Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1480/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Mahmudova Nailə Məmiş qızının, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması və mənzildən çıxarılma barədə ilk iddiasına, Cavabdeh İddiaçı qarşı Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 17.06.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında alınmış reyestrdən çıxarışın ləğv edilməsi barədə qarşılqılı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı ilk iddiası təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 88 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilmiş və onun həmin mənzildən çıxarılması qət edilmiş, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi isə təmin olunmamışdır. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(060)- 517/2019 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(105)-2822/2019 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(060)-517/2019 saylı qətnaməsi ləğv olunaraq İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Sumqayıt şəhər 4 saylı notariat kontorunda İddiaçı və Cavabdeh arasında bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 19.06.2014-cü il tarixli, RX ******* saylı reyestrdən çıxarış ləğv edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(102)-659/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(105)-2822/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1750/2020 saylı, 24 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, tərəflər arasında Sumqayıt şəhər 4 saylı Notariat kontorunda bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən ilk iddia üzrə iddiaçının adına qeydiyyata alınmış 19 iyun 2014-cü il tarixli, RX ******* saylı çıxarış ləğv edilmişdir. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(102)-471/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1750/2020 saylı, 24 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 88 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, atası tərəfindən Sumqayıt şəhərində ona bir otaqlı mənzil verilmişdir. Onun hazırda Rusiya Federasiyasında yaşayan dayısının problemləri olduğundan ona məxsus həmin bir otaqlı mənzil satılaraq dayısının problemlərinə xərclənmişdir. Bunun əvəzi olaraq dayısı da Saray qəsəbəsindəki özünə məxsus torpaq sahəsinin satılaraq mübahisəli mənzilin alınmasını təklif etmişdir. Cavabdeh (Cavabdeh) onun xalası olduğundan, cavabdehə mənzildə yaşamasına və qeydiyyatda qalmasına müvəqqəti icazə vermişdir. Hazırda isə cavabdeh mübahisəli mənzildən çıxmayaraq onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur və buna görə də iddia təmin edilməlidir. Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq onunla İddiaçı arasında Sumqayıt şəhər 4 saylı Notariat kontorunda bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına qeydiyyata alınmış 19 iyun 2014-cü il tarixli, RX ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini Cavabdeh bununla əsaslandırmışdır ki, onun Rusiya Federasiyasında yaşayan qardaşı Saray qəsəbəsində özünə məxsus torpaq sahəsini sataraq mübahisəli mənzili onun üçün 2008-ci ildə etibarnamə əsasında almışdır. Mənzilin pulunu özü ödəsə də, etibarnamə bacısı Mahmudova Nailə Məmiş qızına verilmişdir. Səbəbi isə o idi ki, əgər etibarnamə onun özünə verilsəydi, sonradan həmin mənzili öz adına keçirə bilməyəcəkdi. 12.02.2013-cü il tarixdə o, bacısı (Aynurənin anası) ilə formal şəkildə alqı-satqı etmişdir. Aynurənin özü və anası borca düşdüklərindən ondan xahiş etmişlər ki, mənzili banka girov qoyub pul götürsünlər. Bacısı qızına ürəyi yanaraq evin banka girova qoyulmasına razılıq vermişdir. Özü heç bir yerdə işləmədiyi üçün ona kreditə pul verilməyəcəyini bildirmişlər. İddiaçı isə həmin dövrdə işlədiyinə görə bacısı ona təklif etmişdir ki, mənzili qızının adına keçirərək ipoteka qoyub pul götürüb öz borclarını bağlasınlar. Bacısına güvənib buna etiraz etməmişdir. 17.06.2014-cü il tarixdə o, bacısının qızı ilə mənzili formal olaraq alqı-satqı etmişdir. Həmin formallıq mənzilin dəyərinin 25.000 manat göstərilməsində də öz əksini tapmışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi özünün 08 aprel 2019-cu il tarixli qətnaməsini qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 8,14,47,76,77,79,85,88,217,218-ci maddələrinin və Azəbaycan Respublikası Mülki Məcəlləsinin 152,158.4, 337, 339, 340,421-ci maddələrinin tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Mənzilin formal alqı-satqı edilməsi ondan bəlli olur ki, müqavilədə onun dəyəri 25000 manat göstərilmişdir, halbuki bu tip mənzilin real bazar qiyməti 50000-55000 manat arasında dəyişir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının anası, həm də nümayəndəsi bildirmişdir ki, qızının cehizlərini borc pulla almışdır və hələ də bu borcları tam ödəməmişlər. Bu maddi durumda olan insanın mübahisəli mənzili pulla satın alması mümkünsüzdür. Bu halları məhkəmə iclasında dindirilmiş şahidlər də təsdiq etmişlər, lakin məhkəmə bu halları nəzərə almamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsinə, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Mahmudova Nailə Məmiş qızı şikayətə etiraz edərək onun təmin edilməməsini, iş üzrə çıxarılmış qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 19 fevral 2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, X1 adından etibarnamə əsasında çıxış edən Mahmudova Nailə Məmiş qızı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evdə yerləşən ümumi sahəsi 52.47 kv.metr, yaşayış sahəsi 29.22 kv.metr olan iki otaqlı 88 saylı mənzili 20000 manata Cavabdeh satmışdır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mkr., ev 27, mənzil 88 Cavabdeh adına 14 mart 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan Cavabdeh və İddiaçı arasında bağlanmış 17 yun 2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mkr., 27 saylı evin 88 saylı mənzilini 25.000 manata İddiaçı satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mkr., ev 27, mənzil 88 İddiaçı adına 19 iyun 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Yenə işdə olan ******* saylı, 01 noyabr 2018-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mkr., ev 27, mənzil 88də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş «xxxx» ASC və İddiaçı arasında bağlanmış 15 iyul 2014-cü il tarixli, 07-4941-DİK saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında sonuncuya 17500 manat məbləğində kredit verimiş, həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh borclu İddiaçı zamin durmuş və eyni tarixli ipoteka müqaviləsi ilə isə mübahisəli mənzil kredit müqaviləsini təmin etmək məqsədi ilə bankın xeyrinə girov qoyulmuşdur. İş materiallarındakı qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı kredit müqaviləsi əsasında banka olan borcundan onun hesabına pul ödəmişdir. İş materiallarında olan 17 iyun 2014-cü il tarixli orderdən, BT 128780 saylı, 17 iyun 2014-cü il tarixli çek kötüyünün surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış 17 yun 2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri olan 25000 manat İddiaçı tərəfindən depozitə keşirilmiş və pulu Cavabdeh almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ilk iddia üzrə iddiaçının xalası, cavabdehin isə bacısıdır. Onun Rusiya Federasiyasında yaşayan qardaşı özünə məxsus olan torpaq sahəsini sataraq mübahisəli evi Sevilə alımışdır. Aynurənin özü və anası borca düşdüklərindən Sevilə demişlər ki, evi banka girov qoyub pul götürsünlər. Sevil də evin banka girova qoyulmasına razılıq vermişdir. Lakin bankdan kredit götürüləndən sonra da iddiaçı banka olan borcu ödəməmişdir. İddiaçının yerinə isə həmin borcun bir hissəsini Sevil, bir hissəsini isə Rusiya Federasiyasında yaşayan qardaşı ödəmişdir. Digər şahid X4 ifadəsində göstərmişdir ki, o, ilk iddia üzrə iddiaçının xalası, cavabdehin isə bacısıdır. Rusiya Federasiyasında yaşayan qardaşı özünə məxsus olan torpaq sahəsini sataraq mübahisəli evi Sevilə alımışdır. Mübahisənin bu vəziyyətə gəlib çıxması iddiaçının borcunu bağlaması üçün bankdan pul götürməsi olmuşdur. Mübahisə ilə bağlı qardaşı Aynurəyə evin qaytarılmasını bildirsə də o, buna əməl etməmişdir. Məhkəmə kollegiysaının iclasında şahid X6 göstərdi ki, o, ilk iddia üzrə iddiaçının dayısı, cavabdehin isə qardaşıdır. Mübahisəli mənzil onun vəsaiti ilə məhz bacısı Cavabdeh alınmışdır. Bunun üçün o, Saraydakı 0,2 ha torpaq sahəsini satdırmış və həmin vəsaitini bir hissəsindən istifadə etmişdir. Mübahisəli mənzilin İddiaçı heş bir aidiyyəti yoxdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, mübahisə üzrə Ali Məhkəmənin hüquqi mövqeyinə əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(060)-517/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil 19 fevral 2013-cü il tarixli, AN-İ ******* saylı müqavilə əsasənda 20000 manata Cavabdeh tərəfindən alınmış və onun tərəfindən 17 yun 2014-cü il tarixli, AN-İ ******* saylı müqaviləyə əsasən 25000 manata İddiaçı satılmışdır. Müqavilələr notariat qaydasında təsdiq olunmuşdur. Mübahisəli mənzilin 2013-cü ildə hər iki tərəfin qohumu X5 vəsaiti hesabına alınması işin mübahisəsiz halıdır və tərəflər bunu mübahisələndirmirlər. İlk iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mübahisəli mənzili müqavilə əsasında əldə etmiş, S.N.Eyvazova isə mübahisəli mənzilə dair mülkiyyət hüququnun elementlərindən olan istifadə hüququnu itirmişdir. Hazırda onun mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaqla yaşaması İddiaçı mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olur. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, S.N.Eyvazova tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən alınmış çıxarışın ləğvi üçün əsaslar müəyyən edilmədiyindən, qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 178.1, 646.1, 646.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Hazırda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt 4 saylı Notariat Kontorunun 17 iyun iyun 2014-cü il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun əsas dəlili bundan ibarətdir ki, həmin əqd başqa bir əqdi pərdələmək xatirinə yalan əqd kimi bağlandığından etibarsız hesab edilməlidir. Onun qətiyyən öz evini satmaq niyyəti olmamış, lakin bacısı qızının borcuna görə əslində öz əmlakının girova qoyulmasına razı olmuşdur. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Notariat haqqında” AR Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Hazırki halda iddiaçı yalan əqd əsasında onun əsl iradəsinə müvafiq olmayan əqdi bağlamağını göstərsə də, istinad etdiyi halı təsdiq edən heç bir mötəbər, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli daşınmaz əmlakın alqı-satqısına dair qanunvericiliyə uyğun olan 17 iyun 2014-cü il tarixli, AN-İ ******* saylı müqavilə imzalanmış, alıcı olaraq İddiaçı əmlakın dəyəri olan 25000 manat pulu notariusun depozit hesabına keçirmiş, müqavilə üzrə üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirmişdir. Məhkəmənin sorğusu əsasında notariusun göndərdiyi və işə əlavə olunmuş cek kötüyünün surətindən görünür ki, əmlaka görə ödənilən pulu, özü təsdiq etməsə də Cavabdeh şəxsən götürmüşdür. Mənzilin bu dəyərdə deyil, real qiymətinin daha çox olması barədə Cavabdeh dəlili əsassızdır və müqavilə azadlığı prinsipinə ziddir. Digər tərəfdən, bu hal mövcud alqı-satqı əməliyyatının etibarsızlığı üçün əsas ola bilməz. Başqa sözlə, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə notariat işində olan tərəflərin, o cümlədən Cavabdeh ərinin razılıq ərizələri, digər sübutlar həmin müqavilənin tərəflərin əsil niyyətlərinin ifadəsi olduğunu təsdiq edir. Digər tərəfdən, Cavabdeh bacısı qızının kredit götürməsi üçün girov tələb olunduğundan, onunla mübahisəli mənzili formal alqı-satqı etdiyi barədə dəlilini də məhkəmə ağlabatan hesab etmir. Belə ki, Cavabdeh dedikləri həqiqətdirsə, onda onun mənzilini digər şəxsin kreditinin təminatı olaraq ipotekaya qoymasına heç bir mane yox idi və bu barədə müqavilə bağlanması üçün əngəl də ola bilməzdi. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan qarşılıqlı iddia üzrə iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmamışdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh əqdin etibarsızlığı barədə hazırkı iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür ki, bu hal da iddianın rədd edilməsi üçün əsasdır. İşdən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əqdin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu zaman qarşı tərəfin bununla bağlı hər hansı ərizə verməsinə zərurət yoxdur. Mübahisəli mənzilin onun vəsaiti hesabına alınmış X5 məhkəmədə verdiyi şahid ifadəsindən məlum olur ki, tərəflər arasında mübahisə 2017-ci ildən başlamışdır. İş materiallarından isə görünür ki, Cavabdeh hazırkı qarşılıqlı iddia ilə məhkəməyə 11 yanvar 2019-cu ildə müraciət etmiş, alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı bir məsələyə də diqqət yetirməyi vacib hesab edir. İşdən göründüyü kimi, mübahisə tərəfləri mənzilin ilk iddiaçının dayısı, cavabdehin qardaşının vəsaiti hesabına alınmasını təsdiq edirlər. Qeyd olunduğu kimi Qabil Zairov məhkəmədə mənzili Cavabdeh üçün aldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal qarşılıqlı iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Belə ki, işdən göründüyü kimi Cavabdeh həmin mənzili sonradan özgəninkiləşdirmişdir və məhkəmə araşdırması zamanı həmin əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə də, məlum alqı-satqı müqaviləsi qanuni olduğundan onun əsasında İddiaçı adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi üçün iş materiallarında hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın rədd edilməsi barədə tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarında məlum alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı mötəbər sübut mövcud deyil. Mənzildən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma barədə İddiaçı ilk iddiasına gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Yuxarıda da qeyd edildiyi kimi, Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 17.06.2014-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınmış və ona 19.06.2014-cü il tarixli, RX ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh həmin mənzildə qeydiyyatdadır və orada yaşamaqdadır. Bu səbəbdən ilk iddia üzrə iddiaçı cavabdehin mənzildə formal qeydiyyatda olmasını və yaşamasını onun mülkiyyət hüquqlarının həyata keçirməsinə maneəçilik törətdiyini əsas gətirərək onun mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini və oradan çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yenə Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. Məhkəmə kollegiyasının qənaətinə görə mənzil barədə həm 17.06.2014-cü il tarixli alqı-satqı müqaviləsi, habelə mənzilə dair İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı hazırda qüvvədədir və ləğv edilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilə dair qeyd edilən alqı-satqı müqaviləsi və onun əsasında aparılmış qeydiyyat qüvvədə olduğundan həmin mənzilin özgəninkiləşdirilməsi mənzilə istifadə hüququ olmuş cavabdeh şəxsin iradə ifadəsi kimi qiymətləndirilməlidir. Başqa sözlə, bu, onun həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi deməkdir. Mənzildən istifadə hüququ olmayan şəxs isə oradan çıxarılmalıdır. Şərh olunan səbəblərdən də, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi olaraq ilk iddia üzrə İddiaçı, cavabdeh şəxsin Sumqayıt şəhəri, 6-cı mkr., 27 saylı evin 88 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini və oradan çıxarılmasını tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qeyd edilən mübahisəli mənzildən istifadə hüquqlarını itirilmiş hesab etməklə, habelə onun oradan çıxarılması barədə düzgün hüquqi nəyticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayət verən şəxsin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5,40 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1480/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1480/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver