Məhkəmə qərarları › İş №2(105)-1479/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1479/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1479/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı öhdəliyin icra edilməməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-232/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İcraçı-satıcı Cavabdeh Mənzil Tikinti Koperativi ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 107 saylı "xxxx" müqavilənin surətindən görünür ki, MTK Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 156,2 kv.m olan, izolə olunmuş 4 otaqlı 85 saylı mənzili xx.xx.2024-cü il tarixinədək tikib alıcıya bir pay kimi verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin dəyəri 93720 AZN məbləğində müəyyən edilmişdir. Müqavilənin “Öhdəlik” adlanan Vİİİ bölməsinin 8.1-ci bəndinə əsasən alıcı ilkin olaraq 15000 manat ödəməyi, qalan 78720 manat məbləğində pulu isə tərtib olunmuş cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür. Tərtib olunmuş cədvəldən müəyyən olunur ki, alıcı İddiaçı tərəfindən mənzilə görə Cavabdeh MTK-ya 2023-cü ilin noyabr ayından 2024cü ilin sentyabr ayınadək hər ay 1000 manat olmaqla 11000 manat, 2024-cü ilin dekabra ayında 3000 manat, 15000 manat ilkin pay da nəzərə alınmaqla, cəmi 29000 manat məbləğində pul vəsaiti ödənilmişdir.

2. İddiaçı tərəfindən Cavabdeh Mənzil Tikinti Koperativinə ünvanlanmış 11 aprel 2025-ci il tarixli “Təklif”dən görünür ki, cavabdehə xx.xx.2025-ci il tarixədək müqavilənin ləğv edilməsi, ödənilmiş 29000 AZN məbləğində pulun qaytarılmasının təmin edilməsi təklif olunmuş, göstərilən tarixədək cavab gəlmədiyi və ya mənfi cavab gəldiyi təqdirdə, məhkəmədə müvafiq iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 107 saylı mənzilin alqı-satqı müqailəsinin ləğv edilməsi və 29000 manat məbləğində pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MTK ilə aralarında bağlanmış "xxxx" müqaviləyə əsasən MTK tərəfdən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 156,2 kv.m olan, izolə olunmuş 4 otaqlı 85 saylı mənzili pay kimi ona verilmişdir. Müqavilənin dəyəri 93720 AZN məbləğində müəyyən edilmişdir. İlkin olaraq 15000 manat, sonrakı aylarda isə hər ay ödənişlər edilərək ümumilikdə 29000 manat məbləğində ödənişlər edilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh yaşayış binasının keyfiyyətlə və müasir tələblərə cavab verməklə yanaşı xx.xx.2024-cü il tarixindən vaxtında tikilib istifadəyə verilməsini öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etməmiş, yaşayış binası tikilib istifadəyə verməmişdir. Ümumiyyətlə binanın cəmi 7 mərtəbəsi inşa edilmiş, tikinti işləri dayanmışdır. Bu səbəbdən dəfələrlə MTK-ya getmiş, müqavilə müddətinin bitdiyini, lakin mənzilinin tikilib ona verilmədiyini, işlərin dayanmasını əsas gətirərək ödənişləri dayandıracağı barədə xəbərdarlıqlar etmişdir. Bütün bu qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 107 №-li mənzilin alqı-satqı müqailəsi ləğv edilməli və ümumilikdə 29000 manat məbləğində ödənilmiş pul ona qaytarılmalıdır. Hazırki iş üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh Mənzil Tikinti Koperativinə xx.xx.2025-ci il tarixədək müqavilənin ləğv edilməsi, ödənilmiş 29000 AZN məbləğində pulun qaytarılmasının təmin edilməsinə dair ünvan 1 ünvanına təklif məktubu göndərilmiş, lakin binanın sökülməsi səbəbi ilə çatdırılma cəhdi uğursuz olmuşdur. Daha sonra yenidən xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanına təklif məktubu göndərilmiş, bu dəfə də çatdırılma cəhdi uğursuz olmuşdur.

5. Prosesin gedişində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Koperativindən 29000 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsinin müqavilə üzrə ödənişlərin tam ödənilməməsi ilə bağlı mülahizələrinə münasibətini bildirərək göstərmişdir ki, məhz tikinti işləri aparılmadığından iddiaçı tərəfindən ödənişlər tam şəkildə aparılmamışdır.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü bəndinə görə “Alıcı” “İcraçı” tərəfdən bu müqavilənin 1.2 bəndində nəzərdə tutulan işlər başa çatanadək, yəni xx.xx.2024-cü il tarixinədək qalıq vəsaiti ödəməzsə, yəni aldığı mənzillərin ümumi sahəsinə əsasən borcu qalarsa, “Satıcı” həmin mənzilləri digər “Alıcı” ya satmaq hüququnu özündə saxlayır və satışdan əldə edilmiş məbləğ hesabına keçmiş “Alıcı”nın ödədiyi pulu tam qaytarır. 1.5-ci bəndinə görə isə, bu müqavilənin digər müddəalarından asılı olmayaraq müqavilədə qeyd olunmuş qrafik üzrə aylıq ödənişlər iki ay ərzində gecikdirilərsə, bu zaman “icraçı” mənzili “Alıcı”dan bir tərəfli qaydada geri alır və yeni “Alıcı”ya təqdim etdikdən sonra müqavilə dəyərinin 30 faizini cərimə şəklində tutmaq şərti ilə qalan pulu geri qaytarır. Təqdim olinmuş ödəniş cədvəlindən də görünür ki, alıcı tərəfindən müqavilə müddəti ərzində cəmi 29000 manat ödənilmiş, 64720 manat ödənilməmişdir. Qeyd edir ki, məhz alıcının təqsiri ucbatından təmsil etdiyi MTK binanı vaxtında tikib istifadəyə verə bilməmişdir. Çünki tək hazırki iş üzrə iddiaçı deyil, bir çox digər alıcılar da, ödənişləri vaxtında etməmişdir.

7. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-232/2025 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh Mənzil Tikinti Koperativindən xx.xx.2023-cü il tarixli, 107 saylı "xxxx" müqaviləyə əsasən ödənilmiş 29000 (iyirmi doqquz min) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə müvafiq olaraq, işin məhkəmədə araşdırılmış halları ilə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 107 saylı "xxxx" müqaviləyə əsasən cavabdehin Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 156,2 kv.m olan, izolə olunmuş 4 otaqlı 85 saylı mənzili xx.xx.2024-cü il tarixinədək tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi, iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərinin aparılması, lakin cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etməməsi, nəticədə iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması təsdiq edilmişdir. İddiaçı qanuna müvafiq olaraq xx.xx.2023-cü il tarixli, 107 saylı "xxxx" müqavilədən imtina barədə iradə ifadəsinin cavabdehə bildirmiş və bununla da, qeyd olunan müqaviləyə xitam verilmişdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2023-cü il tarixdə Cavabdeh Mənzil Tikinti Koperativi ilə İddiaçı arasında bağlanmış "xxxx" müqavilənin 1.4cü bəndinə görə “Alıcı” “İcraçı” tərəfdən bu müqavilənin 1.2 bəndində nəzərdə tutulan işlər başa çatanadək, yəni xx.xx.2024-cü il tarixinədək qalıq vəsaiti ödəməzsə, yəni aldığı mənzillərin ümumi sahəsinə əsasən borcu qalarsa, “Satıcı” həmin mənzilləri digər “Alıcı” ya satmaq hüququnu özündə saxlayır və satışdan əldə edilmiş məbləğ hesabına keçmiş “Alıcı”nın ödədiyi pulu tam qaytarır. 1.5-ci bəndinə görə isə, bu müqavilənin digər müddəalarından asılı olmayaraq müqavilədə qeyd olunmuş qrafik üzrə aylıq ödənişlər iki ay ərzində gecikdirilərsə, bu zaman “icraçı” mənzili “Alıcı”dan bir tərəfli qaydada geri alır və yeni “Alıcı”ya təqdim etdikdən sonra müqavilə dəyərinin 30 faizini cərimə şəklində tutmaq şərti ilə qalan pulu geri qaytarır. Təqdim olunmuş ödəniş cədvəlindən də görünür ki, alıcı tərəfindən müqavilə müddəti ərzində cəmi 29000 manat ödənilmiş, 64720 manat ödənilməmişdir. Müqavilənin 1.5-ci bəndində göstərilmişdir ki, Bu müqavilənin digər müddəalarından asılı olmayaraq müqavilədə qeyd olunmuş qrafik üzrə aylıq ödənişlər iki ay ərzində gecikdirilərsə bu zaman icraçı “mənzili Alıcı”dan bir tərəfli qaydada geri alır va yeni “Alıcı”ya təqdim etdikdən sonra müqavilə dəyərinin 30 faizini cərimə şəklində tutmaq şərti ilə qalan pulu geri qaytarır. İş materiallarına əlavə edilmiş cədvəldən göründüyü kimi iddiaçı öz üzərinə düşən öhdəlikləri mütəmadi olaraq pozmuşdur. Belə ki, əmlakın dəyəri 93.720 manat müəyyən edilmiş və ilkin ödənişlə birlikdə iddiaçı ümumilikdə 29.000 manat ödəniş etmişdir. Məhkəmə belə olan halda ödənilmiş 29.000 manatın 30%-ni, yəni 8.700 manat hissəsini müqavilənin şərtini nəzərə alaraq, təmin etməməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)

16. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

17. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (...)

18. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

19. Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri (...) 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

20. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İş materiallarından müəyyən olunur ki, satıcı Cavabdeh Mənzil Tikinti Koperativi ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 107 saylı "xxxx" müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 156,2 kv.m olan, izolə olunmuş 4 otaqlı 85 saylı mənzili xx.xx.2024-cü il tarixinədək tikib alıcıya bir pay kimi verməyi öhdəsinə götürmüşdür.

31. Tərtib olunmuş cədvəldən görünür ki, alıcı İddiaçı tərəfindən mənzilə görə Cavabdeh MTK-ya 2023-cü ilin noyabr ayından 2024-cü ilin sentyabr ayınadək hər ay 1000 manat olmaqla 11000 manat, 2024-cü ilin dekabra ayında 3000 manat, 15000 manat ilkin ödənişdə nəzərə alınmaqla, cəmi 29000 manat məbləğində pul vəsaiti ödənilmişdir.

32. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, müqavilənin 1.5-ci bəndinə əsasən, bu müqavilənin digər müddəalarından asılı olmayaraq müqavilədə qeyd olunmuş qrafik üzrə aylıq ödənişlər iki ay ərzində gecikdirilərsə bu zaman icraçı “mənzili Alıcı”dan bir tərəfli qaydada geri alır va yeni “Alıcı”ya təqdim etdikdən sonra müqavilə dəyərinin 30 faizini cərimə şəklində tutmaq şərti ilə qalan pulu geri qaytarır. İddiaçı öz üzərinə düşən öhdəlikləri mütəmadi olaraq pozmuşdur. Belə ki, əmlakın dəyəri 93.720 manat müəyyən edilmiş və ilkin ödənişlə birlikdə iddiaçı ümumilikdə 29.000 manat ödəniş etmişdir. Məhkəmə belə olan halda ödənilmiş 29.000 manatın 30%-ni, yəni 8.700 manat hissəsini müqavilənin şərtini nəzərə alaraq, təmin etməməli idi.

33. İşin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, tərəflər müqavilənin ləğvi ilə razılaşır. İddiaçı tərəfindən müqavilə üzrə ödəniş cəmi 29000 manat təşkil edir.

34. Cavabdeh müqavilə şərtinə uyğun olaraq çoxmənzilli binanı xx.xx.2024-cü il tarixinədək tikib müvafiq mənzili iddiaçıya təhvil verməmişdir. Binanın tikintisi dayanmışdır. Nəticədə cavabdeh müqavilə öhdəliyini icra etməmiş, iddiaçı isə öhdəliyini tikinti dayandığı üçün qismən icra etmişdir. Ödənişlə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı xəbərdarlıq və ya bildiriş göndərilməmişdir.

35. İddiaçı tərəfindən isə cavabdeh Mənzil Tikinti Koperativinə 11 aprel 2025-ci il tarixli təklif göndərilmiş, müqavilənin ləğv edilməsi, ödənilmiş 29000 AZN məbləğində pulun qaytarılması təklif edilmiş, bununla da o, müqavilədən imtina barədə iradə ifadəsini cavabdehə bildirmişdir.

36. Kollegiya hesab edir ki, cavabdehin müqavildəki istinad etdiyi şərt baş verməmiş, əksinə müqavilədən imtina üçün əsas cavabdehin öz öhdəliyini vaxtında icra etməməsi olmuşdur. Həmçinin, cavabdeh müqavilə üzrə öhdəliyin iddiaçı tərəfindən pozulmasına dair məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

37. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, iradə ifadəsinə əsasən tərəflər arasındakı müqavilə ləğv edilmiş hesab olunduğundan və cavabdeh tərəfindən müqavilə icra edilmədiyindən, birinci instansiya məhkəməsi həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş 29000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə düzgün nəticəyə gəlmişdir.

38. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

39. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

40. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

41. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-232/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar