Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1478/2021 23.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 nümayəndəsi X6 iştirakı ilə Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi ilə (hakim R. Həsənov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı torpağın mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamənin onlara aid 0,06 hissədə etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş MA seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 29 noyabr 2011-ci il tarixli çıxarışın onlara aid 0,06 ha hissədə ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə qaydada apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli, 2(105)- 2171/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin olunmuş, Cavabdeh1 Quba rayonunun Nügədi kəndinin ərazisində 0,09 ha torpaq sahəsi verilməsi barədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına verilmiş JN-1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan plan üzrə 0,06 ha hissədə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş MA seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 29 noyabr 2011-ci il tarixli Çıxarışın qeyd edilən hissədə ləğv edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2019-ci il tarixli, 2(102)-7158/2019 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli, 2(105)- 2171/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(105)- 1005/2020 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)- 325/2019 saylı qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilərək Cavabdeh1 Quba rayonunun Nügədi kəndinin ərazisində 0,09 ha torpaq sahəsi verilməsi barədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına verilmiş JN-1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan plan üzrə 0,06 ha hissədə etibarsız hesab edilmiş, Cavabdeh1 adına həmin şəhadətnamə əsasında verilmiş MA seriyalı, 0303818saylı, ********** qeydiyyat nömrəli, 29 noyabr 2011-ci il tarixli çıxarış 0,06 ha hissədə ləğv edilmişdir. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(102)-477/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(105)-1005/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar Veysəlqara Nadirovdan miras qalmış Quba rayonu, İ Nügədi kəndindəki yaşayış evində doğulmuş və doğulduğu vaxtdan hal-hazıra kimi həmin evdə yaşamışlar. Torpaq islahatı gedişindən əvvəl həyətyanı torpaq sahəsi almaq üçün sovxoza müraciət etmiş, sovxoz tərəfindən İddiaçı1 ata evinin arxa tərəfindən 0,06 ha həyatyanı torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsinə dair 2006-cı ildə onların adına JN1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçı1 həmin şəhadətnaməni atasına məxsus sənədlərlə birlikdə evdə saxlamışdır. İddiaçı1 valideynlərinin sağlığında və onlar öləndən sonra onlardan miras qalmış evdə ailəsilə birlikdə yaşayaraq mirası faktiki idarə etdiyindən bu ilin əvvəllərində atasının evinə dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün sənədləri axtararkən evə dair bütün sənədlərin, eləcə də ona və ailə üzvlərinə məxsus ata evinin arxa tərəfində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair verilmiş şəhadətnamənin olmadığını görmüşdür. Bu barədə bacı və qardaşlarından soruşmuş, evə dair sənədlərin sürətini təkrar çıxartdırarkən ona məlum olmuşdur ki, qardaşı Mehman Nadirov sağ ikən analarının adına banka qoyulmuş pulu almaq üçün öz adına vərəsəlik hüququ haqqında şəhadətnamə almış və bununla əlaqədar evdən sənədləri gizli yolla ələ keçirmişdir. Bundan başqa Mehman Nadirov ona və ailə üzvlərinə məxsus 0,06 ha torpaq sahəsini həmin ərazidə boş qalmış bələdiyyəyə məxsus 0,03 ha torpaq sahəsi ilə birlikdə cəmi 0,09 ha torpaq sahəsinə dair qanunsuz yolla Nübar Nadirovanın adına DT və XK-dan Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F Kod 30319018 Şəhadətnamə almışdır. Sonra da həmin Şəhadətnaməyə əsasən cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı ********** qeydiyyat nömrəli 29.11.2011-ci il tarixli Çıxarış almışdır. DƏDRX-dan aldığı cavab məktubundan və əlavə olunmuş sənədlərdən görünür ki, Seriya MA ******* saylı, ********** qeydiyyat nömrəli, 29.11.2011-ci il tarixli çıxarış Torpağın Mülkiyyətə verilməsinə dair JN-239F, Kod 30319018 saylı şəhadətnaməyə əsasən verilmiş, həmin şəhadətnamənin verilməsinə əsas olan sənəd isə Quba rayon Notariat kontorunun 14 mart 2006-cı il tarixli 4-ə-591 saylı alqı-satqı müqaviləsi olmuşdur. Bundan sonra X17 Xidmət mərkəzinin Notariat Kontoruna sorğu vermiş, sorğusunun cavabında Quba rayon Notariat Kontorunda 14.03.2006-cı il tarixli, 4ə-591 saylı müqavilənin arxiv sənədləri arasında aşkar olunmadığı qeyd edilmişdir. Mübahisəli torpaq sahəsi aldıqları vaxtdan hazıra kimi onların istifadəsindədir. Ona və ailə üzvlərinə məxsus 0,06 ha torpaq sahəsinə dair heç bir alqı-satqı müqaviləsi yoxdur, onlar notariat kontorunda belə bir müqavilə bağlamamışlar. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Cavabdeh1 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamənin onlara aid 0,06 hissədə etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş MA seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 29 noyabr 2011-ci il tarixli Çıxarışın onlara aid 0,06 ha hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə qaydada verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsi 07 fevral 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən cavabdehin adına verilmiş torpağa mülkiyyət hüququ barədə şəhadətnamənin verilməsi üçün alqı-satqı müqaviləsinin olmasını və həmin müqavilənin mübahisələndirilməməsini qeyd etmişdir. Halbuki belə bir müqavilə olsa idi, onunla və cavabdeh arasında olmuş olardı. Həm də 2006-cı il tarixli, JN-1392F Kodlu, 30319018 saylı şəhadətnamə ilə 0,06 ha torpaq təkcə onun deyil, həmin torpaq onun ailə üzvlərinə verilib. Belə olan halda, o özü və arvadı da notariat kontoruna gedib müqaviləni imzalamalı idilər. Amma nə o, nə də arvadı Quba rayon notariat kontoruna getməyiblər. Cavabdehin adına verilmiş torpağa mülkiyyət haqqında şəhadətnamədə qeyd edilən 14 mart 2006-cı il tarixli, 4-ə-591 saylı alqı-satqı müqaviləsi mövcud deyil. Quba rayon notariat kontorunun məktubunda da qeyd edilib ki, 14 mart 2006cı il tarixli, 4-ə-591 reyestrli alqı-satqı müqaviləsi notariat kontorunda aşkar edilməyib. Cavabdeh1 özü də dolayısı ilə belə bir müqavilənin olmadığını təsdiq etmişdir. Belə ki, Cavabdeh1 notariat kontorunun harada yerləşməsi, notariusun kişi və ya qadın olması barədə suallara cavab verə bilməmişdir. Özü bununla bağlı sənədlər toplayıb, məlum olub ki, 4-ə-591 reyestrli nömrə ilə qeydə alınan müqavilə Quba rayon notariat kontorunda 11 aprel 2006-cı ildə təsdiq edilib, həmin müqavilə də tamam başqa şəxslər arasında bağlanıb. Eyni reyestr nömrəsi ilə ayrı-ayrı müqavilələr bağlana bilməz. Bu da göstərir ki, cavabdehin adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamədə göstərilən 0,09 ha torpağın 0,06 hissəsi əsasız olaraq cavabdehin adına qeydə alınıb. Çünki onlara aid 0,06 ha torpağın cavabdehin adına qeydə alınmasına əsas olan müqavilə yoxdur. Təsadüfi deyil ki, cavabdeh də həmin müqavilənin əslini və ya surətini təqdim edə bilmir. Məhkəmə isə həmin müqavilənin mübahisələndirilməməsini göstərir ki, bu da əsaslı sayıla bilməz. Olmayan müqaviləni mübahisləndirmək mümkün deyil, hətta mübahisələndirsə belə, 4- ə-591 reyestrli nömrə ilə qeydə alınan müqavilə başqa şəxslər arasında bağlanıb. Başqa şəxslərin bağladığı müqaviləni mübahisələndirməyə onun hüququ yoxdur. Buna görə də 2006-cı il tarixli, JN1392F Kodlu, 30319018 saylı şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində hüquqları bərpa olunmalıdır. Həmin torpaq sahəsi 1989-cu ildə yaşadığı kəndin sovxozunun qərarı ilə ona verilmişdir. Sonra da AİK-in qərarı ilə onlara ayrılmışdır. Torpaq sahəsi onun ata evinin arxasıdır. Cavabdeh isə qanunsuz əsaslarla ona ayrılan bu torpağı öz adına keçirmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin oluması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və E.N.Nədirov apelyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi F.Q.Xəlilov və vəkili E.İ.Əlixanlı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirimədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 140, 146.2, 146.8, 324.1, 337.1, 339.2 və 646.1-ci maddələrini rəhbər tutub, tərəflər arasında Quba Notariat Kontorunda bağlanmış 14 mart 2006-cı il tarixdə 4-ə-591 saylı alqı-satqı müqaviləsinin olmasına, cavabdehin 0,06 ha torpağa mülkiyyət hüquqlarının həmin müqavilə əsasında ilkin olaraq Torpağın Mülkiyyətə verilməsinə dair JN-1397F, KOD 30319018 nömrəli Şəhadətnamə ilə, sonradan da həmin şəhadətnamə əsasında DƏDRX-də MA seriyalı, ******* nömrəli çıxarışla qeydə alınmasına, alqı-satqı müqaviləsinin bir nüsxəsinin Notariat Kontorunda saxlanılmasında cavabdehin heç bir məsuliyyət daşımamasına, cavabdehin adına şəhadətnamənin verilməsinə əsas olmuş Quba Notariat Kontorunda bağlanmış 14 mart 2006-cı il tarixdə 4-ə-591 saylı alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb irəli sürülməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən notarius əqdləri təsdiq edir. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun iştirakı ilə imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd notariusun iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs notariusun iştirakı ilə yenidən imzalamaqla, həmin sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi vasitəsilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir. Göründüyü kimi, Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F Kod 30319018 Şəhadətnamədə şəhadətnamənin verilməsinə əsas kimi 14 mart 2006-cı il tarixdə 4-ə-591 saylı Quba Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqavilənin bağlanmasında iddiaçılar iştirak etməməsini sübut edə bilməmişlər. Tərəfin birinin iştirakı olmadan müqavilənin bağlanması ağlabatan deyildir. Ona görə də iddiaçıların notariusda iştiraklarının olmadan alqı-satqı müqaviləsinin bağlanması barədə dedikləri əsassızdır və uydurmadır. Alqı-satqı müqaviləsinin notariusda aşkar olunmaması əsasına görə iddia rədd edilə bilməz. Cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinə təqdim etmiş, həmin müqavilə əsasında Torpağın Mülkiyyətə verilməsinə dair JN-1397F, KOD 30319018 nömrəli Şəhadətnamə verilmişdir. Həmin alqı-satqı müqaviləsinin bir nüsxəsi müqavilə bağlanmış Notariat Kontorunda saxlanılır. Həmin müqavilənin nüsxəsinin Notariat Kontorunda aşkar edilməməsində cavabdehin heç bir məsuliyyəti yoxdur. Cavabdeh həmin müqavilənin notariat kontorunda saxlanılmasında məsul şəxs deyildir. Müqavilənin notariat kontorunda aşkar edilməməsi notariat kontorunun işidir. Müqavilənin notariat kontorunda aşkar edilməməsi əsası ilə iddia təmin edilə bilməz. Bu hal qanunun bir başa göstərişidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Göründüyü kimi notarius tərəflərin iştirakı olmadan müqaviləni təsdiq edə bilməzdi. İddiaçılar isə notariusda alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmədiklərini, alqı-satqı müqaviləsinin mövcud olmamasını təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmiş və göstərilən halları sübut etməmişlər. Bundan əlavə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılara məxsus torpaq sahəsi 0,06 ha olduğu halda, cavabdehə həmin torpaq sahəsi ilə bağlı şəhadətnamə verildiyi zaman 0,09 ha verilmişdir. Mübahisə olunan 0,03 ha torpaq sahəsi ilə bağlı iddiaçıların hər hansı tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Ona görə ki, iddiaçıların adı qeyd edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-1392F, KOD 30319018 nömrəli Şəhadətnamədə torpaq sahəsi 0,06 ha göstərilsə də, 0,03 ha hissə həmin torpaq sahəsinin sərhədləri içərisində göstərilmişdir. Boş qalması iddia edilən əslində isə, verildiyi gündən cavabdehin istifadə etdiyi 0,03 ha torpaq sahəsinin də tələb hüququ torpaq sahəsinin mülkiyyətçisi olan subyektə (dövlət və ya bələdiyyə) aiddir. İddiaçıların isə həmin 0,03 ha torpaq sahəsinin satılıb-satılmaması müzakirə obyekti ola bilməz. Həmin torpaq sahəsinin hazırkı mülkiyyətçisi isə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Cavabdehə verilmiş 0,09 ha torpaq sahəsi ilə bağlı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə vardır. Həmin şəhadətnamə qüvvədədir. Həmin şəhadətnamə əsasında çıxarış alınmışdır. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.4-ci maddəsində də qeyd edilmişdir ki, daşınmaz əmlaka dair müqavilənin notariat qaydasında təsdiqlənməsindən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanına daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyata alınması haqqında müraciət etmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərir. Ərizəyə müqavilənin bir nüsxəsi, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilir. Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə verilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılara məxsus 0,06 ha torpaq sahəsinə dair Torpağın Mülkiyyətə verilməsinə dair JN-1392F, KOD 30319018 nömrəli Şəhadətnamə ləğv edilməmiş hələ də qüvvədə olması ilə bağlı iş materiallarını araşdırdıqda və tərəflərin izahatlarında da müəyyən olunur ki, iddiaçılar Torpağın Mülkiyyətə verilməsinə dair JN-1392F, KOD 30319018 nömrəli Şəhadətnamənin əslini məhkəməyə təqdim etməmiş və izahatlarında həmin sənədlərin oğurlandığını qeyd etmişlər. Lakin sənədlərin oğurlanmasına dair sübutları da təqdim etməmişlər. Cavabdeh isə həmin şəhadətnamənin əslini müqavilə bağlanan zaman müqavilənin arxa hissəsinə əlavə olunaraq şəhadətnamə alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinə verildiyi qeyd etmişdir. Buradan da aydın olur ki, tərəflər arasında notariusda müqavilə bağlanan zaman Torpağın Mülkiyyətə verilməsinə dair JN-1392F, KOD 30319018 nömrəli Şəhadətnamənin əsli Notariat Kontorunda alınmış, ona və müqaviləyə əsasən cavabdehə Torpağın Mülkiyyətə verilməsinə dair JN-1397F, KOD 30319018 nömrəli Şəhadətnamə verilmişdir. Cavabdehə həmin torpaq sahəsinə dair yeni şəhadətnamə verilərkən müqaviləyə əlavə olunmuş iddiaçılara aid Torpağın Mülkiyyətə verilməsinə dair JN-1392F, KOD 30319018 nömrəli Şəhadətnamə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ləğv edilməli idi. Həmin şəhadətnamənin ləğv edilməməsinə görə cavabdeh məsuliyyət daşımır. İşin faktiki halları ilə müəyyən olur ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-1397F, KOD 30319018 nömrəli Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi 01 avqust 1996-cı ildə yazılmış iltizamla İddiaçı1 tərəfindən atası Mehman Nadirova daimi istifadəyə verilmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı cavabdehin atası Mehman Nadirovla ilə İddiaçı1 arasında 01 avqust 1996-cı ildə şahidlər Meyxanım Nadirovanın, Rail Babaşovun və İlham Xasiyevin iştirakı ilə iltizam yazılmışdır. Həmin iltizamda torpaq sahəsini daimi istifadə üçün verdiyini qeyd edir. Daimi istifadə sözü torpaq sahəsini satmaq sözünə yaxındır və rəsmi olaraq satmasa da, ona istifadəyə verməsi mənasına gəlir. Məhkəmə iclasında İddiaçı1 həmin iltizamı borca görə yazdığını və borcu qaytardığını qeyd etsə də, həmin borcu nədən ibarət olması, həmin pulun qaytarmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu barədə yeganə sübut isə 01 avqust 1996-cı il tarixli iltizamdır. Torpağın Mülkiyyətə verilməsinə dair JN-1397F, KOD 30319018 nömrəli Şəhadətnamə iddiaçı ilə cavabdeh arasında 14 mart 2006-cı il tarixdə 4-ə-591 saylı Quba Notariat Kontorunda bağlanmış alqısatqı müqaviləsinə əsasən alınmışdır. Torpağın Mülkiyyətə verilməsinə dair JN-1397F, KOD 30319018 nömrəli Şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Tərəflər arasında Quba Notariat Kontorunda bağlanmış 14 mart 2006-cı il tarixdə 4-ə-591 saylı alqı-satqı müqaviləsinin bağlanmasından 13 il ötmüş, həmin torpaq sahəsinin 1996-cı ildən, şəhadətnamə alındıqdan sonra 2006-cı ildən Nadirova (Xəlilova) Nübar Mehman qızı torpaq sahəsini istifadə etmiş, torpağa dair vergiləri ödəmişdir. Quba Notariat Kontorunda bağlanmış 14 mart 2006-cı il tarixdə 4-ə-591 saylı alqı-satqı müqaviləsinin bağlanmasından 13 il ötmüş, həmin torpaq sahəsinin 1996-cı ildən, şəhadətnamə alındıqdan sonra 2006-cı ildən Nadirova (Xəlilova) Nübar Mehman qızı torpaq sahəsini istifadə etmiş, torpağa dair vergiləri ödəməsi barədə, iş materiallarında həmin torpaq sahəsinə dair torpaq vergilərin və həmin torpaq sahəsinin suvarılmasına dair su vergilərinin cavabdeh X8 tərəfindən ödənilməsinə dair qəbzlər və bələdiyyə arayışı vardır. İddiaçı məhkəmə iclasında həmin torpaq sahəsinə dair vergilərin onun tərəfindən ödənilməsini qeyd etsə də, həmin ödənişi təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı Cavabdeh1 verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN- 1397F, KOD 30319018 nömrəli Şəhadətnamə və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın qismən etibarsızlığını qoysa da, həmin şəhadətnamənin verilməsinə əsas olmuş Quba Notariat Kontorunda bağlanmış 14 mart 2006-cı il tarixdə 4-ə-591 saylı alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb irəli sürməmişdir. Lakin alqı-satqı müqaviləsi mübahisələndirilmədən və etibarsız hesab edilmədən, o qüvvədə olduğu halda Torpağın Mülkiyyətə verilməsinə dair JN-1397F, KOD 30319018 nömrəli Şəhadətnamə və onun əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış qismən etibarsız hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla və işin faktiki halları ilə sübuta yetirilir ki, cavabdeh 13 il ərzində Torpağın Mülkiyyətə verilməsinə dair JN-1397F, KOD 30319018 nömrəli Şəhadətnamə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış əsasında mübahisəli torpaq sahəsinə mülkiyyət hüquq əsasında sahib olmuş və ondan istifadə etmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayonunun Nügədi kəndinin ərazisində 0,09 ha torpaq sahəsi Quba rayon Dövlət Notariat Kontorunda 14 mart 2004-cü il tarixdə 4- Ə-591 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydə alınmışdır. Quba rayon Regional “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunun 18 sentyabr 2018ci il tarixli 1068 saylı məktubundan görünür ki, 14 mart 2006-cı il tarixli, 4-Ə-591 reyestr nömrəli alqı-satqı müqaviləsi “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunun arxiv sənədləri arasında aşkar edilməmişdir. İşin hallarından görünür ki, iş üzrə iddiaçılardan İddiaçı1 tərəfindən yazılmış və işdə olan (iş vər.96) “iltizam”dan görünür kmi, o, onun hesabında olan və atasının evinin arxa tərəfində yerləşən 0,08 ha torpaq sahəsini qardaşı X1 1500 ABŞ dollarına satmış, həmin puldan 1000 dollarını almış və 500 dollarını 2 ay müddətində tələb edəcəyini qeyd etmişdir. Həmin iltizamın arxa hissəsində isə 500 dolları aldım və imza vardır. Sənəd 01.08.1996-cı il tarixdə tərtib olunmuş və şahidlər tərəfindən də imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi yuxarıda göstərilən qaydada əvvəlcə iddiaçıların, daha sonra isə cavabdehin adına sənədləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri məlumatlarına əsasən həmin sahə üzərindəki mülkiyyət hüququ 29 noyabr 2011-ci il tarixdə aparılmış **********66 reyestr qeydi ilə cavabdehə məxsusdur. Məlum olduğu kimi reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur. Belə olan halda, həmin reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Başqa sözlə, reyestrdə xeyrinə qeydiyyat aparılmış şəxs, həmin əmlak üzərindəki hüququnu sübut etməyə borclu deyil. Mübahisə halında qeydiyyata alınmanı düzgün hesab etməyən tərəf onun düzgün olmadığını sübuta yetirmək yükünü daşıyır. Bu baxımdan hazırkı işdə mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydin həqiqiliyini sübuta yetirmək cavabdehin vəzifəsi deyil. Çünki, əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi səbəblər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumpsiyanın əksini iddia edən tərəf kimi iddiaçılar istinad etdikləri halları sübuta yetirməlidirlər. Baxılan işdə iddiaçılar mübahisəli sahənin cavabdehin adına qeydə alınmasına əsas olmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-2397F nömrəli şəhadətnamənin etibarsız sayılmasını tələb edirlər. Buna əsas kimi torpaq sahəsinin alqı-satqısına dair Quba rayon Dövlət Notariat Kontorunda 14 mart 2006-cı il tarixli, 4-ə-591 saylı müqavilənin bağlanmadığını bildirirlər. Bu mövqe daşınmaz əşyaların rəsmi reyestrini aparan dövlət orqanı, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindəki məlumatın əsaslı olmadığı iddiasına söykənir. Belə olan halda, həmin hal mötəbər, şübhə yaratmayan və kifayətedici dəlillərlə sübuta yetirilməlidir. Daşınmaz əşyaya dair hüququn qeydə alınmasının əsası olan müqavilələr notarial qaydada təsdiqləndiyi üçün onların qorunması notariat orqanının vəzifəsidir. Bu baxımdan notarial qaydada təsdiqlənmiş əqdin nüsxəsinin saxlanılmamasına görə müqavilə tərəfi məsul tutula bilməz. Çünki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsası olan müqavilə ilə bağlı mübahisə yarandıqda, həmin müqavilə ilk növbədə təsdiqləndiyi notariat orqanından yoxlanılmalı, bu mümkün olmadıqda ən azı həmin dövr üzrə müqavilələrin müvafiq qaydada qeydiyyatının aparıldığı reyestr kitablarındakı məlumatlarla eyniləşdirmə aparılmalıdır. Məhz həmin arxiv sənədləri, kitabları və digər məlumatlarla müqavilənin bağlanmadığı şübhəyə yer qalmayacaq şəkildə təsdiqləndikdə iddia olunan hal sübuta yetirilmiş sayıla bilər. Əks halda daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqiliyi prezumpsiyası dəyişməz olaraq qalır. Hazırkı işdə Ədliyyə Nazirliyinin Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin verdiyi 27.02.2019-cu il tarixli, 258 nömrəli cavab məktubundan görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 14 mart 2006-cı il tarixli, 4-ə-591 saylı alqı-satqı müqaviləsi Quba rayon notariat ofisinin arxiv sənədləri arasında aşkar edilməmişdir. Lakin həmin reyestr nömrəsi ilə fərqli tarixlərdə, yəni 11.04.2006-cı il tarixdə X7 ilə X11 arasında bağlanmış alqısatqı müqaviləsi və 28.07.2006-cı il tarixdə X2 ilə X5 arasında bağlanmış bağışlama müqaviləsi aşkar edilmişdir. Həmin dövrə məxsus alqı-satqı müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilmədiyindən qeyd olunan müqavilələrin reyestr qeydiyyat kitabından keçibkeçməməsi, eləcə də qüvvədə olub-olmamsına dair heç bir məlumat yoxdur. Göründüyü kimi Quba rayon Dövlət Notariat Kontorunun 14 mart 2006-cı il tarixli, 4-ə- 591 saylı alqı-satqı müqaviləsi arxiv sənədlərində aşakar edilmədiyi halda, həmin müqavilənin bağlanmadığını qəti şəkildə təsdiq edə biləcək sübut qeyd olunan reyestr nömrəsinin aparıldığı reyestr kitabı ola bilər. Lakin 2006-cı ilə aid alqı-satqı müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir. Bundan əlavə, cavabdehə məxsus mülkiyyət şəhadətməsində göstərilən 14 mart 2006cı il tarixli müqavilənin 4-ə-591 saylı reyestr nömrəsinin əslində başqa müqavilələrə (11.04.2006-cı il tarixdə X7 ilə X11 arasında bağlanmış alqı-satqı müqaviləsinə və 28.07.2006-cı il tarixdə X2 ilə X5 arasında bağlanmış bağışlama müqaviləsinə) aid olması barədə gəlinən nəticə də əsaslı sayıla bilməz, ona görə ki, əvvəla, Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məlumatında həmin müqavilələrin reyestr qeydiyyat kitabından keçib-keçməməsi, eləcə də qüvvədə olub-olmamasına dair heç bir məlumatın olmadığı göstərilmişdir. Başqa sözlə, həmin müqavilələrin də mövcudluğu və 4-ə-591 saylı reyestr nömrəsinin onlara aid olması reyestr kitabından dəqiqləşdirilə bilər ki, Notariat Ofisi bunun mümkün olmadığını bildirmişdir. Bundan əlavə, 4-ə-591 saylı reyestr nömrəsinin eyni (2006-cı) ildə üç ay fərqi ilə iki müxtəlif müqaviləyə verilməsi, əslində məlumatın özünün doğruluğunu şübhə altına alır. Çünki, notariat orqanında təsdiqlənmiş müqaviləyə verilən (reyestr kitabında qeydə alınan) bir reyestr nömrəsinin eyni ildə təsdiqlənmiş digər müqaviləyə verilməsi mümkün görünmür. Belə olan halda, bu məlumatın daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın əsası kimi göstərilən müqavilənin bağlanmamış sayılması üçün kifayətedici və mötəbər sübut sayılması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun gəlmir. Hazırkı işin müəyyən edilmiş hallarından biri odur ki, mübahisəli torpaq sahəsinin 01.08.1996-cı ildə İddiaçı1 tərəfindən 1.500 manat müqabilində cavabdehin atası Mehman Nadirova verilməsinə dair yazılı iltizam mövcuddur. İddiaçı1 torpaq sahəsini 01.08.1996-cı ildə Mehman Nadirova satmadığını, həmin iltizamı M.Nadirovdan aldığı borc pula görə yazdığını, borcunu sonuncuya qaytardığını, sahənin aldığı vaxtdan onların istifadəsində olduğunu bildirmişdir. Cavabdeh tərəf isə bildirir ki, əslində həmin iltizamla torpaq sahəsi onlara satılmış və təhvil verilmişdir. İddiaçı1, iltizamda açıqca və öz xətti ilə yazmış və imzalamışdır ki, həmin torpağa dair “bu gündən etibarən bir təmənnam olsa hər ildə bir o qədər faiz gələcək və ödəyəcəm”. Yəni iddiaçı həm torpağı təhvil vermişdir, həm də bildirir ki, bu torpağa dair hər hansı iddiası və tələbi olmayacaq. Cavabdeh, 1996-cı ildə azyaşlı olduğundan atası sahənin alınmasına dair iltizamı öz adına yazdırmış, torpağın alqı-satqısına dair müqavilə müvafiq qaydada rəsmiləşmədiyindən Quba rayonunda aqrar islahat zamanı həmin sahəyə 16.05.2016-cı ildə iddiaçıların adına JN-1392F nömrəli mülkiyyət şəhadətnaməsinin verilmiş, artıq həmin dövrdə yetkinlik yaşına çatdığından bir il sonra Quba rayon Notariat Kontorunda bağlanmış 14.03.2006-cı il tarixli 4-ə-591 saylı alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə dair onun adına JN-2397F nömrəli mülkiyyət şəhadətnaməsinin verilmiş, bundan sonra isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Odur ki, həqiqətdə torpaq sahəsi alındığı vaxtdan etibarən onların sahibliyində olmuş, sahənin torpaq və su vergilərini özləri ödəmişlər. Əgər torpaq sahəsi iddiaçıda, qapısı da bağlı olsaydı, yəni torpaq sahəsi onlarda olmasaydı cavabdeh torpaq sahəsinə dair çıxarış ala bilməzdi. Çünki, torpağa dair çıxarış alınarkən dövlət orqanının mütəxəssisləri gəlib yerində ölçmə aparırlar. Ən azından iddiaçı mütəxəssisləri görər, bununla bağlı 2018-ci ildə deyil, ən azı çıxarış alınan zaman 2011-ci ildə mübahisə başlayardı. İşdə olan X3 12.11.2018-ci il tarixli, 133 nömrəli arayışından görünür ki, Cavabdeh1 2006-cı ildən həyətyanı torpaq vergilərini JN-2397 F saylı şəhadətnaməyə, 2011-ci ildən isə ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir. Həmin Məcəllənin 560.3.4-cü maddəsində hüquqdan sui-istifadənin hallarından biri kimi digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hallarından biri kimi təsbit olunmuşdur.Yuxarıda qeyd olunan maddələrin tələblərindən göründüyü kimi müqavilənin məcburi forma şərtinə əməl edilmədiyinə istinad etmək hüququna malik olan iddiaçılar da bu hüquqlarından vicdanla istifadə etməyə borcludurlar. Halbuki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu səbəbdən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, habelə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər və ya əməllər müdafiə oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.1.1, 386, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1478/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1478/2021
23.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver