruz qaldığı üçün laboratoriyanın rəhbəri Çingiz müəllimə müraciət etmiş, söhbət əsnasında ona Xalidə xanımın çox vaxt işə sərxoş halda gələrək heç bir səbəb olmadan onu təhqir edib işdən qovduracağını dediyini bildirmişdir. Çingiz müəllim isə bu dediklərinə əhəmiyyət verməyərək, əksinə hədə ilə işləmək istəmədiyi halda çıxıb gedə biləcəyini bildirdi. Sonuncu dəfə laboratoriya rəhbəri Çingiz müəllim ilə xx.xx.2024-cü ildə söhbəti olmuşdur. xx.xx.2024-cü il tarixdə o, işdə olarkən laboratoriya rəhbəri onu yanına çağırıb 2-3 ədəd yazılmış kağıza imza etdirdikdən sonra ona bu gündən işdən azad olduğunu söyləmişdir. O isə laboratoriya rəhbərinə işdən çıxmaq istəmədiyini və onu işdən çıxara bilməyəcəklərini bildirmişdir. Belə ki, o, əmək qanunvericiliyinin tələblərini pozmamış, işə vaxtı-vaxtında gəlməklə ona tapşırılan işi vicdanla yerinə yetirmişdir. Onun himayəsində 2 azyaşlı uşağı vardır. Onun əsassız şəkildə işdən azad olması ailəsinin maddi vəziyyətinin pisləşməsinə səbəb olacaqdır. Laboratoriya rəhbəri isə bu dediklərinə əhəmiyyət verməyərək ona kadrlar şöbəsindən əmək kitabçasını götürməli olduğunu bildirmişdir. O, əmək kitabçasını götürüb evə gəlmiş, evdə həyat yoldaşı əmək kitabçasını oxuyarkən ona guya öz xahişi ilə işdən azad olunduğu bəlli olmuşdur. Qeyd edir ki, bu yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, onun savadsızlığından istifadə edərək ona təqdim edilmiş kağızlara imza etdirməklə onu işdən azad etmişdirlər. Ona qarşı edilən bu haqsızlıqlara görə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron-Xızı regional şöbəsinə və Ombudsmana müraciət etmiş, qeyd olunan qurumlarda ona telefonla məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. Odur ki, o, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya təşkilatında işlədiyi Cavabdeh MMC-nin nümayəndəsi iştirak etmişdir. Lakin işə bərpa təmin olunmadığı üçün ona mediasiya təşkilatı tərəfindən arayış verilmişdir. O, ona qarşı edilən bu haqsızlığa görə məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin A bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Onun nə belə bir təşəbbüsü olmuş, nə də ki, işdən çıxmaq istəmişdir, əksinə rəhbərliyə təhqir və təzyiqlərə məruz qaldığını bildirməklə tədbir görülməsini xahiş etmişdir. Laboratoriya rəhbəri tədbir görmək əvəzinə saxta sənədləşdirmə aparmaqla onu işdən çıxarmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Müəssisə rəhbərliyi qeyd olunan bu maddənin tələblərini pozmaqla onu 1 gün ərzində işdən azad etmişdir. Əfsuslar olsun ki, Cavabdeh MMC-nin rəhbərliyi onun layiqli operator olmasını, təşkilat tərəfindən dəfələrlə təşəkkürnamələrə layiq görülməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə almayaraq şəxsi ambisiyaya görə saxta sənədləşdirmə aparmaqla onu işdən azad etmişdir. O, bu haqsızlığa dözməyərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi.

3. Cavabdeh qanuni təmsilçisi (direktoru) X9 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 12 aprel 2022-ci il tarixdən Cəmiyyətdə laboratoriya kəsim operatoru vəzifəsində işləmiş, işlədiyi dövrdə intizam məsuliyyətinə cəlb edilməmiş, təltif olunmamış, barəsində hər hansı təşəkkürnamə verilməmişdir. İddiaçı ilə 12 aprel 2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı əmək müqaviləsinin məhz müddətli olması ilə razılaşaraq, ona imza atmışdır. 12 aprel 2023-cü il tarixdə əmək müqaviləsinin müddəti tərəflərin razılığı ilə yenidən bir il müddətinə uzadılmışdır. İddiaçının qanunsuz işdən çıxarılması barədə iddiası və iddia ərizəsində göstərilən hallar tamamilə əsassızdır və iddiaçı istinad etdiyi halların mövcudluğunu və doğruluğunu sübut etməlidir. Belə ki, İddiaçı könüllü şəkildə 04 mart 2024-cü il tarixdə İnsan resursları şöbəsinə yazılı (əlyazma) ərizə ilə müraciət edərək ərizəsində göstərilən tarixdən işdən azad edilməsini xahiş etmişdir. İddiaçı işdən çıxmasının səbəbi olaraq laboratoriya istehsalı şöbəsində kəsim operatoru vəzifəsində işləyən Xalidə Əliyeva tərəfindən təhqir və təzyiqlərə məruz qaldığını, ona qarşı haqsızlıq edildiyini, sağlamlığını itirdiyini və tabeliyində işlədiyi laboratoriya istehsalı üzrə qrup rəhbəri Çingiz Balazadəyə şikayət etsə də, ona məhəl qoyulmadığını bildirmişdir. Cəmiyyətin İnsan resursları üzrə meneceri iddiaçının təqdim etdiyi ərizəni alsa da, hazırda emosional davrandığını, ani qəzəblə sonradan peşman ola biləcəyi qərarlar verməməli olduğunu, şikayət etdiyi məsələnin araşdırılacağını bildirərək ona yenidən düşünmək üçün vaxt vermişdir. İddiaçı 2 gün sonra, yəni 06 mart 2024-cü il tarixdə Cəmiyyətin İnsan resursları üzrə menecerinə yenidən müraciət edərək Xalidə Əliyeva barəsində bir tədbir görülmədiyini, onun hələ də işinin başında olduğunu bildirərək işdən çıxmaqda qəti qərar verdiyini bildirmişdir. Belə olan halda işəgötürən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələblərini xatırlatmış, İddiaçı işdən çıxmaq barədə yazılı ərizəsində göstərdiyi tarixdən bir təqvim ayı sonra əmək müqaviləsinin ləğv edilə biləcəyini, həmin bir ay müddətində işinə davam etməli olduğunu, cavabdehin də bu müddət ərzində onun yerinə işçi axtarıb tapmalı olduğunu aydın şəkildə izah etmişdir. İddiaçı işə gəlmək istəmədiyini, Xalidə Əliyevanı işdə gördükcə əsəblərinin pozulduğunu, xəbərdarlıq müddətini gözləmədən ərizəsində yazılan gündə işdən azad olmaq istədiyini, haqsızlıq olan yerdə bir saat belə qalmaq istəmədiyini, əks halda səhhətinin pisləşəcəyini və başına gələcək hadisələrə görə müəssisənin cavabdeh olacağını bildirmişdir. Beləliklə, iddiaçının əmək funksiyalarının müvəqqəti əvəzetmə qaydasında digər operatorlar tərəfindən çevik yerinə yetirilə bilmə imkanları və yuxarıda qeyd olunan səbəblərdən iddiaçının xahişi nəzərə alınaraq, işəgötürənin razılığı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə ərizəsində göstərilən gün, yəni xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinin ləğvi və işdən çıxış sənədləşməsinin müvafiq qanunvericiliyə və Cəmiyyətin daxili prosedur və normativ qaydalarına uyğun aparılması məqsədilə, iddiaçının təqdim etdiyi əlyazma ərizədən əlavə, Cəmiyyətin İnsan resursları üzrə meneceri tərəfindən kargüzarlıq qaydalarına uyğun, standart şablon ərizə forması redaktə edilərək iddiaçıya təsdiq etməsi üçün verilmiş, İddiaçı ərizə ilə tanış olub onu könüllü şəkildə imzalamışdır. Şübhələrə əsas verməmək üçün bildirmişdir ki, kompüter vasitəsilə əlavə ərizənin çap olunmasına zərurət İddiaçı əlyazma ərizəsində fikrin dağınıq ifadə olunması, işdən çıxma iradəsi ilə yanaşı şikayət motivlərinin olması, ərizədə qeyd olunmuş hər iki tarixdə 04 mart 2024-cü ilin “xx.xx.2024” əvəzinə ay və günün yerlərinin dəyişik yazılaraq “xx.xx.2024” qeyd olunması səbəbindən yaranmışdır. (İşdən azad olunma barədə işəgötürənə müraciətin aprel ayında deyil, məhz mart ayında olması faktı iddiaçının mediasiya təşkilatına və digər aidiyyəti qurumlara müraciət vaxtlarını əks etdirən məktub və sənədlərlə təsdiq olunur). Əlavə olaraq bildirmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 06 mart 2024-cü il tarixli İR-125/24 saylı əmri ilə tanış edilmiş və əmrin surəti ona təqdim olunmuşdur. İddiaçı qeyd olunmuş əmrin surətini aldığını öz imzası ilə təsdiq etmişdir. Eyni gündə iddiaçının əmək kitabçası ona təhvil verilmiş və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son haqqhesab ödənilmişdir. İddiaçı işdən ayrıldıqdan sonra fikrini dəyişərək yenidən işə götürülməsi barədə işəgötürənə hər hansı yazılı və ya şifahi qaydada müraciət etməmişdir. İddiaçı işə bərpa olunmaq istəyi və qanunsuz işdən çıxarılması barədə iddiaları cavabdehə ilk dəfə 19 mart 2024-cü il tarixdə Cəmiyyətə daxil olan mediasiya təklifi vasitəsilə məlum olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh iddiaçının məzuniyyət hüquqlarını və işdən icazə tələblərini həmişə təmin etmiş, hətta iddiaçıya işdən çıxma barədə ilkin müraciətindən sonra işdən bir qədər uzaqlaşıb istirahət etmək, səhhətinin qeydinə qalmaq məqsədilə 04.03-xx.xx.2024-cü il tarixlərinə 2 günlük icazə verilmişdir. İddiaçıya son 4 ay ərzində öz xahişi ilə verilmiş məzuniyyət və icazə günlərini təsdiq edən sənədlər ərizəyə əlavə edilmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh MMC, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyətə malik kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən iri investisiya və idarəetmə şirkətlərindən olan “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinin törəmə təsərrüfat müəssisələrindən biridir. Cəmiyyətin əsas fəaliyyət istiqamətini laborator şəraitdə sağlam bitki yetişdirilməsi, ting və calaqaltı istehsalı təşkil edir. Cəmiyyət, bu günə qədər adı hər hansı əmək qanunvericiliyi pozuntusunda hallanmayan, aidiyyatı sənaye və bazar seqmentində, habelə yerləşdiyi Türkan qəsəbəsində normal işgüzar nüfuza malik, əhalini stabil işlə təmin edən şirkətlərdən biridir. Qeyd edilməlidir ki, İddiaçı həyat yoldaşı Nümayəndə Ağababa oğlu da Cəmiyyətin təsisçisi “X19” MMC-nin bir digər törəmə təsərrüfat cəmiyyəti olan "xxxx" MMC-də 2022-ci ildən əmək fəaliyyətini həyata keçirir və aktiv əmək müqaviləsi mövcuddur. Göründüyü kimi, bir ailədən iki nəfəri işlə təmin edən şirkətlər qrupunun mövqeyini əks etdirən cavabdehin iddiaçıya qarşı hər hansı qərəzli münasibəti olmamış, ayrı-seçkiliyə yol verməmiş və iddiaçını işdən çıxarmaq niyyəti olmamışdır. Cavabdehin öz təşəbbüsü ilə İddiaçı işdən çıxarmaq niyyəti olsa idi, bunu iddia olunduğu kimi əmək qanunvericiliyini pozmaqla xx.xx.2024-cü il tarixdə deyil, bir ay səbr edərək 12 aprel 2024cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verməklə edə bilərdi. İddiaçının iddia ərizəsində irəli sürdüyü və həqiqəti əks etdirməyən mülahizələri işin halları ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin onun savadsızlığından istifadə edərək sənədlərə imza etdirməklə qanunsuz işdən çıxarıldığını iddia edir. İddiaçı Cəmiyyətin İnsan resursları şöbəsinə təqdim etdiyi yazılı ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuşdur və bunu təsdiq edən sənədlər bu ərizəyə əlavə edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının oxuma və yazma bacarıqları mövcuddur, özünü savadsız qələmə verməsi işəgötürən qarşısında köməksiz və aciz olduğu görüntüsü yaratmaqla özünə haqq qazandırmaq məqsədi daşıyır. İddiaçının işdən ayrıldıqdan sonra qərarını dəyişib geri qayıtmaq üçün işəgötürənə müraciət etmək əvəzinə, iddia müddətini ötürmədən mediasiya təşkilatına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə və Ombudsmana müraciət etməsi onun savadsız olduğuna dəlalət etmir. Bu bir daha təsdiq edir ki, iddiaçı öz hüquqları barədə kifayət qədər məlumatlıdır, işdən azad olunması üçün yanında aparılan sənədləşmə işlərindən xəbərdar olmuş, ona təqdim olunmuş (yuxarıda izahı verilmiş) əlavə ərizə formasını şüurlu şəkildə oxuyub dərk edərək könüllü imzalamış, müvafiq əmrlə tanış olub surətini götürmüşdür. İddiaçı iddia ərizəsində laboratoriya istehsalı şöbəsində bir yerdə işlədiyi kəsim operatoru vəzifəsində işləyən Xalidə Əliyevanın işə sərxoş halda gələrək heç bir səbəb olmadan onu təhqir etdiyini bildirmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının əmək funksiyalarını yerinə yetirdiyi iş yeri laboratoriya binasıdır, hansı ki, yüksək səviyyəli steril mühitin və sanitar- gigiyenik normaların təmin olunması məqsədilə laboratoriya istehsalı otaqlarına giriş-çıxışlarda işçilər daha həssas fiziki yoxlamalardan keçməli olur. İddiaçının mütəmadi ünsiyyətdə olduğu əsas iş kollektivi qadın işçilərdən ibarətdir. Ərizədə adı çəkilən Xalidə Əliyeva intizamlı, məsuliyyətli, xoş ünsiyyət işçi kimi xarakterizə olunur, barəsində intizam tənbehi tətbiq edilməmiş, sərxoşluq vəziyyəti aşkarlanmamışdır. İddiaçının iş yoldaşı Xalidə Əliyevanın işə sərxoş halda gəlməsi iddiaları tamamilə əsassızdır və sübuta yetirilməsi tələb olunur. Bundan əlavə qeyd edilməlidir ki, İddiaçı son 6 ay ərzində eyni iş otağında birlikdə işlədiyi digər işçilərlə mülayim münasibətdə olmamış, dəfələrlə söz-söhbət, işçilər arasında ədavət və intriqa yaratmaqla qeyri-sağlam iş mühitinin formalaşmasına şərait yaratmış, əmək intizamının normal ahəngini pozmuş, əmək kollektivinin narazılığına səbəb olmuşdur. Xüsusilə iddia ərizəsində adı çəkilən Xalidə Əliyeva ilə şəxsi münasibətlər zəminində yola getməmiş, aralarında qarşılıqlı söz-söhbət, ədavət olmuşdur. Hətta mövcud vəziyyətin aradan qaldırılması, söz-söhbətin səngiməsi məqsədilə, istehsal rəhbəri tərəfindən iddiaçı cari ilin yanvar ayından etibarən öz razılığı ilə kəsim məntəqəsindən yuma məntəqəsinə keçirilmiş, sağlam iş mühiti qismən bərpa edilmişdir. Qeyd edilənlərin təsdiqi olaraq, iddiaçının bir yerdə işlədiyi əməkdaşların buna dair yazılı izahatları ərizənin qoşmasında təqdim olunuşdur. Bütün bunlara baxmayaraq, Cəmiyyətin İddiaçı işdən çıxarmaq niyyəti olmamış, iş kollektivi arasında mümkün narazılıq və nizamsızlığın alternativ yollarla aradan qaldırılmasına üstünlük verilmişdir. İddiaçının işdən ayrılmaq barədə xx.xx.2024-cü il tarixli ilk ərizəsi alındıqdan sonra ərizədə qeyd olunmuş iş yerində təzyiq və haqsızlıq iddialarının araşdırılması məqsədilə, Cəmiyyətin İnsan resursları şöbəsi tərəfindən işçi qaydasında operativ araşdırılma aparılmış, laboratoriya istehsalı şöbəsinin əməkdaşları və qrup rəhbəri Çingiz Balazadə dinlənilmiş, İddiaçı ilə sıx ünsiyyətdə olan işçilərdən yazılı izahatlar alınmışdır. Aparılan araşdırma şifahi dinləmələr və yazılı izahatlara əsaslanaraq iddia olunan təzyiq faktının öz təsdiqini tapmadığı nəticəsinə gəlinmişdir. Deyilənlərin obyektiv araşdırılması məqsədilə, iddiaçı ilə eyni otaqda işləyən əməkdaşların şahid qismində məhkəmə iclasına çağırılaraq dinlənilməsi xahiş olunur. İşin hallarından görünür ki, iddiaçı əmək funksiyalarını yerinə yetirərkən işəgötürənə məlum olmayan səbəblərdən iş yoldaşı ilə arasında yaranmış şəxsi ədavəti və emosialarını cilovlaya bilməmiş, həmin münasibətlər zəminində baş verənlərdən işəgötürəni təqsirli bilmiş, ədavət apardığı şəxsə qarşı subyektiv fikrinin iş kollektivi və işəgötürən tərəfindən dəstəklənmədiyini gördükdə isə haqsızlığa məruz qaldığını sanaraq işdən ayrılmaq qərarına gəlmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək əvəzinə işin halları barədə yanlış mülahizələr yürütmüşdür ki, bu da Məhkəmə tərəfindən qəbul edilməməli və nəzərə alınmamalıdır. İddiaçının xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı işdən azad olunması barədə əmrin ləğv edilməsini, əvvəl tutduğu vəzifəyə bərpa edilməsini, habelə buraxılmış iş vaxtına görə əmək haqqının ödənilməsini Məhkəmədən tələb etməsi heç bir hüquqi əsaslara söykənmir və təmin edilməməlidir. Bildirir ki, iddiaçının Cəmiyyətə qarşı haqsız iddiası, onun barəsində işgüzar nüfuzunu ləkələyəcək və həqiqətə uyğun olmayan məlumatlar səsləndirməsi, əmək münasibətlərində işin normal ahənginə uyğun olmayan tərzdə qeyri-adekvat davranışları və qərarını tez-tez dəyişməsi cavabdehin İddiaçı qarşı işgüzar etimadını sarsıtmışdır və qeyd olunan səbəblərdən iddiaçının könüllü şəkildə işə bərpa olunmasına işəgötürən tərəfindən razılıq verilmir. Məlumat üçün Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, İddiaçı əmək hüquqlarının pozulması barədə mülahizələrinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanladığı müraciətlə bağlı X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-18856/2024 nömrəli məktubuna Cəmiyyətdə baxılmışdır və lazımi məlumatlar qeyd edilməklə, eləcə də zəruri sənədlər əlavə edilməklə xx.xx.2024-cü il tarixli GAİ 31/24 nömrəli məktubla cavab verilmişdir. İddiaçı 2(012)- 3079/2024 nömrəli iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

5. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, onunla İddiaçı 1 ildən artıq müddət ərzində ayrı otaqlarda işləmişdirlər. Onlar yeməkxanada namaz qılarkən görüşürdülər. Bildiyi qədəri ilə iddiaçı ilə iş yoldaşı X6 arasında söz-söhbət yaranmış, bu səbəbdən iddiaçını onun yanına köçürmüşdürlər. İddiaçı işdən çıxmazdan əvvəl bu barədə laboratoriya müdiri Çingiz müəllim ilə danışmışdır.

6. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, Cavabdeh MMC-də kəsim operatoru işləyir və İddiaçı təxminən 3 ildir ki, tanıyır. Onlar vaxtilə eyni otaqda işləmiş və eyni vaxtda işə gəlib-getmişdirlər. İddiaçının dediklərinin əksinə, onlar arasında mübahisə olmamışdır. Belə ki, onların otaq rəhbəri iddiaçıya məhsula spirti çox vurması ilə bağlı göstəriş vermiş, iddiaçı isə bunu eşidən kimi əsəbləşmişdir. O, iddiaçıya rəhbərin dediyinə əməl etməli olduqlarını, bunun onları maraqlandırmadığını bildirmiş, lakin iddiaçı cavabında onu təhqir etmişdir. O da iddiaçıya lazımi cavabı verdikdən sonra onlar arasında olan məsələ qapanmış, daha sonra iddiaçı öz istəyi ilə iş yerini şirkətin yuma məntəqəsinə dəyişdirmişdir.

7. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, 2019-cu ildən Cavabdeh MMC-də işləyir. İddiaçı ondan sonra şirkətdə işləməyə başlamışdır. Onlar bir kabində iki nəfərdən ibarət tərkibdə işləmişdirlər. İddiaçı ilə iş yoldaşları X6 mübahisə edirdilər. Bu səbəbdən Çingiz müəllim iddiaçını işləməsi üçün şirkətin yuma məntəqəsinə göndərmişdir. Ancaq Çingiz müəllim iddiaçıya işdən ərizə yazıb çıxması barədə heç bir təsir göstərməmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, 2019-cu il tarixdən Cavabdeh MMC-də işləyir. Onunla İddiaçı arasında yaxşı münasibətlər olmuşdur. O, iddiaçının zorla ərizə yazaraq işdən çıxması ilə bağlı eşitməmişdir. İddiaçı ona bir dəfə işləmək istəmədiyini bildirmiş, o isə iddiaçıya X2 yanında işləməsi ilə bağlı tövsiyyə vermişdir.

9. Məhkəməyə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, 06 dekabr 2021-ci il tarixdən Cavabdeh MMC-də işləyir. Onun İddiaçı ilə arasında mübahisə olmamışdır. İş yoldaşları ona iddiaçının öz istəyi ilə işdən çıxmaq istədiyini bildirmişdirlər. İddiaçının təzyiq altında işdən azad olunması barədə ərizə yazmasından onun məlumatı yoxdur.

10. 12 aprel 2022-ci il tarixli, 137 saylı əmək müqaviləsindən görünür ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında 12 aprel 2022-ci il tarixdən 12 aprel 2023cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır.

11. İddiaçı xx.xx.2024-cü il tarixli işdən çıxma barədə ərizəsindən görünür ki, o, Cavabdeh MMC-nin Baş əməliyyat inzibatçısı X3 ərizə ilə müraciət edərək 06 mart 2024cü il tarixindən Cavabdeh MMC-də laboratoriya kəsim operatoru vəzifəsindən öz xahişinə əsasən azad edilməsini və onunla bağlanmış 12 aprel 2022-ci il tarixli, 137 saylı əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.

12. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR- 125/24 saylı əmrin surətindən görünür ki, “Laboratoriya istehsalatı” bölməsində “Laboratoriya kəsim operatoru” vəzifəsində işləyən İddiaçı Hüseynəli qızı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

13. Abşeron Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(012)-3079/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də işə bərpa edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1, 3 və 4-cü bəndləri, 294 və 300.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.3, 217.4, 218.3, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri

15. Abşeron Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(012)-3079/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh “Grand-Agro İnvı̇ tro” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə qətnamənin gəldiyi nəticə işin hallarına uyğun gəlmədiyindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3079/2024 nömrəli qətnaməsi ləğv olunmalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 aprel 2022-ci il tarixdən Cavabdeh MMC-də laboratoriya kəsim operatoru vəzifəsində işləmiş, son 5-6 ay ərzində onunla laboratoriya istehsalı şöbəsində işləyən kəsim operatoru Xalidə adlı xanım tərəfindən mütəmadi olaraq təhqir və təzyiqlərə məruz qalmış, heç bir səbəb olmadan işdən qovduracağı ilə hədələnmiş və xx.xx.2024-cü il tarixdə o, laboratoriya rəhbəri tərəfindən saxta sənədləşdirmə aparılmaqla qanunsuz işdən çıxarılmışdır. İddiaçı işdən çıxmasına dair ərizəni aldadılaraq imzaladığını və həmin ərizənin onun həqiqi iradəsini əks etdirmədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübutlar təqdim etməmişdir. Bununla əlaqədar olaraq cavabdeh tərəf olaraq məhkəməyə etiraz və aidiyyəti sübutlar təqdim edilmiş, işin faktiki halları barədə şahidlər ifadə vermişdir. Cavabdeh öz izahatında iddiaçının könüllü şəkildə 04 mart 2024cü il tarixdə "xxxx" MMC-nin İnsan Resursları şöbəsinə yazılı (əlyazma) ərizə ilə müraciət edərək ərizəsində göstərilən tarixdən işdən azad edilməsini xahiş etdiyini, işdən çıxmasının səbəbi olaraq laboratoriya istehsalı şöbəsində kəsim operatoru vəzifəsində işləyən Xalidə Əliyeva tərəfindən təhqir və təzyiqlərə məruz qaldığı, ona qarşı haqsızlıq edildiyi və sağlamlığını itirdiyini bildirdiyini, İnsan resursları şöbəsi tərəfindən iddiaçının ərizəsi alınsa da, hazırda emosional davrandığı, ani qəzəblə sonradan peşman ola biləcəyi qərarlar verməməli olduğu, şikayət etdiyi məsələnin araşdırılacağı bildirilərək ona yenidən düşünmək üçün vaxt verildiyini, lakin iddiaçının 2 gün sonra, yəni 06 mart 2024-cü il tarixdə yenidən müraciət edərək işdən çıxmaqda qəti qərar verdiyini, bu halda cavabdehin iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələblərini xatırlatdığını, İddiaçı işdən çıxmaq barədə yazılı ərizəsində göstərdiyi tarixdən bir təqvim ayı sonra əmək müqaviləsinin ləğv edilə biləcəyini, həmin bir ay müddətində işinə davam etməli olduğunu, cavabdehin də bu müddət ərzində onun yerinə işçi axtarıb tapmalı olduğunu ona aydın şəkildə izah etdiyini, İddiaçı isə işə gəlmək istəmədiyini, Xalidə Əliyevanı işdə gördükcə əsəblərinin pozulduğunu, xəbərdarlıq müddətini gözləmədən ərizəsində yazılan gündə işdən azad olmaq istədiyini, haqsızlıq olan yerdə bir saat belə qalmaq istəmədiyini, əks halda səhhətinin pisləşəcəyini və başına gələcək hadisələrə görə müəssisənin cavabdeh olacağını bildirdiyini, yalnız bundan sonra cavabdehin, İddiaçı əmək funksiyalarının müvəqqəti əvəzetmə qaydasında digər operatorlar tərəfindən çevik yerinə yetirilə bilmə imkanları və yuxarıda qeyd olunan səbəblərdən iddiaçının xahişini nəzərə aldığını və işəgötürənin razılığı ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə ərizəsində göstərilən gün, yəni xx.xx.2024-cü il tarixdən xitam verildiyini göstərmişdir. Abşeron Rayon Məhkəməsi işin faktiki hallarını araşdıraraq işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutların məcmusuna hüquqi qiymət verərək iddiaçının qanunsuz işdən çıxarılma iddialarının əsassız olduğu, onun könüllü şəkildə işəgötürənə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdiyi qənaətinə gəlmişdir. İddiaçının həmin ərizəni onun iradəsi əleyhinə (təzyiq, təhrik altında və aldadılaraq) yazdığı isə məhkəmə araşdırmaları zamanı sübuta yetirilməmişdir. Məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərək qanunsuz işdən çıxarılma iddiasını rədd etsə də, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və yekunda doğru nəticəyə gəlməyərək işin hallarına uyğun qərar qəbul etməmişdir. Məhkəmə hesab etmişdir ki, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə tənzimləndiyi halda, cavabdehin AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanmaqla iddiaçı barəsində işdən azad edilmə əmri verməsi əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmuşdur. Məhkəmə hüququn tətbiq edilməsində səhvə yol vermiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 69-cu maddələrini doğru təfsir etməmiş, mübahisəli hüquq münasibətinə AR ƏM-nin 69.5-ci maddəsini tətbiq etməmiş, formal tələblərə əsaslanmaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmənin əmək müqaviləsinin ləğv edilməsi əsaslarının pozulmasına dair yuxarıdakı mövqeyi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmənin qəbul etmədiyi bir digər mövqeyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1, 3 və 4cü bəndlərinin mübahisəli hüquq münasibətinə tətbiqində yol verdiyi təfsir səhvləri ilə əlaqədardır. Hazırkı iş üzrə iddiaçı işəgötürənə 06 mart 2024-cü il tarixdə işdən çıxmaq istəməsinə dair ərizə yazmış, işəgötürəndən onu ərizəsində göstərilən gün, yəni xx.xx.2024-cü il tarixdə işdən azad etməsini xahiş etmişdir. Ərizədə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan əsaslar göstərilməsə də işəgötürən məhkəməyə iddiaçının işdən çıxma səbəblərini izah edən etiraz təqdim etmişdir. Belə ki, İddiaçı işə gəlmək istəmədiyini, Xalidə Əliyevanı işdə gördükcə əsəblərinin pozulduğunu, haqsızlıq olan yerdə bir saat belə qalmaq istəmədiyini, əks halda səhhətinin pisləşəcəyini və başına gələcək hadisələrə görə müəssisənin cavabdeh olacağını bildirmişdir. İşəgötürən isə iddiaçının əmək funksiyalarının müvəqqəti əvəzetmə qaydasında digər operatorlar tərəfindən çevik yerinə yetirilə bilmə imkanlarını və iddiaçının xahişini nəzərə alaraq humanistlik göstərmiş və 1 aylıq xəbərdarlıq müddətinin tətbiqindən imtina edərək iddiaçının ərizəsində göstərilən gündə əmək münasibətlərinin dayandırılmasına razılıq vermişdir. Məhkəmənin doğru əsaslandırılmadığı üçün cavabdehin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı əmrinin ləğv edilməli olduğu barədə mövqeyi ilə də razılaşmayaraq bildirir ki, cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə əmri rəsmiləşdirərkən qanunvericiliyin tələblərinə tam riayət etmişdir. İddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təsiri ilə yazdığını göstərsə də, işdə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi mülki iş materialları ilə təsdiq olunmur. Halbuki, iddiaçının iddia etdiyi əsasla işəgötürənin əmri o halda ləğv edilə və o, əvvəlki vəzifəsinə bərpa oluna bilər ki, işəgötürənin hərəkətlərində Əmək Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən hallar olmuş olsun. Göründüyü kimi, birinci instansiya məhkəməsi nəticəyə gələrkən iş üzrə müəyyən edilmiş halları və tərəflərin qarşılıqlı münasibətini tam nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verərək iddianı təmin etməklə işəgötürənin hüquqlarını pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı işəgötürənə əmək müqaviləsinə xitam verilməsi barədə 06 mart 2024-cü il tarixdə ərizə yazsa da işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində təsbit olunmuş ərizəsini geri götürmək, yaxud verdiyi ərizənin etibarsız sayılması barədə müraciət etmək hüququ pozulmuşdur. Müddəanın tələbinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Göründüyü kimi, qanunvericilik yalnız xəbərdarlıq müddəti tətbiq olunduğu halda işçiyə bu hüquqdan istifadə etmə imkanı nəzərdə tutur. İşçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilməsi halında isə işçinin istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilmək hüququ nəzərdə tutulmamışdır. Qanuni əsası olan hüquq yoxdursa, onun pozulmasından söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdıraraq işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutların məcmusuna hüquqi qiymət verərək iddiaçının qanunsuz işdən çıxarılma iddialarının əsassız olduğu, onun könüllü şəkildə işəgötürənə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdiyi qənaətinə gəlsə də, yekunda doğru nəticəyə gəlməyərək işin hallarına uyğun qərar qəbul etməmişdir. Məhkəmə mübahisə predmetinə mahiyyəti üzrə düzgün yanaşaraq qanunsuz işdən çıxarılma iddiasının öz təsdiqini tapmadığını qəbul etsə də, qətnamənin nəticə hissəsində bu fakta əsaslanmamış, iddia tələbinin rədd edilməsi üçün müəyyən edilmiş qanuni və əsaslı faktları nəzərə almamışdır. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsində işin halları ilə gəlinən nəticə arasında uyğunsuzluq olduğunu göstərir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında bağlanılmış müqavilə müddətli olmaqla, artıq müddəti bitmişdir, işəgötürənin müqavilə müddətini uzatmaq niyyəti olmamışdır.

19. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında 12 aprel 2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, 12 aprel 2023cü il tarixdə əmək müqaviləsinin müddəti tərəflərin razılığı ilə yenidən bir il müddətinə uzadılmışdır. İddiaçı 06 mart 2024-cü il tarixdə işdən azad edilməsi barədə ərizə yazmış, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı əmri ilə ərizəni yazdığı tarixdə, yəni xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

25. İşçi-iddiaçı işdən çıxmaq niyyyətində olmaması, onun savadsızlığından istifadə edərək ona təqdim edilmiş kağızlara imza etdirməklə onun işdən azad edildiyini əsaslandıraraq araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi, Cavabdeh MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də işə bərpa edilməsi qət edilmişdir.

27. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanmaqla iddiaçı barəsində işdən azad edilmə əmri imzalmaqla əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmuşdur.

28. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Lakin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində göstərilən hallardan hər hansı birinin, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər əsaların olmadığı halda İddiaçı 06 mart 2024-cü il tarixdə işdən azad edilməsi barədə ərizə verdiyi gün əmr imzlamaqla Cavabdeh MMC Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələbinin də pozulmasına səbəb olmuşdur.

29. Məhkəmə göstərmişdir ki, iddiaçı işəgötürənə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə 06 mart 2024-cü il tarixdə ərizə yazsa da işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində təsbit olunmuş ərizəsini geri götürmək, yaxud verdiyi ərizənin etibarsız sayılması barədə müraciət etmək hüququ pozulmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh MMCnin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də işə bərpa edilməlidir.

30. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün təfsir edilmədiyini göstərərək apellyasiya şikayəti vermişdir.

31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq şikayətin dəlillərini əsaslı hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün təfsir etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, nəticədə iddianı əsassız olaraq təmin etmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir.

35. Azərbaycan Respublikasının Əmək lləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi, əsaslardan biridir. Hazırkı halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində işçi - iddiaçı çıxış etmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmiləşdirir.

37. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni öz iradəsi ilə yazmadığını göstərsə də, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Əksinə iş materiallarına əlavə edilmiş, iddiaçının öz xətti ilə yazılmış 04 mart 2024-cü il tarixli (ərizədə xx.xx.2024 göstərilmiş, məhkəmə araşdırması zamanı texniki səhv olduğu, əslində ərizənin 04 mart 2024-cü ildə yazıldığı müəyyən edilmişdir) ərizənin məzmunundan görünür ki, həmin ərizəni yazmaqda iddiaçının iradə ifadəsi həmin tarixdən işdən azad olunması ilə bağlı olmuşdur. Bundan iki gün sonra, yəni 06 mart 2024-cü il tarixdə kargüzarlıq qaydalarına uyğun ərizə tərtib edilərək iddiaçı həmin tarixdə işdən azad olunmasını xahiş etmişdir. Həmin ərizənin iddiaçı tərəfindən imzalanması işin mübahisəsiz halıdır.

38. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 06 mart 2024-cü il tarixdə işdən azad edilməsi barədə ərizə verdiyi gün əmr imzlamaqla Cavabdeh MMC Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələbini pozmuşdur.

39. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, maddi hüquq normasının təfsirində yanlışlığa yol verilmişdir.

40. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

41. Araşdırılan mübahisədən görünür ki, işçi tərəfindən əmək münasibətlərinə xitam verilməsini istədiyi gün göstərilmişdir.

42. Göründüyü kimi qanunverici imperativ olaraq əmək müqaviləsinə işçi tərəfindən ləğv edilməsi hallarında, işçi tərəfindən əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda əmək müqaviləsini ləğv etməyi işəgötürənə qadağan etmişdir.

43. Kollegiya işin faktiki hallarına şərh olunan maddi hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydaları ilə bağlı əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.

44. Məhkəmə kollegiyası həmçinin vurğulamağı zəruri hesab edir ki, göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş, müqavilə müddətinin bitmə tarixi 12 aprel 2024-cü il tarix olmuşdur. Hazırki halda əmək müqaviləsinin müddəti bitmişdir. Məhkəmə araşdırması zamanı izahat verən cavabdehin nümayəndəsi əmək müqaviləsinə vaxtından əvvəl işçinin təşəbbüsü ilə xitam verilməsi əsası olmadığı halda belə, işəgötürənin işçi ilə əmək münasibətlərini davam etdirmək niyyətində olmadığını bildirdi. Belə olan halda, işçinin işəgötürənin iradəsi əleyhinə müqavilə müddəti bitdikdən sonra, yeni tarixlə işə bərpa olunması, bu tarixədək məcburi iş buraxmaya görə əmək haqqı tutulması əmək qanunvericiliyin tələblərinə zidd olmaqla işəgötürənin hüquqlarının pozulmasına səbəb olar.

45. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(012)-3079/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(012)-3079/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar